Nazirliyin bazarı – yarmarkası - Reportaj

nazirliyin-bazari-yarmarkasi-reportaj
Oxunma sayı: 682

Kənd Təsərrüfatı Nazirliyinın təşkilatçılığı ilə hər həftə sonu Yasamal rayonu ərazisində təşkil olunan yarmarkada bir sıra qanunsuzluqların baş verməsi barədə redaksiyamıza məlumatlar daxil olub. Həmin məlumatlarda iddia edilir ki, yarmarkada kənd təsərrüfatı məhsulları olmayan kolbasalar, sosiskalar, konfetlər, çaxırlar, siqaretlər satılır. Üstəlik bu məhsullar gürcü istehaslı olmaqla yanaşı, saxta məhsullardır.

“Qafqazinfo”nun əməkdaşları iddiaları nəzərə alıb qeyd olunan ərazidə təşkil edilən həmin yarmarkaya gedib. Qeyd edək ki, yarmarka Respublika xəstəxanasının düz qarşısında yerləşir.

Yarmarkada ancaq yerli istehal olan kənd təsərrüfatı malları satılmalı olduğu halda, həqiqətən də burada çeşidli malların satıldığının şahidi olduq. Bazarda Gürcüstandan gələn qadınlar kolbasalar, sosiskalar, konfetlər, çaxırlar, siqaretlər satır. Onlar məhsulları Gürcüstandan gətirildiyini bildirdilər. Piştatanın altından üzərində gürcü hərfləri ilə yazılan çaxırlar, konfetlər, siqaretlər satılır. Konfetlərə baxanda heç birinin üzərində istehsal və son istifadə tarixinin olmadığını gördük. Hələ üstəlik dadına da baxdıq. Saxta olduğu o saat bilindi...

Qeyd edək ki, bu konfetlər hamısı saxtadır və çoxdan köhnəlib. Alıcı bir nəfər satıcıya yaxınlaşıb çaxırının olub-olmadığını soruşduqda satıcı qadın gizlətdiyi qutulardan çaxırı çıxarıb ona verdi. Qiymətinin də 12 manata olduğunu bildirdi...

Bundan əlavə satışda, “VIP” markalı və mənşəyi dəqiq bilinməyən siqaret də satılır. Üzərində gürcü hərfləri ilə yazılar olsa da, siqaret qutusunun üzərində akzis markası yox idi. İddia olunur ki, əslində həmin siqaretlər Ermənistanda istehsal olunur.

Yarmarkada satılması qeyri-mümkün olan sosiskalar da Gürcüstan istehsalı idi. Bir çox sərinləşdirici və adi sular da bu yarmarkanın qeyri-qanuni şəkildə satılan məhsullarındandır.

Digər diqqət çəkən məqam isə balıqların antisanitar şəraitdə satılması idi. Bildiyimiz kimi, balıqlar suda saxlanılmalı olduğu halda, yarmarkada qutuların içinə doldurularaq satılır. Baxanda bilinirdi ki, çoxdan ölüblər. Nəzərə alsaq ki, onlar Gürcüstandan bura gətirilənə kimi də xeyli vaxt sərf edilib, o zaman balıqların çoxdan xarab olması da şübhəsizdir.

Yarmarkadan bu görüntülərlə ayrılırdıq. Bu məqamda bizi lap dəhşətə gətirən mənzərələrin şahidi olduq. Rayondan məhsullarını burada satmaq üçün gələnlərin maşınlarının əraziyə pulsuz daxil ola bilməməsi nəzərimizdən yayınmadı. Yarmarkaya giriş sərbəst olmalı olduğu halda, mülki geyimli şəxslərin onlardan pul alaraq içəriyə buraxırdılar. Alınan məbləğ maşınların böyüklüyü və kiçikliyindən asılı olaraq dəyişir. Minimum 10 manatdan başlayır.

Kənd Təsərrüfatı Nazirliyin təşkil etdiyi belə yarmarkalarda kənd təsərrüfatı istehsalı olmayan məhsullarının satılması və üstəlik bu məhsulların həm saxta, həm də digər ölkədən gətirilərək satılması qeyri-qanunu olsa da, Yasamal rayonu ərazisində təşkil olunan bu yarmarkada bu qanunlar çoxdan pozulur.

Məsələ ilə bağlı Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Fərhad Quliyevlə əlaqə saxladıq. Fərhad Quliyev məlumatı eşidən kimi belə bir şeyin mümkünsüz olduğunu bildirdi. Əlimizdə bununla bağlı şəkillər olduğunu biləndən sonra bizdən israrla xahiş edərək həmin məlumatın dərc olunmaması istədi.

Məsələylə bağlı Yasmal rayon İcra hakimiyyətinin nümayəndəsi isə sualımıza özünəməxsus cavab verdi: «Yəqin hansısa alçaq zabordan tullanıb bu məhsulları yarmarkada satır”.

“Qafqazinfo” nun bu məsələni araşdırmaqda məqsədi bu cür qanunsuzluqları sadəcə oxuculara çatdırmaq idi. Hər gün bu bazardan saxta və vaxtı keçmiş məhsul alan yüzlərlə vətəndaş var. Və onların bu məhsullardan zəhərlənmə ehtimalı çox yüksəkdir. Biz sadəcə faktlarla bunları oxucuların nəzərinə çatdırdıq. Kənd Təsərrüfatı Nazirliyi isə təşkil etdiyi belə yarmarkalarda qanunsuzluqların qarşısını alsa, o zaman bu yarmarkalar həqiqətən də kənd təsərrüfatı məhsullarının yarmarkası olar...