Türkiyədə romançı olmağa qərar verdiyim 1970-ci illərin ortalarında bu sual “modernlikdən əvvəl öz dərdləri ilə əlləşən, Qərbdən təcrid olan bir ölkədə, sənət və ədəbiyyat lüks bir işdir” kimi dar bir dünyagörüşünü əks etdirirdi. Həmin fikir özündə bu mənanı ifadə edirdi, yəni: sizin kimi təhsilli, mədəni bir adam, ölkəsinə yoluxan xəstəliklərlə əlləşən bir həkim, körpülər tikən bir mühəndis kimi vətənə daha yaxşı xidmət etməzdimi? 1970-ci illərin əvvəlində Jan Pol Sartr biafralı bir aydın olsaydı, ömrünü roman yazmaqla keçirməyəcəyini söyləyərək bu fikrə populyarlıq və etibar qazandırmışdı. Daha sonrakı illərdə “kimin üçün yazırsan?” sualı, “kütlənin hansı qismi tərəfindən oxunmaq, sevilmək üçün yazırsan?” şəklinə düşdü. Bunun təsəlliveirici bir sual olduğunu hiss edib “ən çətin vəziyyətdəkilər, ən kasıb olanlar üçün yazıram!” şəklində cavab verməsəm, türk burjuaziyasının və mülkədarların mənafeyini müdafiə etməkdə günahlandırılacağımı bilirdim. Yoxsullar, kəndlilər, işçilər üçün yazdığını deyən saf ürəkli yazarlar isə bu cavabla susdurulurdu: onsuz da bu kütlə oxumaq-yazmaq bilmir və onlar sizin kimi yazarların kitablarını oxumayacaqlar. 1970-ci illərin ortasında “Kimin üçün yazırsan?” deyərkən anam, şəfqət və kədərlə “gələcəkdə necə pul qazanacaqsan?” deyə kədərlənirdi, dostlarım isə kitabımın oxunmayacağına zarafatla eyham edərdilər.
Otuz il sonra, indi hər keçən gün bu sualı özümə daha çox verirəm. Bu dəfə sual romanlarımın qırxdan artıq dilə tərcümə olunmasıyla bağlıdır. Son on ildə getdikcə artan “kimin üçün yazırsan?” deyə soruşanlar, sualı səhv başa düşəcəyimi düşünərək əlavə edirlər: “türkcə yazırsınız, yalnız türklər üçünmü yazırsınız, yoxsa artıq kitablarınızın çevrildiyi digər dillərin oxucularını da düşünürsünüz?” Həm Türkiyədə, həm də Türkiyədən kənarda bu sualı verən otuz illik eyni şübhəli, aldanmaz təbəssümdən çıxardığım nəticə: romanlarımın təbiiliyi və reallığı haqda inam yaratmaq üçün bu dəfə “ancaq türklər üçün yazıram” demək məcburiyyətində qalmağımdır. Heç də insani və real olmayan bu gözləntinin arxasında roman sənətinin ortaya çıxmağı, siyasi güc kimi millətlərin meydana gəlməsi və dövlətlərin quruluşu ilə eyni zamana təsadüf eləməyi də səbəblərdən biridir. XIX-cu əsrdə ən parlaq örnəkləri bir-bir yazılarkən, roman sənəti tam mənada milli bir sənət idi. Balzak, Dikkens, Dostoyevski və Tolstoy meydana gəlməkdə olan milli orta siniflər üçün, onların şəhərlərini, küçələrini, evlərini, evlərinin içini, əşyalarını görərək, zövqlərini paylaşaraq və dərdlərini müzakirə edərək yazırdılar və romanlarını əvvəlcə milli, jurnalistlərin sənət-kültür əlavələrində, millətin ümumi vəziyyətini müzakirə edən bir ab-havada dərc etdirirdilər. Bu böyük romançıların diqtəedici səslərində millətin ümumi vəziyyəti ilə kədərlənən bir müşahidəçinin daxili narahatlığı və bu narahatlığı bölüşmək istəyi lap dərindən hiss edilir. XIX əsrin sonunda roman oxumaq və yazmaq bir millətin öz içində öz dərdlərini müzakirə etməsinə qoşulmaq demək idi.
