“Məni zorlayan baldızım oğlu sonradan ərimi öldürdü” - Video

meni-zorlayan-baldizim-oglu-sonradan-erimi-oldurdu
Oxunma sayı: 16295

“Özümdə güc toplayıb aylar sonra polis şöbəsinə getdim. Orada mənə qarşı təcavüz olunduğunu, şəkillərlə şantaj edildiyimi söylədim. Mənə dedikləri o oldu ki, özüm də yaxşı qadın deyiləm. Düz yolda olsam, başıma bunlar gəlməzdi”.

“Qafqazinfo”nun budəfəki müsahibi 34 yaşlı Səadət Hüseynova uşaqlığından bu yana gün görməyib dediyimiz qadınlardandır. 3 oğul anası olan Səadət uşaq yaşından bibisinin himayəsində böyüyüb. Daha sonra əqli problemi olan bibisi oğlu Asif İsgəndərovla evləndirilsə də, bir neçə dəfə ailədaxili zorakılıqlara görə çətinliklər yaşayıb. Bununla bağlı ailə-qadın təşkilatlarına müraciət edib, televiziya proqramlarına çıxıb. Ancaq bu dəfə Səadətin problemi daha böyükdür. Baldızı onu uşaqları əlindən almaqla qorxudur, həbsə atdırmaqla hədələyirlər. 

Problemin kökü daha dərin olsa da, hadisələrə təkan verən məsələ aylar əvvəl yaşanıb. Belə ki, Səadətin dediyinə görə, bibisi nəvəsi (baldızının oğlu) Elnur Vəliyev onun çayına dərman qataraq yatızdırıb və çılpaq şəkillərini çəkərək onu şantaj etməyə başlayıb:

“Baldızımın oğlu Elnur evimizə daim gəlib-gedən olub. Eyni məhəllədə yaşayırıq. Həmişə çayını da, yeməyini də vermişəm. Yoldaşım rayonda işləyirdi. Bir gün yenə gəlmişdi, çayını verib özüm paltar yumağa getdim. Qayıdanda təkid etdi ki, mən də içim. Çayı içəndən yarım saat sonra özümü pis hiss etməyə başladım, istədim yuxarı evə - oğlumun yanına gedim, huşumu itirdim. Səhərə yaxın elə yıxılıb qaldığım yerdən oyandım. Nə olduğunu öyrənmək üçün baldızımgilə gedirdim ki, qarşıma çıxdı. Elnurdan mənə nə verdiyini soruşdum, dedi ki, heç nə. Ona borc verdiyim 50 manatı istəyəndə gülüb bildirdi ki, daha mənə heç nə qaytaran deyil. Səbəb kimi də telefonda çılpaq şəkillərimi göstərdi. Çayıma dərman qatıb yatızdırıb, o vaxt da şəkillərimi çəkib, bir neçə nəfərə də yayıb”. 

Səadət deyir ki, həmin gündən sonra Elnur Vəliyev onu əqli problemləri olan əri və böyük oğlu ilə qorxudub. Beləcə 3 ay boyunca ona təcavüz edib: “Döyərək məni zorlayıb. Hətta ərim rayondan gələndə üz-gözümə nə olduğunu soruşurdu, yıxılmışam deyirdim. Evimdə bir manat belə olsa, alırdı. Daha dözə bilmədiyim üçün Kəmalə Ağazadənin (Azərbaycan Uşaqlar Birliyinin sədri) yanına getdim. Mənə məsləhət gördü ki, əvvəlcə ərimə deyim, daha sonra polisə müraciət edək. Düzü, ərim kim nə desə ona inanan idi, ona görə qorxurdum ki, mənim sözümə inanmayacaq. Ancaq bacısı oğlu əvvəllər də bir neçə nəfərə qarşı buna bənzər hərəkət etdiyindən inandı və polisə müraciət etdik.
Polisə təcavüz olunduğumu, şəkillərlə şantaj edildiyimi dedim, mənə dedikləri o oldu ki, özüm də yaxşı qadın deyiləm. Elnur cəmi 3 saat polis şöbəsində oldu, daha sonra yetərli dəlil tapmadıqları üçün buraxıldı. Bu hadisədən sonra bir müddət sakitlik oldu. Avqustun 3-də ərim rayondan gəlmişdi. Eşitdim ki, mən işdə olan zaman bacısı oğlu ilə sözləri çəp gəlib, daha sonra oğlan ərimi bıçaqlayıb. Hadisənin şahidləri olmağına baxmayaraq ölümün ehtiyatsızlıq zəminində baş verdiyini iddia etməyə çalışırlar. Nə mənim, nə də ərimin arxasında duracaq bir adam yoxdur ki, onun qanı yerdə qalmasın. 

