“Mən bəy kürsüsündə otura bilmərəm” - Zaur

men-bey-kursusunde-otura-bilmerem-zaur-
Oxunma sayı: 1037

Azərbaycanın istedadlı teleaparıcısı Zaur Baxşəliyev “Qafqazinfo”nun qonağı olub. Teleaparıcı ayaqüstü portal jurnalistlərinin suallarını da cavablandırıb.

- “Tanıdım səni” layihəsinin bir dəfə finalı oldu. Layihə davam edirmi?

- Bəli, biri yekunlaşdı və biz artıq ikincisinə başlamışıq. Beş rayonumuza getmişik və hər şənbə efirə gedir. Bu həftə Biləsuvara gedəcəyik.

- Bütün rayonlar gəzəcəksiniz?
- Bütün rayonlara gedəcəyik. Eyni qayda ilə hamısını gəzəcəyik və Bakıda final olacaq.

- Münsiflərdə dəyişiklik olacaqmı?
- Elza Seyidcahan həmişə bizimlədi. Hər yeni rayona gedəndə münsif dəyişir. Bakıda daimi münsif olur. Bakı üçün yeni münsif təklif olunacaq. Birinci uğurla başa çatdı, Lalə qalib oldu. Düşünürük ki, ikinci də maraqlı olacaq.

- Lalə ilə bağlı müəyyən problemlər yaşandı...
- Anlaşılmazlıqlar oldu və aradan qaldırıldı. Mənim üçün onların hamısı eynidi, kimin qalib olması fərq etməz. ATV kanalı da nəyi öhdəsinə götürmüşdüsə, yerinə yetirib.

- Hər gün sizin verilişiniz haqqında yazılır, deyilir ki, əxlaqa ziddir. Sizcə, niyə bu fikirdədirlər?
- Bu gün sizin saytınızda həm skandallı, həm normal, həm də şou xarakterli xəbərlər var. Bir jurnalist olaraq özünüzə bu yolu seçmisiniz. Siz verilişdə əxlaqı korlayan nə isə görürsünüz?

- Mənim profilim əyləncəli verilişlərə baxmaq deyil.
- Bir neçə gün əvvəl sizin saytınıza açıqlama vermişdim ki, biz nəyə ən çox üstünlük veririk. Bizim məqsədimiz insanlara dəstək olmaqdır. Bu yaxınlarda Bilgəhdə 11 saylı internat məktəbində bir qız var idi. Kimsəsiz idi. Bizim proqramda o, ailə qurdu.

- Deyirlər ki, siz o cehizlərdən özünüzə pay götürürsünüz.
- Mənim heç kimin yastığına, balışüzünə ehtiyacım yoxdur. Ora gələn cehizlər yastıqdan, yorğandan ibarətdir.

- Bəs sponsorlarınızın verdikləri?
- Sponsorlarımız son dövrlər elə də cehiz vermir. Bildiyiniz kimi sponsorlar öz məhsulunu təqdim etmək üçün müəyyən vəsait təqdim edir. Bundan əlavə heç bir şey etmirlər. Sizcə, mənə hansısa yastıq-yorğan maraqlıdır? Niyə insanlar bu qədər cılız düşünür? Mənim yastıq-yorğan almağa pulum yoxdu məgər? Belə düşünən insanları hər gün verilişə çağırıb, efirdə oturdub, nəyisə sübut etməyə nə vaxtım, nə də əsəbim var.

