Azərbaycan hakimiyyəti, Azərbaycan Respublikasını idarə eləyənlər çox namərdliklər eləyirlər. Elə namərdliklər eləyirlər ki, adamın inanmağı gəlmir. Siyasi müxalifətə gəlincə, onun namərdi namərddi, deyəsən, mərdi də namərdliyi öyrənmək qərarına gəlib.
MƏRDLİK SİSTEMİNİN TƏSVİRİ
Əbdürrəhim bəy Haqverdiyevin “Pristav və oğru” adında balaca bir hekayəsi var.
Pristav oğrunu danlayır: A gedə, sən qəribə bihəyasan. Neçə dəfə mənə söz veribsən ki, oğurluq eləmiyəsən. İndi bu nə işdi? Bu kasıb bədbəxtin öküzünü aparıbsan, binəvanı əli qoynunda qoyubsan.
Oğru and-aman eləyir: Bəy, and olsun o görükən imamzadəyə, mənim xəbərim yoxdu.
Pristav: A məlun, utanmırsan yalandan and içirsən? Doğrusunu de görüm, sənmi aparıbsan?
Oğru yenə and içir: Bəy, and olsun səni və məni yaradana, and olsun “Quran”a, xəbərim yoxdu.
Pristav: Doğrusunu de, yoxsa səni yıxdırıb, o qədər döydürərəm ki, bir ay yorğan-döşəkdə qalarsan.
Oğru: İxtiyarın var, ay bəy. Amma and olsun on iki imama, peyğəmbərə, xəbərim yoxdu.
Pristav yasavullara göstəriş verir: Ay uşaqlar, vurun bu məlun oğlu məlunu.
Yasavullar oğrunu yıxıb döyürlər.
Oğru dözmür: Ay ağa, qoyma, məni öldürdülər, doğrusunu deyim.
Pristav yasavulları saxlayır.
Oğru ayağa qalxıb yenə and içir And olsun atam getdiyi Kərbəlaya, xəbərim yoxdu.
Pristav: Basın yerə! Gərək ağlın başına gəlincə səni döydürüm. Vurun!
Yasavullar yenə oğrunu yıxıb döyürlər.
Oğru yalvarır: Bəy, məni balalarının başına çevir. Ay! Ay! Vay öldüm! Vay çatladım! Atam sənə qurban, ay bəy, öldürmə məni!
Pristav: Doğrusunu deyərsənmi? Heyvan oğlu heyvan.
Oğru: Deyərəm, qurbanın olum. Hamısını deyərəm.
Pristav: Durğuzun bu kafir oğlunu. – (Yasavullar oğrunu durğuzurlar) – De, söylə görüm.
Oğru yenə and içir: Ay bəy, Həzrət Abbas mənim iki qolumu qələm eləsin, əgər o öküzdən mənim xəbərim varsa.
Pristav yasavulları otaqdan çıxarır: Siz çölə çıxın.
Yasavullar otaqdan çıxandan sonra pristav oğrunu yaxına çağırır: A gedə, yavuğa gəl! – (Oğru qorxa-qorxa pristava yaxınlaşır) – Loti, mən ölüm doğrusunu de, öküzü sənmi aparıbsan?
Oğru bunu eşidəndə qayıdır ki: Ağa, qurbanın olum, “mən ölüm” niyə deyirsən, yüz elə öküz qurban olsun sənin bir tükünə, mən aparmışam...
Beləliklə, o qədər işgəncənin qarşısında cinayətini boynuna almayan, yalandan Allaha, “Quran”a, peyğəmbərə, imamlara, Kərbəlaya, Həzrət Abbasa and içən oğru bir “mən ölüm”dən keçmir, yalandan hər söz danışır, hər şeyə and içir, amma yalandan “sən öl” vurmur, oğurluğunu boynuna alır. Bax, bu, mərdlik sistemidi. Mərdlik sistemi deyəndə mən bu cür sistemləri nəzərdə tuturam.
Mərdlik sistemi deyəndə mən cəmiyyətin, ayrı-ayrı qrupların içində mövcud olan, insanın mərd xüsusiyyətinin ictimai forması kimi ortaya çıxan davranış tərzini, düşüncə, yanaşma, yaşayış tərzini, hətta yaşantı tərzini, fərdi mərdlik yaşantılarının hansısa bir tərzə – ictimai qəlibə düşüb sistemləşməsini nəzərdə tuturam.
MƏRDLİK SİSTEMİNİN TƏHLİLİ
Mərdlik sisteminin çox mürəkkəb konstruksiyası var. Bu, çox incə bir sistemdi. “Oğru və pristav” hekayəsində pristav əvvəldən də “mən ölüm”ə keçə bilərdi, amma keçmir, çalışır ki, cinayəti bunsuz sübuta yetirsin. Çünki pristav bilir ki, iş “mən ölüm” müstəvisinə keçsə, oğrunu cəzalandırmaq haqqını itirəcək.
Ola bilsin, pristav heç də ədaləti bərpa eləmək, öküzü oğrudan alıb yiyəsinə qaytarmaq niyyətində deyil. Ola bilsin, onun məqsədi cinayəti sübuta yetirib oğrunu dama basmaq, öküzü də onun əlindən alıb, satdırıb, puluna kef eləməkdi. Oğrunu tutacaq, guya ədalət bərpa olunacaq. Ola bilsin, yiyəsi çox dirəşsə, öküzün pulundan bir az ona da verəcək ki, ədalət “lap yaxşı” bərpa olunsun. Amma bütün bunları eləyə bilməkdən ötrü pristav öküzü məhz yaxaladığı adamın oğurladığını sübuta yetirməlidi. Pristav buna çalışır, amma alınmır. Oğru doğrudan da çox həyasızdı.
