Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov növbəti səyyar qəbulunu Qaraqaşlı kəndinin sakinləri ilə keçirib.
“Qafqazinfo” xəbər verir ki, səyyar qəbulda Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, hüquq-mühafizə orqanlarının nümayəndələri, idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhid ailələrinin üzvləri, müharibə iştirakçıları və kənd ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Səyyar qəbul zamanı Cəngan kənd inzibati ərazi dairəsi üzrə nümayəndə çıxış edərək, kəndin sosial-iqtisadi vəziyyəti, əhalinin məşğulluq durumu, infrastruktur təminatı və 2025-ci il ərzində kənd ərazisində həyata keçirilən abadlıq- quruculuq işləri haqqında iştirakçılara ətraflı hesabat təqdim edib.
Natiqlər “Prezident İlham Əliyevin dövlət gənclər siyasəti etibarlı gələcəyimizin qarantıdır” mövzusunda iştirakçılara ətraflı məlumat veriblər.
Bildirilib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət gənclər siyasəti Azərbaycanın uzunmüddətli və dayanıqlı inkişaf strategiyasının əsas sütunlarından biridir. Gənclərin hərtərəfli inkişafı, onların intellektual, mənəvi və fiziki potensialının üzə çıxarılması dövlət siyasətinin prioritet istiqaməti kimi müəyyən edilib. Bu siyasət gənclərin cəmiyyətin bütün sahələrində fəal iştirakını təmin etməklə yanaşı, milli-mənəvi dəyərlərə sadiq, vətənpərvər və rəqabətqabiliyyətli kadrların formalaşmasına xidmət edir.
Mirhəsən Seyidov bildirib ki, Prezident İlham Əliyevin həyata keçirdiyi dövlət gənclər siyasəti Azərbaycanın etibarlı, güclü və dayanıqlı gələcəyinin əsas təminatçısıdır. Bu siyasətin möhkəm ideoloji və strateji əsasları Ulu Öndər Heydər Əliyev tərəfindən formalaşdırılıb, gənclər dövlətin diqqət və qayğısı ilə əhatə olunub.
Ulu Öndər Heydər Əliyev gəncləri Azərbaycanın gələcəyi hesab edərək onların hərtərəfli inkişafını dövlət siyasətinin prioritet istiqaməti kimi müəyyən edib. Bu gün Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi siyasi kursu uğurla davam etdirərək gənclərin təhsilinin, elmi potensialının və peşəkar hazırlığının gücləndirilməsinə, onların vətənpərvər, milli-mənəvi dəyərlərə sadiq və rəqabətqabiliyyətli kadrlar kimi yetişməsinə xüsusi önəm verir. Gənclər üçün yaradılan geniş imkanlar, həyata keçirilən dövlət proqramları və islahatlar onların cəmiyyətin bütün sahələrində fəal iştirakını təmin edir.
RİH-in başçısı qeyd edib ki, birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə həyata keçirilən sosial, mədəni və humanitar layihələr gənclərin mənəvi-əxlaqi tərbiyəsinin möhkəmləndirilməsində, milli dəyərlərə bağlı şəxsiyyət kimi formalaşmasında mühüm rol oynayır. Bütün bunlar göstərir ki, Prezident İlham Əliyevin dövlət gənclər siyasəti müstəqil Azərbaycanın parlaq gələcəyinin etibarlı qarantıdır.
M.Seyidov zəfərlə yekunlaşan 44 günlük Vətən müharibəsindən sonra bölgədə yaranan yeni geosiyasi reallıqlar fonunda Müzəffər Ali Baş Komandan İlham Əliyevin tarixi ədalətin bərpa edilməsi konsepsiyasının davamının məcburi köçkünlərin və qaçqınların Böyük Qayıdışını təmin etmək olduğunu bildirib. O, həmçinin Azərbaycan xalqının milli-mənəvi dəyərlərini və haqqını bərpa etmək missiyasının önəmindən danışıb.
Prezident İlham Əliyevin Qərbi Azərbaycan İcmasının üzvləri ilə görüşdə bununla bağlı ciddi tapşırıqlar verdiyini vurğulayıb. Həmçinin, Azərbaycan xalqının haqqının bərpa olunması və Qərbi Azərbaycan İcmasının hüquqlarının beynəlxalq səviyyədə tanıdılması istiqamətində ölkə rəhbərinin sərgilədiyi mövqeyin tarixçilər və hüquqşünaslar üçün ciddi vəzifələr qoyduğunu qeyd edib. O, Neftçalada həyata keçirilən yenidənqurma işləri barədə görüş iştirakçılarına məlumat verib.
Səyyar qəbul zamanı vətəndaşlar tərəfindən kənd qadınlarına aktivlərin verilməsində gecikmələrin olmasını, əkin torpaq sahəsinin müəyyən edilməsinə köməklik göstərilməsi və digər sosial məsələlərlə bağlı müraciətlər səsləndirilib. Qaldırılan məsələlər hər bir müraciət üzrə ayrı-ayrılıqda dinlənilib, ətraflı şəkildə müzakirə olunub və onların həlli istiqamətində aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib.
Məlumat üçün bildirək ki, vətəndaş məmnunluğunu artırmaq və xidmət keyfiyyətinin yaxşılaşdırılmasını təmin etmək məqsədilə vətəndaşlar Neftçala Rayon İcra Hakimiyyəti ilə həm onlayn, həm də yerində görüşlər üçün yaradılan “Rəqəmsal İcra Hakimiyyəti” https://rih.gov.az portalına daxil olaraq müraciət edə bilərlər.