- Bizdə belə qəbul olunub ki, insanlar evlənəndə ağsaqqal göndərirdilər, qız almaq, ərə getmək üçün. Bu çox məsuliyyətli işdir. Düşünürlər ki, insan efirdə necə evlənə bilər axı?
- Biz inkişaf edirik və bu inkişafı dünya praktikasına uyğun tənzimləyirik. Bu gün televiziyalarımızda bu və ya digər formada xarici kanallarda yayımlanan verilişlərin alternativləri gedir. Pis və ya yaxşı. Bunu mükəmməl şəkildə icra edənlər və ya bərbad hala salanlar var. Biz də dünya televiziyalarından bizə ən yaxın olan Türkiyəyə uyğun olaraq paralellər aparırıq. Deyirlər ki, ağsaqqallar getməlidir. Bu gün studiyamıza bir nümayəndə göndərin və hər kəsdən soruşsun ki, onları kim göndərib. Onları valideynləri, ataları, anaları. Bir sözlə elə ağsaqqalları o verilişə göndərir. Ona görə də, mən istəməzdim ki, insanlar ağsaqqalların adından danışsın. Rayonlara gedəndə 90% yaşlılar yaxınlaşıb deyirlər ki, gördüyünüz iş savab işdir.

- Siz doğurdan savab iş gördüyünüzü düşünürsünüz?
- Bu sualdı?

- Bu savabdan çox məsuliyyətdir, ona görə .
- Bəli, çox məsuliyyətli işdir. Biz heç kimi məcbur etmirik ki, sən buna mütləq getməlisən, bunu mütləq almalısan.

- Bir-iki dəfə verilişinizi izləmişəm. Söhbət “Onun yarısı”ndan gedir. Orada bir qız əyləşmişdi, deyəsən müğənni idi. Artıq əskik danışır, hərəkətlər edirdi. Veriliş əyləncəli olmalıdır, başa düşürəm, lakin bu yersiz hərəkətlərlə verilişin səviyyəsi aşağı düşür. Nə ehtiyac var belələrini efirə çıxartmağa
- O səviyyədə insanlar hər yerdə var, nəinki evlənmək proqramında. Hətta intellektual verilişlərə də gedirlər. Bizim qapımız hər kəs üçün açıqdır. Özünün normal təqdim edən və həqiqətən evlənmək istəyən hər kəs gələ bilər. Biz heç kimə konservativ yanaşmırıq. Məsələn, bu müğənnidir, bu çıxa bilməz, bunu gizlətmək lazımdır. Bizim məqsədimiz sırf ehtiyacı olan insanlara yardım etməkdir. Arada axın çox böyük oldu və çox insan gəldi. Biz insanlarla ünsiyyətlə olduqca, yaşlı insanların təcrübəsindən qaynaqlandıqca, məsləhətlərindən istifadə etdikcə bildik ki, cəmiyyətə nə lazımdır. Bu veriliş bir il doqquz aydır efirdədir. Bir layihənin mükəmməl formaya gəlməsi üçün bu az vaxtdır. Nəzərə alanda ki, bu Azərbaycan üçün birmənalı qəbul olunmayan verilişdir. Cəmiyyətə bunu qəbul etdirmək, baryeri aşmaq çətindir. Məncə, “Onun yarısı” bu gün öz missiyasını yerinə yetirir.

- “ANS”də də buna oxşar bir veriliş var. İzləyirsinizmi?
- Bizim verilişlə eyni vaxtda getdiyi üçün baxa bilmirəm.

- Heç izləməmisiniz?
- Niyə izləməmişəm, izləmişəm, anonslarına baxmışam.

- Onlarda uğurludur, yoxsa sizdə?
- Onlar bu layihəyə bizdən öncə başladılar. Biz anonslarla məşğul olanda, xaricdən verilişin dekorasiyasını gətirib qurdurana qədər onlar başladılar və çox uğurlu da başlamışdılar. Bu gün də öz səviyyələrinə uyğun olaraq verilişi davam etdirirlər.

