Məmur vətəndaşın 13 il əvvəl aldığı evə iddia edir

memur-vetendasin-13-il-evvel-aldigi-eve-iddia-edir
Oxunma sayı: 3121

Qalmaqallı iş adamı, hazırda həbsdə olan Cahangir Alışovdan 13 il əvvəl ev alan şəxs hələ də onun mənzilinə iddia edən digər şəxslərin ortaya çıxdığını bildirir. Bu dəfə vətəndaşın yaşadığı evə iddia edən tanınmış məmurdur. 

“Qafqazinfo”ya müraciət edən şikayətçi Saleh Nəsirov bildirib ki, uzun müddət davam edən istintaq və məhkəmə proseslərindən sonra ona verilən mənzillə bağlı daha bir nəfər sahiblik iddiası irəli sürüb.

“Yeni Yasamal” MTK və "Yüksəliş-C" MMC-nin direktoru Cahangir Alışovun bir neçə binada eyni mənzili 4-5 adama satması nəticəsində yüzlərlə insan zərər çəkmişdi. Onlardan biri də Saleh Nəsirov olub.

S.Nəsirov bildirir ki, 2008-ci ildə “Yeni Yasamal” MTK-nın sədri Cahangir Alışovla razılaşaraq 12-ci mərtəbədə 202 saylı, 4 otaqlı mənzil alıb və buna görə də 105 min 210 manat pul ödəyib: “2013-cü ildə artıq bir mənzilin bir neçə adama satılması problemləri üzə çıxmışdı. Mən də evə qapı qoydurub üstünə nömrəmi yazdım ki, digər aldanan 3 nəfəri də tapa bilim. Bu yolla həmin şəxslər mənimlə əlaqə saxladı və birgə hüquq-mühafizə orqanlarına müraciət etdik. Cahangir Alışov və digər MTK sahiblərinin əməllərindən zərərçəkənlərin demək olar ki, böyük hissəsi “Şərur” MTK-da evlə təmin olunub. Bu mənzilin birinci sahibi mən olduğum üçün ev də bizim adımıza sənədləşdirildi”.

S.Nəsirov əlavə edir ki, təxminən 10 ildən sonra daha bir şəxs ortaya çıxaraq həmin mənzili ondan 1 il əvvəl aldığını iddia edib: “8 saylı Xüsusi Təyinatlı Yol İstismarı" MMC-nin baş mühəndisi Hüseynov Yuris Xələf oğlu iddia qaldırıb ki, bu mənzili 2007-ci ildə alıb və bununla bağlı müqaviləsi var. Məhkəmədə dedi ki, buna görə Cahangir Alışova 67 min manat pul ödəyib.

Amma “Yeni Yasamal” MTK-nın vəkili isə bildirdi ki, Yuris Hüseynovdan binanı tikmək üçün beton alıblar və əvəzində ona mənzil veriblər. Şirkət əvvəlcə Yuris Hüseynovun təqdim etdiyi müqavilənin etibarsız hesab edilməsi üçün iddia qaldırdı, sonra nədənsə həmin iddianı geri götürdü”.

Saleh Nəsirov qeyd edir ki, məhkəmə araşdırması zamanı "8 saylı Xüsusi Təyinatlı Yol İstismarı" MMC-nin rəisi Əliheybət Şirinov, həmin idarənin baş mühəndisi Yuris Hüseynovun MTK-nın sədri Cahangir Alışova 1,8 milyon manatlıq beton verdiyi məlum olub. Betonun qarşılığında nağd pul və girov olaraq Yuris Hüseynova 3 ədəd mənzil verilib.

Hazırda işlə bağlı Binəqədi rayon məhkəməsində hakim Səadət Səlimovanın sədrliyi ilə araşdırma davam edir.

Xatırladaq ki, Əliheybət Şirinov və Yuris Hüseynov 2017-ci ildə Bakıda Mikayıl Müşfiqin heykəlinin icazəsiz olaraq götürülməsinə görə cəzalandırılmışdı.