Cəbrayıl-Ağbənd istiqamətində elektrik xəttinin tikintisi başa çatmaq üzrədir

cebrayil-agbend-istiqametinde-elektrik-xettinin-tikintisi-basa-catmaq-uzredir
Oxunma sayı: 322

“Cəbrayıl-Ağbənd istiqamətində 74 kilometrlik 330 kV-luq iki dövrəli elektrik xəttinin tikintisi başa çatmaq üzrədir”.

“Qafqazinfo” xəbər verir ki, bunu “AzərEnerji” ASC-nin prezidenti Baba Rzayev Azərbaycan-Türkiyə 5-ci Enerji Forumunda çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, Azərbaycan-Ermənistan sərhədindən Naxçıvan istiqamətində elektrik veriliş xəttinin layihələndirilməsi üzrə işlər də artıq yerinə yetirilib.

Baba Rzayev qeyd edib ki, Naxçıvanda Azərbaycan ilə Türkiyə arasında birbaşa elektrik əlaqəsinin əsas elementlərindən biri olacaq çevirici yarımstansiyanın tikintisi üçün ərazi “AzərEnerji”yə ayrılıb.

Daha sonra çıxış edən Türkiyənin Elektrik Ötürmə Səhmdar Cəmiyyəti (Türkiye Elektrik İletim A.Ş. - TEİAŞ) İdarə Heyətinin sədri Mustafa Pustu bildirib ki, Azərbaycanla elektrik enerjisinin ötürülməsi üzrə əməkdaşlığı genişləndirəcəklər.

Onun sözlərinə görə, elektrik enerjisinin ötürülməsi iqtisadi inkişafın, sosial rifahın və milli təhlükəsizliyin əsas ünsürlərindən biridir:

“Bununla yanaşı, enerji keçidi, bərpa olunan enerji mənbələrinin elektrik ötürücü şəbəkələrinə inteqrasiyası və ölkələr arasında interkonnektor gücünün inkişaf etdirilməsi artıq yalnız milli deyil, regional miqyasda nəzərdən keçirilməli olan məsələlərə çevrilib”.

O qeyd edib ki, TEİAŞ Türkiyə elektrik sisteminin təhlükəsiz, keyfiyyətli və fasiləsiz şəkildə istismar olunmasına və inkişaf etdirilməsinə görə məsuliyyət daşıyır: “AzərEnerji” ilə texniki bilik və təcrübə mübadiləsinin artırılmasına, birgə layihələrin hazırlanmasına və regional interkonnektor imkanlarının inkişaf etdirilməsinə böyük önəm veririk. Bu prosesdə hədəfimiz yalnız yeni ötürücü xətlərin çəkilməsi deyil, Türkiyə və Azərbaycanın strateji üstünlükləri nəzərə alınmaqla, qarşılıqlı etimada əsaslanan, texniki cəhətdən güclü, kommersiya baxımından tətbiq olunan və uzunmüddətli perspektivdə davamlı regional elektrik infrastrukturunun formalaşdırılmasıdır".

M. Pustu vurğulayıb ki, TEİAŞ üzərinə düşən öhdəlikləri yerinə yetirməyə, Azərbaycan şirkətləri ilə sıx koordinasiyada çalışmağa və ölkələrin birgə enerji baxışına töhfə verməyə hazırdır.