Mahir Emreli buna görə milliyə çağırılmayıb

mahir-emreli-buna-gore-milliye-cagirilmayib
Oxunma sayı: 5137

Anton Krivotsyuk və Mahir Emrelinin Azərbaycan millisinə çağrılmamasının səbəbi açıqlanıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə millinin müvəqqəti baş məşqçisi Arif Əsədov yığmanın “FİFA series – Edition 2024” layihəsi çərçivəsində Monqolustan və Bolqarıstan milli komandalarına qarşı keçirəcəyi oyunlar haqqında danışarkən bildirib.

Baş məşqçi qeyd edib ki, hər iki futbolçumuzun heyətdə olmaması zədə ilə bağlıdır: “Anton Krivotsyuk və Mahir Emreli ilə danışmışam, zədələri var. Həkimlə də məsləhətləşdik və qərara aldıq ki, zədələrini sağaltsınlar və onları növbəti təlim-məşq toplanışlarına çağıraq.

Yeni simalara gəlincə, Ukraynada çıxış edən Emil Mustafayev, Türkiyədə oynayan, çoxdandır milliyə çağırılmayan Vüsal İsgəndərli və “Neftçi”nin qapıçısı Rza Cəfərovu dəvət etdik. Yoldaşlıq oyunları olduğu üçün onları cəlb etdik ki, baxaq. Adətən, bu cür yoldaşlıq oyunlarında yeni futbolçular yoxlanılır”. 

Mütəxəssis Emil Səfərov, Nəriman Axundzadə və Cəlal Hüseynovun milliyə dəvət olunmaması barədə də danışıb:

“Qərara aldıq ki, üç gənc oyunçu  - Emil Səfərov, Nəriman Axundzadə və Cəlal Hüseynov 21 yaşlılardan ibarət milli komandamızın düşərgəsinə getsinlər. U-21-i qarşıda rəsmi oyunlar gözləyir, ona görə də komandanın baş məşqçisi Samir Əliyevlə danışdıq ki, bu futbolçular İngiltərə və Ukrayna ilə görüşlərdə gənclər yığmasına kömək etsinlər”. 

Qeyd edək ki, millimiz “FIFA series – Edition 2024” layihəsi çərçivəsində Tofiq Bəhramov adına Respublika stadionunda martın 22-si, saat 20:00-da Monqolustan, martın 25-i, saat 20:00-da isə Bolqarıstan yığması ilə qarşılaşacaq.