“Mən həmişə həqiqət axtarmışam” - Zemi

men-hemise-heqiqet-axtarmisam-zemi-
Oxunma sayı: 5465

Əvvəli Burada


xxx

Soyuğa dözümüm yox idi. Qış aylarında gecələr dərs oxumaqçün yandırdığım elektrik peçinə gələn işıq puluna baxıb Azərbayanda sərt soyuqların olmamasına şükr edirdim. İstisna illəri çıxmaqla, Bakıda nə uzunomürlü qalın qar örtüyü olur, nə də bitməyən şaxtalı günlər bir-birini əvəzləyir. Adil Allah dözümü ölçüb, qışı və yayı ayrı-ayrı ölkələrə müxtəlif müddətlərdə verib. Norveçə, İsveçə baxmayın, şiddətli soyuqlar Bakıda bir aydan çox qonaq qalsalar, dilimiz ağzımızda donar. Düz deyirlər, Allah adildi, o heç kimə çəkə bilmədiyi dərdi vermir. Bizim ölkədə qışda ən yaxşı halda iki-üç dəfə qar yağır. Uşaqlar yağan qarın ilk dənələri ilə dünyanın ən böyük sevincini yaşayırlar. Onsuz da əsl sevinci yalnız uşaqlar yaşayır. Böyüdükcə sevinclər yaşlaşır, qocalır və biz sağkən onlar artıq çoxdan ölmüş olur. Biz çox zaman dünyanı rəqibsiz kədər hissi ilə tərk edirik. Bir gün uşaqlara sevinc gətirən günlərdən birində qar görünüş və sakinləri ilə kəskin fərqlənən binaların, nizamsız şəkildə ora-bura vurnuxan insanların, ədayla şütüyən maşınların üstünə ayrıseçkilik salmadan, eyni həvəslə yağırdı. Sanki kimsə ağ təbaşirlə şəhəri rəngləyir, arxa küçələrdə yatan örtülü mətləbləri daha da görünməz, əlçatmaz edirdi. Şəhər keçmiş günahlarını gizləyən köhnə dostunun canfəşanlığını məmnunluqla izləyir, insanlar bir neçə gündən sonra qarla birgə əriyəcək mətləblərin fərqinə varmadan ətrafa məhəl qoymayıb həyatlarına davam edirdilər.

Biz metronun yaxınlığındakı un məmulatları satılan kafenin pəncərəsindən çölə baxırdıq. Əli həmişəki kimi az danışırdı. O, azdanışan, az sevinən, az kədərlənən, həvəssiz yaşayan biri idi. Buna adət etdiyimdən öz aləmimdə idim. Kafenin pəncərəsindən çölə boylanıb tələsə-tələsə yeriyən insanlara baxır, soyuq küçələrdə gülümsəyə bilənlərə həsəd aparırdım. Birgə keçirdiyimiz altı ay mənə münasibətimiz haqda çox düşünməməyi öyrətmişdi.

Həmin gün Əli mənə evlənmə təklifi etdi. Tərəddüd etmədən razılıq verdim.

O gün qarın həvəslə yağması, insanların qaraqabaq, tək-tük gülümsər sifətlərlə, yorğun üz ifadələri ilə vurnuxması, maşınların ədayla ötüşməsi canlı və maraqlı olsa da, mən bundan sonra dünyaya Əlinin soyuq simasından boylanan ötkəm gözləri ilə baxmalı olduğumu anlayıb qorxdum, lakin tərəddüd etmədim, onun evlilik təklifinə rədd cavabı vermədim. Mən qorxurdum. Daha nə sevinc, nə kədər duyacağımdan, nə bədbəxt, nə xoşbəxt olacağımdan, nə razı, nə narazı qalacağımdan. Lakin qorunmaq istəyirdim. Mənim məni qoruya biləcək birinə ehtiyacım var idi. Təklik bütün qorxuların fövqündə dayanmışdı. Tək qalmaq qorxusu bütün başqa qorxularımı qorxudurdu.
Aramızda nə sevgi, nə də sevgisizlik vardı. Əli mənim sevmədiyim dərzi peşəsinin sahibi, bələd olmadığım və heç vaxt olmayacağım soyuq dünyası ilə əsərimin qəhrəmanına bənzəməyən biri idi.

