Nazirlikdə “Volqa” yeyintisi - Foto - Yenilənib

nazirlikde-volqa-yeyintisi
Oxunma sayı: 9358

Bu yaxınlarda Nəsimi Rayon Məhkəməsində Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun Təsərrüfat şöbəsinin keçmiş müdiri Şamil Şahbazovun həmin müəssisənin direktoru Rüstəm Talışinskiyə qarşı iddiası üzrə keçirilən prosesdə maraqlı faktlar üzə çıxıb.

“Qafqazinfo” Bakupost.az-a istinadən xəbər verir ki, İnstitut 2022-ci ilin dekabrında QAZ-3110 – “Volqa” markalı avtomobilin təmiri üçün tender elan edib. Tenderin nəticələrinə əsasən, növbəti ildə “Volqa” avtomobili əsaslı təmir edilib. Təmir İnstituta 9 min manata başa gəlib.

Maraqlısı isə odur ki, təmirinə 9 min manat xərclənən avtomobil 2025-ci ildə əmlak.gov portalında dəyərindən demək olar ki, 3 dəfə ucuz qiymətə - 3600 manata satışa çıxarılıb.

Bildirək ki, sözügedən məhkəmə prosesində Şamil Şahbazov tenderin formal xarakter daşıdığını, həmin maşına 1 manat da olsun, pul qoyulmadığını iddia edib. Onun sözlərinə görə, “Volqa”ya ayrılan yanacaq İnstitutda digər rəhbər vəzifəli şəxslərin maşınlarına vurulub. “Volqa”dan sadəcə “benzin silmək” üçün istifadə olunub.

O da qeyd olunub ki, həmin avtomobil məhz bütün bu əməliyyatların izini itirmək üçün satışa çıxarılıb.

Beləliklə, aydın olur ki, köhnə “Volqa”dan həm təmir, həm də yanacaq pullarının mənimsənilməsi üçün istifadə olunub.

Onu da qeyd edək ki, Şamil Şahbazovun İnstitutun direktoru Rüstəm Talışinskiyə qarşı iddiası qanunsuz olaraq işdən azad olması ilə bağlı idi. İnstitutla bağlı bir sıra qanunazidd faktlar təqdim edən Ş.Şahbazov hazırkı direktor R.Talışinski və keçmiş direktor, hazırda adı saxta sertifikasiya məsələləri ilə gündəmdə olan səhiyyə nazirinin müavini İlqar Qasımovun korrupsiya ilə məşğul olduqlarını iddia edirdi. Prosesin sonunda Ş.Şahbazovun işdən qanunsuz azad olunduğu sübut edildi və məhkəmə onun işinə bərpa olunması barədə qərar çıxardı.

***

Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu məsələ ilə bağlı açıqlama verib.

İnstitutdan “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirib ki, QAZ-3110 – “Volqa” markalı avtomobilin təmiri və satış qiyməti ilə bağlı 2022-ci il dekabr ayından tender prosesi “Dövlət satınalmarı haqqında” Qanununun 48-ci maddəsinə uyğun şəkildə həyata keçirilib.

“Tenderdə iştirak edən tərəflərdən ən uyğun təklif seçilib. Lakin tender rəhbərlikdə baş verən dəyişikliklər səbəbindən qalib şirkətlə müqavilə imzalanmayıb və tender icra olunmayıb.

Nəqliyyat vasitəsinin istismar müddəti bitdiyi üçün onun özgəninkiləşdirilməsi prosesi isə əmlak qanunvericiliyinə uyğun şəkildə dövlət portalı üzərindən şəffaf olaraq həyata keçirilib. Avtomobilin satış qiyməti müstəqil ekspert qiymətləndirməsi əsasında müəyyən olunub və mövcud bazar şərtlərini əks etdirib.

Prosesin mövcud qanunvericiliyin tələblərinə uyğun aparılmamasına hər hansı bir iddialar varsa, pozuntularla bağlı araşdırmaların aparılması üçün hüquq-mühafizə orqanlarına müraciət edilə bilər”, - məlumatda vurğulanıb.