Şeyxlər Şeyxinin kodlaşdırılmış vəsiyyətləri və ya Bəhmən Dəriyə xitabən
Bu günlərdə mətbuatda İran dövlətinin Azərbaycana qarşı qəribə bir iddiasına rast gəldik. Belə ki, İran rəsmiləri dahi Azərbaycan şairi Nizami Gəncəvini “İran mədəniyyətinin fəxri” elan etməklə, şairin bu yaxınlarda İtaliyada qoyulmuş heykəlinə rəsmi etirazını açıqlayıblar. İranın mədəniyyət və irşad nazirinin müavini Bəhmən Dəri belə bir açıqlama verib ki, - Azərbaycan Respublikası yaxşı olar ki, mövcud prosesləri nəzərə alaraq öz xarici siyasət sahəsindəki bu hərəkətindən çəkinsin. Digərlərinin mədəniyyət fəxrlərini öz xeyrinə müsadirə və digərlərinə hədiyyə etmək yaxşı deyildir - deyə nazir müavini bildirib. Həmçinin nazir müavininin sözlərinə görə, “İran mədəniyyətinə təcavüz yəqin ki, məsul şəxslər tərəfindən reaksiyalarla üzləşəcək və İslam Respublikası belə təcavüzlər qarşısında sakit qalmayacaq”.
Həmçinin Bəhmən Dəri Nizami Gəncəvini “İranın tanınmış şairi” adlandırıb, deyib ki, İran Azərbaycan “şairin heykəlini və şəxsiyyətini saxtalaşdıraraq, İtaliyaya hədiyyə etməsinə və onun Roma şəhərindəki Vila Burquze parkında qoyulmasına” etiraz edir. Bəhmən Dəri həmçinin YUNESKO və digər elmi-mədəni mərkəzlərdə bu əsərlərin qeydiyyata alınması üçün Azərbaycanın səylərinə etiraz edərək, bunun təkcə İranın zəifliyi ilə bağlı olmadığını deyib.
Bəlli olduğu kimi, Nizami Gəncəvinin bizim təsəvvürümüzdə olan şəkli Sovet antropoluqu Gerasimov tərəfindən şairin kəllə quruluşuna əsasən hazırlanıb. Maraqlıdır ki, İran tərəfinin də özlərinin təsəvvür etdikləri Nizami tablosu var. İran ilk dəfə olaraq öz “Nizamisi”ni təqdim edib.
Əvvəla, hörmətli Bəhmən Dəri bilməlidir ki, bəşər tarixində belə bir şairin yetişməsi təsadüfü haldır və bəşəriyyət belə bir idrak sahibini gec-gec bəxş edir. Alman şərqşünas Xristofor Bürgel bildirir ki, Nizami Gəncəvi “kosmik şüurlu” bir adam olmuşdur. Yəni bu dünyanın adamı deyil, Nizami ümumbəşərin şairidir. Bütün dünya onun vətənidir. O, ölməz əsərləri ilə bəşəriyyəti özü üçün məskən seçmişdir. Bu yazımızda farsların, ermənilərin və fransızların Nizami Gəncəvi şəxsiyyətinə nəyə görə bu dərəcədə önəm vermələrini araşdırmağa çalışacağıq.
1982-ci ildə Paris şəhərində altıcildlik “XX əsrin Larusu” adlı ensiklopediya Pol Ojenin rəhbərliyi altında çap edilmişdir. Pol Ojenin nəşr etdirdiyi “Nizami” məqaləsində göstərir ki, Nizami – Nizaməddin əbu Məhəmməd – İlyas ibn Yusif Azərbaycanın mistik şairidir. Gəncədə anadan olmuş, 1203-cü ildə orada vəfat etmişdir.
1948-ci ildə isə Pol Ojenin rəhbərliyi altında “Dünyəvi Larus” adlı ikicildlik ensiklopedik lüğət çap olunmuşdur ( təbii ki, Paris şəhərində). Bu əsərin 309-cu səhifəsində Nizami Gəncəviyə aid məqalə verilmişdir. Məqalənin tərcüməsi belədir: Nizami ən məşhur İran şairlərindən biridir. O, 1140-cı ildə Qum şəhərində anadan olmuş, 1203-cü ildə orda vəfat etmişdir. Çox maraqlıdır. Bu fransız nə demək istəyir?! əvvəlcə Nizamini azərbaycanlı, 16 ildən sonra isə fars adlandırır.
Görünür ki, kimlərsə Polun “boğazını yaxşıca yağlamışdır” ki, azərbaycanlını fars adlandırmağa belə “utanmayıb”.
Fransızsayağı “Demokratik riyakarlıq”.
Nizami rəhmətlik yazaydı da; məsələn Nizami Qumlu ( və ya Qumi), Nizami farsi, Nizami İranlı və s.
Axı o, Nizami Gəncəvi kimi tanınıb və tanınır bütün dünyada.
XIX əsrin 80-85-ci illərində bir dəstə fransız Azərbaycana gələrək, Nizaminin qəbrini özbaşına qazmış, ələ keçirdikləri “əntiqə şeylər” naxışlı qəbir daşlarını aparmaq istəyərkən Hacıbəyli kəndinin əhalisi hadisədən xəbər tutaraq, Nizaminin başının altından çıxarılan Yazılı daşı və “əntiqə şeylər”i geri götürüblər. Bir müddət sonra Fransa dövləti Rusiya çarına şikayət etmişdir. Çar məmurları o daşları və əşyaları fransızlara qaytarmışlar. Çox güman ki, “əntiq şeylər” şairin anadilli əsəri avtoqraflardır.
