Ötən həftə Naxçıvana səfər edən Türkiyənin məşhur tarixçi-alimi İlbər Ortaylı səfər təəssüratları ilə bağlı paylaşım edib.
“Qafqazinfo” xəbər verir ki, tarixçi paylaşımında Naxçıvanın musiqi mədəniyyətindən, mətbəxindən və türk dilinin Azərbaycanda səlis danışılmağından bəhs edib.
İ.Ortaylı Naxçıvanı Cənubi Qafqazın sevimli şəhəri adlandırıb: “Ötən həftə dörd gün Naxçıvanda oldum. Bura sevimli Cənubi Qafqaz şəhəridir... Binaların memarlığı, şəhərin yaşıllığı, bağçalı evləri, universitetin və rəsmi binaların möhtəşəm görkəmi məndə dərin təəssürat yaratdı. İran, Avropa və Anadolu burada birləşir...
Amma başqa bir detal həqiqətən diqqətimi çəkdi: hətta kəndlərdə də musiqi məktəblərinin olmağı və Naxçıvan Dövlət Universitetinin 150 nəfərlik simfonik orkestrə sahib olmağı. Qürurlandım, heyrətləndim və öz-özümə sual verdim: “Niyə Atatürkün musiqidə inqilab etdiyi bizim ölkədə belə bir şey yoxdur?” Konfranslar, orada qarşılaşdığım suallar, göstərilən diqqət məni valeh etdi”.
O, eyni zamanda Naxçıvanda türkcə təmiz danışıldığını da əlavə edib: “Deməli, indi türkcə gözəl danışanları dinləmək üçün Azərbaycana səfər edəcəyik. Azərbaycan xalqı Türkiyəyə çox bağlıdır; nəşrlərimiz izlənilir, tərcümələr edilir və universitet tələbələri türk mədəniyyətinə ürəkdən istiqamətlənir. İki ölkə arasındakı əlaqələrin ən güclü tərəfi təkcə hərbi-iqtisadi deyil, həm də mədəni əlaqələrdir. Bu, onların tarixi irsinin təbii nəticəsidir”.



Son xəbərlər
Son Xəbərlər