Amma bu gün roman yazmaq və ədəbi roman qiraət etmək tamam başqa məna kəsb edir. XX əsrin birinci yarısında modernizmin təsiri ilə ədəbi roman yüksək sənət xüsusiyyəti qazandı. Son otuz ildə isə, nəşriyyat və abunə sahəsindəki inkişaflar, ədəbi yazarları ancaq öz milli orta siniflərinə səslənən adamlar olmaqdan ayırıb, bütün dünyada ədəbi roman adlanan nəsnəni izləyən, oxucuları tezliklə ələ ala bilən bir vəziyyətə gətirdi. Bu gün Qabriel Markesin, Kutzeenin, ya da Pol Austerin yeni bir kitabı dünyadakı ədəbi roman oxucularına görə, bir vaxtlar Dikkensin romanları təki – önəmli bir xəbər kimi gözlənilir. Başqa bir çox ədəbi romançılarda olduğu kimi, bu yazıçıların kitabları da doğulub böyüdükləri milli dövlətlərin oxucularından daha çox, daha geniş bir əhatədə, dünyadakı ədəbi roman oxucuları tərəfindən oxunur.
Niyyətlərinə nəzər salsaq, yazarlar ləzzət aldıqlarına görə, ideal oxucu üçün, öz keflərindən ötrü, ya da heç kəs üçün yazırlar. Bu dediklərimin, əksəriyyəti doğrudur. Amma yazıçıların onları oxuyanlar üçün yazdıqları da doğrudur. Bu da günümüzün ədəbi yazarlarının, onları oxumayan milli çoxluqdan daha çox, gün keçdikcə artan əhalisi dünyadakı kiçik bir azlıq, üçün yazdıqlarını bizə hiss etdirirlər. Bu tikanlı suallara və romançılar haqqındakı niyyətlər də şübhələrə yol açan şey son otuz ildə əməlli-başlı ortaya çıxan yeni mədəni vəziyyətdir.
Bundan ən çox narahat olanlar, Qərbdən kənarda olan dövlətlərin mədəniyyət qurumlarının təmsilçiləridir. Yaradıcı romançıların tarixə və milli problemlərə kənar bir rakursdan baxa bilmələri, milli kimlik, beynəlxalq aləmdə təmsil etmək kimi mövzularda özlərinə inamı olmayan, tarixlərindəki gizli qeydlər və öz milli problemləri ilə üzləşmək istəməyən Qərbdən, yad milli ruha söykənən dövlətləri ilk növbədə narahat edir. Yazarın milli oxucu üçün yazmadığı, “yadlar üçün” söz-söhbətini ekzotikləşdirdiyi və əslində, heç mövcud olmayan bəzi problemləri uydurduğu da bilinir. Milli ədəbiyyatın milli və saf qalmağını əsaslandıran məntiqi nəticə də, Qərbdən gələn, Qərb əsasına söykənən bir nəticədir: Bu nəticə yazarın beynəlxalq oxucuya çağırış etməsinin sirrini qeyri-milli örnəklərlə təqlid etməsinə, bicliyə əsaslanır. Bir başqa istək, müəyyən romançının əsərlərini oxuyarkən, bir millətin xarici dünyadan tamamilə ayrılmış, öz içindəki saf və həqiqi davasına eynən qonşuların ailə davasına qulaq asan kimi şahid olmaq fantaziyasıdır. Yazarın başqa dillərdə, mədəniyyətlərdə onu oxuyanları da düşünərək yazmağı bu fantaziyanı məhv edir.
Sonra yazarların real ideologiyası ilə əlaqədar dərin bir istək olduğu üçün gəncliyimdən bəri eşitdiyim bu “Kimin üçün yazırsan?” sualını hələ də bəyənirəm. Amma bu, yazarın reallığı, yaşadığı dünyanın gərçəkliyinə qəlbini və hisslərini xoşniyyətlə aça bilməsi və yazar olaraq özünün dəyişkən mövqeyini həqiqi bir şəkildə göstərə bilməsi ilə də bağlıdır. Milli problemlərin, sirlərin, yasaqların və əfsanələrin boğucu yükündən və dar dünya görüşündən xilas olmuş ideal oxucu, eynən ideal yazar kimi, bu gün, bəlkə də, dünyanın heç bir yerində yoxdur. Amma istər milli, istərsə də qeyri-milli olsun, ideal oxucunu tapmaq əvvəlcə onu təsəvvür edib, çağırmaqla başlayır.
Uyğunlaşdıran: Fərid Hüseyn