“Mən ondan qabaq ölsəm...” - Salam Sarvanın xanımı

men-ondan-qabaq-olsem
Oxunma sayı: 8302

Bu il çağdaş Azərbaycan ədəbiyyatının görkəmli siması Salam Sarvanın 50 yaşı tamam olur. Bu yuvarlaq yaşda istədim şairin həyat yoldaşı, vəfalısı Ceyhunə xanımla söhbət edim, Şair bu dəfə başqa yönləri ilə, bilmədiyimiz hadisələrin işığıyla görünsün...

Salamın şair kimi bəlkə də günümüzdə deyilməyən əsas uğuru odur ki, o istedadını vaxtında və danılmaz şəkildə sübut edib, buna görə də istedadının ona yaşatdığı bütün narahatlıqları da rahatca yaşayır...

İnsaf səfində dayansaydım, gərək Salamın şeirlərindəki ağrıları duyan adam kimi əvvəlki cümlədəki rahatlıq sözünü dırnaqda yazaydım, ancaq həyat yoldaşı ilə müsahibədən sonra anladım ki, düz eləmişəm... Çünki Ceyhunə xanımın ömrü, düşüncələri, yaradıcı adamı anlamaq istəyi çoxdan Salam Sarvanın istedadına (istedadının taleyinə) qarışıb və bu birgəlik günlərində, qoşa yaşanan ömürdə duyulası rahatlıq var...

- Salam Sarvanın şeirlərinin poetik məntiqi bir başqadır. Siz onun şeirlərini oxuyanda adiliyə öyrəşmiş oxucular kimi caşqınlıq yaşamırdınız ki?

- Bizim alışdığımız şairlər, daha çox, dərsliklərdəkilər idi. O şairlərdən indinin özündə də mənim üçün dəyərini saxlayanlar var. Amma Salamın şeirləri bir başqa dalğa idi. Rafiq Tağının bir sözü vardı ki, Salam ədəbiyyata yaşıl burulğan kimi gəldi. Rafiq müəllim o fikri ədəbiyyatın içində olan bilici kimi demişdi, amma bizim kimi adi oxucuların da fikirini ifadə etmişdi. Salamın şeirlərinin içinə girmək mənim üçün də asan olmayıb. İlk tanışlıqda o şeirlər yad gəlirdi mənə. İndi yadımda deyil, necə oldu ki, onlara uyğunlaşdım. Deyəsən, əvvəlcə o şeirlərin qəribə intonasiyasına öyrəşdim, ondan sonra Salamın qəribə düşüncə tərzinə keçmək də asanlaşdı. Bir dəfə özünə demişdim ki, sənin şeirlərinin belə çox sevilməsinin bir səbəbi də odur ki, o şeirlərin üzü çox sərtdir. Ölüvay deyillər.

- Bir sıra ailələrdə də belə bir yazılmamış qanun var: Tərəflər bir-birinin hansısa üstün keyfiyyətinə görə onun hər cür kaprizlərinə tablayır. Salam Sarvanın hansı üstün keyfiyyəti sizi illərdir ki, onunla bir damın altında yaşamağa, belə deyək, razılaşdırıb, sualı uzatsaq, siz nələri nələrə qurban verməyə könüllü olmusunuz?

- Bir sıra ailələrdə, ola bilsin ki, siz deyən kimdir. Bu da normal haldır. Ancaq bu, ümumi qanunauyğunluqola bilməz. Məncə, adamlar ailədə, bir damın altında hansısa xüsusi keyfiyyətlərinə görə yaşamırlar. Biz bir-birimizdən ayrı yaşaya bilməyəcəyimiz üçün bir damın altındayıq. Bu dediyimdə hər şey var: sevgi, vərdiş, doğmalıq, insani hisslər. Keyfiyyətlərinə gəlincə: qayğıkeşdir, mərddir, xarakterlidir...

- Salam Sarvan həmişə populyar olub. Ancaq mən bildiyim qədər 90-cı illərdə bu şöhrətli insan daha qabarıq görünürdü. Salamın şair şöhrəti barədə nə düşünmüsünüz və bu hansı məqamda sizi əsəbiləşdirib, yaxud heyfislənməyə vadar edib?

