Nargin macərası - “Həyatımın hekayətləri” VIII hissə

nargin-macerasi-heyatimin-hekayetleri-viii-hisse
Oxunma sayı: 960

Məlumat üçün bildirək ki, XX əsr Azərbaycan tarixinin ensiklopediyası adlandırılan bu əsər çox ciddi və maraqlı faktlarla zəngindir. Əsərdə XX əsin əvvəllərində Cənubi Qafqazda, İranda və Türkiyədə baş verən proseslər əks olunub. Kitabda Əziz Alpoudun Məhəmmədəmin Rəsulzadənin, o cümlədən digər demokratik respublika qurucularının ünvanına şok ittihamları, onları satqınlıqda ittiham edən fikirləri yer alıb. Olduqca maraqlı və qalmaqallı məqamların yer aldığı kitabın elektron versiyası müəllif tərəfindən “Qafqazinfo”ya təqdim olunub. Biz kitabı bu gündən hissə-hissə çap etmək fikrindəyik. Kitabda yer alan fikirlərlə bağlı müzakirələrə qoşulmaq istəyənlər öz rəylərini göndərə bilərlər.

Əvvəli BURADA

Qua Vadis Domine!..


27 aprel 1920-ci il!.. Azərbaycanın qara günü!..
O gün səhər açılandan keyfim yox idi. İşdə olmağıma baxmayaraq, heç işləmək həvəsində deyildim. Katibəm-təəssüf ki, rus qızı Mariya, mənə çox bağlı olduğu üçün tez-tez soruşurdu:”Bu gün sizə nə olub, heç əhvalınız yoxdur. Elə hey düşünürsünüz; yoxsa, nə isə qəbahət bir iş tutmuşam?”
Onunla heç bir əlaqəsi olmadığını Mariyaya izah etdikdən sonra zavallı qız sakitləşdi.Xətrimi çox istəməsi onunla yaxşı rəftar etməyimdən irəli gəlirdi. Zəif, sısqa, lakin çox çalışqan olan bu qızcığaz, tez-tez huşunu itirirdi. Belə hallarda mən onu qollarımın arasına alaraq, quş kimi yüngül bədənini tibb bacısının yatağına uzadır, dərmanlarını içirirdim. Bilmirəm, bəlkə də, bu ürək getmələrinin başqa bir səbəbi də vardı, lakin aramızda olan bu münasibət, sadəcə, səmimi dostluq münasibəti idi. Başqa heç bir şey yox idi və ola da bilməzdi.Çünki mən iş yerində çox ciddi idim. Hətta, Mariyadan əvvəl katibəm olan, polşalı Annanı da bu səbəbdən idarədən çıxartmışdım. Mariyanın gələcəkdə mənə çox yardım edəcəyini düşünürdüm, bu düşüncəmin həqiqət olduğunu çox sonralar bildim.
Axşam işdən evə gəldiyim zaman anam da əhvalımın olmadığını hiss etdi.Ürəkaçan bir halın olmadığını ona izah etməyə çalışdım.”-Vəziyyət qarışıqdır, anacan, heç bir şey əvvəlki kimi deyil”- deyərək, üstüörtülü şəkildə anamı vəziyyətdən hali etməyə çalışdım.
Əli qardaşım, tibb məntəqəsindəndən hələ gəlməmişdi. Mən sürətlə sənədləri axtarıb, lazımi qeydlər hazırlayırdım. Bir xeyli vaxt keçmişdi. Bu əsnada qardaşım da gəlib çıxmışdı. Biz şam yeməyini yedikdən sonra, bir az dərdləşmək üçün bacımgilə gedəcəkdik.Yemək yedikdən sonra qardaşımı bizim küçədəki bir xəstə yanına apardılar. Saat səkkiz radələrində telefon zəng çaldı. Dəstəyi qulağıma yaxınlaşdırdım. Qarşı tərəfdən:
-Əziz mən Sonyayam. Məni dinləyin, lakin sizə söylədiklərimi heç kimə söyləməyin!..
-Əlbəttə, Sonya, nə olub?.. Tez danışın...
-Sizə çox pis bir xəbər verəcəyəm, Əziz!.. Buna çox üzülürəm!..
Artıq səbrim çatmırdı:
-Allah eşqinə, tez söyləyin... Axı nə olub?
Sonyanın səsi astaca gəldi:
-Rus ordusu... Bakıya... yaxınlaşır... Qorxuram... birdən sizə bir şey olar!..
Və əlaqə kəsildi. Zavallı qızcığaz çox qorxmuşdu. Haqlı idi... Əgər telefon stansiyasında rusların adamları vardısa...
Dərin bir düşüncə bürüdü məni... Sonya mənimlə belə zarafat etməz... Mənə yalan danışmaz...
İndi artıq hiddətlənmişdim. Hökumətə əsəbiləşir... yəhudilərə, ermənilərə, yurdumuza sığınmalarına icazə verdikləri üçün, rus mürtədlərinə lənət yağdırdım... “Lakin... Bəlkə... Yox, yalan deyil!.. Bunu öyrənməliyəm! Stansiyaya gedərək, bunu öyrənməliyəm!..” deyərək, təcili milli paltarımı geyindim, xəncərimin qayışını belimə bağladım... saçaqlı yapıncımı çiyinlərimə atdıqdan sonra səssiz-səmirsiz “beşaçılan”ı divardan endirdim və cəbhə çantamı da götürərək, gizlincə eyvana çıxdım,”qara qapıdan” həyətə keçib, küçəyə doğru yönəldim...