xxxx

Mənə ev işlərində kömək eləyən Ziba xala dəbdə olan dördkünc boşqabları qutulardan çıxarıb güclü göz nəzarətindən keçirdikdən sonra daxıla yerləşdirirdi. Bu minvalla otuz-qırx dəfə əyilib qalxdı. Hər dəfə “İnsan çiy süd əmib, sınığı olar. Od qiymətinə almışıq. Cehizin sınığının da düşər-düşməzi olur” deyirdi.
“Nə cehiz, Ziba xala. Mən cehiz gətirmişəm ki?”
Nəhayət, dözməyib dedim.
“Əli alanda nə olar? Nolsun pulu var. Nə də olsa, dərzidi, sənsə o boyda inistut qutarmısan. Sənin kimi qıza gərək boşqabları qızıldan alaydı.”
Sonra Ziba xala toppuş əlləri ilə Əlinin aldığı İtalyan şokoladlarını içəri ötürə-ötürə İrana ərə getmiş bacısı qızının ordakı həyatından danışmağa başlamışdı. Demişdi ki, qız yağla bal içində yaşayır. Əri ona maşın alıb, Ziba xala bacısı qızını başıçadralı sükan arxasında görəndə məəttəl qalıb. Üstəlik, Ziba xala İranda görmədiyi günləri görüb, yemədiyi yeməkləri yeyib. Kürəkən ona Təbrizdən xüsusi şirniyyatlar alıb, Ziba xala həm də öyrənib ki, İran dünyada hər şeyini özü istehsal edən tək ölkədir. O, başqa ölkədə min oyunla istehsal edilən məhsullara etibar etmir.
Onda Ziba xala bir-iki il əvvəl çəkdiyi cehiz dərdini tamamilə unutmuş, üstündən ağır yük atdığına görə üç-dörd kilo kökəlmişdi də. Əli ilə ailə qurmamışdan öncə o, hər şeyə qənaət edib mənə cehiz yığırdı. Məhəllənin ən varlı ailəsinin tək oğlu məni sevir, əvvəl-axır anası razı olacaq, elçi göndəriləcək deyirdi. Mən Aristotelin “Siyasət” əsərindən başımı qaldırar-qaldırmaz o, cehiz haqqında uzun-uzadı danışmağa başlayardı. O zaman həyat istifadə üçün nəzərdə tutulsa da, uzun illər azərbaycanlı ailələrin servantlarında bəzək kimi duran, ən yaxşı halda qonaq gələndə adam içərisinə çıxarılan “Madonna”servislərinin bəzəkli fincanlarına sığışar, onun həyəcanı mənə keçərdi. Ziba xala bahalı cehizlə “eyib”imi- bir dəfə ailə qurub boşandığımı ört-basdır eləməyə ümid edirdi. Mənsə, yaxşı bilirdim ki, ağır dərslərin ortasında vaxt tapıb çəkdiyim şəkilləri “Torqovi”da xaricilərə satmaqla lazımı cehizi yığa bilməyəcəm.
Əli məndən cehiz tələb eləmədi. Ziba xala buna görə ona minnətdar olmadı. Dediyinə görə, lazım olsaydı, dünyanın sonu da gəlsəydi, mənə cehiz alacaqdı.
Əlinin evinə iki yastıq, bir taxt döşəyi, iki yorğan, bir də A4 vərəqində arzu vərəqimi apardım. Mənim üçün ər evinə heç vaxt işlənməyən qucaq-qucaq yataq dəsti aparmaq gülünc keçmiş qalığı olsa da, Ziba xala üçün bu, xalqın adəti, əsl analıq borcu idi. Biz ailə quranda Əli əvvəlcə Ziba xalanın bizimlə yaşamasını istəməsə də, sonradan buna qarşı çıxmadı. Lakin Ziba xala onun narazılığını həssaslıqla qarşıladı, bizə yalnız Əli evdə olmayanda gəldi və heç vaxt onu sevmədi. Biz İrana köçmək qərarını verəndə isə Ziba xala məni tək qoymamaq üçün bacısıqızıgilə onun uşağını saxlamaq bəhanəsi ilə yerləşdi.
Arzu vərəqimi mətbəxdən asdım. (Artıq yenidən ərli qadın olduğumdan həyatımı mətbəxə bağlamalı idim. “Qadının yeri mətbəxdi”, bu, Azərbaycan kişisinin şüarıdı.)
“Arzu vərəqin ən çox vaxt keçirdiyin yerdə olmalıdır ki, ona tez-tez baxa biləsən. Arzulamağın da bir yolu, ədəbi olmalıdı. Arzulamaq üçün də istedad lazımdı.” Bunu mənə metis qonşumuz Sveta xala demişdi. O, jurnallardan arzuladığım şeylərin
şəkillərini kəsib ağ kağızın üzərinə yapışdırmağı, bu yolla onları təkcə xəyalən deyil, daha real şəkildə istəməyi öyrətmişdi.
Qabları yerləşdirdiyimiz gün Ziba xala gedəndən sonra uzun müddət qutulara baxmışdım. Nədənsə onlara da, Ziba xalaya da yazığım gəlmişdi. Əlimdə tutduğum postmodern üslübun təzahürü sayılan dörküncağızlı sarı fincanı stola qoymuş, özümə köhnə daş stəkanda təzə çay süzmüşdüm. Daş stəkanda çayın daha ləzzətli olduğuna inanmışdım. Müasirlik adı ilə sırınan yeni dəbli fincanı aldığım, evimi soyuq və ruhsuz bəzədiyim üçün təəssüflənmişdim. Mənə elə gəlmişdi ki, lap başdan evi tamam başqa cür bəzəsəydim, Əlinin soyuq ruhunu bir azca isitmiş olardım.

