İranın yeni Ali Lideri Müctəba Xameneinin səhhəti və ölkəni necə idarə etməsi ilə bağlı şok təfərrüatlar üzə çıxıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “The New York Times” nəşri məlumat yayıb.
Qəzet yazır ki, fevralın 28-də ailəsinin yaşadığı evin bombalanması nəticəsində ağır xəsarətlər alan 57 yaşlı Müctəba Xamenei hazırda ölkəni gizli sığınacaqdan idarə edir:
“Mühafizəçilər Korpusunun yüksəkrütbəli komandirləri və yüksəkvəzifəli dövlət rəsmiləri onun yanına getmirlər. Onlar ehtiyat edirlər ki, İsrail onları izləyərək yerini müəyyən edə və öldürə bilər. Prezident Məsud Pezeşkian, eləcə də səhiyyə naziri onun müalicəsində iştirak ediblər. Xamenei ağır yaralansa da, onun sağlamlıq vəziyyətindən xəbərdar olan dörd yüksəkrütbəli İran rəsmisinin sözlərinə görə, o, zehni baxımdan ayıq və aktivdir. Onun bir ayağı üç dəfə əməliyyat olunub və hazırda protez gözləyir. Bir əli də əməliyyat edilib və funksiyası tədricən bərpa olunur. Rəsmilər bildiriblər ki, onun üz və dodaqları ciddi şəkildə yanıb, bu isə danışmasını çətinləşdirir. Gələcəkdə ona plastik cərrahiyyə əməliyyatı lazım olacaq.
Rəsmilərin sözlərinə görə, Xamenei hələlik video və ya audiomüraciət etməyib, çünki ilk ictimai çıxışında zəif görünmək və ya səsinin zəif eşidilməsini istəmir. O, bir neçə yazılı bəyanat verib və bunlar internetdə yayımlanaraq dövlət televiziyasında səsləndirilib”.
Nəşrin məlumatına görə, Ali Liderin təhlükəsizliyi və səhhəti ilə bağlı narahatlıqlar onunla əlaqə üsulunu da dəyişib:
“İsrailin izləmə riskinə görə, heç bir rəqəmsal vasitədən istifadə olunmur, bütün mesajlar əllə yazılır, möhürlənmiş zərflərə qoyulur və magistral yollardan kənar zolaqlarla hərəkət edən motosikletli kuryer zənciri vasitəsilə sığınacağa çatdırılır. Bu vəziyyət isə İranın idarəetməsini faktiki olaraq İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) generallarının əlinə verib. Keçmiş rəsmi Əbdülrza Davarinin sözlərinə görə, Müctəba Xamenei artıq ölkəni təkbaşına deyil, hərbi komandirlərdən ibarət “idarə heyəti”nin direktoru kimi idarə edir. “Hakimiyyət üçbucağı” kimi tanınan bu yeni strukturda generallar müharibə, təhlükəsizlik və ABŞ ilə aparılan gizli danışıqlarda yeganə söz sahibinə çevriliblər”.
Yazıda həmçinin qeyd olunub ki, Prezident Məsud Pezeşkian və xarici işlər naziri Seyid Abbas Əraqçi kimi mülki rəsmilər isə strateji qərarlardan kənarlaşdırılaraq, yalnız ölkənin daxili təminat məsələləri ilə məşğul olurlar. Generallar isə yeni təyin olunmuş Ali Liderin onlara nadir hallarda etiraz etdiyini və hərbi elitanın artıq dövlətin mütləq hakiminə çevrildiyini vurğulayırlar.
Xatırladaq ki, fevralın 28-də ABŞ-İsrail cütlüyünün İrana qarşı başlatdığı hava hücumlarında həlak olan atası Seyid Əli Xameneinin yerinə seçilən Müctəba Xamenei ilə bağlı bundan öncə də müxtəlif ehtimallar səsləndirilmişdi.
Son xəbərlər
Son Xəbərlər