Lerikdə dağlıq-meşəlik ərazidəki yanğın söndürülüb - Yenilənib

lerikde-dagliq-meselik-erazideki-yangin-sondurulub
Oxunma sayı: 2390

Lerik rayonu, Xanagah kəndi yaxınlığında dağlıq-meşəlik ərazidə yanğın başlayıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Bildirilib ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə hadisə ilə bağlı ilkin məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunublar.

Əlavə məlumat veriləcək.

***

FHN yanğınla bağlı daha bir məlumat yayıb.

Bildirilib ki, havanın küləkli olmasına və relyefin mürəkkəbliyinə baxmayaraq, yanğınsöndürənlər tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində, təqribən, 1,5 hektar sahədə kol-kos, xəzəl və qurumuş ağac kötükləri yanıb.

Meşə zolağı yanğından mühafizə olunub.

Qeyd edək ki, yanğınla mübarizə tədbirlərində Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları və bir qrup kənd sakini də iştirak edib.

***

Meşələrin İnkişafı Xidmətinin rəisi Cabbar Qəribov Lerik rayonunun yüksək dağlıq ərazisində yanğınla bağlı açıqlama verib.

O bildirib ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yerli qurumları, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları və kənd sakinləri hadisə ilə əlaqədar əraziyə cəlb edilib.  

“Yanğının söndürülməsi üçün mümkün olan bütün vasitələrdən, o cümlədən əl əməyindən istifadə olunub. Yanğın lokallaşdırılıb və digər ərazilərə yayılmasının qarşısı alınıb”.