“Mincivan stansiyasının yaxınlığındakı ağacların yerini dəyişdiririk”

mincivan-stansiyasinin-yaxinligindaki-agaclarin-yerini-deyisdiririk
Oxunma sayı: 1817

“Xüsusi ilə vurğulamaq istəyirəm ki, ADY həyata keçirdiyi layihələrdə ətraf mühitin mühafizəsi məsələsinə xüsusi önəm verir. Məhz bu səbəbdən ADY bu il BMT-nin Qlobal Sazişinə üzv olmaqla ətraf mühitin qorunması, sosial məsuliyyət və yaxşı idarəetmə prinsiplərini öz fəaliyyətinə uğurla inteqrasiya etməyə başlayıb. Ətraf mühitin qorunması “Milli Prioritetlər 2030’’ fəaliyyət proqramında, o cümlədən ADY-nin Dəyərlər sistemində də yer alır”.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri “Azərbaycan Dəmir Yolları’’ QSC-nin (ADY) Tikinti layihələrinin idarə olunması departamentinin müdiri Tural Abbaslı deyib.

“Bir maraqlı hadisəni sizinlə paylaşmaq istərdim ki, Horadiz-Ağbənd xəttinin 85-ci km-də, Mincivan stansiyasının yaxınlığında meşəlik ərazi var idi. Biz Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə razılaşdırılmış şəkildə həmin ağacların yerini dəyişdiririk. Maksimum çalışırıq ki, dəmir yollarımızın tikintisi zamanı ətraf mühitə ziyan dəyməsin.

Hər layihəmizdə komponent olaraq belə bir tələb var ki, dəmir yolu zolağı boyunca həm sağ, həm də sol tərəfdə  ağaclar əkilsin. Bərdə-Ağdam layihəsinin artıq bir hissəsində şam ağacları və digər növ ağaclar əkilir. ADY olaraq dəmir yolu xəttləri boyunca yaşıllaşdırma zolaqlarının salınmasında bir neçə məqsədimiz var: ağaclar həm qatarlardan gələn səsi “boğur”, yəni küy izolyasiya qabiliyyəti var, həm də standartların tələbləri var ki, təhkim zolağında hər iki tərəfdə ağaclar əkilməlidir. Bu yanaşma layihələrimizdə yaxından iştirak edən podratçılar qarşısında da tələb kimi qoyulub. Ağaclar dəmir yolunda tikinti-quraşdırma işləri başa çatandan sonra əkilir ki, həm zədələnməsin, həm də suvarma məsələsində problem yaşanmasın.

Bilirsiniz ki, ətraf mühitə təsirin qiymətləndirilməsi hesabatında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin konkret tələbləri qeyd olunub. Bu hesabat hazırlanıb təqdim edilmədən FHN-nin ekspertiza qrupu layihəni qəbul etmir.

Ümumiyyətlə, biz layihələrin yalnız iqtisadi tərəfini düşünmürük, sosial baxımdan da xüsusi həsaslıqla yanaşırıq. Çalışırıq ki, balanslaşdırılmış yanaşma, yəni həm iqtisadi, həm də sosial, yəni bir sözlə regionların və iqtisadiyyatın davamlı inkişafını nəzərə almaqla layihələrimizi uğurla icra edək”, - deyə o bildirib.