Qadınları aldadıb Quşadasına apardı - Niyyəti ora çatanda bilindi...

qadinlari-aldadib-qusadasina-apardi
Oxunma sayı: 2886

İnsan alverində ittiham olunan 40 yaşlı qadının məhkəməsi keçirilib.

“Qafqazinfo”nun məlumatına görə, Nailə Azadova (şərti ad-soyad) 5 nəfər azərbaycanlı həmcinsini cinsi istismar məqsədilə yoldan çıxarmaqda itiham olunub.

Təqsirləndirilən şəxs müxtəlif vaxtlarda tanış olduğu qadınları Türkiyənin istirahət zonası kimi tanınan Quşadası rayonunda işə düzəldəcəyi adı ilə aldadıb. Qadınlar onun təşkilatçılığı ilə Quşadasına çatdıqdan sonra məsələnin başqa olduğunu anlayıblar. Lakin bundan sonra N.Azadovanın Türkiyədəki adamları qadınları rüsvay edəcəkləri ilə qorxudub, cinsi istismara cəlb ediblər.

Qadın məhkəmədə özünü təqsirli bilməyib. Deyib ki, zərərçəkmiş kimi tanınan həmcinsləri öz istəkləri ilə Quşadasında müştərilərə xidmət etməyə razılaşıblar.

Zərərçəkmiş şəxslər və şahidlərin ifadələri isə verilmiş ittihamın doğruluğunu təsdiq edib. İstismar qurbanı olan qadınlardan biri bu cinayət nəticəsində müxtəlif allergik xəstəliklərə yoluxduğunu, hazırda pis vəziyyətdə qaldığını deyib. O, Nailənin layiqincə cəzalandırılmasını xahiş edib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə N.Azadova​ insan alverində təqsirli bilinib. Lakin ona şərti cəza verilib və dərhal həbsdən azad edilib.

Sail Ağasəlim