Bakıdan Laçına yeni avtobus reysi açılır

bakidan-lacina-yeni-avtobus-reysi-acilir
Oxunma sayı: 708

Bakıdan Laçına yeni müntəzəm avtobus reysi təşkil edilir. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb. 

Bildirilib ki, fevralın 25-dən fəaliyyətə başlayacaq Bakı-Laçın reysi üzrə avtobuslar Laçın-Həkəri-Zəngilan yolu ilə hərəkət edəcək. Avtobuslar Bakı Beynəlxalq Avtovağzal Kompleksindən Laçına hər gün saat 08:00-da, əks istiqamətdə isə 16:00-da yola düşəcək. Bakı-Laçın reysi üzrə gedişhaqqı 16,10 AZN müəyyən edilib.

Marşrut üzrə aralıq məntəqəsi Zəngilan rayonunun Ağalı kəndi təyin olunub. Aralıq məntəqə üzrə gedişhaqqı 13,80 AZN müəyyən edilib. 

Qeyd edək ki, hazırda sərnişinlər Laçına səfər etmək üçün Bakı-Xankəndi-Laçın müntəzəm avtobus reysindən istifadə edirlər. Yeni Bakı-Laçın reysi istifadəyə verildikdən sonra Bakı-Xankəndi-Laçın reysi artıq Bakı-Şuşa reysi kimi fəaliyyət göstərəcək və son məntəqə Şuşa şəhəri təyin ediləcək. 

Biletləri yalnız onlayn qaydada “biletim.az” portalı üzərindən əldə etmək mümkündür. 

Xəbəri rus dilində oxuyun: Из Баку в Лачын — за 16 манатов: старт 25 февраля 

Xatırladaq ki, Azərbaycan vətəndaşları həmin portal və ya mobil tətbiq üzərindən bilet əldə edərkən işğaldan azad edilmiş ərazilərə buraxılış üçün icazələr avtomatik qaydada təqdim olunur.