Sonya Stavropol liseyində oxuduğum zaman, tanış olduğum yəhudi bir ailənin qızı idi. Atası dərzi idi. Anası da ona kömək edirdi. Sonya qızlar liseyində təhsil alırdı, məndən də bir sinif aşağıda oxuyurdu. Tətil günlərində bu ailəni ziyarət edər, digər gənclərlə birlikdə əylənərdik. Ziyarətlərimdən birində Sonyanın dayısı məni hipnoz etməyə cəhd etmişdi. Həmin gün Sonya da orada idi. Mən Stavropoldan döndükdən bir il sonra, Sonya da liseyi bitirmiş, anası və atası ilə birlikdə Türkistana köçmüşdülər. Azərbaycan Müstəqillik əldə etdikdən sonra isə Bakıya gələrək, yəhudi məhəlləsində yaşamağa başlamışdılar.
Türkistanın Aşqabad şəhərində yaşadıqları zaman, Sonya mənə məktub yazaraq, Türkistana dəvət etmişdi. Mən də bu dəvəti sevinclə qarşılamışdım. Çünki heç vaxt Türkistanda olmamışdım... Oranı çox görmək istəyirdim... Bu dəvət mənim üçün böyük bir fürsət idi...
Heç unutmaram,dəniz sahilində yaşadığımıza baxmayaraq, ilk dəfə idi ki, gəmiyə minirdim. Bakı-Qızılarvad xəttinin hər zaman fırtınalı olduğunu deyirdilər. Dostlarımın bəzisi:”Yola çıxmazdan öncə yaxşıca ye,”-deyə məsləhət vermişdilər. Mən də onların məsləhətinə əməl etdim. Gəmi hərəkət etməmişdən əvvəl yaxşıca qarnımı doldurdum. Artıq qorxum yox idi!.. Lakin yola düşüdükdən 2-3 saat sonra, gəmimiz yellənməyə başladı. Bir müddət dözdüm. Amma az sonra yediyim yeməklər balıqlara qismət oldu... Yəni verilən məsləhətin heç bir faydası olmadı...
Bütün gecəni hərəkətsiz şəkildə yatdım və səhər erkəndən Qızılarvad limanına çatdıq. Burada türkmən qardaşlarımızla ilk dəfə əlaqə qururdum.Sevinc içində idim.Qatarın hərəkət vaxtına qədər bazarda gəzdim,”gümüşü” kürk aldım. Bir neçə saat sonra “Gümüşsu” stansiyasına çatdıq. Kiçik stansiya olmasına baxmayaraq, qatar burada xeyli dayandı. Bunun səbəbini qatarın dayanmağından istifadə edərək, daxil olduğumuz muzeydə başa düşdük. Burada böyük həyəcan və qürurla izlədiyim bir portretlə qarşılaşdım. Bu, hər hansı bir rəsm əsəri deyildi. Bu portret rusların ilk dəfə Türkistana hücumu zamanı kiçik bir müharibəni təsvir edən səhnə idi.Top və əllərində süngülü tüfəngləri olan rus əsgərlərinin qarşısında dayanmış milli geyimli, heybətli görünüşü olan aslan kimi dayanmış bir Türkmən... Ayaqyalın, sol əlində qalxan kimi tutuduğu uzun saçaqlı, quzu dərisindən tikilmiş papağı, sağ əlində isə havaya qaldırdığı qılıncı ilə düşmənin başını qoparmağa hazır bir şəkildə gözləyirdi... Muzeydə bundan savayı heç nəyə baxmadım. Baxmaq istəmədim... Gözlərimdən süzülən iki damla yaş qardaşım Türkmənin ayaqlarının altına düşdü və Türk torpağını islatdı. Bəli, çox təəssüf ki, biz Türklər, son dövrlərdə, sadəcə öz cəsarətimizə güvənərək hərəkət etdik, silah üstünlüyünü təmin edə bilmədik və bu səbəblə də itkimiz çox oldu. Çox təəssüf!..
Gözü yaşlı qatara yaxınlaşdım və qürurla vaqona daxil oldum... Üstündən uzun illər ötməyinə baxmayaraq, o səhnə hələ də gözlərimin önündədir. Əslində, ruslar bu əsərlə öz uğurlarını göstərmək istəmişdilər. Lakin bu portret əsl Türkün qəhrəmanlığını sərgiləmişdi. Kükrəmiş aslan yavrusu, bilərəkdən ölümə gedirdi... Ulu yurdu üçün. Onun qarşısını nə top, nə də güclü qüvvə ala bilməmişdi.Qarşısına çıxan yağıya qılıncsız hücum edirdi.
Səhəri gün Aşqabada çatmışdım. Sonya stansiyada böyük bir sevinclə qarşılamışdı məni. Evlərinə getmək üçün çox israr edirdi. Lakin mən utandım, razı olmadım. Sonya boynunu əydi və məni evlərinin yaxınlığındakı otelə apardı.
Sonyanın ailəsi çox mehribancasına qarşıladı məni. Lakin qatarda qotur xəstəliyinə tutulduğum üçün Aşqabadın hər tərəfini görmək qismət olmadı. Axşam oteldə bədənim və xüsusilə də, barmaqlarımın arası çox qaşınmağa başladı. Səhəri gün Sonya çox üzgün şəkildə məni yola salırdı...