- Heyifsləndiyim vaxtlar olub. Qardaşım Ceyhunun ara-sıra söhbətlərindən bilirdim ki, o istedadına, az-çox şöhrətinə görə ədəbi mühitdə problemlər də yaşayır. Başa düşürdüm ki, hər mühitin özünəməxsus pislikləri də olur, bəlkə də hardasa normaldır. Ancaq Salama qıymırdım.

- Salam müəllim ictimai prosesin içində olub. Partiya fəaliyyəti olub, həmişə ictimai mövqeyi olub, üstü açıq naqil kimi daim toxunan mövzulara reaksiya verib. Adətən, belə məqamlarda bəziləri adama “qorxma-qorxma”, “irəli dur” desə də, lap şair öz ürəyinin diktəsinə qulaq assa da, evdən, ailədən adamı geri çəkmək istəyənlər olur. Salam Sarvanın mövqeyinə təsir imkanlarınız nə qədər olub?

- Salamın aqressivliyi yoxdur axı. Bəzən emosionallığı var, bəzən hövsələsizliyi var, ancaq aqressivliyi yoxdur, çünki heç kəsə nifrətlə baxmır. O nə qədər köşə yazıları yazıb, əksəri də tənqidi olub. Cəmiyyətin hər sahəsinə aid. Amma o yazılarda heç vaxt kin, nifrət olmayıb. Sadəcə, narahat adamdır, həssasdır. Aradabir ürəyini boşaltmasa, ürəyi partlar. Şişirtmirəm, doğrudan ürəyi partlar. O, hərdənbir hansısa məsələyə münasibət bildirəndə guya kimə nə ziyan dəyir ki? Kimin nəyi əskilir ki?! Heç kimin. Elə isə hərdənbir ürəyini boşaltmağı da Salama niyə çox görək? Əlbəttə, mən təkcə həyat yoldaşı deyiləm. Onun qohumlarının hamısı rayondadır, Salamın nə dediyindən, nə yazdığından xəbərləri olmur. Burda mən Salamın ana narahatlığını da çəkirəm, bacı narahatlığını da. Heç istərdimmi ki, Salam özünə düşmən qazansın?! Amma bilirəm axı ondan heç kəsə ziyan gəlməz. “Öləsən, bir düşmən sevindirəsən” misrası onun həqiqi hissidir. Mən bilirəm axı ürəyi mərhəmətlə doludur.

- Salam Sarvanın 50 illik ömrü geridə qalır, bu əlli ilin haqq-hesabını, gümanımca, o tək vermir, çünki çətin və əziz günləri birgə keçirmisiz. Fəqət hər ömrün bəzi ayları, illəri olur ki yaşa dolanda ailədə o illəri itirilmiş illər kimi qiymətləndirirlər. Sizin belə hesab etdiyiniz illəriniz olubmu?

- Məişət mənasında bəlkə də 10 il kirayədə qaldığımız vaxtları itirdiyimiz illər saymaq olar. Burdan ora, ordan bura köçhaköçdə yaşayışı hiss eləmirsən. Bir də Salamın mətbuatda işlədiyi, köşə yazıları yazdığı vaxtlar da məncə boşuna gedib. O bu vaxtlarda şeir yaza bilmirdi. Fikir vermişəm, şeir yazmayanda çox dəyişir, tamam başqa adam olur. Dağınıq olur, darıxır, bir yerdə qərar tuta bilmir. Elə ki görürəm rahatlaşıb, kompüter arxasında üzü-gözü gülür, qırışığı açılıb, kənardan baxıb xəlvətcə gülümsəyirəm. Bilirəm ki, nəsə var artıq, təzə nəsə yazacaq. Bildiyim kimi də olur, bir azdan məni çağırır ki, gəl sənə təzə şeir oxuyum.

- Salam müəllim heç zaman, belə deyək, qaz vurub qazan doldurmayıb, buna səbəb həm də onun aza qane olmaq xislətidi. Ancaq dünya dəyişir, həyat ehtiyacları çoxalır. Bu illər ərzində heç düşünmüsünüz ki, kaş öz ixtisası istiqamətində çalışaydı, oturub-durduğu çevrə başqa olaydı?

