Naxçıvandakı sualın təyyarədəki cavabı...

naxcivandaki-sualin-teyyaredeki-cavabi
Oxunma sayı: 10599

Naxçıvanda təşkil olunan “Diaspor Gənclərinin IV Yay Düşərgəsi”də debat keçirilir. Müzakirələr gərgindir.

Əsas suallardan biri budur:

- Niyə Amerikada Azərbaycanı tanımırlar?

Bu sual ətrafında bir saatdan çox gərginlik yaranır, gənclər emosialarını gizlədə bilmirlər. Xaricdə yaşayan və Diasporla İş üzrə Dövlət Komitəsi tərəfindən Naxçıvana dəvət olunan gənclərimizin cavabları müxtəlif olur.

Amma bu cavabların heç biri iştirakçılar üçün qaneedici hesab edilmir. 

Növbə-növbə cavablar verilir...

Kənardan müşahidə edirəm və öz-özümə düşünürəm:

- Axı Texas ştatında yaşayan hansısa amerikalının Azərbaycanı tanıması bizə nə verəcək, bizim üçün nə dəyişəcək? Bütün dünyada yaşayan insanlar Rusiyanı da tanıyır, Ukraynanı da. Məsələn, Uqandada yaşayan Cereminin bu iki ölkəni tanıması bir-birini qıran slavyan qardaşların həyatında heç nəyi dəyişmir, müharibə davam edir.

Əslində, “niyə tanımır?” sualı mənim üçün heç vaxt aktual olmayıb. Məsələn, mən 30 ilə yaxın məcburi köçkün həyatımda bir dəfə də olsun, bu sual barədə düşünməmişəm. Nə çadır şəhərciyində yaşayanda, nə də vaqonlarda... 

Mənim düşündüyüm və cavabını Vətən müharibəsindən sonra tapdığım sual bu olub: 

- Nə vaxt qayıdacağıq?

Bu, hadisədir! Ölkəni tanıdan hadisə!

Sadalayıram:

Prezident İlham Əliyevin fransız həmkarı Emmanuel Makrona Marsel nümunəsi çəkərək yerinə oturdan hadisə!

ABŞ-nin Azərbaycan və Ermənistanın XİN rəhbərlərini Vaşinqtona, sülh danışıqlarına dəvət edən hadisə!

Şimali Makedoniya Prezidentinin İlham Əliyevin telefon nömrəsini axtarmağa səbəb olan hadisə!

Bu, həm də, Serbiya Prezidentinə İlham Əliyevə xitabən “O Avropada çox məşhurlaşıb” dedirdən hadisədir.

Və ya Ermənistanın “humanitar yük” adı altında Laçın istiqamətində yüklər göndərməsi, rəsmi Bakının isə “Erməni sakinlərin həqiqətən də iddia olunduğu kimi gündəlik tələbat mallarına ehtiyacları varsa, bunun üçün Azərbaycanın təklif etdiyi və beynəlxalq tərəfdaşların dəstəklədiyi Ağdam-Xankəndi yolundan istifadə edilməsi mümkündür” mövqeyi kimi hadisə...

Ola bilər ki, İsveçrəni turizminə, şokoladına, Liberiyanı da Corc Vea görə tanıyırlar. Amma bizim məsələn, Didier Droqba səviyyəsində futbolçumuz yoxdur, heç bəlkə yaxın 15-20 ildə də olmayacaq. Amma tanınmaq üçün ciddi hadisəmiz, qələbəmiz var. 

Elə buna görə də, mənim üçün önəmli olan amerikalının yox, Amerikanın özünün Azərbaycanı tanıması, dövlət olaraq bizə münasibətidir. Bir halda ki, İtaliya və Almaniya ölkəmizin ərazi bütövlüyünü və suverenliyini tanıyır, deməli, bizim artıq tanınmaq kimi bir dərdimiz belə yoxdur.

Hətta Fransa, ermənipərəst olsa belə...

Gənclərin fəallığından debatda mikrofon mənə çatmır. Suala cavabı Naxçıvan səmasında yazıram...

Emin Səfərov