- Türkiyənin ATV kanalında da belə bir veriliş var.
- Bəli, var. Esra Erolla “Evlen benimle” verilişi. Əslində layihənin uğurlu alınması iştirakçılardan asılıdır. Yəni bu məşhurlarla deyil, könüllülərlə, xalqın nümayəndələri ilə aparılan verilişdir. Könüllülərin səviyyəsi layihənin uğurlu və ya uğursuz olmasına gətirib çıxarır. Məsələn, Peyğəmbər buyurub ki, bütün insanlar evlənməlidir, evlənməyənlər məndən deyil. Bu təbiətin və bəşəriyyətin qanunudur. Dünyada evlənən hər kəs səviyyəlidirmi? Xaraktercə yüksək səviyyədədirlərmi? Mükəmməldirlərmi? Hər kəs evliliyə hazırdır məgər? Xeyr. Bura da cəmiyyətin bir aynası, modelidir. Niyə biz idealı göstərməliyik.

- Yəni səviyyə sizdən asılı deyil?
- Bəli, Türkiyədəki proqramla müqayisə etsək əgər onların tamaşaçısının o qədər mükəmməl danışığı var ki, bizim məşhurlar heç elə danışa bilmir. Rahatdırlar, sərbəstdirlər, fikirlərini söyləməkdə azaddırlar. Bir nəfər evlənməyə gəlir, soruşuram ki, sizə hansı kriteriyalı insan lazımdır. Deyir ki, boyu bu qədər olsun, çəkisi bu qədər olsun. Dəfələrlə mən özüm tənqid etmişəm ki, axı buna görə insan seçməzlər. Orada bizdə arakəsmə var. Bunun psixoloji bir anlamı var. Biz görmədən insanın xarakterini öyrənirik. O insanı görmədən xarakterini öyrənməkdir o arakəsmə. Danışdır. Sokratın bir sözü var: “Danış deyim sən kimsən”. Danışdır, danışdır və sonda arakəsmə açılanda sən görürsən ki, nə qədər yanılmısan. Bütləşdirdiyin obraz dağılır və sən məhz bu insanın sənə lazım olduğunu anlayırsan.

- Siz də bu proqrama və peyğəmbərin buyruğuna uyğun olaraq evlənmək qərarı aldınız?
- Əlbəttə. Müəyyən bir yaş var ki, o yaşa çatanda evlənmək lazımdır.

- Günayla “Səhər” verilişi aparırdınız. Münasibətləriniz elə orada başlamışdı?
-Xeyr. Bu, “Onun yarısı”ndan bir qədər öncə başlamışdı. “Onun yarısı” da təkan oldu.

- Mümkündürmü elə siz də bu layihədə evlənəsiniz?
Ən böyük arzularımdan biridir. Layihə davam etsə, elə olacaq.

- Sizin toyunuz o qədər gecikəcək?
- Hər şey ola bilər. Ola bilsin ki. vaxtı uzansın, yaxud tezləşsin. Əsas odur ki, obyekt bəllidir. Ora gedəcək məsafə nə qədər olacaqsa, inşallah görəcəyik.

- Televiziya aparıcısı kimi sizin televiziyada evlənməyiniz səmimiyyətinizi göstərəcək. Baxın, mən də efirdə evlənə bilərəm, mən də bu həyatı yaşayıram anlamında.
- İnşallah. Məni qıcıqlandıran bilirsiniz nədir? Sizdə də, sayt da olur belə şeylər. Mən tənqidi sevirəm, çatışmayan cəhətlərimi bilirəm. Hər bir insan dərk etməlidir ki, çatışmayan cəhəti nədir və ona haradan irad gələ bilər. Biri var tənqid etmək, biri də var şəxsiyyəti təhqir etmək. Mən belə bir fikrə gəlmişəm ki, saytlarda şərh yeri sözünün yerinə söyüş yazılsın. Çünki ora yazanlar şərh yazmır, söyüş yazırlar.

- Bu yolla biz cəmiyyətin aqressivliyini, düşüncəsini göstəririk.
- Siz mənə deyirsiniz ki, niyə bu müğənnini verilişə çağırmışdınız. Mən də sizə sual verirəm, bəs söyüş və təhqirləri vermək saytınızın imicinə ziyan etmirmi?