Stansiya yolunda

Üstündən illər keçdi... İndi axşamın səssizliyində, stansiya istiqamətində, dərin düşüncələrə qərq olaraq addımlayırdım. Sonyanın dedikləri həqiqətdirmi? O, belə zarafat etməzdi axı. Çörək mağazasının yanından keçərkən ,”bəlkə, nə isə bir hadisə baş verər, hər ehtimala qarşı bir neçə çörək alım”-deyə fikirləşdim.Çörəyi çuxanın döş cibinə soxdum və yoluma davam etdim. Bu səssizlik məni narahat edirdi. Əgər, həqiqətən də onun dediyi kimi bir vəziyyət vardısa, o zaman küçələr silahlı əsgərlərlə dolu olmalı idi. Lakin mən bir əsgərlə də olsun qarşılaşmadım. Milli Məclisin yerləşdiyi küçə ilə aşağı enərkən, yaxınlıqda yerləşən “Metropol” otelində orkestrin çaldığı musiqi gəldi qulağıma. Salon aydınlıq içində idi. Öz-özümə:”Burada ziyafət var”-deyə düşündüm.Yoxsa, Sonya mənimlə doğrudan da zarafat etmişdi? Maraqlı gəldi.Giriş qapısında dayanan qapıçıya yaxınlaşdım və əyləncənin səbəbini soruşdum.”-Dövlət müsafiri olan İtaliya Ticarət heyətinin şərəfinə verilir”-deyərək, cavabladı. Heç nəyi dərk edə bilmədim. Başımı yelləyərək aşağı, stansiya istiqamətində getməyə başladım. Stansiyaya gedən qaranlıq yoldakı Telefon küçəsinə gəldiyimdə bura mənə çox sıxıcı gəldi. Bu küçə boş idi. Dalğın-dalğın küçə ilə gedərkən qəfildən qarşımı bir neçə silahlı əsgər kəsdi:
-Dayan!- deyə əmr verdilər.
Leytenantlardan biri:
-Sən kimsən? Haraya gedirsən? Silah daşıma iznin var?-deyərək, sual atəşinə tutdu məni.
Mən güldüm və çox keçmədən onların jandarm bölməsindən olduğunu başa düşdüm.
-Cənablar! Mənim kim olduğum bir yana, sizin sualınız mənim xoşuma gəlmədi. Silah daşıma izniniz var?.. Bu gün silahsız gəzən türklərə,”Niyə silahsız gəzirsən?” deməyiniz daha doğru olardı! - deyəndə, əsgərlər təəccüblə üzümə baxdılar. Nə demək istədiyimi başa düşməmişdilər. Mən yenidən sözə başladım:
-Deyəsən, siz rus Bolşevik ordusunun şəhərə yaxınlaşdığından xəbərdar deyilsiniz. Zənnimcə, artıq düşmən stansiyanı işğal edib!
Uşaqlar təəccüb içində qalmışdılar. Hələ mənim kimliyimi öyrənincə daha da təəccübləndilər.
-Siz nə danışırsınız, Tanrı xatirinə? Bunu kim dedi? Belə şey olarmı?..
-Olar, dostlar, olar! Hələ aramızda şeytan olduğu təqdirdə... Növbətçi zabitiniz kimdir?
-N. bəy.
-Aman Allah,o ki mənim dostumdur. Xahiş edirəm, biriniz məni onun yanına aparın.
-Onsuz da hamımız onun yanına gedirik. Buyurun, gedək.
Getdik. İçimdə yenə öz-özümə “çox qəribədir, necə ola bilər ki, belə bir hadisədən jandarmanın xəbəri olmasın? Özü də stansiyanın lap yaxınlığında...”
Dostum N məni milli geyimdə gördükdə güldü:
-Sən yenəmi silaha sarıldın? Özü də tam təchizatlı!
-Bəsdir, zarafat etməyin vaxtı deyil. Sənin otağın hardadır, telefonun varmı?
-Əlbəttə,var. Telefonu neyləyirsən? Otağıma gəl!
Otağına keçdik.

Təəccüb

Məsələni N-yə izah etdim:
-Əldə etdiyim məlumata əsasən, Qırmızı Rusiyanın zirehli qatarı Bakı stansiyasına girir...
Elə bil ki, N-nı ildırım vurdu.Yerindəcə donub qaldı. Daha sonra cəld ayağa qalxıb:
-Sən nə danışırsan? Belə şey olar?..
- Stansiya ilə danış görək hələ,- dedim.
Stansiyadan cavab verən olmadı. Başqa yerlərə də zəng vurdu. Lakin yenə də cəhdləri cavabsız qaldı. Səs gəlmirdi... Xətlər kəsilmişdi... N-nı təəccüb içərisində qoyub, çölə çıxdım. Sonya həqiqətən də haqlıymış... Bütün bunları gözlərimlə də görmək istədim. Stansiyanın yaxınlığındakı parkdan keçərkən, tanış bir jandarmaya rast gəldim.O da məni görən kimi salam verdi. Vəziyyəti xəbər aldım:
-Pis, çox pidir! Yaxşısı budur, stansiyaya getməyin. Bir az əvvəl bizim dəmiryolu jandarma komandirini və 4-cü şöbənin komandirini də tutub apardılar!- dedi. Bütün bunlara baxmayaraq, hər şeyi öz gözlərimlə görmək istəyirdim.Yoxsa, rahat olmayacaqdım. Silahımı yapıncımın altında gizlətdim və stansiya qapısından içəri daxil oldum. Aşağı mərtəbədə də heç kim yox idi. İkinci mərtəbəyə çıxdım və perrona keçdim. Bir xeyli irəlidə, stansiyadan kənarda körpünün altında zirehli bir qatar göründü. Lakin ruslar meydanda görünmürdü. Bu necə iş idi? Gizli bir əl var idi, mütləq burada...
Geri dönərkən, məni heyrətə salan bir mənzərə ilə qarşılaşdım. Stansiyanın perosunda əlində “Naqan” tapanca olan, qara paltolu, başında şiş qara papaq olan, orta boylu bir şəxs İstanbul ləhcəsi ilə danışır, həyəcanlı şəkildə göstərişlər verirdi...
