Məcburi köçkünlərin yeni ev dərdi - - Reportaj

mecburi-kockunlerin-yeni-ev-derdi-
Oxunma sayı: 2553

“1993-cü ildən 14 saylı məktəbdə yaşayıram. Övladlarım ali təhsil alanda onlara qulluq etmək üçün bir müddət Bakıda yanlarında qalmışam. Məktəbi bitirdikdən sonra da köçüb gəlmişəm bura. Siniflərdən birini arakəsmə ilə ayırıb, veriblər bizə və Elxan Əhmədovun ailəsinə. Sayğac da onun adına olub. İndi mənə deyirlər ki, sənə ev düşmür, sən burda yaşamırsan”. Bu sözləri Ağdam rayon sakini Rafət Bəşirova deyir.

“Ağ bayraq götürüb sərhədi keçəcəm” 

Məktəbdə məskunlaşmış digər ailələr Mingəçevir şəhərinin girişində salınmış yeni yaşayış kompleksinə köçürülüb. Ev ala bilməyən 9 ailə isə hələ də 14 saylı orta məktəbin otaqlarını tərk etməyiblər. Məktəbin dəhlizindəki kiçik otaqda məskunlaşan Nizaməddin Əliyev də ev ala bilməyənlərdəndir. Məcburi köçkünün sözlərinə görə, buna səbəb qızının onun adına ev alması olub: “İki oğul itirmişəm. Oğlumun 4 körpəsi mənim öhdəmdə qaldı. Burdakı otaq qarısqal, döşəmə də daşdan. Qışda heç cür isitmək mümkün olmur. Uşaqlar tez-tez xəstələnirdilər. Ona görə də Bakıda yaşayan qızım Mingəçevirdə adıma ev alıb oğlumun ailəsini yığdı ora. Bir müddətdən sonra da evi öz adına keçirdi. İndi mənə deyirlər ki, adına ev olub, sənə mənzil düşmür. Burada yaşayanların hamısı bilir ki, mən 20 ildir bu zirzəmidə məskunlaşmışam. Məktəbləri də məcburi boşaldırlar. Bəs biz hara gedək?” Solmaz Rüstəmova da ev ala bilməyib: “Hamı kimi mən də bu məktəbə köçkün kimi sığınmışam. Sonra müvəqqəti olaraq qardaşımın evində yaşamışam. İki oğlum var. Onlardan birinə 9-cu mərtəbədə ev verilib, digərinə yox. Deyirlər, sizə daha ev düşmür. Şəkər adamam, 9-cu mərtəbəyə necə çıxım? Tələbim odur ki, mənə aşağı mərtəbələrdən ev versinlər, digər oğlumu da evlə təmin etsinlər. Əks halda, ağ bayraq götürüb sərhədi keçəcəm”.

  Yeni mənzilin sevincini yaşayanlar da çoxdur

9 ha ərazini əhatə edən yeni yaşayış massivində 10 ədəd 9 mərtəbəli bina tikilib. Burada 550 məcburi köçkün ailəsinin yaşaması nəzərdə tutulub. Yaşayış massivində 480 şagird yerlik məktəb binası, klub-icma mərkəzi, inzibati bina, təcili yardım stansiyası və poçt şöbəsi var. Yeni məhəllə Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun sifarişi ilə inşa olunub. Paylanmış mənzillər təmirlidir, otaqların hər birində çılçıraqlar asılıb. Mətbəxə dördgözlü qaz sobası, divar şkafı qoyulub. Yeni mənzillərə daşınanlar arasında otaqların sayına görə narazılıq edənlər də var, sevinənlər də. Əsasən gənc ailələrin sevinci yerə-göyə sığmır. İkiotaqlı mənzilə sahib olan İradə Qənbərova da yeni mənzilinin sevincini yaşayanlardandır: “İki oğlum var. İllər öncə məktəbə gəlin köçmüşəm. Məktəbdə yaşamaq əzab idi. Dərslər başlayanda səs-küydən dayanmaq olmurdu. Qışda isə otaqları isitmək çətin idi. Hamam növbəylə idi. Demək olar ki, illər idi insan kimi yaşamırdıq. Amma yeni mənzilimiz çox rahatdır. Düzdür, hələ lift işləmir, qaz yoxdur, yenə də rahatlıq var”. Uzun illərdir dörd nəfərlik ailəsi ilə darısqal məktəb otağında yaşayan Mərmər xanım da yeni mənzilindən çox razıdır. Bütün binaların qarşısında yük maşınları dayanıb. Kimisi illərlə məktəblərdə qalan yüklərini boşaldır, kimisi də yeni mənzilinə yeni əşyalar alır. Havanın isti olmasına baxmayaraq, otaqları xalça-palazla bəzəyənlər də var. Hətta bir-birlərinə gülə-gülə “xalçaları neçə illərdir bağlayıb qoymuşdum bir küncə, heyfim gəlirdi işlətməyə. İndi salmışam otaqlara, qoy yaraşıqlı görünsünlər”-deyirlər. Evindən narazı olanlar, ailə üzvlərindən bəzisinin siyahıya salınmadığını, bu səbəbdən az otaq aldıqlarını deyənlər də çoxdur. Hətta sakinlərdən bir neçəsi məktəblərdə yaşamayan, şəhərdə evi olan adamlara da mənzil verildiyini deyirlər. Adının açıqlanmasını istəməyən sakinlərdən birinin sözlərinə görə, bu işdə məktəb direktorlarının xüsusi rolu var: “Qaçqınkomdan gələnlər nə bilir kim məktəbdə yaşayır, kim yox? Onlar siyahıya baxıb iş görürlər. Elə adamlar var ki, illərdir sinifin qapısına qıfıl vurub gedib oturub evində. Ev paylananda da məktəb direktorlarına “hörmət” ediblər, onlar da deyib: “burada yaşayır”. Elə biri Ağdamda kolxoz sədri olmuş Xuraman Abbasovanın qardaşı oğlu (adının Elxan olduğu söylənildi, ancaq soyadı dəqiqləşdirilmədiyindən əlaqə saxlamaq mümkün olmadı – A.E) Mingəçevirdəki talkuçkada alver edir. Şəhərdə də iki yerdə evi var. Buna baxmayaraq, ona da yeni mənzil verilib”. Əvvəllər kənddə yaşamış yaşlı qadınlar da yüksək mərtəbəli mənzillərdən narazıdırlar. Əslən Kəlbəcərdən olan Sənəm nənə deyir ki, bu cür mənzildə yaşamaq onun ürəyini partladacaq: “Mən həyət-bacaya öyrəşən adamam. Necə çıxıb qalım göyün bir qatında? Ondansa 2 sot torpaq verəydilər günümü keçirəydim. Mən torpaq adamıyam, öyrəşə bilmərəm belə evlərə”.