- Bəzən təhqirlə tənqidin sərhədini ayırmaq olmur. Elə sözlər var ki, mən onu özümə təhqir saymıram, amma bəziləri sayır.
- Amma ümumi qəbul olunmuş norma var. Bütün bu təhqirləri də cəmiyyətin adına şamil etmək olmaz. Biz bir neçə sənət adamı oturmuşuq, müzakirə etmişik və bəlli olub ki, bu işi edənlər həmin sənətçilərin yanında oturan konkret 3-4 nəfərdir. Bu insanlar otururlar və Aygün Kazımovanı, Zaur Baxşəliyevi, Faiq Ağayevi izləyirlər. Qəsdən edirlər. Artıq bilinir ki, onlar kimlərdir. İnsan elə düşünür ki, sanki düşməndir. Mənim üçün deyilənlər əhəmiyyətli deyil. Bu saytın rəhbəri mənim dostumdur. Lazım gəlsə, mən zəng edib deyə bilərəm ki, Elbrus, filan şey vermə. Mən ona demişəm ki, söyüş olmasın, çünki ayıbdır. Bunu ən azı mənim qohumlarım da, bizi tanımayan insanlar da oxuyur, xaricdən də oxunulur. Bir fakt deyim sizə. Zirəddin Rzayevin ailəsində bir rus köməkçi qadın var. Təsəvvür edin ki, bu qadın dili bilmədən mənim dəhşətli fanatıma çevrilib. Bu qadın oturub saytda bizdə olan şərh yazanlarla mənim üstümdə müharibə aparır. Deyir ki, siz onu yaxşı tanımırsınız.

- Demək istəyirsiniz ki, Azərbaycan dilini bilməyənlər də, sizin fanatınızdır?
- Fakt olaraq mən o qadını nəzərdə tuturam.

- Bəlkə, siz özünüzü doğru şəkildə təqdim etmirsiniz?
- Mən sizdən soruşuram, mən özümü yanlış təqdim edirəm?

- Zaur, toya tam hazırsınız?
- Bəli, tam hazıram.

- Atanızın ilinin çıxmasını gözləyirsiniz?
- Bəli.

- Toy harada keçiriləcək?
- Hələ heç nə bəlli deyil.

- Bəs Günay harada keçirilməsini istəyir? Siz də restoranda edib 500 insanı çağırıb, masanı dolduracaqsınız və 50 müğənni oxuyacaq?
- Sizcə, elə olacaq?

- Bəlkə elə bir toy edəsiniz ki, nümunə olsun?
- Sizcə, mənim etdiyim hər şey nümunədir? Siz istərdiniz toyunuz elə keçsin? Basabas, yemək və sair?

- Çox güman ki, yox.
- Deməli, sizin də toyunuz nümunə olacaq.

- Günayın sizə təsiri var?
- Çox böyük təsiri var. Dərinliyə getməyək.

- Bəs toyu kim aparacaq?
- Özüm. Məndən yaxşı kim toy apara bilər?! Düzdür mən toylara getmirəm, ancaq öz toyumu özüm aparacam.

- İkiniz birlikdə?
- Niyə də olmasın. Mən bəy kürsüsündə otura bilmərəm. Ümumiyyətlə, o kürsünü ləğv etmək lazımdır. Civə kimi adamam, bir yerdə otura bilmərəm. Onu da deyim ki, biz nə qədər azad ruhlu olsaq da, azadlığımız qanunlarımızın bizə verdiyi çərçivələrin ətrafında fırlanır.

- Günay evləndikdən sonra televiziyadakı fəaliyyətini davam etdirəcəkmi?
Günay televiziyaya gəldiyi gündən öz imicini ciddi şəkildə qoruyub saxlayan və cəmiyyət tərəfindən çox müsbət qarşılanan gözəl bir Azərbaycan xanımıdır. Düşünürəm ki, 100 il də televiziyada olsa belə qalacaq və heç bir problem olmayacaq.