Axırda pristav “mən ölüm”ə keçir. Bundan qabaq o, yasavulları otaqdan çıxarır. Çünki pristav bilir ki, öküzü aparan adam elə yaxaladığı adamdı. Və pristav dəqiq bilir ki, bu adam yalandan “sən öl” vurmayacaq, oğurluğu boynuna alacaq, deməli, otaqda cinayətin etirafı olacaq. Ona görə də “mən ölüm”ə keçməzdən qabaq pristav yasavulları – şahidləri otaqdan çıxarır. “Mən ölüm”lə əldə olunan etiraf elə bir etirafdı ki, ondan sonra pristav oğrunu cəzalandıra bilməz. Ona görə də pristav istəmir həmin cinayətin etirafı vaxtı otaqda şahid olsun.
Eyni zamanda oğru bilir ki, o, yalandan “sən öl” vura bilməz, onun buna haqqı yoxdu. Ancaq oğru onu da bilir ki, “sən öl” vurmayıb cinayətini boynuna alsa da, cəzalanmayacaq. Çünki söhbət artıq “kişi söhbəti”ndən gedir, bundan sonra pristavın onu cəzalandırmaq haqqı yoxdu. Oğru yalandan “sən öl” vura bilməz, pristav da “mən ölüm”dən keçməyən adamı cəzalandıra bilməz. Bu, hər iki tərəfə bəllidi. “Mən ölüm” sisteminin şərtləri hamıya aydındı və bu şərtlər mütləqdi, heç kim onu poza bilməz. Şərtlər şərtləşmədən bəllidi. Şərtləşməyə-şərtləşməyə, müqavilə, saziş bağlamaya-bağlamaya hamı yalnız bir variantda işləyir. Sistemin gücü də bundadı. Bu sistem toxunulmazdı və bunu hamı bilir. Hamı bilir ki, o, toxunulmazdı, heç kim ona toxunmur, ona toxunmağı heç ağlına da gətirmir. Pristav heç ağlına da gətirmir ki, oğru yalandan “sən öl” vura bilər. Oğru heç ağlına da gətirmir ki, yalandan “sən öl” vurmayıb cinayətini boynuna alsa, cəzalandırıla bilər. Mərdlik sistemi burda hökmrandı. Kimsə şübhə eləmir ki, bu sistemin hökmü keçməyə bilər.
“Pristav və oğru” hekayəsi belə bitir: “Axşam satılan oğurluq maldan pristavın payı qumar oynadığı vaxt gətirilib özünə verildi”. Yəni bu o deməkdi ki, pristav oğrunu buraxıb, oğru öküzü satıb, qazandığı puldan pristava pay da göndərib. Amma hekayə bu cümləylə bitməsəydi də, eləcə özündən əvvəlki cümləylə – oğrunun “Ağa, qurbanın olum, “mən ölüm” niyə deyirsən, yüz elə öküz qurban olsun sənin bir tükünə, mən aparmışam” deməsiylə yekunlaşsaydı da, aydın məsələydi ki, oğru tutulmayıb. Maraqlıdı ki, Əbdürrəhim bəy “Axşam satılan oğurluq maldan pristavın payı qumar oynadığı vaxt gətirilib özünə verildi” cümləsini hekayənin axırına sonradan artırıb, bu cümləni əski əlifbadakı əlyazmasına yeni əlifbada yazıb.
MƏRDLİK SİSTEMİNİN FORMALARI
“Pristav və oğru”dakı “mən ölüm” Azərbaycan cəmiyyətindəki mərdlik sistemlərindən biridi. Hər bir cəmiyyətin, cəmiyyətdəki qrupların, hətta ən kiçik qrupun da həyatında bu cür çoxlu mərdlik sistemi olur. Ona görə mərdlik sistemlərinin hamısını tapmaq, onların hamısını göstərmək mümkün deyil.
Məsələn, “Pristav və oğru”da oğrunun satdığı oğurluq maldan pristava pay göndərməsi də bir mərdlik sistemidi. Buna eləcə pay, oğru payı, oğrunun pristava rüşvəti kimi baxmaq olmaz. Bu payın olmasının özü sistemə daxildi. Pristav “mən ölüm” vurub, oğru yalandan “sən öl” vurmayıb, cinayəti boynuna alıb, pristav da onu buraxıb. İndi oğru oğurladığı maldan pristava mütləq pay verməlidi. Bax, bu, mütləqlik sistemdən xəbər verir. Yəni Əbdürrəhim bəy yazdı-yazmadı, oğru dedi-demədi, pristav umdu-ummadı, hamı bilir ki, “kişi söhbəti” nəticəsində sərbəst buraxılan və oğurladığı malı əlindən alınmayan oğru həmin maldan mütləq pristava pay verməlidi. Hamı bilir, yəni oğru da bilir. Ona görə də pristavın payı gətirilib ona çatdırılır. Sistem işləyir. Heç kim bu barədə danışıb razılaşmasa da, şərtləşməsə də, hər şey necə olmalıydısa, elə də olur.
Mərdlik sistemi təkcə “sən öl” kimi gözə görünən bir sistem halında yox, nəzərə çarpmayan sistemlər halında da ola bilər. “Sən öl” – Azərbaycan cəmiyyətində çox populyar bir sistemdi, bu sistemin hətta qanunu, konstitusiyası da var: “Kişi kişiyə yalandan “sən öl” vurmaz”. Ancaq elə sistemlər var ki, onlar populyar deyil, bir az situativdi.