Ağlımdan bir fikir keçdi.Görəsən, həqiqətən də ruslar Türkiyəyə köməyə gəlirdilər? Bu səbəblə də türkiyəli qardaşlarımız müdaxilə edirlər... Sonradan adının Kiçik Tələt olduğunu öyrəndiyim bu şəxsin kimə işlədiyi bəlli olmuşdu. Lakin o anda: Bu həbslər nə üçündür? Kimin lehinə işləyir bu şəxs? Nə üçün Azərbaycan ordusunun Qarabağda ermənilərlə vurşmayan hissəsi Türkiyəyə yardıma getmir, amma ruslar, Qırmızı Ordu gedir? Bu haqda əsgərlərimizin xəbərləri belə yoxdur... Ulu Tanrım, bu necə işdir? Türkiyəli qardaşlarımıza ruslar bizdən daha yaxındır? Xeyr! Burada mütləq bir tələ qurulub! Bunu anlamalıydım.
Beləcə, öz-özümə danışa-danışa arxa qapıdan keçdim və yenidən Telefon küçəsinə gəldim.Ürəyim çox pis sıxılırdı. Qan ilə əldə edilən yurdumuzu itirirdik.
“Səbr, yenə də səbr!..” Bu düşüncələrlə yoluma davam edərkən, anidən yanımda bir avtomibilin dayandığını gördüm. Başımı döndərib, avtomobilə baxdığımda, ən yaxın dostum olan Əli bəyin (Qulubəyli) maşınını tanıdım. Sürücü başını çölə çıxardıb, məni salamladı:”-Buyurun! Əli bəy evinizə zəng vurdu, sizi tapa bilmədi”. Etiraz etmədən maşına mindim. Düşüncələrimdən ayrıldığımda, özümü Əli bəygilin Vrangelsk küçəsində yerləşən evlərinin önündə gördüm. Sürücüyə təşəkkür edib, yuxarı çıxmaq istərkən, yeni bir xəbər verdi: ” Maşınımıza Tlexas Paşa əl qoyub, indi onu gətirməyə gedirəm. Allaha əmanətsiniz,”- deyərək, sürətlə uzaqlaşdı.
Bu xəbər məni bir az da canlandırdı. Deməli, nəhayət ki, hökümətin ağlı başına gəlib və Ankara valisinə səlahiyyət verib.O da lazımi tədbirləri görəcək. Qapı zəngini çaldım. Qapını Fraeulein (alman mürəbbiyə) açdı. Qarşısında milli geyimli, silahlı şəxsi görəndə, təəccübləndi. Tanıdıqdan sonra isə, içəri dəvət etdi:
-Axşamdan sizi gözləyirik! Bu nə geyimdi? Ananız sizin üçün çox narahatdır. Bir neçə dəfə bizə zəng edib, sizi soruşdu, kiçik xanımla danışdılar.
Yapıncımı, tüfəngimi açıb, Fraeuleinin arxasınca yemək otağına getdim.
-Silaha sarılmışdım, Fraeulein, lakin deyəsən, həyəcan siqnalı səhv idi.Yenidən mülki geyimə keçəcəyəm.
Fraeulein dediklərimdən heç nə anlamadı. Onsuz da ehtiyac da yox idi. Bu bizim dərdimizdi.Vətənin, yeni Müstəqillik əldə edən bir millətin dərdi...
Elə bu əsnada qapı açıldı və Əli bəyin on altı yaşlı bacısı, gülərüzlü Ruqiyyə içəri daxil oldu. Həmişəki kimi məni yenə də böyük hörmətlə qarşıladı.
-Qardaşım indi telefonla sizi axtarırdı...
-Hardan zəng vurmuşdu?
-Sizdən.
-Elə isə mən icazənizi istəyim. Danışa bilərəmmi?
-Əlbəttə, buyurun!
Əlini qapının dəstəyinə uzadarkən əllərimiz bir-birinə toxundu. Şirin bir istilik hiss etdim. İş otağına keçdim və telefona yaxınlaşdım.O anda ağlımdan Əli bəylə tanış olduğum günlər keçdi...
1917-ci ildə eyni qatarda Rusiyaya təhsil almağa gedərkən yolda tanış olmuşduq. İkimiz də universitet tələbəsi idik.O, Moskvada əsilzadələrə məxsus hüquq fakültəsində oxuyurdu, mən isə Dorpat universitetinin hüquq fakultəsində.
Əli bəyin geyindiyi forma çox gözəl idi. Qızıl şırma ilə işlənmiş yaxası, qızıl qollu, qızıl düyməli. Bakıda elə geyimli insanlarla dost olmazdım. Lakin onunla qatarda tanış olduq, milli davalardan danışdıq və çox gözəl dostluq əlaqələri qurduq. Hər ikimiz də qatı millətçi idik. Bizi birləşdirən də elə bu duyğularımız idi. Əli bəyin qardaşı Teymur bəy də çox gözəl bir insan idi. Moskva səyahətində o da bizimlə bərabər idi. Bakıda onların neft quyuları və neftayırma zavodları var idi.Teymur bəy də bu işlərlə əlaqədar olaraq, Moskvaya gedirdi.
İlk dəfə Bakıdakı evlərinə getdiyim zaman, Əli bəy bacıları ilə məni tanış etdi. Böyük bacısı Səlimə, kiçiyi Ruqiyyə. Aralarında 2-3 yaş fərq vardı. Bir-birlərinə çox oxşayırdılar. Səlimə bir az kök idi. O dövrlərdə evə gələn qonaqlarla evin qızlarını çox nadir hallarda tanış edərdilər.Əli bəylə o qədər yaxın dost idik ki, o, məni öz ailəsindən biri hesab edir və bacıları ilə tanış etməkdən çəkinmirdi.
