“Norm” və TKTA ustaların sertifikasiyası ilə bağlı ikinci layihəyə start verdi - Fotolar

norm-ve-tkta-ustalarin-sertifikasiyasi-ile-bagli-ikinci-layiheye-start-verdi
Oxunma sayı: 267

23 apreldə qeyri-formal və informal təhsilin tanınması (QFİTT) istiqamətində “Norm” ASC və Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) tərəfdaşlığı ilə Norm Ustalar Klubunun üzvü olan 30 usta sertifikasiya imtahanına cəlb olunub.

“Qafqazinfo” xəbər verir ki, “Norm” ASC tərəfindən təşkil olunan 1 aylıq intensiv təlim proqramını uğurla başa vurmuş iştirakçılar QFİTT çərçivəsində TKTA tərəfindən “İnşaat ustası” peşə ixtisası üzrə qiymətləndirmənin birinci mərhələsində - nəzəri imtahanda iştirak ediblər.

Nəzəri mərhələni uğurla tamamlayan namizədlərin qiymətləndirmənin ikinci mərhələsinə - praktik imtahana cəlb olunması nəzərdə tutulur.

Bu təşəbbüs QFİTT istiqamətində hər iki qurumun birgə həyata keçirdiyi ikinci layihədir. 2024-cü ildə icra edilmiş ilk layihədə nəzəri imtahandan müvəffəqiyyətlə keçərək praktik mərhələdə iştirak hüququ əldə etmiş 23 nəfər iştirakçıdan 21-i TKTA tərəfindən müvafiq peşə ixtisasını təsdiq edən rəsmi sənədlə təltif olunmuşdu.

Qeyd edək ki, “Norm” ASC ilə TKTA arasında QFİTT istiqamətində Anlaşma Memorandumu 2024-cü ildə imzalanıb. Bu tərəfdaşlıq çərçivəsində inşaat ustalarının bilik və bacarıqlarının qiymətləndirilməsi və rəsmi şəkildə tanınmasına yönəlmiş layihələrin davamlı şəkildə həyata keçirilməsi nəzərdə tutulur.

Layihənin əsas məqsədi inşaat ustalarının peşəkar inkişafını dəstəkləmək, onların dayanıqlı məşğulluq imkanlarını genişləndirmək və sosial rifahının yüksəldilməsinə töhfə verməkdir. “Norm” ASC bu kimi təşəbbüslərlə ustaların inkişafına dəstək olmaqla yanaşı, ümumilikdə ölkənin inşaat sektorunun inkişafına töhfə verməyi hədəfləyir.