xxxxx

Qapı iki dəfə ehmalca döyüldü. Bir azdan Ziba xala qonaq otağının qapısında ağsaçlı, ortaboylu biri ilə göründü. Qonağın saçları vaxtından tez ağarsa da, bu, yaşlılıq əlaməti deyil, irsi saçağarmanın nəticəsi idi. Simasında ilk dəfə gəldiyi evdə özünü ciddi aparmaq səyini heç edən şıltaq gülüş yellənirdi. Əli cəld qonağı qarşılamaq üçün ayağa qalxdı. Mən onun kimliyini Naraya izah etdim:
“Endfild Əlinin dostudu. Əslən ingilisdi, uzun illər Türkiyədə yaşayıb. Türk mədəniyyətini və dilini yaxşı bilir. Rejissordu, yeni film üzərində işləyir, əksər çəkilişlər İranda baş tutacaq, bir həftə Bakıda olacağımızdan istifadə edib buranı da görmək istəyib.”
Mən növbəti dəfə əlimdə sini otağa girəndə qonağımız kitab rəflərini təftiş edirdi.
“Bunları kim oxuyur?”
Kitabları göstərib soruşdu.
Əli başı ilə məni göstərdi.
“Siz?.. Sartda qalmısız.”
Səhifəsi qatlanmış açıq kitabı vərəqlədi.
“Əsas kitabxanam İrandadı. Burda tələbə vaxtlarımın kitabları qalıb. Sartrı yenidən oxuyuram.”
“Məncə onu yenidən oxumağa başlayaraq tələsmisiz. Hələ çox gəncsiz. Kitabları yenidən oxuyub təzə mənalar kəşf etmək sizin üçün hələ tezdi. Həyatın bütün üzlərini görəndən sonra onu gülməli etinasızlıqla oxuduğunuz kitabları təkrar oxuyaraq yekunlaşdırmağa çalışmaq hələ tezdi. Indi sizin yaşamaq vaxtınızdı.”
“Bər-bəzəkli yaşamağı sevmirəm. Kitabları həyatımı fəlsəfiləşdirmək üçün oxumuram. Mən fəlsəfəsiz yaşamağa üstünlük verirəm. Düşünmədən, çək-çevir, mübahisə, nəyin yaxşı, nəyin pis olduğunu müzakirə etmədən. Əsası dünyanı ittiham etmədən. Həyatı ədalətsizlikdə qınayanlarla, hər şeyi onun ayağına yazanlarla razı deyiləm. Dünya ilə dalaşmamaq, təmkinli, müdrik ola bilmək üçün oxuyuram. Ədalət Allahın özü qədər müəmmalı, əl çatmayandı. Böyük inamdı, iman qədər müqəddəsdi. Mən dünyanın ədalətli olduğuna inanmaq istəyir, onu olduğundan daha eybəcər göstərmək istəyənlərlə razılaşmıram.
O, diqqətlə mənə baxdı.
“Demək, fəlsəfəni sevmirsiz... Düzdü, fəlsəfə hazırda demək olar inkişaf etmir, edirsə də, görünmür. Amma siz də onu olduğundan daha zəif öyrənənlərdənsiz. Fəlsəfə ədaləti öyrədir, ya da öyrənir.”
“...çox zaman çox şeyi dolaşdırır.”
“Siz bunları təbliğ edənlərə qulaq asacaq qədər gücsüz birinə bənzəmirsiz. Bu fikirlər sizə mütilik gətirər. Mütilik isə rahatlıq deyil. Hələ müəyyən şeylər haqda artıq təsəvvürə malik olduğunuz halda, süni rahatlıq sizi məğlub göstərəcək. Ruhunuzda bunu görmədim. Ona görə siz ya mübariz olmalısız, ya da heç olmamalısız. Yaşadığınız sürəcə qarşınıza çıxanları həvəslə qəbul edin. Həvəslə ağlayın, həvəslə gülün. Canfəşanlıqla xoşbəxt olun, ürəkdən kədərlənin. Yaşamaqdan qorxmayın. Ölə-ölə yaşamayın, yaşaya-yaşaya ölün.”
Gözləri gülürdü. Lakin o, həm də kədərli idi. Kədər gözlərində var-gəl edən təbəssümə, üzünü sığallayan sevincə, qətiyyətli duruşuna, cingiltili səsinə qarışmışdı.
“...gətirdiyiniz çay indi mənim üçün var olan ən möhtəşəm həyatdı. Çünki mən susamışam, çayı udmaq, ona qatışmaq, onu özümə qatmaq istəyirəm.
O, çaydan bir qurtum içərək davam etdi:
“Həyat fəlsəfəsini heçə sayaraq əslində həyatınızı daha da fəlsəfiləşdirirsiz. Yaşamağınızda olun. Təmkin axtarmayın, müdriklik gəzməyin. Allaha ümid olmayın. O, bizi kodlaşdırır, yaşadır, lakin çox zaman nə istədiyimizlə hesablaşmır. Ərköyünləşir, şıltaqlaşır. Biz hələ də onun bizdən nə istədiyini bilmirik. Doğrudanmı, o, bizim qoyduğumuz qanunları bəyənir, doğrudanmı o özü bizə yaşamaq üçün yol göstərmişdir. Hərdən mənə elə gəlir ki, o, bu dünyanı sınaq üçün yaradıb. Biz mürəkkəb bir təcrübənin predmetiyik. O, özü bizim oyunlarımıza müdaxilə etmir. Yepyeni, qüsursuz dünya yaratmaqçün etdiyimiz səhvləri qeydə alır. Biz yeni tamaşanın ərsəyə gəlməsi üçün əvəzləyici aktyorlar qismində sadəcə qurbanlarıq. Yəqin Allahın ağlına gəlməzdi ki, bizim dünyamızı araşdırmaq bu qədər vaxt aparacaq. Bəlkə o da çaş-baş qalıb, yaratdığı qarmaqarışıqlığı sahmanlaya bilmir.
“Əgər bu doğrudan belədirsə, biz sınaq dünyanın sakinləriyiksə, Allah yeni dünya üçün ən sadə, anlaşılan düşüncələri saxlayacaq. Yeni dünyada din kor qonşumuzun Kəlmeyi Şəhadətində, gözəllik əlil birinin mimik tərpənişində, ev və vətən balaca otaq küncündə bitəcək. Yeni dünyada sizin kimi qəliz danışan adamlar olmayacaq.”
Gülümsədi.
“Hə, mən bir az qəliz danışanam. Elə ona görə yazıçı olmadım. Düşündüm ki, insanlar məni anlamazlar. Dediklərimi sadəcə oxuyarlar. Qavramaq istəməzlər. Yazıçının əsas vəzifəsi oxutmaq deyil, oxucusunu yüksəltməkdi. Yazmağa başlasaydım, yazıçı yox, çətin dilli mirzə olardım.
“Mən yazıçıların insanları ucaltmaq vəzifəsi olduğunu düşünmürəm. Bu, onların çiyninə yüklənən ağır və mənasız yükdü, yaxud rollarını şişirdən vasitədi. Yazıçı axmaq birinin axmaqlığından yazmaqla da ucala bilir.
“Sizcə, yazıçı axmaq birini tanıdanda içindəki axmaqlığı da göstərmək istəyir?”
“Yəqin. Bəlkə də əksinə. Öz axmaqlığını bu yolla gizlətməyə çalışır. Diqqətləri başqa axmaqlara yönəldir.”
Bu sözdən sonra gülənlər arasında Əli və Nara da var idi.
Hələ Bakıda qaldığımız bir həftə ərzində Endfildin aydınlatmağa çalışdığı mətləblərə məhəl qoymamağa çalışırdım, özümü əmin edirdim ki, yaşam tərzimi çoxdan seçmişəm, heç nə məni əlavə nəyəsə həvəsləndirə bilməz. Lakin beynimi ovan məsələləri müzakirə edərək mənən aldığım həzzi azalda bilmirdim. Onun mavi gözləri Əlinin, o vaxta qədər kimsənin baxışlarında görmədiyim mətləbləri güclü ehtirasla izah etməyə çalışırdı.
Əli tez-tez yazı masamın üstündəki kağızları toplayaraq yüngülvari səliqə yaratmaq istəyirdi. Mən onun çox kişinin özünə yaraşdırmadığı səliqə yaratmaq cəhdinə yaxşı bələd idim. Həmişə o səhnəni izlədikdə xəyala dalır, onun stolumun üstündəki, evimizdəki, ofisindəki, ümumiyyətlə bizi əhatə edən və rahatlığını pozan ən xırda qarışıqlığı məharətlə sahmanlamasına heyran olurdum. O, həvəssiz, lakin səliqə ilə yaşayırdı. Danılmaz idi, o, səliqə yaratmağı əla bacarırdı. Lakin, təəssüf ki, mənim pinti fikirlərim səliqəyə salınmamışdı, sadəcə üstünə örtük salınmış, görünməmək üçün gizlədilmişdi.

