Qardaşının həbsindən danışdı - “Düzgün araşdırma aparılmalıdır”

qardasinin-hebsinden-danisdi
Oxunma sayı: 616

Böyük Britaniya Kralı III Çarlz qardaşı, sabiq şahzadə Endryu Mauntbetten-Vindzorun dövlət vəzifəsindən sui-istifadə ittihamı ilə saxlanılmasına dair rəsmi bəyanat yayıb.

“Qafqazinfo” “The Guardian” nəşrinə istinadən xəbər verir ki, Kral hadisə ilə bağlı dərin narahatlığını ifadə edib.

Bukinqem sarayı tərəfindən yayılan bəyanatda monarx istintaq prosesinin tam müstəqil və ədalətli aparılmasının vacibliyini vurğulayıb:

“Endryu Mauntbetten-Vindzorun həbsi və dövlət vəzifəsində sui-istifadə şübhəsi ilə bağlı xəbərləri dərin narahatlıqla qarşıladım. İndi müvafiq qurumlar tərəfindən tam ədalətli və düzgün araşdırma aparılmalıdır. Əvvəllər də qeyd etdiyim kimi, hüquq-mühafizə orqanları bizim tam dəstəyimizə və əməkdaşlığımıza malikdirlər. Tamamilə açıq deyirəm ki, qanun öz yolunu tutmalıdır”.

III Çarlz əlavə edib ki, istintaq davam etdiyi müddətdə sözügedən məsələ ilə bağlı hər hansı əlavə şərh verməyəcək və ailəsi ilə birlikdə xalqa xidmətini davam etdirəcək.

Qeyd edək ki, sabiq şahzadə Endryu bu gün 66 yaşını qeyd edərkən, Norfolkdakı Sandrinqem mülkündə saxlanılıb. O, 2010-cu ildə Britaniyanın beynəlxalq ticarət üzrə xüsusi elçisi işləyərkən Ceffri Epşteynə gizli hökumət sənədlərini ötürməkdə və dövlət vəzifəsində ciddi qanun pozuntularına yol verməkdə ittiham olunur.

Məlumat üçün bildirək ki, Britaniya qanunvericiliyinə görə, həmin maddə üzrə ən ağır cəza ömürlük həbsdir. Sabiq şahzadə hazırda nəzarət altındadır və polis onun Berkşir və Norfolkdakı ünvanlarında axtarışlar aparır.