Bir dəfə marşrut taksisində gedirdim, bir qız düşəndə min manatlığı sürücüyə uzatdı ki, bir nəfər çıxın. Sürücü dərhal qıza beş yüz manat qaytardı. Hadisə çoxdan olub. O vaxt şəhərdaxili avtobusların bir qismində gediş haqqı beş yüz manat (10 qəpik), bir qismində min manat (20 qəpik) idi. Biz getdiyimiz marşrutda gediş min manata idi və bu – “1000 manat” iri şriftlərlə yazılıb avtobusun içinə vurulmuşdu. Amma sürücü sözsüz-sovsuz, dərhal qıza beş yüz manat qaytardı. Qız düşəndə sürücü əyilib mənə pıçıldadı ki, cavan qızdı, bəlkə qayıtmağa pulu yoxdu, niyə şəhərdə qalsın ki. Bax, bu, mərdlik sistemidi. Təsadüfi situasiyada, daha çox gizli halda ortaya çıxsa da, təsadüfən ortaya çıxmır. Onun burda baş verməsi sistemli xarakter daşıyır. Qız “bir nəfər çıxın” deyəndə sürücü onun fikrini havada tutdu ki, qızın pulu azdı, ona xırda qaytarmaq lazımdı. Və qız “bir nəfər çıxın” deyəndə dəqiq bilirdi ki, onun fikrini havada tutacaqlar, onu pərt eləməyəcəklər, deməyəcəklər ki, burda gediş min manatdı. Bu situasiyadakı mərdlik elə-belə mərdlik deyil; bu, təsadüf deyil, bu sistemdi, onun saat kimi işləyən mexanizmi, dəmir məntiqi, dəqiq ardıcıllığı var.
Gəlin, təsəvvür eləyək ki, sürücü həmin anda qıza pul qaytarmır, deyir ki, burda gediş min manatdı, verdiyin pul da elə bir nəfərin gediş haqqı eləyir. Bax, bu variant mərdlik sisteminin əleyhinədi, burda artıq sistem pozulur, burda daha sistem yoxdu, xaos var.
Mərdlik sistemləri bizim mərd xüsusiyyətimizi ictimai formaya salıb cəmiyyətimizdə mənəvi-psixoloji harmoniya, nizam-intizam, səliqə-sahman yaradan amillərdən biridi. Bu sistemlər hüceyrələr kimi həyatı qorumaqla məşğuldu. Görünür, hüceyrələr kimi onların da sayı ona görə çoxdu ki, həyat mürəkkəbdi və onu qorumaqdan ötrü məqsədi bir olan çoxlu sistemlər lazımdı.
MƏRDLİK SİSTEMİNİN QƏRİBƏLİYİ
Əslində Əbdürrəhim bəy Haqverdiyev “Pristav və oğru”da iki namərd tip təsvir eləyib. Ona görə də Əbdürrəhim bəy sağ olsaydı, yəqin ki, bu hekayədəki qəhrəmanlarının mərdliyə örnək kimi göstərilməsinə etiraz eləyərdi, deyərdi siz nə iş görürsüz, mən mentaliteti tənqid eləyirəm, siz onu tərifləyirsiz, üstəlik də bunu mənim adımdan eləyirsiz.
“Pristav və oğru” hekayəsi hər şeydən əvvəl mentalitetin tənqidi üstündə qurulub. Bundan ötrü müəllif iki mənfi tip yaradıb. Biri oğrudu, özü də namərd oğrudu, kasıb bir bədbəxtin öküzünü aparıb, binəvanı əli qoynunda qoyub. İkincisi də oğrudu, həm də pristav poqonu altında gizlənib. Şübhəli bildiyi adamı qəddarcasına döydürməyi bir yana, axırda onun cinayətinə şərik də çıxır. Öküzü oğurlanan binəva pristavı qətiyyən maraqlandırmır. O öz mənafeyini güdür. Pristav oğrunu sərbəst buraxmağının qarşılığında öküzün yiyəsi üçün də nəsə eləyə bilərdi. Məsələn, oğruya deməzdi ki, mən ölüm düzünü de, öküzü sən aparmısan, ya yox. Pristav oğruya deyə bilərdi ki, sən öl, öküzü yiyəsinə qaytarsan, səni döydürməyəcəm, buraxacam. Yaxud deyə bilərdi ki, mən ölüm öküzü yiyəsinə qaytar, səni buraxım. Amma onda pristav mərd tiplərdən olardı. Burdasa pristav namərd tipdi, öküzün yiyəsi onu qəti düşündürmür, ona görə də o, mal yiyəsinə kömək eləməyin heç bir yolunu axtarmır.
Mərdlik sisteminin qəribəliyi də bundadı. O, təkcə mərdlərin arasında yox, namərdlərin arasında da olur. Mərdlik sisteminə təkcə mərdlərin mərdlərə, mərdlərin namərdlərə münasibətində yox, namərdlərin mərdlərə, namərdlərin namərdlərə münasibətində də rast gəlmək mümkündü. Mərdlik sistemini mərdliyin xarabalığında da tapmaq olar. İnsan xarakterik xüsusiyyətinə, tipinə görə namərd ola bilər, amma hətta belə adamların da davranışında ara-sıra mərd hərəkətlər olur.
Bu baxımdan mərdlik sistemi yox olmaq bilməyən maddə kimidi. Onun miqyasını kiçiltmək, minimuma endirmək olar, amma onu yerli-dibli yox eləmək mümkün deyil. Qapıdan qovsan, bacadan girəcək. Meydan verməsən, bir künc tapıb duracaq. Sən onu zərrə halına gətirə bilərsən, amma zərrə halında da olsa yaşayacaq. Özü də iri halında hansı sxemlə işləyirdisə, zərrə halında da həmin mikrosxemlə işləyəcək.
Mərdlik sisteminin insanlar arasındakı münasibətlərdə bu mütləq varlığının bir səbəbi ondadı ki, namərdlik dağıdıcı xüsusiyyətdi, o, birləşdirə bilməz, yalnız parçalaya bilər, ona görə namərdlər də bir yerə yığılanda bəzi mərdlik sistemlərinə söykənməyə məcburdular. İkincisi də, namərd adam heç də həmişə və hamıya namərd ola bilməz, o da hərdən kimlərləsə, heç olmasa bir müddətə mərd davranmağa ehtiyac duyur. Yəni namərdlər hərdən mərdliyə məcburdular, hərdən də heç məcbur deyillər, eləcə özləri buna ehtiyac duyurlar.