xxxxx

Özümü tanıyanda çox balaca idim. Əvvəlcə özümə zəif və əhəmiyyətsiz görünsəm, qaranlıqda tək yatmaqdan qorxsam da, zaman keçdikcə anladım ki, güclü və iradəliyəm. İstədiyim şeyi müəyyənləşdirə, onu əldə etmək üçün qətiyyətlə addımlaya bilirəm. Ziba xala balaca əllərimi toppuş ovuclarına alıb məni yatırmağa çalışanda var gücümlə qışqırır, dustaq olacağımdan qorxurmuş kimi qollarını geri itələyirdim. O, inadkarlığımdan qəzəblənir, mən kiçik varlığımla sona qədər höcətləşirdim. Sonralar çarə tapdım, onun məni günortalar zorla yatırmaq istəyinə qarşı çıxmadım. Lakin yatmadım. Ona dedim ki, yalnız göy rəngli pambıq adyalı üstümə örtsə günortalar yataram. Adyalda öncədən açdığım kiçik deşikdən gözümü tavana zilləyir, qazandığım azadlığı yaşamaqdan, düşünməkdən zövq alırdım.
Yaşım artır, ayaqlarım uzanırdı, onlar artıq göy adyaldan çölə çıxırdılar. Təkid etsələr də, ədyalı dəyişmir, qazandığım azadlığı itirəcəyimdən qorxurdum. Beynimdə ovduğum azadlıq sevgisini kiçik adyal yarığına sığışdırdığıma inanmış, rahatlanmışdım. Mən azadlığı hələ o zamanlar sevməyə başlamışdım.
On səkkiz yaşımda beş dil bilir, azərbaycan, türk, rus, ingilis və ərəbcə qəzetlər oxuyurdum. Dəbli paltarlarımın fonunda bildiyim xarici dillər, ağlımı və qabiliyyətimi vurğulamaq üçün adi baxışlarımı qeyri-iradi dikəldir, lakin həm də məni narahat edirdilər. Mən dilləri xüsusi səy göstərmədən öyrənə bilmişdim, yeni sözlər beynimə yollar hafizəmdə əyri-üyrü narahat xəttlər cızanda yazılmışdı. Keçmişimin izinə çətinlik çəkmədən öyrəndiyim dillərin hesabına düşdüm. Dilləri hansı yollarda qavradığımı öyrənmək istədim. Qəflətən suçiçəyi yarası kimi çıxan marağımı yüngülvari qaşıdım, yeri heç vaxt itməyəcək böyük çopur yaratdım.
Rahat yollarda əvvəl qollarda, sonra günbəgün böyüyən addımlarla böyümüşdüm. Uşaq vaxtı keçdiyim yollar yaddaşımda narahat izlər buraxmışdılar. O yollar, o yolları keçmə səbəblərim məni başqalarından fərqləndirirdi. Bu, genetik kodlarla ağartıdan keçən bazedov xəstəliyinin infeksiyaları kimi limfalarımda gizlənmiş, bədənimin deyil, ruhumun tənbəlləşdiyi vaxtda qana sovrularaq məni lərzəyə gətirəcək bir şey idi. Məndə nə isə gizlənmişdi, məndə nəyisə gizlətmişdilər. Özüm özümə gah bir ömür boyu qaçsam da, çata bilməyəcəyim qədər uzaq, gah da əlimi toxundura biləcəyim qədər yaxın görünürdüm.
Zaman keçdikcə vətən anlayışım dəyişdi, gah kiçildi, gah böyüdü, gah soyuqdan büzüşdü, gah istidən genəldi. Mənə hərdən elə gəldi ki, bu hissi tamamilə itirmiş, bəzən də tamamilə bu hissdən ibarət olmuş, nəfəs ala bilməyəcək qədər bu hissdə boğulmuşam.
Ikisi də ixtisasca jurnalist olan anamla atamın yazdıqları yeganə ortaq və dostlarının dediyi kimi ən maraqlı məqalə mən idim. Onlar ayrılanda biri ilə qala bilərdim. Anamla qaldım. Daha doğrusu, ev işlərində anama kömək edən Ziba xala ilə. Anam tez-tez xarici ölkələrə iş ezamiyyətinə gedərdi. Atamla tədbirlərdə görüşərdik. Anam əlimi buraxar, atamla görüşməm üçün məni onun yanına göndərərdi. O, məni mehriban-mehriban qarşılayar, mən dizlərindən atamın üzünə boylanar, o, yalnız bir tədbir boyu mənim toppuş yanaqlarımı tərifləyən dostlarının yanında qızı ilə qürrələnərdi. Onda mən Sovet dövrü üçün nisbətən az-az rast gəlinən boşanmış ailəm haqqında gəzən pıç-pıçları eşidəcək qədər böyümüşdüm. Anamla atam bəzilərinin dediyinə görə, bir-birlərini hətta sevirmişlər. Bu əcaib sevgidən doğulmuş yeganə qızlarını aralarında rahatca bölüşə bilmələri isə məni ağrıdan yeganə şey idi. Mənimlə daha çox vaxt keçirmələri üstündə mübahisə edəcəklərini umduğum halda, onlar bunsuz keçinmənin öhdəsindən rahatca gəlir, həyatımız olmalı olduğundan daha sakit keçirdi.
Avtomobildə qəzaya düşdülər. Qəza onları birləşdirən sonuncu və əbədi şey oldu. Hər ikisi öldü. İlk dəfə onda ölümün gətirdiyi nisgilin şəklini gördüm. O, qocaların xüsusi ahənglə oxuduğu ağılara, qonşu qadınların yetim qalan balaca qıza olan mərhəmət hissinə, qəzanın səbəblərini araşdıran polis məmurunun qoltuğuna vurduğu kağızlara çəkilmişdi. Valideynlərimin son dəfə niyə görüşdüyü kimsəyə bəlli olmadı. Ətrafdakılar sirri məndən öyrənməyə çalışırdılar. Mənə elə gəlirdi ki, hamı onların ölüm səbəbini mənim üzümdən oxumağa çalışır. Çünki onlar daima mənim üzümə baxırdılar. Elə bil sirrləri məhz mənim üzümdə yerləşdirmişdilər, onlara orda sığınacaq vermişdilər. “Bəlkə də barışacaqmışlar, balalarının xatirinə birləşəcəkmişlər, yenə ailə olacaqmışlar, ...bəlkə doğrudan da qəza imiş, bəlkə də deyilmiş, bəlkə...” Deyirdilər...
Bəlli olan tək şey həyatımın bir dönəminin də bitməsi idi. Yeni mərhələ anamın rəfiqəsinin ailəsinin himayəsinə keçdiyimdə başladı. Çox keçmədən on iki il uşaq gözləyən ailənin altı yaşlı övladı olmaq qismətimi yaşamağa başladım. Yeni valideynlərim də ziyalı idilər. Yeni “anam”-fəlsəfə elmləri doktoru uzun illər kimisə tərbiyə etmək üçün məşqlər etmişdi. O, məni düşündüyü insan kimi yetişdirməyə gecikməsin deyə imtahana çatmaq üçün dərsləri iki-iki keçməyə çalışan müəllimə bənzəyirdi. Ona yalnız hansısa kitabı oxuyub qurtardığımı bildirəndə gülümsəyər, sevinərdi. “Atam” isə daha qətiyyətli mövqe göstərən həyat yoldaşının məsləhətləri ilə oturub-durmağa alışmış, mülayim, boş vaxtlarında skripka çalmağa çalışan, lakin heç vaxt bunu bacarmayan biri idi. Bir az qaraqabaq, sakit ruhumla onlar üçün əsl tapıntı idim. Aralarında rusca danışdıqlarından, o zaman o dili bilmədiyimdən daha da dinməz olmuşdum, beş istədiyimdən yalnız birini dilə gətirməyə ürək eləyirdim.
Biz cəmi üç il elə yaşadıq. O evdə, yataqxanada dörd nəfər idik. Yeni atam, anam, mən və ümid. Yeni evə köçmək ümidimiz hər şeydən, hamımızdan güclü və qətiyyətli idi. Bizi ümid yaşadır, o idarə edirdi. Hər şey yeni idi-anamın analığı, atamın atalığı, mənim o ailəyə övladlığım. Qədim olan, yeni birliyimizin dayağı rolunu oynayan
ümidimiz idi. Yeni evdə mənim ayrıca otağım, anamın xüsusi laboratoriyası, atamın xəbərlərə baxdığı geniş qonaq otağı olacaqdı, biz buna ümid edirdik. Onda isə birbloklu yataqxananın balaca otağına sığışmışdıq. Otaqda müxtəlif kolbalar, suda kök atmaq üçün qoyulan çiçək kökləri, iki ədəd ölçücə fərqli skelet, bioloji eksperimentlər aparmaq üçün qablar, bir də o zaman gözümə saysız-hesabsız görünən kitablar var idi. Gənc professorların müvəqqəti yaşaması üçün ayrılan yataqxana isə sakinlərini yola salmağa tələsmirdi.
Sovetin dağılması ilə yeni mənzilə köçmək ümidlərini itirənlər arasında biz də var idik. Bu, təxminən doğsanıncı illər idi. O zaman mən illəri ayırd edə bilmirdim. Mənim üçün illər hafizəmdə qalan hadisələrin xronologiyası ilə əvəzlənirdi. Mənim üçün:
- Ölən ata-anamla birgə yaşadığım üç il bir..
- İlk valideynlərimin ayrıldığı, mənim Ziba xala və anamla yaşadığım üç il bir
-Yeni ata-anamla yataqxanada qaldığımız daha iki il də növbəti bir il kimi hesablanırdı.
Təqvimimin dördüncü ili artıq məktəbə gedir, birinci sinifdə oxuyurdum. Dərs kitablarımın hamısını almağa pulumuz olmadığından, hər gün iki mərtəbə yuxarı qalxar, qonşu oğlan qapını azca aralayar, onların evindən sarımsaq iyi gələr, mən “oxu kitabı”nı götürüb evə tələsərdim. Oğlan məni evə dəvət eləməz, mənsə bu gizlilikdən təəccüblənər, onların evində nə isə fövqəladə bir şeyin olduğunu düşünərdim.
Bir gün atamla anam, alt qonşumuz Sona xala, onun qızı Jalə ilə birgə iki mərtəbə yuxarıda qalan qonşumuzgilə getdik. Mənə sinif yoldaşımla sağollaşmağı, “Oxu kitabı”nı götürməməyi tapşırdılar. Çoxdan bəri görmək istədiyim ev təsəvvür etdiyim qədər maraqlı deyildi. Sirr gizlilikdə, əlçatmazlıqda imiş.
Qonşu oğlana anamın telefonda rəfiqəsinə dediyi sözləri təkrarladım. Dedim ki, mənə daha “Oxu kitabı” lazım olmayacaq. Biz İngiltərəyə gedirik. Anam daha burda qala bilmir, o, savadına güvənir, bu qarmaqarşıqlıqda imkanlarını gerçəkləşdirə bilmir, məhv olur.” Bu zaman o biri otaqda analığım qonşularımıza deyirdi ki, keçid dövrü alimlərin, əsl ziyalıların həyatlarında, elmi işlərinin inkişafında keçməz yaralar qoyacaq. Çox az adam bu murdar keçiddən öz saflığını qoruyaraq keçə biləcək. İngiltərə onun alimliyini vurğulaya biləcək ölkədi.”
Oğlan mənə böyük sirr verirmiş kimi “səninçün darıxacam” dedi. Onunla ayrılıq mənim üçün dünyanın ən romantik, ən həsrətli ayrılığı kimi göründü.
Təxminən iki ay sonra o oğlan saat altıda “Oxu kitabı”nı götürüb qapını açmağa tələsmək vərdişini unutdu. Sonralar Cavanşir bunu mənə İngiltərədə kolleci bitirər-bitirməz Azərbaycana geri döndüyümdə, biz evlənməmişdən iki ay öncə dedi. İki il sonra o, məni sevmək vərdişini bir zamanlar mənə “Oxu kitabı” vermək vərdişini unutduğu kimi unutdu. Uzun illər onun xəyanət kitabını oxumağa çalışdım.