Xarakter etibarilə Səlimə daha zarafatcıl idi. Ruqiyyə isə utancaq və öz aləminə qapılmış bir qız təsiri bağışlayırdı. Hər ikisi də tərbiyəli, adət-ənənəmizə bağlı qızlar idi. Ruqiyyənin utancaqlığı və öz aləminə qapanması məni daha çox cəlb etmişdi. Lakin o dövrlərdə başımız milli məsələlərə o qədər qarışıq idi ki, qızlara ayırmağa vaxtımız qalmırdı.

Nargin macərası

Həmin illərdə Milli Tələbə Birliyində işləyirdik. Bir tərəfdən də gizli təşkilatda* idik. Bu təşkilatda bizin xüsusi vəzifəmiz var idi. Xəzər dənizində, Bakıdan 10 mil uzaqda Nargin adlı bir ada var. Bizdə olan məlumata görə, bu adada Türkiyəli qardaşlarımız saxlanılırdı. Onların hamısı da zabit idi. Hətta, aralarında diqqətsizlikdən xəstələnənlər, ölənlər də vardı. Təşkilatımız bu məsələ ilə çox yaxından maraqlanırdı. Məqsədimiz bu ölüm adasından heç olmasa, yüksək rütbəli zabitləri qaçırmaq idi. Lakin müharibə dövründə bu heç də asan bir iş deyildi. Birincisi, biz onlarla necə əlaqə yarada bilərdik? Əsas bu sual idi. Sonrası isə asan olacaqdı. Bu işin öhdəsindən ancaq xanımlar gələ bilərdi. Nəhayət, bu vəzifə bacım Sürəyya ilə rəfiqəsi Suna Səlimxan xanıma verildi. Bu ailələr Çar Valisi tərəfindən rəsmi ziyafətə dəvət edilirdilər. Müvəffəqiyyət əldə etmək üçün Nargin adasında əsirləri görmək işinə tanışımız olan Norveç konsulu (və ya İsveç) da qatılıdı. Artıq icazə alınmışdı. Xanımlar konsulla bərabər həmin ziyafətə qatılacaqdı.
Plan isə belə idi: zabitlərlə qısa söhbətlər ediləcək, həmin sırada zabitlərdən birinin dişi ağrıyacaq və mütləq diş həkiminə getmək məcburiyyəti yaranacaqdı... Pulsuz olaraq, rusları heç bir maddi əziyyətə salmadan, bizim bir tanış həkim ünvanı veriləcək, buraya gətiriləcək və bizim qaçış planımız onlara izah ediləcəkdi...
Birinci planımız bizim istədiyimiz formada oldu. Zabitlərlə əlaqə qurulmuşdu. Diş ağrısına dözə bilməyən zabitlərdən biri rus əsgərləri ilə birlikdə Bakıya, bizim diş həkiminin yanına göndərilmişdi. Bir neçə dəfə həkimin yanına gəldikdən sonra, zabitin diş ağrısı kəsilmiş,”müalicə” tamamlanmış və qaçış planı dəqiqləşmişdi... Bu əsnada, bizim xanımlar isə günaşırı rus xidmətçi qadınlar ilə birlikdə, sinilərlə plov, bəzən də plovun altında işıq lampaları aparır və geri dönürdülər.


*Bu təşkilatı idarə edən İsa bəy idi. Rəhmətə getdiyini bildiyim üçün artıq adını yazmağımda heç bir problem yoxdu. Allah rəhmət eləsin.


Qaranlıq və buludlu bir gecə idi... Nargin adasına qayalıq tərəfdən köhnə yelkənli bir qayıqla yaxınlaşdıq.Qayıqdan zəif bir işıq yanıb, söndü. Səbirsizliklə cavab gözləyirdik... Həyəcandan, havanın sərinliyindən titrəməyə başlamışdıq.Vaxt çox uzun gəlirdi bizə. Qayıqçı da həyəcan içindəydi.
-Bizi tutsalar, nə olacaq?
-Balıq ovuna çıxmışdıq, yolumuzu itirdik - deyəcəyik.
Cavab qayıqçını qane etdi və susdu. İşıq!.. Sevincdən az qala var gücümüzlə qışqıracaqdıq. Qayığı işığın gəldiyi istiqamətə doğru yönəltdik. Beş dəqiqə keçmədən qaranlıqda bir kölgə göründü. Parolu eşitdik:
-Mən Türkəm!..
-Dinim, cinsim uludur!- deyə cavab verdik.
Biz sahilə yaxınlaşana qədər kölgələr çoxalmağa başladı. Salam verməyi belə unutmuşduq.Çünki buna vaxtımız yox idi. Sadəcə “Cəld olun!Cəld olun!” deyə, iki tərəfin də fısıltısı eşidilirdi.Və nəhayət, hamı yerində idi.
-Bu qədərmi? Daha gələn yoxdur ki?
-Bu qədər!
-Yelkəni aç! Tanrı köməyimiz olsun!
-Amin!
Heç kimin səsi çıxmırdı.Gecənin qaranlığında heç nəfəsləri belə hiss edilmirdi. Sadəcə qayığın burnuna dəyib geri axan dalğaların şirin səsi bu səssizliyin içində gözəl bir nəğmə kimi səslənirdi. Ara-sıra Bakının məhşur “Xəzri”si (şimal şərq küləyi) özünü göstərmək istəyirdi. Yelkənlər təhlükəli şəkildə qabarmışdı.Buna baxmayaraq qayıqçımız çox məharətli idi.Qayığın kəsdiyi sular az qalsın ki, içəriyə dolacaqdı. Hətta arada yağış da özünü göstərdi. Nəhaəyət, Zığın işıqları göründü. Çox sevindik.... Şükürlər olsun sənə, ey ulu Tanrı!..