Baldızım bu məsələdə məni günahlandırır. Olan-qalan tək övladlarımdır. Gecə-gündüz işləyib onları dolandırmağa çalışıram. Elə övladlarımı məndən alacaqlarını, pozğun olduğumu deyirlər. Ancaq bütün gün hamballıq edib 5-10 manat qazanmağa cəhd edirəm, heç kimə ağız açmıram, qarşılığı da belə olur. Pozğunun əlləri heç bu gündə olar? (cadar-cadar olmuş əllərini göstərib ağlayır)

Müsahibim hazırda istintaqın gedişatından narazıdır: 

“Müstəntiqə deyirəm ki, hadisələrdən əvvəlcədən xəbərdar olan Kəmalə Ağayevanı da mənim şahidim qismində dindirsinlər, ancaq etmirlər. Məsələnin tam araşdırılmasını və məhkəmənin doğru qərar verməsini istəyirəm”. 

İttihamlarla bağlı şikayətçinin qayınanası (bibisi) ilə danışmaq istəsək də, rayonda olduğundan bu, mümkün olmur. 

“Qafqazinfo” olaraq üçüncü tərəf kimi məsələdə adı hallanan Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə ilə görüşdük. K. Ağazadə bildirdi ki, Səadət Hüseynova ona müraciət edən zaman təcavüzə məruz qalmışdı və nəticədə hamilə idi:

“Mən ona ilk növbədə əri ilə danışmasını və hüquq-mühafizə orqanlarına müraciət etməsini məsləhət gördüm. Bildiyim qədər, yoldaşı ilə birlikdə polisə müraciət ediblər, ancaq polis qadınla çox aşağılayıcı formada danışıb. Deyilib ki, təcavüz və şantajla bağlı sübut yoxdur. Necə yəni sübut yoxdur?! Ortada hamiləlik var idi. Nəyə görə məsələ araşdırılmadı, nəyə görə ekspertiza olunmadı?! Mənim üçün bu, qaranlıq qaldı. 
Paralel olaraq mən onu qadın təşkilatlarından birinə də yönləndirdim. Çünki hamiləliyini sonlandırmaq istəyirdi. Yoldaşı Asif də mənim yanımda olub. Demişdi ki, Səadətin arxasında duracaq. 

Bilirdim ki, ailədə yaxın qohumun belə bir təcavüzü etməsi böyük problemə səbəb olacaq. Hüquq-mühafizə orqanlarının məsələyə biganəliyi nəticəsində aylar sonra Asif bacısı oğlu tərəfindən bıçaqlandı. Bir faciə yaşandı. İndi isə çalışmalıyıq, heç olmasa növbəti faciə yaşanmasın. Növbəti faciənin arxasında nə durur? Bu bibioğlu Səadətin əri olub, bibi nəvəsi Səadətə təcavüz edib. Amma niyəsə bu gün hamı qadının üstünə gedir ki, odur günahkar. Həm oğlanın həbsinə, həm də ərinin ölümünə səbəbkar o olub. Səadət neyləmişdi? Günahsız, hamıya inanan, uşaqlığından bu günə kimi ailəyə hamballıq etmiş qadındır”. 

K. Ağazadənin sözlərinə görə, ailə S. Hüseynovanı evindən çıxarmaq istəyir:

“Ona olan şiddətin, bugünkü gündə yaşadıqlarının arxasında sadəcə bir ev məsələsi durur. Ev də nə ev, özünüz görmüsüz... Asifin anası da mənim yanıma gəlib. Ona demişəm ki, oğlunu itirmisən, heç olmasa gəlininin yanında dur. Mənə deyir ki, qızı Səadəti öldürəcək, onu sığınacağa götürün. Əslində burda sadəcə bir istək var, o da ev. Səadət evdən çıxsın, onlar mülkə yiyələnsinlər. 

Bu günə kimi mənə bircə dəfə prokurorluqdan zəng olunub. Bildirilib ki, adım Səadətin ifadəsində yer alıb. Mən də təsdiqləyərək izahat verməyə hazır olduğumu bildirdim. Dedilər ki, mənimlə əlaqə saxlanılacaq, ancaq hələ də heç kim müraciət etməyib. Məhkəmədə bu hadisələrin gedişatını məndən soruşarlarsa, şahid olaraq çıxış etməyə hazıram. Qonşular da prosesləri yaxından bilir və onlar da Səadətin arxasındadırlar”.

Qeyd edək ki, hazırda Elnur Vəliyev Asif İsgəndərovu öldürməkdə şübhəli bilindiyi üçün həbs olunub. Faktla bağlı ona Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığı ağır zərər vurma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.

Günel Hacı

Fotolar - Video: Pərvin Zeynal