xxxxxx

Endfildin gəlişindən bir həftə sonra İrana geri döndük. Nara da İranı gəzmək istədiyini dedi, uzun israrlardan sonra Endfild ona çəkəcəyi filmdə epizodik rol verdi. Endfild İrandakı evimizdə cəmi bir gün gecələdi. O gecə fəlsəfədən, onun bu günkü inkişaf tempindən, demokratiyadan, çəkiləcək filmin ssenarisindən, güclü ölkələrin
xarici siyasətindən danışdıq. Onun mavi və isti baxışları qonaq otağımızın hər tərəfini eyni həvəslə gəzir, yay gecəsini sərinlədən küləyin dalğalandırdığı dənizi xatırladırdı. Mən nədənsə ona güvənmək istəmir, Endfildi bir köynək uzaq tutmağa çalışırdım. O isə qarşısına məqsəd qoyubmuş kimi məndə gizlənmiş nəyisə tapmaq, aşkarlamaq, qənimət kimi ələ keçirmək istəyirdi. Tehranın mərkəzindəki üçmərtəbəli evimin çardağında, qırmızı şam ağacından yonulmuş şkafların daxıllarında bərk-bərk gizlətdiyim fikirlərim üzə çıxmağa həvəsli görünürdülər. Endfild Təbriz haqqında dediklərimin onun çəkəcəyi filmə istilik gətirəcəyini bildirir, mənimlə danışmaq üçün fürsət axtarırdı.
Endfild bizdə qaldığı gecə Əli dedi ki, vaxt itirmədən elə günü sabah Endfildlə Təbrizə gedib şəhəri qonağa tanıtmalıyam.
Təbrizi gəzməyə başladığımız ilk gün şəhər qonağını qarşılamaq üçün əməllicə hazırlıq görmüşdü. Küçələr, yollar təmizlənmiş, ağacların dibi sulanmış, gövdələri ağardılmış, insanları nizam-intizama çağırılaraq sakitləşdirilmiş, səması aydınladılmışdı. Qonağını layiqincə qarşılamağa çalışan şəhər sərin mehi ilə Endfildin üzünü sığallayır, onu salamlayırdı. Endfild uzun səfərinin hər anından həzz almağa, yararlanmağa, Təbrizi daha yaxından tanımağa çalışır, mən onların bir-birinə olan marağını, himcimləşməsini izləyirdim. Endfild arabir suallar verir, mən onun getdikcə artan marağından fərəhlənir, Təbriz sevilmək üçün, mən onu sevdirmək üçün əlimizdən gələni edirdik.
Kiçik restoranda nahar etdik. Endfild Təbrizdə ona maraqlı gələn şeylər barədə düşündüklərini mənimlə paylaşır, arabir başına gələn hadisələrdən danışırdı. O gün Endfild dedi ki, əvvəllər başqa cür yaşayıb. Dinə və dinsizlərə fərqli baxıb. Müxtəlif təşkilatlara qoşulub. Ətrafdakılara görə onun üzv olduğu birliklər avaraçılıq və dələduzluqla məşqul olub. O, etiraf etdi ki, qoşulduğu təşkilatlarda gənclər haqsızlıqları, əyrilikləri, çirkinlikləri elə çirkin-çirkin cəmiyyətdəkilərə çatdırmaq istəyiblər. İnsanlığın üzünə güzgü tutub ona eybəcər olduğunu göstərməyə çalışıblar. Onlar azadlıq və sevgini saxta qanunlarda gizlədən milyonlarla insana düzlük və dürüstlüyü çılpaqlığı ilə çatdırmaq niyyətində olublar. O dedi ki, ölçülərini götürmədən valideynlərinin biçib-tikdiyi həyatı geyərək yaşamaq ona ağır gəlib. O, erkən yaşlarından siqaret çəkib, marixuana iyləyib, müxtəlif əxlaqlı qızlarla əylənib, bunun fövqündə həmişə oxuyub və düşünüb. Anlamağa çalışıb. O, bir də dedi ki, sevgililəri ilə öpüşəndə belə bunu niyə etdiyini, bunun cəmiyyətə xeyrini, ziyanını, onun opüşmək istəyinin hardan və necə qaynaqlandığını fikirləşib. Çalışıb ki, həyatın bütün üzlərini öz üzərində sınaqdan keçirsin.
Onu maraqla dinləyir, dediyi hər şeyi gözümdə canlandırmağa çalışır, sınaqlarının nəticələrini daha yaxından görmək üçün mavi gözlərinin baxdığı hər şeyə diqqətlə baxmağa çalışırdım. O gün Endfildin bəhs etdiyi sınaqların fonunda kiçik kafe, hündür oturacaqlı stullar, dördünc salfetlər və ağ zanbaq gülü ilə bəzədilmiş masa mənə üç mərtəbəli evimdən, özümü içində təhlükəsiz hiss etdiyim elektron qapılı qarajımızdan (göz qamaşdıran yalançı işıqlardan bezəndə alaqaranlıq qaraja sığınıram), Əlinin xüsusi dizaynla tikilmiş ofisindən, ətrafda olan, ya da ola biləcək hər şeydən, hətta Təbrizdən, var olan bütün dünyalardan daha geniş, azad göründü.