MƏRDLİK SİSTEMİNİN POZULMASI
Mərdlik sistemi pozulanda namərdlik yaranır. “Pristav və oğru”da pristav oğruya “mən ölüm” vurur, deyir, mən ölüm doğrusunu de, öküzü sənmi aparmısan? Oğru pristava yalandan “sən öl” vurmur, deyir, “mən ölüm” niyə deyirsən, yüz elə öküz qurban olsun sənin bir tükünə, mən aparmışam. Pristav da oğrunu buraxır.
İndi gəlin başqa variant təsəvvür eləyək. Pristav oğruya deyir ki, mən ölüm düzünü de, öküzü sənmi aparmısan? Oğru “mən ölüm”dən keçmir, deyir, hə, mən aparmışam. Pristav da bundan sonra oğrunu tutdurur, yasavulları çağırıb göstəriş verir ki, basın bunu içəri. Bu artıq namərdlikdi. Bu, mərdlik sisteminin pozulmasıdı.
Yaxud başqa variant. Pristav oğruya deyir ki, mən ölüm öküzü sən aparmısan? Oğru da yalandan “sən öl” vurub deyir ki, sən öl, öküzü mən aparmamışam. Bu da mərdlik sisteminin pozulmasıdı, namərdlikdi.
Pristav oğrunu buraxandan sonra oğrunun satdığı oğurluq maldan pristava pay göndərməməsi də namərdlik olardı, mərdlik sistemini pozardı.
Yaxud gediş haqqı min manat (20 qəpik) olan avtobusda sürücüyə min manatlıq uzadan qızın “bir nəfər çıxın” deməsindən sonra sürücünün ona pul qaytarmaması, özünü gediş haqqı elə bil min yox, beş yüz manatıymış (10 qəpik) kimi aparmaması da mərdlik sistemini pozardı, namərdlik olardı. Sürücünün davranışı hüquqi baxımdan qanuni deyil. Heç ədalətli də deyil – gediş haqqı min manatdı və onun sərnişindən min manat almasında ədalət prinsipinə zidd heç nə yoxdu. Sürücü qıza pul qaytarmasaydı, bununla o, hüquq, ədalət prinsiplərini yox, məhz mərdlik prinsipini pozacaqdı.
Hansısa davranış sisteminin mərdlik olub-olmadığını bilməyin bir yolu da həmin sistemi dağılmış vəziyyətdə təsəvvür eləməkdi. O sistem dağılanda, o sistemə daxil olan hərəkətlərin ardıcıllığı, nizamı pozulanda ilk növbədə namərdlik yaranırsa, deməli, həmin sistem mərdlik sistemiymiş.
Bütün mənəvi prinsiplər kimi mərdlik prinsipi də pozulanda ən birinci özünün tərsini doğurmalıdı. Məsələn, ədalət prinsipi pozulanda ilk növbədə ədalətsizlik yaranır. Sonra başqa şeylər – rəhmsizlik, namərdlik ortaya çıxa da bilər, çıxmaya da. Ədalət prinsipinin pozulması nəticəsində mərhəmət, mərdlik, qanunçuluq da yarana bilər. Bütün bunlar ola da bilər, olmaya da. Amma ədalət prinsipinin pozulmasından ədalətsizlik yaranmaya bilməz. Özü də ədalət prinsipi pozulanda ədalətsizlik ilk növbədə, hər şeydən əvvəl və hər şeydən çox ortaya çıxmalıdı.
Mədlik sistemi də belədi. Onun pozulması hər şeydən əvvəl namərdlik doğurmalıdı. Mərdlik sisteminin pozulması ədalət yarada da bilər, yaratmaya da. Mərdlik sisteminin pozulması mərhəmət də demək ola bilər, rəhmsizlik də. Amma mərdlik sisteminin pozulması namərdlik olmaya bilməz. Ola bilməz ki, mərdlik sistemi pozulsun, amma namərdlik yaranmasın. Özü də burda namərdlik ikinci, üçüncü sırada yox, birinci sırada, hər şeydən çox və hər şeydən aşkar yaranmalıdı.
MƏRDLİK SİSTEMİNİN YARANMASI
Mərdlik sistemləri adamlar bir yerdə olanda yaranır. Adamlar bir yerdə olanda mərdlik sistemləri onların arasında istər-istəməz ortaya çıxır. Necə ki adamlar bir yerdə olanda istər-istəməz bir dil tapıb danışırlar, sözlə, sözü başa düşməyəndə səslə, intonasiyayla, mimikayla, jestlə bir-birilərini başa salırlar, necə ki adamlar bir yerdə olanda istər-istəməz onların arasında hansısa davranış normaları ortaya çıxır, o cür də adamlar bir yerdə olanda istər-istəməz onların arasında mərdlik sistemləri yaranır.
Mərdlik sistemi insan birliyinin zəruri nəticələrindən biridi. Milliyyətindən, dilindən, dinindən, irqindən, yerindən-yurdundan asılı olmayaraq hər bir icmada, hər bir qəbilədə, tayfada, xalqda, hər bir cəmiyyətdə mərdlik sistemi, özü də onun bir yox, bir neçə variantı var.
Amma adamların bir yerdə olması mərdlik sistemini yaradan zahiri faktordu. Daxili faktor mərdlik duyğusudu. Mərdlik duyğusu olmasaydı, insanlar nə qədər bir yerə yığılsaydılar da, milyard adam bir yerə yığılsaydı da, onların arasında bircə mərdlik sistemi yaranmazdı.
