“Oğlum da mənə tez-tez bu sualı verir” - Maksim Medvedev

oglum-da-mene-tez-tez-bu-suali-verir
Oxunma sayı: 3922

“Qarabağ”ın kapitanı Maksim Medvedev Rusiya mətbuatına müsahibə verib. “Qafqazinfo” xəbər verir ki, o, müsahibəsində başqa kluba keçə biləcəyi ilə bağlı sualı cavablandırıb:

“Əvvəlcə, bu barədə düşünmürdüm. Hər il nəticə daha da yaxşılaşır və yeni perspektivlər açılır. Bəli, başqa komandalardan da təkliflər var idi. Hətta məşqçiyə yaxınlaşıb bu haqda danışdım. O isə fikrimi soruşdu. Həmişə cavab verdim ki, özümü rahat hiss etdiyim üçün burada qalmaq istəyirəm. Klub rəhbərliyi mənə hər zaman mehribanlıqla, anlayışla yanaşır, məşqçi bilir ki, ona nə qədər sevgim var. Gəlib daha çox pul qazanmaq istədiyimi deyə bilmədim.

Mənim tərbiyəm sadəcə olaraq elə olub ki, mən həmişə başqa məqsədlərin arxasınca getmişəm və heç vaxt ağlıma da gətirmirdim ki, pulu seçib, komandanı tərk edə bilərəm. Xüsusilə hər şey yaxşı gedirsə… Düşünürəm ki, artıq çox şeyə nail olmuşam və başqa kluba keçməkdənsə, karyeramı “Qarabağ”da başa vurmağım daha yaxşı olardı.

Hətta oğlum da mənə tez-tez bu sualı verir. Amma mən ona deyirəm ki, sən dünyada bütün pulları qazana bilməzsən. Mən çox qazanmağa və ailəmdən ayrı yaşamağa çalışmıram. Mən həmişə arzulayırdım ki, həyat yoldaşım və uşaqlarım yaxın olsunlar və hər şey nəzarət altında olsun. Ona görə də oğluma deyirəm ki, onunla qalmağa üstünlük verirəm. Həm ailəyə, həm də ona yaxşı olar və mən həmişə çörək pulu qazanmağa bir yer taparam”.

M.Medvedev karyerasını başa vurduqdan sonra nə işlə məşğul olmaq istədiyindən də danışıb: “Bu vaxt yaxınlaşır və mən futbolda qalmaq və biliklərimi yeni nəsillərə ötürmək istərdim. Bu gün gənc futbolçularla ünsiyyət qururam, onlara doğru yolu deyirəm, onları nələr gözləyir, stresdən necə çıxmalıdırlar izah edirəm. Komandada qalmaq istərdim, amma nəyisə seçməliyəm. Çünki karyeram bitdikdən sonra məşğul olmaq istədiyim çoxlu sahələr var. Çoxları deyir ki, mən idman direktoru, məşqçi ola bilərəm və ya akademiyada işləyə bilərəm. Amma bu gün hansının daha yaxşı olduğunu dəqiq başa düşə bilmirəm. Mən minimumdan maksimum yararlanan məşqçi ilə işləyirəm və onun işini öz gözlərimlə görürəm. Bəlkə də məşqçilik kateqoriyam yoxdur, amma bilik baxımından özümü ilkin kateqoriyalara yaxın hiss edirəm”.