“Kimsə mənə xəbərdarlıq etməyib ki, bunu desən, işdən çıxararıq” - Raqif Raufoğlu

kimse-mene-xeberdarliq-etmeyib-ki-bunu-desen-isden-cixarariq
Oxunma sayı: 10559

“106.3” FM radiosunun aparıcısı Raqif Raufoğlunun “Qafqazinfo”ya müsahibəsi:

Əvvəlcə, ən son getdiyiniz Tayland səfərindən başlamaq istəyirəm.  Uzaq Şərqə yolunuz necə düşdü və təəssüratlarınız necədir?

Tayland səfər üçün özümün seçdiyim yer deyildi.  Bu dəvətli  tədbir idi. Amma istənilən halda Taylandı da görmək istəyirdim. Çünki bir az uzaqdır.  Ancaq ora əsasən payız aylarında getmək yaxşıdır. Çünki hazırda orada dəhşət istilər var. Özüm səfər etməyi sevirəm. Bu səfərlərin bəziləri işlə bağlı olur. Yəni, əsasən avtomobillərin ehtiyat hissələrinin hazırlandığı  Avropa ölkələrinə gedirik. Digər tərəfdən,  özümdə səfər etmək bir xəstəliyə çevrilib. Adətən oxuduğum kitabların qəhrəmanlarının olduğu yerə getməyi xoşlayıram. Martda İspaniyaya səfər etdim. Orada məhz Əndəlüs Əl Əhramı görmək istəyirdim.  Çünki İsmayıl bəy Qaspiralının “Firəngistan məktubları” nı oxumuşdum.  Həmin əsərdə oranı elə gözəl izah edirdi ki, dedim ki, mütləq ora getməliyəm.

Mütəmadi olaraq səfər edən insanların başına həm də maraqlı hadisələr gəlir. Sizdə də belə maraqlı, qeyri-adi hadisələr yaşanırmı?

Bu cür hadisələr çox olub. Biz Kataniyaya (İtaliya) bal ayına getmişdik. O zaman mənim elə də səfər təcrübəm yox idi. İndi xəritəylə işləyirəm. Orada kirayə maşın götürdük ki, yaxın şəhərləri gəzək. Ancaq necə hərəkət edəcəyimizi bilmirdik. Kataniyadan 200 km uzaqlıqda olan Messina şəhərinə getdik. Orada maşın xarab oldu. Biz axşam saatlarında yolda qaldıq. Fikirləşirəm ki, bunu kimə deyim. Tərslikdən maşına aid olan sənədlər də oteldə qalıb. Avropada da belədir ki, axşam saat 9-dan sonra hər yer bağlanır. Heç kimi tapmaq mümkün deyil.  Bilirəm ki, 9-a kimi bir saat vaxtım var. Bir-iki adama yaxınlaşdım, kömək etməyə çalışsalar da, alınmadı. Axırda maşını qoydum orda, şəklini çəkdim. Qatarla otelə qayıtdıq. Səhər kirayə maşın götürdüyüm yerə getdim və mənə xarab  maşın verdiklərini söylədim. Hərçənd nə baş verdiyini də bilmirdim,  üzr istədilər və başqa bir maşın verdilər.

Sizi son səfərlərinizdən ailənizlə şəkil paylaşdığınızı görmürük. Maraqlıdır, siz də ailənizi mediadan kənar saxlamağa üstünlük verirsiniz?

Zaman- zaman şəkillər paylaşıram. Sadəcə, əvvəllər uşaqların şəklini daha çox paylaşırdım.  Sonra fikirləşirdim ki, bu şəkillərə hərənin öz yanaşması olur. Məsələn, kiminsə uşağı xəstə olur, yaxud kiməsə  uşağının müalicəsi üçün pul yığıldığını gördüm. Hətta özümün tanıdığım adamların da belə halları olur. Ondan sonra çalışıram ki, belə şəkilləri bir az yığışdırım ki, həmin şəxslərə pis gəlməsin. Ancaq ümumi götürəndə belə halllar olmasa, şəkil kompleksim yoxdur.

Əksər səfərlərinizi ailəvidirmi? Məsələnin maddi tərəfini necə qarşılayırsınız?