1923-cü ildə Bakıda çap edilən “Kommunist” qəzetində bu hadisə barəsində məqalə getmişdir.
Başdaşının fransızlar tərəfindən oğurlanması və günümüzün bu saatına qədər yerinin bilinməməsi “izi” itirmək deməkdir. Tarixi şüurlu surətdə saxtalaşdırmaq onların qanındadır. Fransız şərqşünaslığında Nizaminin 28000 beytdən ibarət lirik şerlərindən “Divanı” olduğu barəsində məlumatlar var. Çox güman ki, həmin “Divanı” Azərbaycan türkcəsində olduğundan “izi” itirmək üçün gizlədilir.
Ermənilərin isə Nizami Gəncəviyə “marağı” çox dərinə gedir. Belə ki, 1922-ci ildə Gəncə şəhərində Mirzə Məhəmməd Axundzadə, Cavadbəy Rəfibəyov və Mirkazım Mirsüleymanzadədən ibarət “komissiya” yaradılmışdır. Onlara tapşırıq verilmişdir ki, Nizaminin məzarını şəhərin içinə gətirilməsini təşkil etsinlər. İndiki Şah Abbas məscidinin qarşısında Nizamiyə məqbərə tikmək nəzərdə tutulmuşdur.
Xarabazara çevrilmiş məzarı 1923-cü ilin mart ayında qazırlar.
Məqbərənin layihələndirilməsinə erməni Sarkisovun başçılıq etməsini öyrənən Gəncə ziyalıları və məlum komissiya üzvləri qəti etirazlarını bildirirlər ki, layihəni azərbaycanlı hazırlamalıdır. Nəticədə, komissiya sədri xaincəsinə öldürülür və Sarkisovun layihəsi ilə məqbərə tikiləsi olur.
Çox qəribədir ki, sonralar ermənilər Naxçıvanda Mömünə Xatun türbəsini də restavrasiya edirlər. Məqsədləri nə olmuşdur?!
Alman şərqşünası Xristofor Bürgel Nizamini “kosmik şüurlu” dahi kimi göstərməyi elə-belə deyildir. Neçə əsrlərdir ki, bütün dünya alimləri Nizaminin “Xosrov və Şirin” əsərini araşdırmaqla məşğuldurlar.
Araşdırmanın məqsədi budur ki, nəyə görə Nizami kimi şeyxlər şeyxi, Məhəmməd peyğəmbərin naməsini cıran Xosrov Pərvizi göylərə qaldırmışdır?! Axı, məntiqlə düz gəlmir. Xosrovun dini atəşpərəstilk idi. XII əsrdə demək olar ki, bütün mədrəsələrdə Qurandan sonra ən çox tədris olunan Nizaminin “Xəmsə”si olmuşdur. Nəyə görə “Xəmsə” bu dərəcədə tədris olunmuşdur?!
Şeyxlər şeyxi Nizaminin “Xosrov və Şirin” poemasında “kodlaşdırılmış vəsiyyətlər” vardır. Neçə əsrlərdir ki, bütün dünya alimləri məhz bu “vəsiyyətlər”i açmağa çalışırlar. Lakin aça bilmirlər.
İranlıların, ermənilərin və fransızların bu “vəsiyyətlər” məsələsində maraqları üst-üstə düşdüyündən, Nizami Gəncəvi şəxsiyyətinin üstündə belə “canfəşanlıq” edirlər.
Ermənilər və fransızlar “kodlaşdırılmış vəsiyyətləri”, Nizaminin qəbrində axtardılar, lakin arzularına çatmadılar. Mömünə xatunun Qızıl Arslanla bağlı olduğunu bildiklərindən, onun qəbrinə əl gəzdirdilər, yenə arzularına çata bilmədilər. Çünki o “vəsiyyətlər” onlara aid olmadığına görə, onlar ona yaxın düşə bilməzlər.
Görün Nizami nə yazır: - Torpağımın (qəbrimin) üstündən ötərkən məni yada sal. Görəcəksən ki, üstümdə otlar bitib və yatağım uçub, balıncım düşüb. Torpağımı yellər aparıb. Zəmanə məni yad etmir. Əlini qoyarsan torpağımın şuşuna (hündür yerinə), mənim müqəddəs gövhərimi xatırlayarsan... Elə xəyal etmə ki, mən sənin yanında deyiləm... Sən məni görməsən də, mən səni görəcəyəm.
Ruhun şad olsun, ey Şeyxlər şeyxi. Sən nə qədər uzaqgörənsənmiş.
Axı, əziz həmvətənlər, Nizaminin qəbri məgər “tele-şou” mərkəzidir ki, gündə çıxıb çalıb-oxuyarlar, televizorlara çəkilirlər?! Niyə o dahinin ruhunu təhqir edirlər? Kimlərdir bu televiziya çəkilişlərinə, bu “şou”lara icazə verənlər?!
Allah xatirinə, belə etməyin. Onun qəbrini ailəlikcə ziyarət edin. Uşaqlarınızı onun məzarı başına aparın. Qoyun o müqəddəsin nuru balalarınıza təcəlla etsin. Onun qəbrinin üstündə dayanaraq, ruhuna dualar edin. Sizlər onu görməsəniz də, o sizləri görür.
Bəsirət gözüylə baxsanız onun müqəddəs məzarının başında “vəsiyyətləri”ni anlayacaqsınız.
Adil Əliyev
Millət vəkili