Metyu Brayza Azərbaycan məmurlarının güdazına gedib - Toydan sonra

metyu-brayza-azerbaycan-memurlarinin-gudazina-gedib-toydan-sonra-
Oxunma sayı: 787





Bir neçə il əvvəl ATƏT-in Minsk qrupunun ABŞ-dan olan həmsdərlərindən biri səlahiyyət müddətinin başa çatması ilə bağlı mətbuat konfransı keçirirdi. Orada jurnalistlərdən biri həmsdərə sual verdi ki, bəs Sizi bu vəzifədə kim əvəzləyəcək? Cavab kifayət qədər maraqlı oldu. - Hər halda 300 milyon amerikalıdan bir nəfər tapılar...

Mən bu epizodu Metyu Brayzanın ABŞ-ın Azərbaycandakı səfiri kimi fəaliyyətini davam etdirə bilməməsi və geri çağırılmasını düşünürkən xatırlayıram. Bu məqam ölkəsinin ABŞ-la münasibətlərinin müsbət olmasını arzulayan istənilən Azərbaycan vətəndaşı üçün təsəlliverici görünə bilər. Yəni qlobal mənada ABŞ-ı Azərbaycanda kimin təmsil etməsinin heç bir fərqi yoxdur. Onların öz maraqları, siyasətləri və məqsədləri var. Lakin məsələnin mahiyyətində diplomatik uğursuzluğun dayandığını düşünəndə bu işin səbəbləri, haradan qaynaqlandığı haqqında baş sındırmağa dəyər. Axı necə olur ki, ABŞ Senatı prezidentin əleyhinə çıxır, Obamanın təyin etdiyi səfirin geri çağırılmasında israr edir və buna nail olur. Biz bu işin acı nəticəsini ermənilərin güclü lobbiçilik fəaliyyəti ilə əlaqələndirə bilərik. Ama Amerika da, Amerikadır axı. Bu ölkədə heç nədən hay-küy yaratmaq mümkündürmü?..

Demək ermənilərin əlində Metyu Brayzanın Azərbaycanpərəst olmasını sübut edən dəlillər olmalıdır. Bəzi mətbuat orqanlarında Metyu Brayzanın geri çağırılmasına səbəb kimi onun türk əsilli Zeyno Baranla evlənməsi faktı da göstərilir. Lakin bu məsələnin görünən və daha az inanılan tərəfidir. İşin görünməyən, daha doğrusu diqqətdən kənarda qalan məqamları isə Metyunun bir neçə ilə əvvəl, hələ ATƏT-in Minsk Qrupunun həmsədri olan vaxt toyunda baş verənlərlə bağlıdır. O vaxt həm Azərbaycan, həm də bir çox ölkələrin mətbuatında bu barədə kifayət qədər məlumatlar yer alıb və yaddaşını təzələmək istəyənlər internetdə axtarış verib həmin xəbərlərə baxa bilərlər. Məsələ belədir ki, Metyu Brayzanın toyunda Azərbaycan məmurlarının iştirakı, bəyə bahalı hədiyyələr bağışlaması, yeyib içməkləri, belə demək mümkünsə, özlərini Brayzanın sağdış-solduşu kimi aparmaları bu gün baş verən hadisələrin əsas səbəblərindən biridir. Ermənilərin həmin toydan sonra əllərində kifayət qədər əsas ola bilərdi ki, Brayzanı Azərbaycanpərəst adlandırsınlar. Axı toyda iştirak edən Azərbaycan məmurlarından ARDNŞ prezidenti Rövnəq Abdullayev, o zamankı iqtisadi inkişaf naziri Heydər Babayev nəyə görə Minsk Qrupunun həmsədrinə bahalı yaxta, daça, milyonluq hədiyyələr bağışlamalı idi?
Maraq üçün 2007-ci ildə İstanbulun Quru Çeşmə adasında keçirilən bu toyda Heydər Babayevin əndazəni aşması, bəyə çox bahalı hədiyyələr təqdim etməsi ilə bağlı “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahidin də maraqlı iddiası var idi. O vaxt baş redaktor məhkəmədə Heydər Babayevin ATƏT-in Minsk qrupunun həmsədri Metyu Brayzanın toyuna verdiyi hədiyyənin açıqlanmasını tələb etmişdi. O, “Azadlıq” qəzetində dərc olunmuş “Metyu Brayzanın toy xərcini azərbaycanlılar çəkib?” sərlövhəli məqaləyə görə hətta məhkəməyə də verilmişdi. Bütün bunlar xatırlatma üçündür.

Bu gün isə biz həqiqətən də deyə bilərik ki, Metyu Brayza azərbaycanlı məmurların güdazına gedib. Yazının əvvəlindəki fikrə qayıdaraq bildirmək istəyirəm ki, Azərbaycan üçün hansı Amerikalının səfir təyin olacağı o qədər də önəmli deyil. Çünki bu şəxsin ABŞ diplomatı olması və ölkəsinin maraqlarını hər şeydən üstün tutması bir həqiqətdir. Bu şəxs heç hökumət tərəfindən də o qədər intizarla gözlənilmir. Çünki rəsmi Bakı işi gücü Bakıdan Vaşinqtona “namə” göndərmək olan belə diplomatları “Vikileaks” vasitəsi ilə tanımaq imkanı əldə edib... Bu hadisə ən sonda bizim məmurlarımıza növbəti diplomatik dərs olmalı və özlərini xeyir-şərdə nizam-intizamlı aparmağa məcbur etməlidir...

Elbrus Ərud