İmkanım bugünkü gördüyüm işlərlə səfər etməyə çatır. Mən bu il hardasa 4-5 yerdə olmuşamsa, onun  3-nü partnyorlar təşkil edib. İkisini də təşkil etməyə hələ ki gücüm var. İşlə bağlı səfərlərimin heç birində ailəm olmur. Ailəylə ancaq tətillərdə gedə bilirik ki, həyat yoldaşıma da uyğun gəlsin.

Həyat yoldaşınız nə işlə məşğuldur?

O, Moskvada fashion dizayner ixtisası üzrə təhsil alıb.  Hazırda Bakıda böyük bir şirkətin vitrin dizayner strategiyasına rəhbərlik edir.

Necə tanış olmusunuz?

Əslində, onunla virtual tanışlığımız var idi. Bizim feysbukda “Ölü yazarlar dərnəyi” adlı səhifəmiz var idi. Orada admin gözüylə kimin nə qədər aktiv olduğuna da baxırdıq. Beləliklə onu izləyirdim. Çünki insanın subay vaxtı gözdən keçirdiyi adamlar olur.  Sonra tədbirlərin birində gördüm. Ondan sonra münasibətimiz bir qədər irəlilədi. 2013- cü ildə evləndik.

6 ildir ki, evlisiniz. Bu illər ərzində ailə münasibətlərinizi necə qoruyub saxlamısınız? Problemlər olanda onu necə tənzimləyə bilirsiniz? Son günlər ailələrdə qadınlara  şiddət hallarıyla bağlı xəbərlərlə səhərimizi açırıq.

 İstənilən halda, qadına şiddəti qəbul etmirəm. Azərbaycan kişisində Qafqaz ruhu var. Düşünür ki, qadın arabir kişinin varlığını hiss etməlidir.  Eyni zamanda, bunu istəyən qadınlar da var. Məsələn, Telli Borçalı deyir ki, uzaqdan kişinin gəldiyini görüb tir-tir əsməlidir. Düşünürəm ki, ailədə hər hansı bir uyğunsuzluq varsa, həmin şəxslə yaşaya bilirsənsə, yaşamalısan. Bilmirsənsə, yaşamamalısan.  Bəzən də ailədə fərqli fikirlər yaranarsa, onu məntiqlə izah edən qalib gəlir. Hər işdə ancaq kişinin sözü keçməlidir ifadəsini qəbul etmirəm.

Məsələ həm də ondadır ki, bizdə ayrılıqları qəbul etmək mədəniyyəti hələ də formalaşmayıb...

Bunun formalaşması üçün birinci növbədə təhsilli olmaq lazımdır. Ayrılmağı qəbul etməyib şiddət göstərənlərin əksəriyyəti təhsilsiz insanlardır. İkincisi, bəlkə kiməsə xoş olmaz, ancaq mən düşünürəm ki, kriminal xəbərlərin sayını azaltmaq lazımdır.   Filankəsin kiminsə başını kəsməsi aqressiyanı daha da artırır. Çünki şüuraltı belə hal sənin üçün adiləşməyə başlayır.

Övladlarınızı necə böyüdürsünüz?

Açığı, bununla bağlı içimdə ziddiyyətli proses gedir. Təhsilləri barədə düşünürsən. Əsas məsələ, özüm kimi milli düşüncədə olsalar sevinirəm. Buna qərar verə bilmirik, ancaq bunun üçün çalışıram. Bizim verilişdə “Atalar və oğullar” rubrikası var. Həmişə fikirləşirəm ki, niyə yazıçı Anar Rəsul Rzaya oxşamır?  Məsələn, Anar Rəsul Rza kimi mənə doğma deyil. Baxmayaraq ki Anar hazırda müstəqil bir dövrdə yaşayır. Ancaq sən Rəsul Rzanı qucaqlayıb bağrına basmaq istəyirsən.  Yaxud Rəşid Behbudova  və onun övladına baxırsan, düşünürsən ki o, niyə onun kimi deyil ?!  Bu baxımdan övladlarım üçün müəyyən şeyləri nə vaxt deyəcəyimi hazırlamışam.

Siz həm də xeyriyyəçisiniz, bu çox müsbət bir haldır. Bu yaxınlarda bir tələbənin təhsil haqqını da ödəmişdiniz...

