Mehriban Əliyevanın oxuduğu məktəb sökülür - Fotolar

mehriban-eliyevanin-oxudugu-mekteb-sokulur-fotolar
Oxunma sayı: 1163

Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın təhsil aldığı 23 saylı orta məktəbi sökürlər. “Qafqazinfo” olaraq bu xəbəri eşidən kimi mənzil başına getdik. Orada isə heç bir söküntü aparıldığını görmədik. Yalnız məktəbin binası hasara alınmışdı. Elə binanın üz hissəsində fotolarını çəkib qayıtmaq istəyirdik ki, qarşımıza binanın sakinləri çıxdı.
Onların sözlərinə görə, noyabrın 16-da Nəsimi Rayon İcra Hakimiyyəti onları çağırıb və məktəbin ətrafındakı binaların dövlət planına düşdüyünü söyləyiblər: “Elə indicə Mənzil Kommunal İstismar İdarəsindən gəlirik. Orada bizə köçürülməmizlə bağlı “Xəbərdarlıq” adlı bir sənəd verdilər və sənədlərimizi 49 saylı MKİS-ə təqdim etməyimizi deyiblər”.

Sakinlər deyir ki, bizdən burdan çıxmağımızı tələb edirlər: “Hara gedək? Bir kvadrat metrə 1500 manat pul verirlər, mən o pulla haradan ev alım? Niyə getməliyəm axı?”.

Hətta sakinlər gecəyarısı saat 4-ə qədər söküntülərin davam etməsindən də şikayətçidirlər.

Məsələ ilə bağlı Təhsil Nazirliyinin fikirlərini də öyrənməyə çalışdıq, nazirlikdən isə bildirdilər ki, bununla Bakı Şəhəri üzrə Təhsil İdarəsi məşğul olur.

BŞTİ-nin ictimaiyyətlə əlaqələr sektorunun müdiri Zəminə Əliqızı “Qafqazinfo”ya açıqlamasında sözügədən məktəbin söküləcəyi xəbərinin doğru olduğunu bildirib: “23 nömrəli məktəb tamamilə söküləcək və yerində yeni məktəb binası tikiləcək”.

Zəminə Əliqızı bu ilin sonuna qədər orada dərslərin davam edəcəyini söyləyib: “Daha sonra isə şagirdlər və müəllim heyəti məktəbin yaxınlığında yerləşən Təhsil kompleksində yerləşdiriləcəklər”.

Gülnar