- Əslində, işə öz ixtisası üzrə başlayıb. 90-cı ildə institutu bitirən kimi öz rayonlarında Vergi İnspeksiyasında müfəttiş işləyib. Səkkiz aydan sonra öz ərizəsiylə işdən çıxıb. İki il işsiz qalandan sonra onu rayonun Sosial Müdafiə Mərkəzinə direktor müavini təyin ediblər. Beş ay işləyəndən sonra ordan da çıxıb. Mən onun bu qərarlarını anlayışla qarşılamışam. Çünki keçirdiyi hisslər gözümün qarşısında olub. O deyirdi ki, mən belə yerlərdə işləyə bilmirəm, rəisləri dolandırmaq lazımdır belə işlərdə, mənsə bacarmıram. Sosial Müdafiə Mərkəzində müavin işləyəndə lap çox əzab çəkirdi, deyirdi, gözümün qabağındaca idarəyə gələn yazıq pensiyaçılardan, əlillərdən pul alırlar, ürəyim sıxılır, dözə bilmirəm.

- İş yoldaşlarınız, rəfiqələriniz bilirmi ki, həyat yoldaşınız şairdir, yaxud Salamın şair olmasını kimlərinsə bilməsi hansısa məqamda karınıza gəlibmi?

- Bilmirəm, inanacaqsız, ya yox, amma olanı deyirəm. Mən onun şair şöhrətinin həvəskarı olmamışam. Heç vaxt düşünməmişəm ki, şöhrətli olsun, mən də bu şöhrətdən qürrələnim. Əsas odur ki, rahat olsun, o da ki rahatlığı şeirdə tapır. İş yoldaşlarım da, rəfiqələrim də, əlbəttə, bilirlər. Əlbəttə, onlardan Salamın şeirləri barədə xoş sözlər eşidəndə məmnun oluram ki, onu anlayırlar, dəyərləndirirlər.

- Ədəbi prosesi izləyirsinizmi. Ümumiyyətlə, sizin ədəbiyyat zövqünüzdə Salam Sarvanın nə dərəcədə təsiri olub, ondan nələri öyrənmisiniz?

- Yox, Fərid, həmişə izləyə bilmirəm. Amma ədəbiyyatda maraqlı nəsə olanda Salam özü mənə deyir, yaxşı bir şeir görən kimi mənə oxuyur. Onun qəbul etdiyi imzaların hamısının yaradıcılığından xəbərim var. Təkcə ədəbi zövqümə yox, dünyagörüşümə də təsiri çox olub.

- Ceyhunə xanım, yuxarıdakı sualımı bir qədər də dərinləşdirmək və əks qütbdən sual ünvanlamaq istəyirəm.

- Buyurun...

- Cəmal Sürəyyanın həyat yoldaşı Zühal Təkqanad müsahibələrinin birində ona ünvanlanan suallardan birinə belə cavab verir: “1967-ci ilin avqustunda ailə qurandan sonra Cəmala dedim ki, “ Ancaq sevgi şeirləri yazırsan. Məncə, bu qədər kifayətdi. Bir az da ictimai həyatı əks etdirən şeirlərə köklənsən yaxşı olar. Deyəsən, bu fikrim keçərli oldu. Şeir istiqaməti çox dəyişdi”. Bəs sizin necə Salamın poeziya dünyasına müdaxilə etmək imkanınız varmı, yoxdursa olsaydı onun şeirlərində nələri daha qabarıq görmək istərdiniz?

- Mənə görə, Salamda insanın hər halına, hər ovqatına uyğun şeir var. Hamısı da qabarıqdır. Ancaq özü mənə deyirdi ki, hər şeyi şeirlə ifadə etmək olmur, elə məqamlar var ki, yalnız nəsrdə yazmaq olar. Bir ara roman yazmaq istəyirdi. Cəhd də etdi. Ancaq yaza bilmədi.

Deyir, arzuladığım romanı yazmağa gücüm çatmır. Ancaq məncə, bu onun özü üçün uydurduğu bəhanədir. Sadəcə, romana hövsələsi çatmır.

- Hansısa yadda qalan günləri yazmısınızmı, yaxud bu barədə düşünürsünüzmü?

- Tələbə vaxtı gündəliklər yazırdım. Orda Salamla bağlı çoxlu məqamlar var.

- Yazdıqlarınız bu gün sizin malınızdı, vədə yetişər o doğma, sirriəziz xatirələri oxucular üçün də bölüşərsiniz. Ancaq məqamıdı bəlkə bir maraqlı xatirənizi bölüşəsiniz.