xxxxxxx

Həmin günün axşamı evə çatanda hava demək olar qaralmış, açıq mətləblərin üstünə ötəri örtük çəkilmişdi. Qaranlığa bürünüb gizlənəcək şəhərin gecə işıqları ilə güclə görünəcək simasını seyr etməmizə az qalmışdı.
Biz dəhlizə girəndə Əli qonaq otağında idi. Qalstuku boğazına dolayıb güzgüdə görkəminə düzgü verməyə çalışırdı. Musiqi mərkəzində “Queen” oxuyurdu. Mənə elə gəldi ki, biz dəhlizə ayaq basan kimi o, güzgüdən bizi gördü, lakin özünü görməzliyə vurdu.
Hələ də taxmağa öyrəşmədiyim çadramı çıxarıb Ziba xalaya uzadanda Əli Endfildin Təbriz səyahəti haqda təəssüratlarını öyrənirdi. Ziba xala baş örtüyümü yataq otağına aparanda Endfildlə göz-gözə gəldi, ikisi də köhnə tanışlar kimi gülümsəyib salamlaşdılar. Endfild qarşısına çıxan hər kəslə beləcə gülümsəyərək salamlaşanda özünü Ziba xalaya daha çox bəyəndirir, arvad evimizdə məndən başqa ona ünvanlan xoş təbəssümün varlığından fərəhlənirdi.
Həmən günün axşamı Əli gedəcəyi konsertə Endfildi, qonağımız isə məni dəvət etdi. Əli verəcəyim cavabdan qorxurmuş kimi təklifi mənim əvəzimə dərhal rədd etdi. Bəhanəsini dəstəklədim: “hə, yox, siz gedin, mən bir az yorğunam” dedim.
O gecə Əli və Endfild Təbrizin ən gözəl konsert salonuna-erməni bəstəkarının solo konsertinə getdilər.
Konsert tez bitmişdi. Əli tez qayıtdı. Qaymaqla qarışdırılmış şokoladlı dondurmasından yedi. Hərdən mənə elə gəlirdi ki, Əlinin qışın şaxtasını heç sayıb yediyi sevimli dondurmaları soyuqqanlı edir, yaxud o belə olmaq üçün qəsdlə onlardan istifadə edir. Dondurmalar onun artıq emosiyalarsız idarə etdiyi həyatı üçün əsl sehrli vasitələr kimi idilər.
O gecə gözlərimin önündə erməni bəstəkarlarının musiqilərini ifa edən müğənnilər, içlərində Əli olan tamaşaçılar, drijorlar, onların standart çubuqları var-gəl etdilər. O gecə yuxuda drijor çubuqları gördüm. Onları mənim gözlərimə soxurdular. Mən yuxuda belə Təbrizin ən gözəl konsert zalında erməni bəstəkarlarının bəstələdiyi musiqiləri dinləyən tamaşaçıları qısqanır, əsası qınayırdım. Yuxumda Endfild öz kübar və ağıllı baxışları ilə diqqətlə səhnəyə boylanır, hər musiqidən sonra əl çalırdı. O, musiqiləri dinlədiyinə görə mən ən çox Endfildi qısqanır, lakin qınamırdım. Onu aldadırdılar, o musiqilərə hiylə, saxta təbəssüm, qurama humanizm, qəlp sevgi qatmışdılar. Endfildi aldadırdılar.