  “Deyilənlər doğru deyil”

Qaçqın və Məcburi Köşkünlərlə İş üzrə Dövlət Komitəsinin Köçürülmə (Repatriasiya) Departamentinin direktoru Elman İsmayılovsa deyilənləri əsassız sayır: “İndiyədək ölkə üzrə 31 mindən artıq ailəni yeni mənzillərlə təmin etmişik. Bir nəfər də deyə bilməz ki, biz hansısa qanunsuzluğa yol vermişik. Narazılıq edib məktəbdən çıxmayan sakinlərin heç biri haqlı deyillər. Rafət Bəşirova məcburi köçkün kimi Bakıda qeydiyyatdadır. Onun burada ev alması mümkün deyil. Çünki burada tikilən evlər yalnız Mingəçevirdə yaşayan məcburi köçkünlər üçündür. Qeydiyyat məsələlərində problem ola bilər. Buna görə də biz köçürülmə zamanı əsasən faktiki yaşayanları nəzərə alırıq. Digər şikayətçi Nizaməddin Əliyevin adına ev olub. O, köçürülmə ərəfəsində məktəbə qayıdıb. Evindəki əşyalara baxmaqla da bunu müəyyənləşdirmək olar. Solmaz Rüstəmovaya isə 4 otaq verilib,özü də yazılı şəkildə bildirib ki, başqa tələbi yoxdur. Mənzili alandan sonra başlayıb etiraza. Halbuki özü heç məktəbdə yaşamır. Ümumiyyətlə, köçkünlər artıq ev almaq üçün müxtəlif üsullardan istifadə edirlər. Boşananlar, hətta anasından imtina edənlər də var. Ona görə də biz tam dəqiqləşdirmə apardıqdan sonra vətəndaşları evlə təmin edirik. Haqqı çatanlar evlə təmin ediliblər”. Məktəb direktorları ilə bağlı deyilən iradlara gəlincə, departament rəhbəri belə faktla rastlaşmadıqlarını deyir: “Əgər hansısa məcburi köçkünün əlində belə fakt varsa, bizə müraciət etsin, dərhal ölçü götürək”. E.İsmayılov onu da vurğuladı ki, yeni yaşayış massivinə təkcə məktəblərdə yaşayanlar deyil, Mingəçevir şəhərində kirayədə yaşayan köçkünlər də köçürülür.  

