Ukraynanın xarici işlər naziri Dmitri Kuleba Qərb tərəfdaşlarını kifayət qədər silah tədarük etmədikləri üçün Avdeyevkanın itirilməsində günahlandırıb.
“Qafqazinfo” xəbər verir ki, bu haqda o, CNN telekanalına müsahibəsində danışıb:
“Avdeyevkanı müdafiə etmək üçün artilleriya mərmiləri alsaydıq, onu itirməzdik”.
Kuleba, həmçinin Avropanı qitədə “sülh dövrünün” başa çatdığını tanımağa və Ukraynaya daha çox silah göndərməyə çağırıb.
Qeyd edək ki, fevralın 17-də Rusiyanın müdafiə naziri Sergey Şoyqu Kremldə Prezident Vladimir Putinə Donetsk vilayətinin Avdeyevka şəhərinin Rusiya ordusunun nəzarətinə keçdiyini məruzə edib.