MƏRDLİK QANUNU
İgid basdığını kəsməz;
Söz danışıqdan keçər;
Kişinin sözü bir olar;
Kişinin sözüylə işi bir olar;
Ac ol, kişi ol;
Dost yolunda boran olar, qar olar;
Örtülü bazar – dostluğu pozar;
Duz-çörək – düz çörək;
Əmanətə xəyanət olmaz;
Adam yediyi qaba tüpürməz;
Bir tikənin qırx il haqqı var;
Əl uzadılan yerə ayaq uzadılmaz;
Sağ əlin verdiyini sol əl bilməməlidi;
Adam verdiyini deməz;
Bir daş altda, bir daş üstdə;
Kişi kişiyə ölüm arzulamaz;
Yıxılana balta çalmazlar;
Mərd özündən bilər, namərd yoldaşından;
Mərdi namərdin ayağına verməzlər;
Mərdi qova-qova namərd eləməzlər;
Keçmə namərd körpüsündən, qoy aparsın sel səni;
Yaxşılığa yaxşılıq hər kişinin işidi, yamanlığa yaxşılıq ər kişinin işidi.
Bunlar mərdlik qanunlarıdı. Mərdlik qanunları deyəndə mən mərdliyin nəzəri bazasını nəzərdə tuturam.
Mərdlik sistemləri mərdliyin praktik tərəfidi, bu sistemlərdə mərd əməllər, davranışlar, hərəkətlər toplanır. Mərdlik qanunlarısa mərdliyin nəzəri tərəfidi, bu qanunlarda mərdlik və namərdlik, mərd və namərd əməllər haqqında fikirlər, hökmlər toplanır.
Mərdlik qanunları yazılmamış qanunlardı. Yazılmamış qanun çoxdu. Mərdlik qanunları onların mərdliyə aid hissəsidi.
Oturuşmuş, populyar mərdlik sistemlərinin hamısını mərdlik qanunlarında tapmaq olar. Məsələn, şərti olaraq “sən öl” adlandırdığımız mərdlik sistemi mərdlik qanununda var. Yəni bu sistemin yazılmamış qanunu, konstitusion müddəası var: “Kişi kişiyə yalandan “sən öl” vurmaz”.
Mərdlik qanunu nəzəri bazadı, o, təcrübədə tətbiq olunanda bizim qarşımıza mərdlik sistemi kimi çıxır.
“Kişi kişiyə yalandan “sən öl” vurmaz” – bu, qanundu, nəzəriyyədi. Kişinin kişiyə yalandan “sən öl” vurmaması konkret əməldi, hərəkətdi. Ola bilər, kimsə yalandan “sən öl” vurmayanda yazılmamış qanuna əsaslansın. Bu mümkündü. Yəni insan bir mərd hərəkət eləyəndə şüurlu şəkildə mərdlik qanununa əsaslana bilər. Ola da bilsin, kimsə bunu eləyəndə heç mərdlik qanunu, yəni “sən öl” haqqında el məsəli onun yadına düşməsin, bunu eləcə öz mərdlik duyğusunun hökmüylə və ya içində olduğu cəmiyyətin mərdlik ənənəsinin axarında eləsin.
Mərdlik qanunlarının sayı mərdlik sistemlərinin sayından min dəfələrlə azdı. Mərdlik qanunlarında yalnız əsas mərdliklərdən bəhs olunur. Mərdlik qanunlarında ifadə olunmayan mərdlikləri insan ya öz əxlaqıyla, fəhmlə, ya da içində olduğu cəmiyyətin əxlaqıyla, ictimai əxlaqın axarında müəyyənləşdirir. İnsan öz ürəyinin hökmüylə də mərd iş görə bilər, şüurlu şəkildə də mərd iş görə bilər, ictimai əxlaqa mexaniki tabe olmaqla da mərd iş görə bilər.
Mərdlik qanununu pozmaq elə mərdlik sistemini pozmaq deməkdi. İnsan mərdlik qanununa zidd iş görürsə, deməli, avtomatik olaraq mərdlik sistemini, mərd davranış tərzini pozur.
Mərdlik və namərdlik dərk olunandan sonra insan onun haqqında fikir yürütməyə bilməz. İnsan dərk elədiyi mənəvi proseslər haqqında istər-istəməz hökmlər verir. Bu hökmlərin bəzisi, daha aktual olanları, tarixin sınağından çıxanları mərdlik qanunu – yazılmamış qanun şəklində yaddaşlara köçür.
Hansısa mərdlik qanununun konkret nə vaxt, harda yarandığını, onu kimin yaratdığını müəyyənləşdirmək çətindi. Amma mümkünsüz də deyil. Mənşəyi bəlli olan məsəllərin, atalar sözlərinin arasında mərdliyə aid məsəllər, atalar sözləri də ola bilər. Yəni ola bilər ki, hansısa mərdlik qanunu cəmiyyətə hansısa şəxsiyyətin əxlaqi hökmü şəklində gəlib. Bəzi mərdlik qanunlarının konkret müəllifi ola bilər.
Mərdlik qanunu mərdliyin dərk olunmuş və lakonik şəkildə ifadə olunmuş formasıdı. Amma tutalım, mərdlik sistemi dərk olunmaya bilər. Yəni ola bilsin, insan mərd davranır, amma xəbəri yoxdu ki, mərd davranır. Amma ola bilməz ki, insan “Əmanətə xəyanət olmaz” deyir və başa düşmür ki, mərdlikdən danışır.
Mərdlik qanunu mərdliyin başı, mərdlik sistemi bədənidi. Mərdliyin ruhusa mərdlik duyğusundadı.
MƏRDLİK DUYĞUSU
Mərdlik insanda anadangəlmədi. İnsan doğulandan onda mərdlik duyğusu olur. Ona görə də bir varlıq dünyaya insan kimi gəlibsə, deməli, onda hökmən mərd olmaqdan ötrü mənəvi baza var. Həmin baza mərdlik duyğusudu. Mərdlik duyğusu deyəndə mən mərdliyin mənəvi əsasını, ilkin mənbəyini nəzərdə tuturam.