- Tanışlığımızın təzə vaxtlarında Salamın oxuduğu institutun tələbə yataqxanasının həyətində Novruz şənliyi hazırlanmışdı. Ətrafdakı bütün yataqxanaların balkonlarından bu tədbirə baxırdılar - mən də rəfiqələrimlə. Salam orada çıxış edəndən sonra oynadı. Onda mən heyrətə gəldim. O eynən mənim atam kimi oynayırdı.

- Ceyhunə xanım, Salamı gözəl tanıdığınıza şübhə eləmirəm. Sizcə, onun hansı şeirlərində həyatının izlərinə daha çox rast gəlmək olur?

- Fərid, buna oxşar suala özü müsahibələrindən birində cavab verib. O müsahibə “Şeiri sevməyən şair” kitabına da salınıb. Mən də həmin cavabla razıyam. Ancaq şəhərdə yaşadığımız bu neçə ildə Salamın kənd, uşaqlıq nostalgiyası həmişə olub deyə bir şeirində o izlər daha aydın görünür:

Kənddə doğulub böyüdüyüm ev uçulub-dağılmış indi,

o evdən hamı və hər şey çıxıb getmiş.

Ancaq uşaq vaxtı dişləyib atdığım qəndin

başına yığışan qarışqalar hələ də ordadı.

- Sizə yazdığı şeiri bəyənirsiniz? Hərdən bir “müəlliməyə” başlığı ilə “facebook”da paylaşır, xeyli də rəğbətlə qazanır. O şeirdə hansı məqam sizə daha doğmadır?

- O şeir bütövlükdə mənə doğmadır.

- Əyləşdiyimiz bu otağa göz gəzdirəndə ağlıma bir sual da gəlir: Ədəbi mühitdən kimlərin sizə get-gəlləri olub, bu canlı ünsiyyətlər sizə nə dərəcədə maraqlıdır?

- Salam ədəbi mühitdə çox az adamla dostluq edir. Dostlarının çoxu bizdə olub. O hər adamı ürəyinə yaxın buraxmır, yaxın buraxdıqlarının taleyi üçün isə çox narahat olur. Məsələn, Rafiq Tağının faciəsi bizi çox sarsıtmışdı. Salam onun haqda yazılar da yazıb. Rafiq müəllim onun anasını bizdə müalicə edirdi. Bəzən hətta 1-2 saat oturub Salamın anasıyla söhbət edirdi. İndi də heyifslənir ki, Rafiq Tağının həmin söhbətlərini yazmaq o vaxt niyə ağlına gəlməyib.

- Qırmızılıq kimi çıxmasın... Ancaq bir haldakı Salamın artıq ictimai adamdır elə bilirəm onun həyatının şirin sirlərini qabartmaq keçmişi eşələmək deyil. İcazə versəydiniz ailə həyatı qurmağınızın və sevginizin tarixçəsini bilmək istərdim...

- 80-ci illərin xalq hərakatı vaxtı mitinqdə tanış olmuşuq. Mən öz tələbə yoldaşlarımla idim, o da öz tələbə yoldaşlarıyla. Təsadüfən bir arada dayanmışıqmış. O zaman hamı bir-biriyə doğma adamlar kimi davranırdı. Biz mitinqdə öz ətrafımızla bu hadisələrdən danışırdıq: Topxana meşəsi, Qarabağ, xalqın buna görə ayağa qalxması... O da hərdənbir söhbətə qoşulurdu. Bəzən ironiyayla danışırdı deyə oradakıları əsəbiləşdiridi. Elə məni də. Düzdür, indi o günləri xatırlayanda etiraf edirəm ki, Salam bəzi məsələlərə ironiya edərkən haqlıymış. Nə isə... Həmin gün məlum oldu ki, eyni yerdə - Dərnəgüldə üzbəüz yataqxanalarda yaşayırıq. Elə Azadlıq meydanından Dərnəgülə qədər uzun yolu da dəstəylə piyada getdik. Yolboyu o yenə qrup yoldaşlarımla bu hadisələrdən danışırdı, amma hiss edirdim ki, diqqəti məndədir... O gündən sonra hara gedirdimsə, orda Salamı görürdüm. Dərsə gedirəm, Salam dayanacaqdadır, dərsdən çıxıram, universitetin qarşısında dayanıb. Bir də gördüm ki, ətrafımdakı bütün insanların yaxını, əzizi olub. Bir müddətdən sonra hiss elədim ki, artıq mənim də əzizimə çevrilib.

