“Mən elə bir futbolçuyam ki...” – Vaqif Cavadov

men-ele-bir-futbolcuyam-ki-vaqif-cavadov-
Oxunma sayı: 697




“Qarabağ” futbol klubunun futbolçusu, milli komandanın üzvü Vaqif Cavadovun “Qafqazinfo”ya müsahibəsi:


- Səfərdə məğlub etməli olduğumuz Lüksemburq, Bakıda maksimum heç-heçəyə ümid etdiyimiz Potuqaliya. Ancaq ehtimalların heç biri özünü doğrultmadı. Səncə niyə?
- Lükseburq elə komandadır ki, hər oyuna yüksək səviyyədə hazırlaşır. Biz Portuqaliya ilə oyuna necə hazırlaşmışdıqsa, onlar da bizə qarşı oyuna o cür ciddi hazırlaşmışdılar. Bundan əlavə bizim qələbə qazanmamağımızıa bir sıra önəmli faktorlar təsir etdi. Doğrudur, bəlkə indi deyəcəklərim hardasa bəhanə kimi görünə bilər ancaq futbolda belə şeylər öz təsirini göstərir. Bunlardan biri stadionun olduqca bərbad vəziyyətdə olması idi. Digər tərəfdən isə top normal deyildi, adi toplardan fərqlənirdi. Bununla belə mənə elə gəlir ki, Lüksemburda aldığımız 1 xal da pis nəticə deyildi. Biz burda Portuqaliyaya qarşı oynayanda necə ki, sizlər bizdən xal tələb edirsiz , Lüksemburda da lüksemburqlular onlardan xal tələb edirlər. O ki, qaldı Portuqaliya ilə oyuna, onlarla indiki zamanda başa-baş mübarizə aparmaq olduqca çətin məsələdir. Çünki futbolçuların səviyyə fərqi ortadadır. Onların əksər oyunçuları Avropada oynayırlar. Buna baxmayaraq mənə elə gəlir ki, ilk 45-dəqiqədə biz yaxşı oynadıq və rəqibə demək olar ki, 1 real qol şansı verdik, bunun əvəzində isə özümüzün bir neçə dəfə qol vurmaq şanslarımız oldu. 47, 48-ci dəqiqələrdə isə hakimin kobud səhvi nəticəsində bizim azlıqda qalmağımız birbaşa oyunumuza təsir edən amil oldu. Çünki Portuqaliya kimi komandaya qarşı 11 nəfərlə mübarizə aparmaq çətindir, o ki, qaldı 10 nəfərlə.

- Tam ideal hücümçu olmaq üçün səndə hansı spesifik xüsusiyyətlər var və hansılar çatmır?
- Hər bir hücumçuda çatışmayan bu və ya digər cəhətlər olur. Çatışmayan cəhətlər sözsüz ki, məndə də var. Mənə elə gəlir ki, çatışmayan cəhətim bombardir olmamağımdır. Ancaq düzünü desəm, bunu heç özüm də istəmirəm. Çünki mən neçə ildir “Qarabağ”ın şərəfini qoruyuram və bizdə fərdi oyun anlayışı yoxdur. Bizim əsas taktikamız komanda ilə birlikdə hərəkət etməkdir. Əbəs yerə demirlər ki, futbol komanda oyunudur.”Qarabağ”ın oyunlarını izləsəz görərsiz ki, biz də müdafiəçilər də qol vurur, yarımmüdafiəçilər də fərqlənir, o cümlədən də hücumçular da. Bundan əlavə bizimkilərdə belə bir anlayış var ki, yaxşı hücumçumuz yoxdur. Ancaq mən bununla razılaşmıram. Mənə elə gəlir ki, yarımmüdafiə xətti bir qədər yaxşı vəziyyətdə deyil. Çünki hücumçu birbaşa olaraq orta xətdən asılıdır. Gərək yarımmüdafiə hücümçunu 5-6 real qol pası ilə təmin edə ki, o, da bunun ən azı 1-ni, 2-sini qola çevirsin.

- Sənin bir ara Hollandiya macəran da oldu. “Tvente” klubu ilə müqavilə bağladın. Oradakı təcrübənin sənin indiki oyununda nə kimi təsiri oldu?
- Çox böyük təsiri oldu. Əvvəla onu deyim ki, tamam başqa bir atmosfer idi. Azarkeşlər, stadionlar futbolçular filan. Allaha çox şükür ki, mən həmin atmosferi yaşadım və bu mənim kariyeramda başqa bir təcrübə oldu. Həm də mən “Tvente”yə gedəndə tamam fərqli formada idim . Orada oyun təcrübəm bir qədər də artdı və hazırda mənə elə gəlir ki, get- gedə öz oyunumu daha da yaxşılaşdıracam. Yəni hazırda ona doğru gedirəm.