Sahilə çıxdıq... hamımız sevinc içində bir-birimizlə qucaqlaşıb, öpüşürdük. Bizi sahildə gözləyən dostlarımızın maşınları yaxınlaşdı.Qonaqlarımız on altı zabit idi.Yaralıları evimizə apardım. Qardaşım və xanımı həkim olduğu üçün onları sağaldacaqlarından əmin idim. Digər qardaşım və xanımı isə aptek işçisi idilər.Yəni sirrimiz çölə çıxmayacaqdı...
Qaçırtdığımız zabitlər, ailələrə bölüşdürüldü. Dərhal hamısına mülki geyimlər geyindirildi. İran pasportu ilə təmin edildilər. Həmin günlərdə rusca nəşr olunan “Bakı” qəzetində belə bir xəbər vardı:”Dünən gecə Nargin adasında yerləşən əsir düşərgəsində saxlanılan bir qrup türkiyəli zabit gecənin qaranlığından faydalanaraq qaçmağa səy göstərmiş, lakin şiddətli fırtına səbəbi ilə qaçdıqları qayıq parçalanmış və qaçanların hamısı boğularaq ölmüşdülər...”
Bu xəbər həm təşkilatımızı , həm də qaçan zabitləri çox sevindirdi. Deməli, axtarış olmayacaqdı.O axşam İsmailiyə Yardım Dərnəyində kasıb tələbələr şərəfinə gecə var idi. Bizim əsirlər də orada idilər. Əvvəl sıxılsalar da, sonra keyfləri yerinə gəlmişdi. Artıq azadlığa qovuşacaqları gün yaxında idi... Həmin gecə valinin yanıdan keçərkən, onlardan biri “bizim kim olduğumuzu bilsən, ürəyin partlayar” deyərək, zarafat da etmişdi.Qonaq zabitlər şəhərə alışıncaya qədər onlara kömək edilirdi. İsmailiyə binasının yaxınlığında onlar üçün xüsusi bir yeməkxana da açılmışdı.Orada yemək yeyər, çaylarını içər, daha sonra isə kassaya yaxınlaşaraq pul verirmiş kimi davranırlardı, halbuki, özləri oradan pul götürürlərdi...
İçlərində rəssamlar da vardı. İtanbuldan gətirilmiş yağlı boyalarla bir neçə tablo çəkib, elə oradan asmışdılar.
İrana göndərmə imkanı təmin olunduqca, bəziləri yavaş-yavaş göndərildi.Yalnız biri qaldı. Həmin şəxs bizdə qalıb müalicə alan idi.Yarası bir neçə ay sonra sağaldı.Və o da ondan sonra Vətəninə döndü...
Bu zabitlərin adlarını unutmuşdum. Lakin üstündən uzun illər keçdikdən sonra Ankarada təsadüf nəticəsində tanış olduğum Raci Çakırgözlə söhbətimiz əsnasında həmin hadisəni ona danışdığım zaman çox sevindi və mənə bunu nəql etdi:
-Bəli, anlatdığınız həqiqətdir! Mən də həmin vaxt kiçik rütbəli bir zabit olaraq Nargin adasında idim. Gecə qaçırtdığımız zabitlərin hamısı yüksək rütbəlilər idi. Bəzilərinin adları və rütbələri hələ də yadımdadı.Yüzbaşı Fərhad bəy (8-ci alay,12-ci bölüyün komandiri),Yusuf Ağa (11-ci bölük), general Yaqub bəy. Sizin evinizdə qalan isə daha sonralar Kuleli hərbi liseyində müəllimlik edən zabitdir. Adını mən də xatırlamıram. Qaçırma hadisəsindən sonra, adanın rus generalı işdən azad edildi və Peterburqa göndərildi. Bizləri isə digər əsirlərlə birlikdə Sibirə sürgün etdilər.
O dövrdə bizim başqa fəaliyyətlərimiz də var idi. Çarın devrilməsindən sonra iqtidar Kerenski hökümətinin əlinə keçdi. Böyük Rusiya İmperiyasının çökməsi nəticəsində bu imperiyanın tərkibində olan millətlər arasında çaxnaşmalar meydana gəldi. Hər millət özünü, öz yurdunu rusların əlindən xilas etməyə çalışdı. Digər tərəfdən isə, uğursuz müharibə də Rusiya imperiyasının təməlini sarsıdırdı. Kerenski, milli hissi gücləndirmək üçün, müharibəyə davam əmri vermişdi. Lakin artıq dövlətdə nizam-intizam qalmamışdı. Biz türklər də qurtuluş üçün var gücümüzlə çalışırdıq. Sonra “Qanlı Mart hadisələri”ni xatırladım. Həyəcandan danışmaq məqsədilə yaxınlaşdığım telefona dəydim və ancaq o zaman otağa nə üçün girdiyim ağlıma gəldi...
Səsi eşidən Ruqiyyə içəri daxil oldu:
-Nəyəsə əsəbiləşdiniz? Hər halda telefon idarəsindəki qızlara...
-Yox, yox! Onlarla heç bir əlaqəsi yoxdur. Sadəcə telefonun başında keçmiş günlərimi xatırladım. Az qala telefonu salıb qırmışdım. Mart ayının qanlı günlərini xatırladım. Qan vurdu beynimə...
-Bəli-dedi, Ruqiyyə.-O günlərdə nələr çəkdik. Ermənilər bizi evimizdən əsir götürmüşdülər. Aşağı mərtəbədə yaşayan almanlar sonra sizin cəsarətinizi bizə anlatdılar. Atəş arasından keçərək bizim evə qədər gəlmişdiniz. Bizi evinizə aparmaq üçün... O yaxşılığınızı heç vaxt unutmaram...
