Müsavatdan Tural Abbaslı ilə bağlı - - Bəyanat

musavatdan-tural-abbasli-ile-bagli-
Oxunma sayı: 1181


"Qafqazinfo" həmin bəyanatı təqdim edir:

"Nəsimi rayon məhkəməsinin siyasi sifarişlə 15 sutkalıq həbs cəzasına məhkum etdiyi Müsavat Partiyası Gənclər Təşkilatının sədri, partiyanın Divan üzvü Tural Abbaslının vəkili Əsabəli Mustafayevin onunla görüşdən sonra verdiyi məlumata görə, Binəqədi rayonundakı Müvəqqəti Saxlanma Təcridxanasında saxlanılan Tural Abbaslıya Ramazan bayramı günlərində belə adi sudan başqa heç bir ərzaq verilməyib. Təcridxanada saxlandığı ilk iki gündə onun qolları arxa tərəfdən qandallanıb. 3-cü gün isə qolları qabaq tərəfdən qandallanaraq istilik sisteminə bağlanılıb. T.Abbaslının qollarının qandallanmasını təcridxananın yeni rəisi Ramin İmanov da etiraf edib və bunun təcridxananın guya daxili nizamnaməsinə uyğun olaraq həyata keçirildiyini bildirib.

Bu gün T.Abbaslıya anası və qardaşı ilə 4 nəzarətçinin müşayiəti altında 15 dəqiqə görüşmək imkanı verilib. Qardaşının verdiyi məlumata görə, T.Abbaslının qollarında qandalın yeri, bədənində isə fiziki təzyiqlərə məruz qaldığını sübut edən izlər qalmaqdadır.

Müsavat Partiyası Müsavat Gənclər Təşkilatının sədri, Divan üzvü Tural Abbaslıya qarşı Müvəqqəti Saxlanma Təcridxanasında təcridxana rəisi Ramin İmanovun bilavasitə göstərişi ilə işgəncə verilməsi faktının gənc fəalların siyasi aktivliyinin qarşısını almağa yönəlik qanunsuz hərəkət hesab edir. Bu işgəncələrin verilməsinə qanunsuz göstəriş verən təcridxana rəisinin qanunauyğun şəkildə cəzalandırılmasını tələb edir.

Müsavat Partiyası Azərbaycanda fəaliyyət göstərən beynəlxalq təşkilatları bu məsələni diqqətdə saxlamalarını vacib hesab edir".