- Bəs “Tvente”də əsas heyətə düşməkdə niyə çətinlik çəkirdin?
- “Tvente”yə gedəndən bir həftə sonra elə məşqlərdəcə zədələndim və buna görə də əməliyyat keçirməli oldum. Bundan sonra da 4-5 ay özümü bərpa prosesi getdi. Sırf buna görə mən əsas heyətə düşə bilmədim. Ancaq çempionatda olmasa da, digər turnirlərdə əsas komanda ilə mübarizə aparırdım. Lakin “Tvente”də məşqçi dəyişikliyi oldu və mən icarə əsasında “Bakı”ya transfer olundum. Daha sonra geri qayıdıb, “Tvente” ilə müqaviləmi başa vurdum və Rusiyaya getdim. Çünki mən elə bir futbolçuyam ki, daim oynamağa üstünlük verirəm ehtiyat oyunçular skamyasında oturmaq mənlik deyil.

- Səncə, Berti Foqts millimizə gələn gündən bu vaxta kimi futbolumuzun xeyirinə bu və ya digər şəkildə nə kimi təsiri olub?
- Mən birinci növbədə onu deyim ki, AFFA-nın, başda Rövnəq müəllim və Elxan müəllim olmaqla, futbolumuz üçün gördüyü işlər inkişafın təməlini qoyur. Çünki adi bir misal çəkim, təxminən 4-5 il bundan qabaq Azərbaycanda stadion qıtlığı yaşanırdı. Lakin indi maşallah bir neçə gözəl stadionlarımız tikilib, şərait tamam dəyişib. O ki, qaldı Berti Foqtsun gördüyü işlərə o, millimizin başına keçən gündən, millidə abu-hava tamamilə dəyişib. Çünki Berti Foqts nədə olmasa almandır və o, alman intizamını tətbiq edir. Futbolçuarımızın necə məşq etmələrindən tutmuş, necə dincəlmələri, boş vaxtlarını necə keçirmələri barədə öz fikrini deyir. Çalişir ki, milli üçün ən yaxşı şəraiti yaratsın. Həm də bir qədər müdafiə futboluna üstünlük verir. Hücumları quranda belə müdafiədən başlamağı tapşırır.

- Necə düşünürsən, Qurban Qurbanovla işləmək daha asandı ya Berti Foqtsla?
- Qurban Qurbanovu daha çox görürəm və onun rəhbərliyi ilə demək olar ki, hər gün bir yerdə məşq edirəm. Qurban müəllimin mənim oyunuma sözsüz ki, böyük təsiri olub. Çünki mən onun göstərdiyi etimad sayəsində öz oyunumu daha da möhkəmləndirmişəm və belə demək olarsa, özümü tapmışam. Bundan əlavə bizim aramızda sırf məşqçi və futbolçu əlaqələri yoxdur. O, bütün komanda ilə dostdur, hamını ilk növbədə insan kimi qiymətləndirir, daha sonra futbolçu keyfiyyətlərimizə üstünlük verir. Onun Berti Foqtsla fərqinə gəldikdə isə sözsüz ki, hər bir məşqçinin özünə xas taktikası, iş planı olur. Mənə elə gəlir ki, hərəsinin öz yeri var və birini digərindən fərqləndirmək o qədər də düzgün olmazdı.

- 2010-cu ildə Rusiyanın “Volqa” klubuna keçdin. Oradakı oyununu necə qiymətləndirirsən?
- “Tvente”dən sonra mənə “Volqa” klubundan təklif gəldi. Rusiyada yaxşı mövsüm keçirdim çünki mənə yad olmayan bir çempionatda çıxış edirdim. Bütün oyunlara əsas heyətdə çıxırdım və mənə elə gəlir ki, oyunum heç də pis alınmırdı. Ancaq ailəmdə olan problemlər səbəbindən mən Bakıya qayıdası oldum və Rusiya kariyeramı uzun müddət davam etdirə bilmədim.

- Bəs təhsilin hansı səviyyədədir? Yoxsa, sırf elə futbolun arxasınca getmisən və təhsil almağa bir o qədər də üstünlük verməmisən?
- Yox niyə ki, təhsilim də var. Mən Rusiyada orta məktəbi bitirib, İdman Akademiyasına daxil olmuşam. Məşqçilik və Menecerlik fakültəsində təhsil almışam .

- Axırıncı dəfə nə vaxt və hansı kitabı oxumusan?
- Hardasa 3 ay bundan qabaq Qurban Səidin “Əli və Nino” əsərini oxumuşam və onu deyə bilərəm ki, bu kitab məni uzun müddət öz təsiri altında saxlayıb. Belə də əlimə maraql kitab keçən kimi oxuyuram. Əsasən müxtəlif mövzulu jurnallar oxumağa üstünlük verirəm.

- Futbol oynamaqdan bezəndə dincəlmək üçün hansı işləri görürsən?
- Məni yaxından tanıyanlar bilirlər ki, boş vaxt tapan kimi balıq tutmağa gedirəm. Bu məşğuliyyət mənim bütün stresimi alıb aparır, beynim, əzələlərim dincəlir. Demək olar ki, bir müddətlik ətraf-mühitlə əlaqəm kəsilir. Bundan əlavə komanda yoldaşlarımla görüşürəm bir yerdə çay içirik, söhbətləşirik.

İqbal