“Kristal”dan müğənniyə ev verilməsi iddiasına - Rəsmi Açıqlama

kristaldan-mugenniye-ev-verilmesi-iddiasina
Oxunma sayı: 1761

“Son günlər bəzi media resurslarında və sosial şəbəkələrdə guya bir deputatın sahibi olduğu “Kristal” şirkəti tərəfindən Xırdalan layihəsində inşa edilən binanın bir mərtəbəsinin müğənniyə hədiyyə edilməsi ilə bağlı yayılan iddialar tamamilə əsassız, həqiqətə uyğun olmayan və böhtan xarakterlidir”.

Bu barədə “Qafqazinfo”ya şirkətin Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, ümumiyyətlə “Kristal” şirkəti tərəfindən Günel adlı şəxsə hər hansı mənzil və ya digər daşınmaz əmlak nə hədiyyə edilib, nə də satılıb:

“Adıçəkilən şəxs şirkətimiz tərəfindən inşa edilən Biləcəri layihəsində yerləşən, lakin şirkətimiz tərəfindən əvvəlcədən satılmış bir mənzili birbaşa “Kristal” şirkətindən deyil, həmin mənzilin qanuni sahibindən əldə etmişdir. Bu əməliyyat şirkətimizdən kənar, tamamilə mülki-hüquqi əsaslarla həyata keçirilmişdir.

Bu kimi uydurma və sensasiya xarakterli xəbərlərin yayılması şirkətimizin işgüzar nüfuzuna zərər vurmaqla yanaşı, eyni zamanda Azərbaycanın ailə dəyərlərinə, xalqımızın mədəni-mənəvi irsinə və cəmiyyətimizdə formalaşmış etik normalara ziddir.

“Kristal” şirkəti bu cür qeyri-etik, böhtan xarakterli və ictimai rəyə mənfi təsir göstərən məlumatların yayılmasını qətiyyətlə qınayır və media nümayəndələrini peşə etikası prinsiplərinə, obyektivliyə və məsuliyyətə riayət etməyə çağırır.

Bu kimi məlumatların yayımının dərhal dayandırılmasını, artıq dərc olunmuş materiallara münasibətdə təkzib və müvafiq düzəlişlərin verilməsini tələb edirik. Əks halda, şirkətimiz qanunvericiliklə nəzərdə tutulmuş bütün hüquqi vasitələrdən istifadə etmək hüququnu özündə saxlayır”.