-O, bir dostluq vəzifəsi idi. Mənim yerimdə Əli bəy də olsaydı, məni və yaxınlarımı xilas etmək üçün heç şübhəsiz eyni hərəkəti edərdi.
Söhbətimiz uzanınca Ruqiyyə, anamım məndən xəbər gözlədiyini xatırlatdı və ona zəng etməyimi xahiş etdi.
Telefon dəstəyini qulağıma yaxınlaşdırdım, qızın səsi eşidildi:”Xahiş edirəm, 34-78... oldu!” Və telefonda Əli bəyin səsi eşidildi:”-Əziz bəy, sənsən?.. Anan, hamımız bayaqdan səni axtarırıq. İndi yenə evə zəng edib səni soruşacaqdım. Nə isə, şükür Allaha... Tez gəl!.. Anan çox narahatdır...” Sağollaşaraq tez evə yollandım. Evimiz Zavedenskaya küçəsində yerləşirdi. Buradan beş-altı dəqiqəlik yol vardı. Evə gələr-gəlməz Əli bəy və bizimkilər ətrafımı sardılar və sual atəşinə tutdular məni.”-Hara getmişdin? Nə üçün silah götürmüşdün özünlə?..” və sair. Gördüklərimi, şübhələrimi onlarla da paylaşdım. Bir tələ qurulub... O tələyə biz də düşdük... Lakin tələni quran kimdir? Bu hələ bəlli deyil... Amma bir şey bəllidir ki,Vətənimiz əldən gedir... Millətimizi aldadıblar, səhv yola yönəldiblər. Hər tərəf idarəsiz qalıb... Heç kimin heç kimdən xəbəri yoxdur.
Bizimkilər məni maraqla, böyük həyəcanla dinləyirdilər. Gördüklərimi olduğu kimi anlatmışdım. Artıq səbrim qalmamışdı.Yerimdən duraraq onlara bağırdım:”-Əslində bu oyunda nə Türkiyə var, nə də Rus ordusunun onlara yardıma getməsi! Zənnimcə, bu rusların uydurmasıdır! Rus ayısı bu dəfə də başqa bicliklərlə pis pəncəsini Azərbaycanın zəngin qəlbinə uzadır. Neft quyularına sahib olmaq istəyir. Çünki bunlara sahib olmadan, Türkiyəyə qarşı çıxa bilməzdi...”
Ertəsi səhər, idarəmə getməzdən əvvəl stansiyaya getdim.Yan pilləkənlərdən perrona yaxınlaşdım və qəribə bir mənzərənin şahidi oldum. İkinci xətdə sərnişin vaqonlarından ibarət bir qatar dayanmışdı. Lokomativi yox idi... Sərnişinlər də yoxdu. Lakin rəflərdə çantalar var idi. Ələlxüsus, diqqətimi çəkən o dövrlərdə dəbdə olan, geniş dairəli qadın şapkalarının sarı rəngdə olan böyük dairəvi qutuları olmuşdu. Bu mənzərə məni çaşdırdı. Ağlımdan bir sual keçdi. Kimdir bu tərk edilmiş əşyaların sahibi? Nə üçün qoyub gedib? Bəs, özləri haradadır? Suallara cavab tapa bilmədən, tez perronu tərk etdim, arxa pilləkənlərdən sürətlə enib küçəyə çıxdım...
İdarəyə gəldikdən sonra həmin bu müəmma çözüldü: İdarəmizdə hər kəs, nazir ailələrinin sübhdən xüsusi qatarla qaçarkən tutulduqlarını danışırdı...
Acı xəbər Bakıdakı ziyalı ailələrə sürətlə yayılmışdı.O gecə çox az adam yata bilmişdi. Təbii ki, kommunizmdən özləri üçün mənfəət güdən qafillərdən savayı...
İlk xəbəri ertəsi gün sabah eşitdik. İqtidarda olan hökümətimiz yerli xainlərin, yəni içimizdəki şeytanların əlinə keçmişdi... Sabah tezdən Milli Məclis fövqəladə iclas çağırıb, idarəçiliyin yerli kommunistlərə verilməsi məsələsini sözdə müzakirə etmişdi. Qorxu, təhdid və silahlı təzyiq altında qalan Məclis, panika içində nə edəcəyini bilməmişdi. Hakimiyyətdə olan ”Ədəmi Mərkəziyyət Müsavat Partiyası” təslim olmağa qərar vermişdi. Lakin sonradan yaranan şayiələrə görə, məsələ Məclisdə səsə qoyulduğu zaman iqtidarın lideri M.Ə.Rəsulzadə arxa sırada oturubmuş və səs verməmişdir... Bunun nə qədər uydurma olduğunu irəlidə açıqlanacaq hadisələr isbat edəcəkdir; xüsusən də Stalin tərəfindən mükafatlandırılması...
Nəticədə,vətən xainlərin əlinə keçmişdi. Beləliklə, rusların planı baş tutmuşdu. Şayiə yayılmışdı ki, millət kommunistləri hakimiyyətə gətirmiş,o da rus ordusunu “özlərini qorumaq” üçün dəvət etmişdir... Rus imperiyasının hər yerdə tətbiq etdiyi taktika... Sözdə, Azərbaycan Müstəqil bir dövlət olaraq qalacaqdı, yalnız rejim dəyişəcəkdi.