Mərdlik duyğusu – mərdliyin ruhudu. O, xalis mərdlikdi, şəkilsizdi, formasızdı. Mərdlik duyğusu – saf mərdlik yaşantısıdı. İnsan onu yaşamaqla mərdliyi duyur, onu dərk eləməklə mərdliyi başa düşür, onunla hərəkət eləməklə mərdliyi əmələ çevirir. Amma bütün bunlarla bərabər insan yenə namərdliklər eləyə bilər. İnsan mərdliyi duya-duya, dərk eləyə-eləyə, onunla hərəkət eləməyin mümkünlüyünü bilə-bilə namərdlik eləyə bilər. Çünki mərdlik duyğusu olduğu kimi, insanın ona xəyanət eləmək imkanı da var. İnsanın özünün yaratdığı mərdlik qanunlarını və mərdlik sistemlərini pozmaq imkanı var.
Mərdlik qanununun da, mərdlik sisteminin də kökündə mərdlik duyğusu, xalis mərdlik dayanır. Bütün mərdliklərə formanı o verir, amma özü formasızdı. Mərdlik duyğusunu yaşamaq olar, amma onu xalis şəkildə ifadə eləmək mümkün deyil. Mərdlik duyğusu yalnız mərdlik qanunları və mərdlik sistemləri şəklində ifadə olunur. Ona görə də mərdlik duyğusunu yalnız mərdlik qanunlarında və mərdlik sistemlərində, yəni mərd düşüncələrdə və mərd hərəkətlərdə tutmaq mümkündü, başqa cür, duyğu şəklində o ələgəlməzdi.
Mərdlik qanunlarından və mərdlik sistemlərindən danışmaq elə birbaşa mərdlik duyğusundan, onun xarakterindən, mahiyyətindən danışmaqdı, sadəcə olaraq mərdlik duyğusunu çılpaq şəkildə göstərmək olmur, onu istər-istəməz biçimlərdə göstərməyə məcbursan.
Mərdlik duyğusu bütün mərdliklərin başlanğıcıdı, o olmasaydı, nə bir mərdlik yaşantısı, nə bir mərd düşüncə, nə də bir mərd hərəkət olardı.
Mərdlik duyğusu insanın ürəyində sərbəstdi. Amma o, insanın beynində və hərəkətlərində qəlibə düşür. Əslində mərdlik – mərdlik qanunu və mərdlik sistemi olmadan da var. Amma onun üzə çıxması üçün ictimai mühit lazımdı.
Bütün başqa mənəvi xüsusiyyətlər kimi, insanın mərdlik duyğusu da uşaqda özbaşına, təkbaşına yox, ayrı adamlarla ünsiyyətdə formalaşıb üzə çıxır. Mərdlik insanda yaranmır, o, sadəcə olaraq üzə çıxır. İnsan doğulandan onda mərdlik üçün baza olsa da, yeni doğulan uşaq gələcəkdə mərd hərəkətlər eləyə bilməkdən ötrü başqa insanlarla ünsiyyətdə böyüməlidi.
Ünsiyyətdə böyüyə-böyüyə insan öz mərdlik hissini tanıyır, dərk eləyir, onda mərdlik anlayışı, mərdlik haqqında düşüncələr formalaşır. Belə adamın hərəkətində mərdliklər hökmən olacaq. Yəni mərdlik duyğusunu tanıyan adam mərdlik qanunlarından və sistemlərindən tam kənarda dayana bilməz. Nə qədər namərd olsa da, yenə onda hansısa mərdliklər olacaq.
Mərdlik insanın mayasındadı. Namərd adamın da mayası mərdliklə yoğrulub, çünki o, anadan mərdlik duyğusuyla doğulub. Mərdlik duyğusu olmayan adam yoxdu.
Mərdlik qanunları və sistemləri də cəmiyyətin mayasındadı. Bunsuz insan qrupu yoxdu. Harda iki adam varsa, orda istər-istəməz mərdlik qanunları və mərdlik sistemləri var, hətta o adamların hər ikisi namərd olsa belə.
Mərdliyin və namərdliyin dərk olunması prosesi tarixi inkişafdadı. Bu dərk insanı avtomatik mərdə çevirmir, amma buna şans yaradır. Bu gün adamlar mərdliyi və namərdliyi yüz il, min il əvvəlkindən yaxşı dərk eləyirlər. Yüz il, min il sonra indikindən də yaxşı dərk eləyəcəklər. Ona görə də bu gün adamların dünənkindən, sabah bugünkündən mərd olmasına imkan var.
İnsanın mərdliyi və namərdliyi dərk eləməsinə ən birinci insanın özünü bəhanələrlə aldatması, ikincisi, bəzi milli (irqi) stereotiplər, üçüncüsü, bəzi dini ənənələr, dördüncüsü, ayrı-ayrı qrupların (kriminal, siyasi, yaradıcı...) bəzi qayda-qanunları və dördüncüsü, bəzi dövlət qanunları mane olur.
Təkcə insan mərdliyi və namərdliyi hiss və dərk eləyir, ona görə də yalnız insan mərdliyin xoşbəxtliyini yaşaya bilir və namərdliyinə görə məsuliyyət daşıyır.
Mərdlik sistemlərində və qanunlarında insanın gələcək ictimai həyatının, gələcək ictimai formasiyaların modelləri yatır. Adamlar bu modellərdən getdikcə daha çox istifadə eləyəcək, onları daha çox tətbiq eləyəcəklər.
Mərdlik modellərinin varlığı və tətbiqi insanın nə vaxtsa dövlətdən can qurtarmasında böyük rol oynayacaq.
Mərdlik duyğusunda Tanrının bir parçası, Tanrı xarakterinin bir xüsusiyyəti yaşayır. O, əbədi, əxlaqlı, məğrur və güclüdü. Ona qalib gəlmək mümkün deyil. Onun tayı-bərabəri yoxdu.
