“Mal-qaramız illərdir oğurlanır, cinayətkarlar isə tapılmır”

mal-qaramiz-illerdir-ogurlanir-cinayetkarlar-ise-tapilmir
Oxunma sayı: 3816

“Düz 5 ildir ki, mal-qaramız oğurlanır. Oğurluq edənlər isə tapılmır. Artıq qapımızda heyvan qalmayıb”.

Bu şikayətlə “Qafqazinfo”ya Quba rayon sakini, təsərrüfatçı Rauf Piriyev müraciət edib.

Mal-qarasının oğurlanmasından gileylənən təsərrüfatçı deyir ki, hadisə Abşerondakı qışlaqda baş verib: “Bu hadisəni kimlər törədirsə, 5 ildir tapılmırlar. İllər öncə düz 12 baş atımız oğurlandı. Daha sonra, 3 il öncə 11 baş iribuynuzlu seçilmiş mal-qara oğurlanıb. Hansı ki onlar tam da satılmalı heyvanlar idi. Bu ilin aprelin 4-də isə 15 baş iribuynuzlu mal-qara oğurlandı. Bununla da əlimizdə heç nə qalmadı. Artıq üçüncü oğurluqdur ki, üstü açılmır”.

Rauf Piriyev deyir ki, onlara ümumilikdə 65 min manata yaxın ziyan dəyib: “Bütün ailəmin xərcləri bu heyvanlara baxırdı. Onlar da beləcə əldən çıxdı. Biz yaylaq üçün Qusarın Ləzə kəndinə üz tuturuq. Uzun illərdir atam, qardaşım və mən təsərrüfatla məşğuluq, amma orada başımıza belə hadisə gəlməyib. Lakin bu il qışlaqdan əliboş qayıtmalı olacağıq. Oğurluqlara görə aidiyyəti qurumlara da müraciət edilib. 5 ildir ki, cinayətkarlar tapılmır”.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinə müraciət etdik. DİN-in Mətbuat Xidmətinin əməkdaşı Elbrus İbrahimov bildirdi ki, Abşeron rayon sakini Piriyev Günəşri Əlibəndə oğlu bundan əvvəl də, konkret olaraq 15 may 2020-ci il tarixdə polisə ərizə ilə müraciət edərək, otlaq sahəsinə ötürdüyü və nəzarətsiz qoyduğu 11 baş iribuynuzlu heyvanının itməsi barədə polisə məlumat verib:

"Həmin vətəndaş bir müddət sonra təkrar DİN-in 102 xidməti zəng mərkəzi sisteminə zəng edərək, 30 baş iribuynuzlu heyvanının açıq otlaq sahəsində naməlum istiqamətə gedərək itdiyini və tapılmasında ona köməklik göstərilməsini bildirib. 

Həmin vaxt Abşeron RPİ-nin Qobu PB əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində vətəndaş Günəşri Piriyevə məxsus iribuynuzlu heyvanlar tapılaraq özünə təhvil verilmiş, sonuncu təkrar ərizə ilə müraciət edərək heyvanlarının tam sayda fermasına qaytarıldığını, heç bir şikayət və tələbinin olmadığını bildirmişdir.

Bir neçə gün əvvəl, yəni 07 aprel 2024-cü il tarixdə vətəndaş Piriyev Günəşri Əlibəndə yenidən DİN-in 102 xidməti zəng mərkəzi sisteminə zəng edərək sahibsiz otlaq sahəsinə buraxdığı ümumilikdə 35000 manat dəyəri olan 15 baş iribuynuzlu heyvanın oğurlanması barədə məlumat verib. Vətəndaş bu dəfə də heyvanlarının otlamaları üçün buraxdığını,3 gün nəzarətsiz qoyduğunu,  07.04.2024-cü il tarixində heyvanların geri qayıtmadığını görüb oğurlandığını ehtimal edərək polisə müraciət etdiyini bildirmişdir. Qeyd edilən sonuncu faktla əlaqədar Abşeron Rayon Polis İstintaq şöbəsində Cinayət Məcəlləsinin  müvafiq maddəsi ilə cinayət işi başlanılıb, hazırda əməliyyat-istintaq tədbirləri davam etdirilir".

Lamiyə Məmmədova