Bacardığım qədər həmişə kömək edirəm, ancaq bunu elan etməyi sevmirəm. Bunu birinci növbədə özümə borc bilirəm. İkincisi, tələbələrlə bağlı məsələ mənim üçün həssas mövzudur. Adətən tələbə mövzularında kömək etməyə çalışıram. Çünki özüm tələbəlik mərhələsini çətin keçmişəm. Universitetə qəbul olunandan sonra maddi baxımdan ehtiyaclarımı çatdıra bilmədim. Paralel olaraq yanacaqdoldurma məntəqəsində işlədim. Gecə işləyirdim deyə, dərsə gedə bilmirdim. Ona görə də mən o adamları başa düşürəm və bacardığlm köməyi edirəm. İkincisi də, mən həmişə kiməsə kömək etməyin geri dönüşünü alıram.  Məsələn, konkret sonuncu tələbə ilə bağlı məsələ olanda həmin adamlara yazdım ki, kömək edə bilərəm, amma bir qədər gec ola bilər. Bu ərəfədə başqasından bir alacağım var idi.  Niyyətləndim ki, alacağımı götürüb pulu verəcəm. Çox qəribədir ki, məhz səhəri gün həmin adam zəng vurdu ki, gəlib pulunu götürə bilərsən. Həmişə hiss edirəm ki, sənin qazandığın pulların heç də hamısı sənin üçün deyil. Orada başqa adamların payı var. Sən sadəcə onları düzgün görüb həmin insanların payını verməlisən.

Bəzən sərt statuslar yazırsınız. Buna görə sizi narahat edirlər?

Həmkarlarım deyir ki, nəyinə lazımdır, başını ağrıdırsan. Mən ailəmdən də belə görmüşəm. İkincisi, bəzən elə şeylər olur ki, sən özün onu deməyə qorxursan. Efirdə danışmağa qoymurlar. Kimsə elə bilir ki, sən onu desən pis nəsə baş verəcək. Ancaq deyəndən sonra əksinə, görürsən ki, məsələ həllini tapır, hətta sənə təşəkkür də edirlər. Mənə kimsə heç bir xəbərdarlıq etməyib ki, o məsələni bir də desən səni işdən çıxarırıq.  Təbii ki kimsə desə ki yazdığını sil, onu silməyəcəm. Amma sənə ərki çatan adam deyir ki, silsən, yaxşı olar. Deyirəm ki, elə biləcəklər ki, təzyiq ediblər silmişəm, bu alınmaz. Məsələn, keçən dəfə Rəşad Sadıqovla bağlı məsələ olmuşdu. Yazmışdım ki, adamın Rəşad Sadıqov kimi sevgilisi olsun, həmişə gedirəm deyən, amma getməyən. Bizdə insanlar başa düşmür ki, mən səni tənqid edirəmsə, deməli, səni istəyirəm. Bu statusumu ona göstərmişdilər. Ortaq dostumuz yazmışdı ki, silim. Dedim ki, silə bilmərəm.  Deməli,  o zaman onun oyunu xoşuma gəlməyib və əsəbləşmişəm ki, get daha qardaş. Bunu bir çoxları da deyir.

Sizinlə həmkarınız Tural Yusifov arasında rəqabət olduğu açıq hiss olunur. Efir saatlarınız da artıq eynidir. Bir-birinizə sosial şəbəkədə atmacalar da atmışdınız..

Aramızda sağlam rəqabət var. Turalla mənim münasibətlərim yaxşıdır. Tədbirlərdə, bayramlarda görüşüb salamlaşırıq. Ancaq iş işdir. İşdə bəzən bir- birimizin damarını sıxa bilərik. Mənim verilişimin mövzusunda başqa radioda kimsə nəsə edəndə xoşuma gəlmir. Deyirəm ki, birinci bunu mən etmişəmsə, sən də başqa mövzuda nəsə etməlisən. Turalla belə bir şey yoxdur. Onun verilişində hüquqi, məndə isə texniki məsələlərdir. Son məsələni nəzərdə tutursunuzsa, bunu problem kimi görməyək. Çünki əvvəla,  Tural özü getməyə qərar verdi. Mənim üçün birinci növbədə, radionun taleyi önəmlidir. Turaldan, məndən əvvəl radioya gəlmiş biri kimi öyrəndiklərim var. Radioda prodakşın quranda SMS kimi interaktiv məsələləri mən də ondan götürmüşəm. Ancaq Tural getdisə, təbii ki bu yer artıq boş qalmamalıdır. Rəhbərlik bunu mənə təklif etdi və qəbul etdim. Əlbəttə, mən istəyərəm ki, məni daha çox adam dinləsin. Tural da eynisini istəyər. Bu mənada kənarda hardasa nəsə görünə bilər. Ancaq belə həqiqətən problemimiz yoxdur. Niyə olsun ki?