SON SÖZ YERİNƏ
Bir dəfə kənddə dayım məndən soruşdu ki, Haqverdiyevin “Pristav və oğru” hekayəsini oxumusan? Dedim, hə. Orta məktəbdə oxuyurdum, yadımda deyil neçənci sinifdə, uşağıydım, “Pristav və oğru” hekayəsini əzbər bilirdim, deyəsən, onu məktəbdə səhnələşdirmək fikrimiz də vardı, amma dayım hekayəni mənə elə təhlil elədi ki, mən o hekayəyə heç vaxt o gözlə baxmamışdım. Dayım dedi, görürsənmi, pristav nə qədər eləyir, oğru oğurluğunu boynuna almır, pristav oğrunu döydürür, oğru yalandan Allaha, “Quran”a, peyğəmbərə, imamlara and içir, oğurluğu boynuna almır ki almır, amma pristav deyəndə ki, mən ölüm öküzü sən aparmısan, oğru yalandan “sən öl” vurmur, deyir, “mən ölüm” niyə deyirsən, yüz elə öküz qurban olsun sənin bir tükünə, mən aparmışam.
Dayım dedi, görürsənmi “sən öl”ün gücünü, adam yalandan “sən öl” vurmaz.
Üstündən illər keçib, bu illər ərzində mən o hekayəni də, dayımın dediklərini də az xatırlamamışam. İllərdi yalandan “sən öl” vuran adamlar görürəm, yadıma “Pristav və oğru”, bir də dayımın bu hekayəyə verdiyi şərh düşür. Hərbi xidmət vaxtı bir əsgərin “Mən nə qədər desən yalandan “sən öl” vura bilərəm, burda nə var ki” deməsini necə heyrətlə qarşıladığımı da yaxşı xatırlayıram.
Bu gün, namərdliyin baş alıb getdiyi bir vaxtda mən yenidən mərdlik misallarına (onlardan biri olan “Pristav və oğru”ya da) qayıtmağa ehtiyac duydum. Aydın məsələdi ki, bunlar hamısı misaldı, özü də bəzisi kiçik misaldı. Allaha min şükür ki, bizim bundan qat-qat böyük mərdlik misallarımız var. Və təəssüf – namərdliyə aid misalımız da az deyil.
Yenə təəssüf ki, bu gün cəmiyyətimizdə namərdlik ön plana keçib. Mərdlik prinsipi Azərbaycanda ən çox pozulan prinsiplərdən birinə çevrilib. Bəlkə də ən çox pozulan prinsipə çevrilib. Mərdlik duyğusuna hər gün xəyanət olunur. Mərdlik qanunları, mərdlik sistemləri hər gün pozulur. Bu gün Azərbaycan cəmiyyətində mərdlik sistemləri xırda zərrəciklər halında yaşayır. Mərdlikdən danışmaq az qala gülməli işə çevrilib.
Bugünkü vəziyyət təxminən ona oxşayır ki, “Pristav və oğru” misalı, daha doğrusu, onun tərs misalı, hamı bir-birinə yalandan “sən öl” vurur, yalandan ”sən öl” vurmayıb cinayətini boynuna alan adamısa tutub içəri basırlar. Bunu deyəndə mən ölkədəki namərdlikləri nəzərdə tuturam. Xaricdən olan namərdliklər də bir ayrı bəladı.
Azərbaycan xalqı illər uzunu milli dövlətə ehtiyac duyub. İndiki dövlətini – Azərbaycan Respublikasını qurmaq üçün son yüz ildə xalqımız minlərlə övladını qurban verib. Yetmiş il bu dövlət işğal altında olub. Nəhayət, yenə qan bahasına, milli dövlətimiz bərpa olunub. Ancaq indi Azərbaycan xalqı bu dövlətdən, öz dövlətindən qorunmaq üçün özgə dövlətlərdən ədalət umur. Azərbaycanın indiki hakimiyyəti milli dövlətə ehtiyacı olan xalqı xarici dövlətlərə möhtac qoyub.
Azərbaycan hakimiyyəti, Azərbaycan Respublikasını idarə eləyənlər çox namərdliklər eləyirlər. Elə namərdliklər eləyirlər ki, adamın inanmağı gəlmir. İnana bilmirsən ki, bütün bunlar doğrudan da bizim ölkəmizdə baş verir. Siyasət əxlaqa söykənməlidi prinsipi hədsiz zəifləyib. İş o yerə çatıb ki, kişilərin qisasını xanımlardan alırlar. Kişinin qisasını xanımdan almaq – inanmaq olmur ki, bu, Azərbaycanda baş verir. Amma baş verir. Özü də get-gedə daha tez-tez. Bu məsələdə vəziyyət günü-gündən pisləşir və bu o deməkdi ki, vəziyyət bundan da pis ola bilər.
Mən bir kişidən qisas almaq qərarına gələn başqa kişinin qərarının nə dərəcədə əsaslı, nə dərəcədə ədalətli olduğu məsələsini bir qırağa qoyuram. Bəzən heç bu qərarın özü də ədalətli olmur. Amma mən bunu qırağa qoyuram. Söhbət ondan gedir ki, həmin qisası kişinin özündən yox, onun ailəsindən, ailəsinin xanım üzvündən alırlar. Təsəvvür eləyin ki, Azərbaycanda qızının, bacısının yerinə gedib türmədə oturmaq istəyən, lap həbsdən də ağır cəzanı çəkməyə hazır olan adamlar var. İnanmaq olmur ki, bu, Azərbaycanda baş verir. Amma baş verir.
