Nazir Naxçıvanda məktəb açılışında - Fotolar

nazir-naxcivanda-mekteb-acilisinda
Oxunma sayı: 2763

Noyabrın 24-də Ordubad rayonunun Azadkənd tam orta məktəbi əsaslı təmirdən sonra istifadəyə verilib.

Elm və Təhsil Nazirliyindən “Qafqazinfo”ya verilən məlumata görə, açılış tədbirində Naxçıvanda ölkə Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli, elm və təhsil naziri Emin Əmrullayev iştirak ediblər.

Məlumat verilib ki, 2000-ci ildə tikilən 288 yerlik məktəb binası bu il əsaslı təmir edilib. Üçmərtəbəli təhsil ocağında 16 sinif otağı, fizika, kimya və biologiya laboratoriyaları, şahmat sinfi, STEAM, kompüter və müəllimlər otaqları, hərbi kabinet, kitabxana, bufet və idman zalı yerləşir. Məktəbdə 23 kompüter və 4 elektron lövhə quraşdırılıb, internetə çıxış təmin edilib. Məktəbin həyətində açıq idman qurğuları və qazanxana tikilib, yaşıllıq sahəsi yaradılıb.

Hazırda Azadkənd məktəbində 155 şagird təhsilini davam etdirir. Onların təlim-tərbiyəsi ilə 22 müəllim məşğul olur.

Məktəbin müəllimləri ilə görüş zamanı Fuad Nəcəfli Naxçıvanda tədrisin keyfiyyətinin daha da yaxşılaşdırılması məqsədilə yeni layihələrin icra olunacağını bildirib.

Emin Əmrullayev kollektivi təbrik edərək Naxçıvanda yüksək keyfiyyətli təhsil ənənələrinin olduğunu bildirib. Qeyd edib ki, bu cür müasir məktəb binalarının istifadəyə verilməsi həmin ənənələrin innovativ yeniliklər əsasında daha da təkmilləşdirilməsinə imkan verəcək.