Köçkünlər işıqpulunun mənimsənilməsindən narazıdırlar 

Yeni mənzillərdə yeni smart sayğaclar quraşdırıldığından köçkünlər əvvəlki sayğaclarda olan vəsaitdən istifadə edə bilmirlər. Köhnə sayğaclarda isə kifayət qədər vəsait qaldığını söyləyirlər. Məsələn, Əntiqə Zeynalova deyir ki, onun köhnə sayğacında 1200 manata yaxın vəsait var, amma həmin pullar yeni sayğaca köçürülməyib: “Bizə verilən işıq limitdən qənaətlə istifadə edib sayğacda pul saxlamışıq. İndi deyirlər həmin pullar keçdi dövlətə. Niyə axı mənim pulum dövlətə keçməlidir?” “Mingəçevir Regional Elektrik Şəbəkəsi”nin rəisi Etibar Mirzəyev həmin yığılıb qalmış pulları yeni sayğaclara köçürmək istədiklərini, sadəcə bunun üçün yetərli avadanlıqlarının olmadığını deyir: “Biz həmin məbləği yeni sayğaclara köçürə bilmirik. Çünki yeni sayğaclar çin məhsuludur və biz onun istifadə qaydalarına tam bələd deyilik. Yoxsa, biz də istəyirik həmin məbləğlərin yeni sayğaclara köçürülməsini. Hazırda da bu köçürülməni həyata keçirməyin yollarını fikirləşirik”. Elman İsmayılov isə deyir ki, bu məsələ Mingəçevir şəhər İcra Hakimiyyətində müzakirə olunub və yaxın günlərdə öz həllini tapmalıdır: “Proses başlayan günü təklif etdik ki, eyni kartlardan istifadə olunsun. Çünki bütün köçkünlərin sayğaclarında külli miqdarda vəsait var. Elektrik Şəbəkədən bildirildi ki, mənzillərdə başqa sayğaclar quraşdırıldığından bu, mümkün deyil. Ancaq bizə deyiblər ki, yaxın günlərdə bu məsələ öz həllini tapacaq və köçkünlərin vəsaitləri yeni sayğaclara yüklənəcək”.  

Ərazidəki müəssisələr Ağdam İcra Hakimiyyətinin nəzarətindədir

E.İsmayılovun sözlərinə görə, əraziyə köçürülmüş köçkünlərin 80 faizi ağdamlı olduğundan buradakı müəssisələr Ağdam RİH-nin nəzarətinə verilib. Yaşayış massivi yeni salındığından ərazidə ticarət obyektləri yoxdur. Bu istəyə düşənlər isə mütləq Ağdamdakı müvafiq qurumun razılığını almalıdır. Ərazidəki Mənzil İstismar Sahəsi, məktəb və bağçaya isə artıq işçilər təyin olunub. Elə sakinlərdən bəzilərini bu təyinat da narazı salıb. Məsələn, deyirlər ki, hər məktəbin özündə ayrıca məcburi köçkün məktəbi var idi. Ərazidə isə cəmi bir məktəb fəaliyyət göstərəcək. Bu isə xeyli müəllimin işsiz qalacağı deməkdir. Bundan başqa, sakinləri narazı edən məsələlərdən biri də bağçanın bir ailənin ixtiyarına verilməsidir. İxtisasca bağça müəlliməsi olduğunu deyən, ancaq adını açıqlamaq istəməyən sakinlərdən biri deyir ki, yeni bağçaya təyin olunan müdirin stajı çox deyil. Üstəlik stajlı bağça müəllimələrinin heç birini işə götürmək istəmir: “Bağça hələ fəaliyyətə başlamayıb. Ancaq işçilərin hamısı təyin olunub. Müdirin həyat yoldaşı bağçanın təsərrüfat işləri üzrə müdiri, baldızı baş aşbaz, başqa bir qohumu isə tərbiyəçidir. Məgər bu müəssisə bir ailə üçün açılıb? Bu adamları ora Ağdam rayon Təhsil Şöbəsinin müdiri Elmira Şükürova təyin edib. İllərdir bu adam təhsil işçilərinin haqqını tapdayır. Yanına şikayətə gedəndə də elə üz göstərir, sanki rayonun sahibidir”. Ağdam rayon icra hakimiyyəti başçısının sosial-iqtisadi məsələlər üzrə müavini Arzu Rəhimova deyilənlərlə razılaşmadı: “Mən hazırda rayonun Bakı nümayəndəliyinə təhkim olunmuşam. Mingəçevirdə baş verənlərdən xəbərim yoxdur. Ancaq bilirəm ki, deyilənlər doğru deyil, hələlik heç bir təyinat aparılmayıb. Bütün bu proseslər köçürülmə tam yekunlaşdırıldıqdan sonra həyata keçiriləcək. Hər bir sahə müvafiq qurumlara tapşırılıb, onlar da təyinatları verəcəklər”. Məsələyə Elmira Şükürovanın münasibətini öyrənməksə mümkünsüzdü. Günün istənilən iş saatında Təhsil Şöbəsinin telefonunun dəstəyini qaldıran olmadı. E.Şükürovanın mobil telefonunu açan kişi öncə “Elmira xanım məşğuldur, bir azdan zəng edin”, sonra təkrar zəng edənin kimliyini soruşub, “səhv düşmüsüz, bu nömrə Elmira xanımın deyil” cavablarını verdi. Növbəti zənglərə isə ümumiyyətlə, cavab verilmədi. Təhsl Nazirliyinin kənd rayonları üzrə ümumi təhsil şöbəsindən isə məsələdən xəbərsiz olduqlarını, tezliklə araşdırma aparacaqlarını söylədilər.  

Aynur Elgünəş