xxxxxxx

Veberin geniş yayılmış fəlsəfəsinə görə bu dünyada rahatlıq tapan, mülkə sahiblənib firavan yaşayan insan Allaha yaxın adamdı, Allahın adamıdı. Bu fəlsəfəyə görə Allah bizə hər şey verib, işini bitirib, insan əməyi sayəsində hər şeyə yiyələnmək iqtidarındadır. İnsan verilən nemətlərdən faydalana bilirsə, birdən iki düzəldirsə, o, qəhrəmandır və mükafatlanmalıdır. Mən inanmağa çalışırdım ki, isti evdə, yumşaq divanda oturub geniş ekranlı televizora baxa biliriksə, biz də-Əli və mən də Allaha yaxın adamlarıq. Mən Allaha yaxın olmaq istəyirdim. Lakin varlığı yoxluğu, necəliyi haqda tez-tez tərəddüdlərə düşdüyüm o ilahi varlığa niyə yaxın olmaq istədiyimi bilmirdim.
Allaha doğru gedən pillələr haqda düşünüb-daşınan axşamlarda Əli mənə tərəf çevrilib gülümsəyər, bitməyən çək-çevirimə son qoyardı. İllər onun bir zamanlar mənə məni donduracaq qədər soyuq görünən təbəssümünə ilıqlıq qatmış, ya da mən ona öyrəşmiş, tamamilə həzm etməm çətin olsa da, beynimdə alaçiy bişirmişdim.
Endfild filmi üçün iranlı aktrisa seçmək üçün kastinqə başladığı gün şam yeməyinə Nara da dəvətli idi. O, həmişəki kimi zövqlə geyinmişdi, ayaqları bir-birinə dolanmışdı, uzun barmaqları tez-tez buruq saçlarını eşələyirdi.
Əli neft ucuzlaşdığından baha qiymətə aldığı xammalı ucuz satacağından gileylənir, Endfild “iş adamları gərək həmişə marketinqlə bağlı biliklərini dərinləşdirsinlər” deyirdi.
“İndi ən etibarlı kapital yığımı qızıldı.”
Əli barmağındakı üzüyü fırladaraq dedi.
Bəzən mənə elə gəlirdi ki, o, üzüyünü fırlatmaqla nağıllardakı kimi istədiyi adamı susdura, mütiləşdirə, qismən inandıra, idarə edə bilir. O, öz ağıllı siyasəti ilə anlayır ki, kimsə hökmdara ehtiyac duymur. Saysız hökmlərə qarşı mütləq etiraz formalaşır. Əli ağıllı strateq, hiyləgər idarəçidir, o, heç zaman mənə hökm etdiyini hiss etdirməyib. Lakin, həqiqətdir, o, daima hökm edib.
“Təsəvvür edin, dünya qızıl ehtiyyatının yeddi fazizi elektronikaya, dörd faizi ordenlərin hazırlanmasına, iyirmi faizi monetalara, qızıl pullara, altmış altı faizi zinyət əşyalarına, üç faizi qızıl dişlərin düzəldilməsinə sərf olunur.”
Endfild bu sözləri deyəndə mavi gözlərini kafenin pəncərəsində cəmlədi, təftiş edirmiş kimi eyni biçimli ofisiantları süzdü, sonda nəzərlərini üzümdə saxladı. Mənə elə gəlirdi ki, Əli ilə söhbəti ona maraqlı deyil, o, özünü onunla danışmağa məcbur edir, baxışlarını üzümdən zorla çəkib ərimə tərəf yönəldir. Məndə təəssürat yaranırdı ki, mənən mən Endfildlə, Nara isə Əli ilə zahirən yad dünyaları ilə daha yaxındırlar. Düşünürdüm ki, o an Əli və Nara hər şeydən xəbərsiz-xəbərsiz aldanırlar. Onlar Endfildlə mənim sözsüz söhbətimizə zəmin yaradacaq vasitədən başqa bir şey deyildilər. Bunları düşündükcə həyəcanlanır, özümü bu cür fikirləşməkdən saxlaya bilmədiyim üçün danlayır, eyni zamanda gecənin bitməməsini, davam etməsini istəyirdim.
O gecə bütün gecələr kimi bitdi. Nara maşına oturan kimi çiyninə saldığı boz çadrasını tamamilə çıxartdı. Arıq, ağ çiyinləri zülmət gecənin qara üzünü cüzi də olsa, ağartdılar. Mənsə, sanki nəyisə gizlədirdim, enli şalımı üzümə, özümə daha bərk sarıdım.
Ertəsi gün Endfild dedi ki, Təbrizə hündür yerdən baxmaq istəyir.
Mahmud babanın dağdakı komasına getdik.
Geri dönüşdə Mahmud baba dönə-dönə Əliyə salam göndərib hərəmizə bir banka Ərdəbil balı verdi.
Bir neçə gün beləcə Təbrizi gəzdik. Endfild qaşqabaqlı sima alır, dediklərimi diqqətlə dinləyir, sanki bununla ciddiliyini vurğulamağa çalışır, mənsə ya gəncliyində etdiklərini öz dilindən eşitdiyimdən, ya üzündə iz qoymuş şıltaqlığı görə bildiyimdən ehtiyyatla davranır, özümü ona etibar etmədiyimə inandırmağa çalışırdım.
Bir gün ona “sabah istirahət günündü, gəzməyə ara verməliyik, görüləcək işlərim var” dedim.
İki gün sonra yenidən Mahmud babanın komasında görüşəcəyimizi planlayaraq ayrıldıq.

xxxxxxxx

Təbriz səssiz küçələri ilə mənimlə həmahəng varlığına davam edən günlərdən birində may ayının 18-i idi. Şəhər həyalı görünmək üçün özünü səssiz, utancaq aparan qızlara bənzətmişdi. Mən daha onu qurama firafanlıq havasında olduğu üçün ittiham etmir, halını cahilliyinə, acizliyinə keçib anlamağa çalışırdım.
Həmən gün səhər erkəndən beynimdə gəzdirdiyim fikirləri sözlərə çevirdim, kiçik məqalə yazdım. Yazdım ki, Yer kürəsi havada nizamla yellənən böyük şardır. Gizli yerindəki görünməz dəlik şarı yavaş-yavaş boşaldıb zay edə bilər. Mənim xalqım sinəsində yarası olan xalqdır. Yer kürəsinin mənim xalqım yaşayan yerində deşik var, çoxu bundan xəbərsizdi. Çünki mənim xalqım şarı bütünlükdə boşalda biləcək təhlükəni-sinəsini deşən yaraları dünyaya göstərəcək qədər güclü deyil.
Sonra Endfild haqda düşündüm. O, deyirdi ki, şarda rahat yellənə bilmir, Yerin ən ucqar yerindəki deşikləri, sızıqları görür. Daha sonra isə onu unutmağa, dediyi sözləri, mavi gözlərini yox saymağa çalışdım. Endfildi eşitməmək, duymamaq, varlığından xəbərsiz olmaq istədim. Onunla görüşmədiyim günlərdə özümü özümün, Təbrizin, Əlinin yanında daha vicdanlı hiss edirdim.
Ziba xala Endfildin gəldiyini xəbər verəndə jurnal vərəqləyirdim. Oturduğu otağın qapısına yaxınlaşanda əllərim əsirdi, onları sakitləşdirmək üçün jurnalı bərk-bərk sinəmə dirəmişdim.
“Qonağı tək buraxmaq nəzakətsizlikdi. Məni bələd olmadığım şəhərdə tək buraxmaq insafdan deyil. Siz cəmi bir günlük icazə istəmişdiz. Artıq üç gündü məndən qaçırsız. İşiniz var deyirsiz, halbuki evdəsiz. Ziba xala deyir siz bu günlər evdən bayıra çıxmamısız.”
Ərkyana dedi.
“Bayıra çıxmadan da iş görmək mümkündü”
“Hm. Haqlısız. İndi isə dürüst olun. Niyə məndən qaçdığınızı deyin.”
“Niyə belə düşündüyünüzü anlamıram. Sizi məndən qaçıracaq bir səbəb yoxdu. Mən sadəcə...”
“Sizə əməkdaşlıq təklif edirəm. Mənə bir əhvalat danışın.”
Təəcüblə üzünə baxdım.
“... mən həmişə həqiqət axtarmışam. Özümə aid həqiqət. Özümünküləşdirə biləcəyim həqiqət. Mənim həqiqətim ola biləcək həqiqət. Elə bilirdim onu özüm tapacam. Mən həqiqət haqda yüzlərlə yazı oxumuş, yüzlərlə insanın həqiqəti ilə tanış olmuşam. Həqiqət ensiklopediyasında heç bir bənd digəri ilə uzlaşmır. Onlar həqiqətlərini seçmişdilər, yaxud tapmışdılar. Mənsə, tapa bilmirəm. Onu tapmaqda mənə yardımçı olmanızı istəyirəm. Mənə həqiqət tapın, rica edirəm. Mənə bilmədiyim, heç vaxt eşitmədiyim bir əhvalat danışın. Ən uğurlu filmimin ssenarisini sizin dilinizdən eşidəcəyim əhvalat üzərində qurmaq istəyirəm.”
“Danışacağım əhvalat əsasında çəkiləcək film uğurlu olmaya da bilər.”
“Başqalarının nə düşünəcəyi vacib deyil. Əsas mənəm. Həqiqətə ehtiyacı olan, ondan yazmağa çalışan mənəm. Dediklərinizin doğru olacağına şübhə etmirəm.”
Qərara aldıq ki, ssenarini birlikdə yazaq. Sövdələşdiyimiz günün səhəri yaşadıqlarımızı yazmağa qərar verdik. Yeni sabahlarda nə yazacağımız bəlli deyildi, yaşadıqca yazacaqdıq.
İlk səhifə yazılan gün yarımçıq qoyduğum işi davam eləməyə yollandım.