Bizim ölkəmizdə, bizim milli dövlətimizdə cinayət törədib qaçmış kişini üzə çıxmağa məcbur eləmək üçün onun anasının həbs olunması hadisəsi olub. Kişini cəzalandırmaq üçün arvadını tutublar. Kişidən ifadə almaqdan ötrü istintaqda onu bacısıyla hədələyiblər. Hakimiyyətin əleyhinə apardığı siyasi mübarizəsinin cəzasını qızının ehtiyatsızlıqdan törətdiyi qəzanın bağışlanmamasıyla çəkən ata var – indi hər həftə həbsxanaya ayaq döyür. Belə iş olarmı? Belə biabırçılıq, belə namərdlik olarmı?
Hakimiyyətin əleyhinə araşdırma aparır deyə jurnalist xanımın yataq otağına (!) gizli kamera quraşdırırlar. Sonra da o kameraya düşənləri götürüb aləmə yayırlar. Gündə ölkədə bir gizli kamerayla çəkilmiş bir xanım nümayiş olunur, hamısı da kişilərin apardığı davaya görə. Namərdlik xanımları kişilərin qurbanına çevirə biləcək həddə çatıb.
Namərdlik – Azərbaycanda siyasi hakimiyyətin bariz xüsusiyyətlərindən biridi. Siyasi müxalifətə gəlincə, onun namərdi namərddi, deyəsən, mərdi də namərdliyi öyrənmək qərarına gəlib. Hərdən mənə elə gəlir ki, müxalifətdə olan bəzi adamlar hakimiyyətdə olan bir çoxlarından namərd olmağa çalışırlar. Bunun mənəvi baxımdan nöqsan olduğu bir yana, heç praktik baxımdan da real deyil. İnanmıram müxalifət namərdlikdə hakimiyyətə çata bilə. Hər halda, nə qədər ki, müxalifətdədi, çata bilməz, hakimiyyətə gələrsə və gələndən sonra namərdlik eləyərsə, onda bu, başqa məsələ.
Dilimizə gəlmə olan “mərd” sözünün doğma adı “kişi”di. “Kişi” sözünün dilimizdəki bir mənası “mərd” deməkdi. Adam kişi olar – adam mərd olar deməkdi. Belə məqamlarda kişi sözü cinsi mənada qəbul oluna bilməz. Kişi adam – kişi cinsindən olan adam demək deyil, mərd adam deməkdi, ona görə bu mənada işlənəndə xanıma da “kişi adam”, “kişi arvad”, “kişi qadın” demək olur. “Kişi qızı” kimi məşhur ifadəmiz var, bu, “kişinin qızı” demək deyil, “kişinin qızı” ayrı məna verir, kişi qızı – mərd xanım deməkdi.
Ölkəmizdə kişi sözünün, yəni bütöv sözün, mərd sözün meydanı indi çox dardı. Etibarsızlıq yüksək həddədi. Borc verən neçə adam borcunu ala bilmir, sirr verən neçə adam sirrinə arxayın deyil. O qədər adam var ki, başqasının adına kredit götürüb, qaytarmır. Adına kredit götürülən, müəssisə açılan adamlar var, bundan bir qəpik xeyir görməməkləri bir yana, gedib məhkəmələrdə sürünürlər, türmələrə düşürlər.
Namərdlik cəmiyyətimizdə ön planda durub. Amma biz araşdırmalarımızda onu arxa plana atmışıq. “Mərdliyin anatomiyası” adlandırdığım bu yazını mən həm də namərdliyi arxa plandan çıxarıb ön planda araşdırmaq motiviylə yazmışam.
Mən istəyirəm bu yazını oxuyanda cəmiyyətimizdəki namərdliklər də oxucunun gözü qabağına gəlsin. Yazıda o namərdliklərdən misallar gətirilməsə də, onların bu yazının ortaya çıxmasında ciddi rolu olub. Bəlkə demək olar ki, bu yazı elə o hadisələrin təsiri altında yazılıb. Ona görə istərdim “Mərdliyin anatomiyası” silsiləsini oxuyanların yadına cəmiyyətimizdəki namərdliklər də düşsün və hər kəs bilsin ki, o namərdlikdi. Mən demirəm ki, o qanunidi, ya qanunsuzdu. Mən deyirəm ki, o namərdlikdi.
Mən istəyirəm hər kəs bilsin ki, bu, düzgün deyil. Yəni o namərdlikdi və düzgün deyil. Mən namərdliyin üstünü açmağa cəhd göstərirəm. Mən ifşaçıyam. Əlbəttə, mən bu yazıda hər cinayətin yox, hər mənəvi cinayətin də yox, yalnız namərdliyin üstünü açıram.
Mərdliyin duyğularda, şüurlarda və əməllərdə yolu daralıb. Mən mərdliyin yolunu genəltmək istəyirəm.
Mərdlik meyarını dirçəltmək – bu yazının bir motivi budu. Mərdlik onsuz da meyardı, amma o, bizim cəmiyyətimizdə ölgünləşib, solğunlaşıb, onu bir meyar kimi dirçəltməyə ehtiyac var.
Namərdlik hansısa məqamda cəmiyyətin gözünə faydalı görünə də bilər. Amma mərdlik qanunlarının, mərdlik sistemlərinin pozulması cəmiyyətə həqiqi fayda verə bilməz. İlk baxışdan faydalı görünən bəzi namərdliklərə dərindən baxanda onların yalnız ziyanlı olduğunu görmək olar.
Ürəyinin dərinliyində hər kəs yalnız mərdliyi qəbul eləyir – mən buna inanıram. Bütün ürəklər mərdliyi alqışlayır – başqa cür ola bilməz.
Xalqımızın mərdlik haqqında belə bir alqışı da var: Allah mərdi namərdə möhtac eləməsin.
Mərdlik – xeyir, namərdlik – şərdi. Tanrı namərdləri sevməz.
Bizim Tanrımız, xalqımız və ürəyimiz mərdliyin tərəfindədi.
Azər Qaraçənli