Bu gün Müsavat Partiyasının qərargahında “Nərgiz” mükafatının təqdimetmə mərasimi keçirilib.
“Qafqazinfo” xəbər verir ki, əvvəlcə tədbirdə Nərgiz Yaqublunun həyatı haqqında məlumat verilib. Müsavat Məclisinin sədri Nüşabə Sadıqlı mükafatla bağlı fikirlərini bildirib:
“Mükafat fəal gənclərə, junalistlərə, ictimai təşkilatlara da verilə bilər. Mükafata namizədlər kifayət qədər idi. Hesab edirəm ki, mükafat öz layiqli namizədini tapdı"
Milli Şuranın sədri Cəmil Həsənli çıxışında qeyd edib ki, Nərgizin keçdiyi həyat yolu onun gözünün qabağında olub: “Onun fəaliyyətini unutmaq olmaz. Onun keçdiyi həyat yolu neçə il deyil, necə yaşamağı bizlərə göstərdi. O, Azərbaycan gəncliyi üçün örnəkdir”.
MSDM-in sədri İsa Qəmbər çıxışında Yaqublu ailəsini Azərbaycan xalqının mahiyyətini göstərən ailələrdən biri olduğunu vurğulayıb: “Hesab edirəm ki, bu bayram illər keçəndən sonra gənclik bayramı kimi qeyd olunacaq. İnanıram ki, komissiya düzgün qərar qəbul edib. Mükafatın zaman keçdikcə şöhrəti böyüyəcək və namizədlərin sayı da çoxalacaq”.
Müsavat başqanı Arif Hacılı qeyd edib ki, yaxın gələcəkdə bu mükafatın alınmasında böyük rəqabət olacaq:
"Onun doğum günü bayram kimi qeyd ediləcək. Biz çalışacağıq ki, onun yoxluğu da cəmiyyətə xidmət etsin. Nərgizin daxilində həmişə işıq yanırdı. Komissiyanın sədri Mehriban Vəzirdir. Orada müsavatçılar və başqa təşkilatların da üzvləri də var”.
Qeyd edək ki, mükafata demokratiya və insan haqları sahəsində fəal fəaliyyətinə görə İlkin Rüstəmzadə layiq görülüb. Hazırda İlkin həbsdə olduğu üçün mükafat atası Bakir Rüstəmzadəyə təqdim edilib.
Nigar Yaqublu bu günü ailəsi ilə birgə qeyd etmək istədiyini nəzərə çatdırıb: "Amma bu gün yanımızda ata və Nərgiz yoxdur. Biz onun ölümündən sonra gördük ki, Nərgiz bu xalqın qızı imiş. Bu gün içimdə elə hiss var ki bizim bayramımızdır. Tədbirdə əməyi keçən hər kəsə təşəkkürümü bildirirəm".
Xatırladaq ki, bu gün Nərgiz Yaqublunun doğum günüdür, yaşasaydı 26 yaşı olardı.
Günel Türksoy

Son xəbərlər
Son Xəbərlər