xxxxxxxxx

Qadın həmişəki kimi paxlava şəkilli nazik dəmirlərlə qorunan alçaq pəncərədən baxırdı. Ovuc boyda qalmış üzündən çuxura düşmüş gözləri bərəlirdi. Quş yuvasına bənzəyən pırtlaşıq saçlarının fonunda üzü daha da balaca görünürdü. Evin böyük gəlini məni görüb onu pəncərədən araladı, pərdəni örtdü. Balaca gəlinlər ona yaxınlaşmaqdan çəkinirdilər.
Məni həmişəki kimi sevinə-sevinə qarşıladılar.
“Xoş gəlmisiz.”, “Sizinçün darıxıb.”, Pəncərənin önündən çəkilmir.” “Qoymur saçlarını darayaq.” “Yanına gedək”, “Samirə onun paltarını dəyişir. Üç gündü nə illah edirdik, qoymurdu. Sizi pəncərədən görən kimi sakitləşdi.”
Yerbəyerdən hamı nə isə deməyə çalışırdı.
Əli o evə getməmi istəmirdi. Uzun müddət dilə tutandan sonra razılığını ala bilmişdim. Yaxşı yadımdadı, ilk gün məni tünd qəhvəyi rəngli stula oturtdular. Ev sahibi, ortaboylu saqqallı kişi qəlyan çəkirdi. Hamı hazırlıqsız, nizamsız şəkildə qapıdan müxtəlif aralıqda ayaq üstə durub onu gözləyir, hərdən maraqla mənə baxırdı. Oğulların, gəlinlərin, nəvələrin nəzərlərindən sıxılırdım.
Hafizəmdə qalacaq ən arıq qadını içəri gətirəndə əlində bir-birinə keçirilmiş sancaq zənciri yumrulamışdı. Əynində mənim zövqümlə seçilmiş tünd yaşıl rəngli paltar vardı, boğazına böz yaylıq bağlanmışdı. Beli ilə əynindəkiləri, onu tutan qardaşı oğlunu əyən qadın yazıqlığını və xəstəliyini gizlətmək üçün edilən bütün səyləri yerə vurub ümidsiz-ümidsiz bizə baxırdı. Onu otağın qapısında görən kimi mən və son damlasına qədər çəkilmiş qəlyanı əlində sıxan qıyıqgöz ev sahibi ayağa qalxdıq. Qadın ona tuşlanan baxışlardan çaşdı, məsum-məsum əlində sıxdığı sancaqlara baxdı. Onunla ilk görüşümdə gözümə o günkü qədər çəlimsiz və yazıq görünməmişdi. Acınaqlı halına səbəbkar kimi ondan başqa heç kimin üzünə baxmağa cəsarət etmədən qımıldanmırdım. Ailəni üzləşdirdiyim “bəla”nın tək günahkarı kimi qadının o biri qolundan yapışmaq istədim, lakin ev sahibi məni qabaqladı, qabağına qaçıb onu qucaqladı. Gəlinlər özlərini saxlaya bilməyib göz yaşları ilə maddım-maddım tanımadıqları yaşlı qadının üzünə baxan uşaqlarının başlarını sığalladılar. Qadın bir zamanlar yaşadığı evi tanımır, ətrafdakılara dəlisov baxışlarla məzlum-məzlum baxırdı. O gün o ev, onun sirri, sakinləri, o qadın məni qorxutmuşdular. Qadını iyirmi yeddi il qaldığı dəlixanadan çıxarmağı ağılsızlıq sayan Əlinin haqlı olduğunu düşünür, gözətçilərlə hasarlanmış evimə sığınmaq üçün tələsirdim. Halbuki mən tez-tez evimin pəncərəsindən gözlə görə biləcəyim sonuncu evin işığına baxıb komalara sığınan xoşbəxt ailələrin talelərinə həsəd aparırdım. O gün isə saatlarla baxdığım evlərdən birinin işığından qaçıb göz yaşları ilə islatdığım taxta məhəccərlərə sığınmağa tələsirdim. Bu paradoksun zahiri məntiqinə görə dünyanın heç biri ucu göründüyü qədər təhlükəsiz və etibarlı deyil, insanlar daima o biri ucda daha rahat, qüsürsuz həyat görüb orda olmaq həsrəti ilə yaşamaqda, uzaqdan gələn işıqların şölələri, öz yalanları ilə aldanmaqdadırlar. Yaxınlaşdıqca azalan, parıltısını itirən, nəhayət yoxa çıxaraq qurbanını sonsuz qaranlığa çəkən yalançı işıqlar bizi bu tayda rahat yaşamağa qoymur, bətnimizdə yatan iddiaları körükləməklə uzağa getməyə, həqiqət axtarmağa həvəsləndirirlər. Həqiqətin olması isə bəlkə də ən böyük yalan, yalansa mövcud olan ən mütləq həqiqətdi. Bəzən həqiqət səni öz dalıyca çəkib aparır, sən məhz onun arasıyca düşdüyünü, ona çatacağını düşünürsən, o isə səni azdırır, yarı yolda qoyur. Yolun ortasında həqiqətini və mənini itirmiş halda çaş-baş qalırsan. “Həqiqəti oğurladılarmı, üstünə hücum çəkib talan etdilərmi?” deyə düşünürsən. Ona çata bilmiriksə, bəlkə o həqiqətən yoxdu? Həqiqət deyilən şey bəlkə şərin maskalanmış şəklidir? Hiyləgər siması ilə sonda sənə zəhərli alma yedirəcək riyakardı? Onu axtardıqca təngənəfəsləşir, tapdalanır, əyilir, vəhşiləşirik. Bəlkə də ən böyük həqiqət həqiqət axtarmadan yaşamaqdı. Adi şeylərdən həzz almaq, böyük iddialardan qurtulmaqdı.
Ən böyük həqiqət yalanı tapmaq, onun həqiqət olmadığını anlamaqdı.

Ardı var