- Heç vaxt yadımdan çıxmaz, qardaşınız, tanınmış qələm adamı Ceyhun Nağının vəfatı Salam Sarvana çox təsir etmişdi, sarsıtmışdı və yazdığı şeirdəki qatı ağrı və ürəyəişləyən məqamlar vardı. Bu sadəcə bir qohum itkisi deyildi, dost ağrısı idi. Onların dostluğunun mahiyyətində, sizcə, nə dayanırdı?

- Onların dünyagörüşlərində, düşüncələrində oxşarlıq var idi, evdə söhbətlərindən bilirdim. Ceyhun tələbəlikdən ailə qurana qədər bizimlə bir yerdə yaşayıb. Bütün planlarını, qayğılarını Salamla bölüşürdü, məsləhətləşirdi. Salam ona həm böyük qardaş, həm də ata əvəzi idi. Biz atamızı çox tez itirmişdik. Bilirsinizmi, Salamın kimisə çox istədiyini nədən bilmək olar? O, ürək qızdırdığı, çox sevdiyi adamların yanında uşaqlaşır. Ceyhun hər dəfə qapıdan içəri girəndə Salamın qırışığı açılırdı, gözlərinə işıq gəlirdi, üzünü təbəssüm bürüyürdü. Salamın “uşaq oyunları”, zarafatları... Ceyhunun onun jestlərinə ürəkdən gülüşləri... Bizim ev həmişə bu xoşbəxtliklə dolu olub. Əslində Salam həmişə dost-tanışlı adamdır. Amma Ceyhundan sonra bərk təkləndi. Sanki həyat nizamı pozuldu.

- Sonda bir sual da verim, deyirlər, yaş artdıqca arzular daha da artır. İndi Salam Sarvanla hansı günlərin arzusundasınız?

- Bu əllinin 24 ilini bir yerdəyik. Bizə qabaqlar belə gəlirdi ki, şairlər məişətə qarşı laqeyd olurlar. Amma Salamla ailə qurandan sonra gördüm ki, həmin təəssürat səhv imiş. Salamın ailəcanlılığına, ev məsuliyyətinə söz ola bilməz. Bilmirəm, bəlkə də mən onun həyatında olmasaydım, o tək olsaydı, macəraçı bir həyata gedərdi və özünü orda daha rahat hiss edərdi. Bəlkə də o öz içindəki şair azadlığını mənə qurban verir, mənim xətrimə özünü çərçivələrə salır. Ancaq gördüyüm odur ki, o mənimçün yaşayır. Onu da bilirəm ki, bunu candərdi etmir, sevgiylə, məmnunuyyətlə edir. Düzdür, çətinliklərimiz çox olub, onun işsiz qaldığı vaxtlar da çox olub, amma öhdəsindən gəlmişik. Ən çətin vaxtlarda da Salamın gücünə, dözümünə söykənib yaşamaq mümkündür. Həyatın müvəqqəti çətinliklərindən rahatca keçmək olur. Anası danışırdı ki, birinci il institutdan kəsilib gələndə özünü o qədər xəcalətli hiss edirmiş ki, növbəti il insituta girənə qədər həm hazırlaşırmış, həm sovxozda fəhlə işləyirmiş, həm də təzə tikilmiş evlərinin pəncərələrini düzəldirmiş. Özü də adi əl alətləriylə. 17 yaşındakı o ailə məsuliyyəti indi də onun canındadır. Yəni onu demək istəyirəm ki, həyatımızın bu axarı da bizim üçün xoşdur. Böyük arzularımız yoxdur. Bu ayın 10-da Salamın 50 yaşı olacaq. İstəyirəm ki, məndən çox yaşasın, çünki iraq olsun, onun yoxluğuna tab gətirə bilmərəm. Həm də düşünürəm ki, mən ondan qabaq ölsəm, onu kimə əmanət edəcəm, kim baxacaq ona, kim qayğısına qalacaq? Real olmasa da, yaxşı olardı ki, axırımız da bir olsun, dünyadan da birgə köçək.

Fərid Hüseyn

Xüsusi olaraq “Qafqazinfo” üçün...