Nəsimi rayonunda 1, 2, 3 nömrəli Sahə inzibati ərazi dairələri üzrə ünvanlarda, o cümlədən mikrorayonlarda təsdiq olunmuş RİH başçısı Asif Əsgərov tərəfindən səyyar qəbullar və yerlərdə çoxsaylı görüşlər keçirilib. “Qafqazinfo” xəbər verir ki, keçirilən səyyar qəbul və görüşlərdə 850-dən çox sakinin iştirakı ilə 70-dən artıq müraciət dinlənilib.
Vətəndaşların müraciətləri əsasən, qəzalı və istismar müddəti bitmiş yaşayış evlərinin, köhnə məhəllələrin sökülərək yenilərinin tikilməsi, həyətlərin abadlaşdırılması, dam örtüklərinin, zirzəmilərin, kanalizasiya xətlərinin təmiri, küçə və həyətlərin işıqlandırılması, mənzil şəraitinin yaxşılaşdırılması, iş ilə təmin, ağacların budanması və ya götürülməsi, aztəminatlı ailələrə yardımların göstərilməsi və s. məsələlərlə bağlı olub. Qəbullar və görüşlərdə sakinlərin müraciətləri ilə bağlı aidiyyəti məsul şəxslərə müvafiq tapşırıqlar veriLİB, müraciətlərin müsbət həlli istiqamətində operativ tədbirlər görülüb.
Qəbullar və görüşlər zamanı 2023-cü ilin “Heydər Əliyev İli” elan olunması ilə əlaqədar çoxçaxəli Tədbirlər Planının həyata keçirilməsi barədə məlumatlar verilib, Ali Baş Komandan İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən ölkəmizin tərəqqisi və qüdrətlənməsi, 44 Günlük Vətən müharibəsinin 3-cü ildönümü ərəfəsində işğaldan azad olunmuş torpaqlarımızda genişmiqyaslı bərpa-quruculuq sahəsində, xalqımızın rifahının daha da yaxşılaşdırılması istiqamətində görülən çoxşaxəli işlər, xüsusilə Azərbaycan Respublikasının Konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə Qarabağ iqtisadi rayonunda törədilən təxribatların qarşısının alınmasına yönəldilmiş lokal xarakterli antiterror tədbirlərinin uğurla başa çatması qürurla qeyd edilib.
Vətəndaş məmnunluğunu artırmaq və xidmət keyfiyyətinin yaxşılaşdırılmasının təmin olunması məqsədilə rayon icra hakimiyyəti ilə həm onlayn, həm də yerində görüşlər üçün “Rəqəmsal İcra Hakimiyyəti” https://rih.gov.az portalına daxil olmaqla müraciət etmək, həmçinin abadlıq quruculuq sahəsində təqdim olunan layihələrə təklif və rəylərin verilməsi imkanının olduğu, bu sahədə fəallıq göstərilməsi sakinlərin diqqətinə çatdırılıb.