Bu yalana inananlar da vardı... Amma, əksəriyyət çoxluq başını bulayıb, bacarıqsız və səriştəsiz dövlət adamlarını lənətləyirdilər:”Satdılar bizi! Sat-dı-lar!..” deyə satılmışların, türk olmayanların xəyanəti Azərbaycan türklərini bir o qədər də yandırmırdı. Lakin bir olay onları çox sarsıtmışdı.Türkiyəli əsirlərdən yaradılmış və Azərbaycan ordusuna bağlı olan xüsusi “Yardım Alayı”nın başında Çopur Baha Səid olmaqla kommunistlərin tərəfinə keçməsi xalqı çox üzmüşdü. Bunu, göz bəbəkləri kimi sevdikləri qardaşlarından heç... heç gözləməzdilər. Hamısına bir övlad münasibəti göstərmiş, ailələrdə yerləşdirilib, himayə olunmuşdular. Heç kəsin ağlına belə gəlmirdi.Çünki o vaxt biz onların hamısını Türk hesab edirdik. Niyə? Niyə bunu etdilər, deyə, millət üzülürdü. Kommunistlər Bakıda asayişi qorumağı Baha Səidə tapşırmışdılar. O, artıq heç kəsi tanımaq belə istəmirdi və mümkün qədər milli mühitdən uzaq durmağa səy göstərirdi. Çox vaxt ağ atın belində ,yanında mühafizəçiləri, təkəbbürlə şəhərin küçələrini gəzib-dolaşır, göstərişlər verirdi. Onu əsarətdən qurtarıb, bağrına basan qardaş millətə xəyanət edirdi. Kasıb, dövlətli- bütün xalqın ağzından bu acı sözlər eşidilirdi:Bəlkə, bilinməyən bir səbəb var idi. Lakin həqiqəti kim axtaracaq, haradan öyrənəcəkdi. Hamı gördüyünə qiymət verirdi. Hələ Əhməd bəy deyilən və Bakıda tanınmış ailələrin qapısı üzünə hər vaxt açıq olan, sarışın bir zabit vardı. O da əsirlikdən qurtarılmışdı. Bunu hər bir Türk bilirdi. Ancaq rus ordusu Bakıya girəndə, o özünü türk deyil, Arnavut (xristian) elan etdi və Əhməd Trınıç adı ilə cəllad rusların qurduqları “Çeka” təşkilatına (edam qərarları verib, icra edən xüsusi təşkilat) daxil olmuşdu. Bax bu da bizim sinəmizdə bəslədiyimiz və türk sandığımız insanlar!...
Türkiyədən gələn hər kəsi biz türk sanırdıq. Fəqət, bu harda... Bu acı olaylar millətimizi rus işğalından daha artıq üzürdü. Qardaş da qardaşa xəyanət edərmi? Heç olmasa, müştərək dinimiz buna mane olmalıydı. O hiss də yox idi! Bütün bu hadisələr, işğaldan əvvəl Azərbaycanda yayılan təbliğatın doğru olma ehtimalını yenidən ortaya qoyurdu.Guya ki, rus ordusu həqiqətən Azərbaycanı işğal etməyə gəlməyib, buradan keçərək Türkiyəyə yardıma gedəcəkdir!
Yenə də köhnə bir hiss baş qaldırırdı ürəyimizdə: Elə şey olarmı ki, əsrlərdən bəri düşmən olan rusun qəlbində türk millətinə qarşı belə bir şey haradan olsun?..
O gecə rus ordusu yavaş-yavaş paytaxta dolmağa başladı. Şəhərdəki erməni və rus azlıqları sevinirdilər. Ermənilər hələ ağıllanmamış və bildiyimizə görə, Mart faciəsini təkrarlamaq niyyətində idilər. Ruslar isə qiymətli sərvət olan Azərbaycan neftinə qovuşmaqlarından çox məmnun qalmışdılar. Narazı olan, üzülən isə biz türklərdik. Rusiyanın qarmaqarışıqlığından qaçıb, Azərbaycana sığınan və iş-güc sahibi olan bir rus mühəndisin arvadı da sevinirdi... Bizimlə üzbəüz evdə yaşayırdılar. Qadın məni görəndə: ”Kak xoroşo, ruskim sapoqom zapaxlo!” demişdi.Yəni- nə yaxşı rus çəkmələrinin qoxusu duyuldu- deməkdi bu... Bu sözlərə görə xəncərimi qarnına soxardım, amma hayıf ki, qadındı... Bir söz demədən, yanından ötdüm.
Bəli! Rus çəkməsi yenidən Vətənimizi çığnayır və rus istilası yurdumuzu qana boyayacaqdı...
Tanrı Böyükdür! Mənə də bir sevinc məqamı yaratdı.
Bir gün, işğaldan xeyli vaxt keçəndən sonra, rusların təşkilatı yerləşmək üçün bina axtarırdı. Bu ara, yalnız ər-arvaddan ibarət olan rus mühəndisinin evini münasib bildilər və dərhal evə yerləşdilər, kişini və arvadı çölə atdılar...
Qadın məlul-müşkül, çaşqınlıq içində baxarkən, mən də bir günah işlətdim, amma neyləyim, özümü saxlaya bilmədim:
-Necədir, xanım, rus çəkməsi qoxuyurmu?-deyə soruşdum.Qadın hirslənmədi. Haqlı olduğumu başa düşmüşdü. Bu halda bilmirdi, ağlasınmı, gülsünmü...
Ertəsi gün səhər Milli Məclisə getdim. Dirəyində, hələ də yellənən üçrəngli bayrağımıza baxanda, məni ağlamaq tutdu.Vətən xainləri hələ də onun kölgəsində, balkondan nitq söyləyir, xalqı başa salmağa çalışırdılar. Artıq iş-işdən keçmişdi və Türkiyəyə yardımdan bəhs edən kimsə yox idi...


Ardı var...