Bir müddət Aytən Səfərovayla səhər efirinə çıxırdınız.  Hiss olunurdu ki, tez-tez bir-birinizin sözünü kəsirsiniz, dinləmirsiniz. Bu verilişin formatıyla bağlı idi? Realda münasibətləriniz necədir?

Əvvəlcə “Bumeranq” və “ İş adamı” verilişlərində mənim qalıb başqalarının niyə getməyindən danışım. Bəlkə elə bilərlər ki, mənim adamım var. Yox, sadəcə olaraq o layihələrin rəhbəri mənəm. Əslində, mən də istəyərdim iki yaxşı aparıcı tapım, onları həmin vaxta qoyum. Layihə işləsin, mən ordan pulunu qazanım. Ancaq bu gün aparıcı problemi var. Aytən özü efirdə çətin xarakterli adamdır.  Ancaq işdən kənar onunla da hər şey qaydasındadır. Mən, ümumiyyətlə,  əməkdaşlıq edəndə çalışıram ki, bir-birimizlə razılaşmayaq.  Hərənin öz fikirləri olsun.

Radio aparıcıları niyə öz üzərlərində işləmirlər?  Məsələnin digər tərəfi əməkhaqqı ilə bağlıdır?

Birincisi, öz üzərində işləmək insanın öz içindən gəlməlidir. Məsələn, məndə mütaliə etmək bir xəstəlikdir. Oxumayanda elə bilirəm ki, banallaşmışam. Məsələnin maddi tərəfi də var. Əvvəl radioda işləyəndə maaş alırdım. Maddi durumum dəyişmirdi. Ona görə də bu gün radioların əksəriyyəti prodakşın fəaliyyətinə keçirlər. Layihənin maddi tərəfinə özləri cavabdehdirlər. Ona görə də sən məcbursan ki, üzərində daha çox işləyəsən. Yoxsa layihə batacaq.

Özünüzü nə zamana kimi bu formatda görürsünüz?

Hələ ki, özümü başqa sahədə görmürəm.  Fasilə verib təkrar qayıdanda adaptasiya olmaq çətindir. Ona görə də getsəm yəqin ki, qayıtmaram. Həm də xarici ölkələrdə radio aləmində olan adamlara baxıram. Bizimki kimi deyil. Bizdə düşünürlər ki, müəyyən müddət işləyib ya vəzifəyə gedəcəksən, ya biznes quracaqsan. Ancaq bu gün radionun özü daha yaxşı biznesdir. Özüm radioda verilişlər təşkil etmək, gələcəkdə radio sahibi olmaq istəyərəm. Bu başa düşürəm ki, bizdə çətindir. Ancaq nə vaxtsa olsa, ilk namizədlərdən biri olacam.

Siz həm də yaradıcılıqla məşğul olursunuz, şeir yazırsınız. Buna necə vaxt çatdırırsınız?

Təbii ki, iş rejimi şeir yazmağı bir qədər gecikdirir. Əvvəllər həftədə bir dəfə şeir yazırdımsa, indi daha çox vaxt olanda bunu edirəm. Düzdür, bəzən heç bilmədən verilişin ortasında şeirin əsas hissəsi gəlir.

Yaradıcı adamlar əsasən əsərlərinin, şeirlərinin qəhrəmanlarını gizlədirlər. Xəyali olduğunu bildirirlər. Məntiq isə əksini deyir. Sizin qəhrəmanız kimdir?  

Qəhrəmanım artıq dəqiq var. İndiyə qədər yazılanları götürsək, deyə bilərəm ki, hamısı eyni adama yazıla bilməz. Çünki 20 il əvvəl yazılan şeirlər var. Ünvanlı qəhrəmanların olması ilə razıyam. Amma bəziləri həqiqətən də ünvansız olur. İnsanları bunu xüsusən kiməsə yazdığına inandırmaq olmur.

Çəkilişə göstərdiyi köməyə görə, “Şharifzade Art Center” mərkəzinə təşəkkür edirik

Günel Türksoy

Foto, video: Pərvin Zeynal