Ölən əsgərin atası Mehriban Əliyevaya müraciət etdi - Mətn

olen-esgerin-atasi-mehriban-eliyevaya-muraciet-etdi-metn
Oxunma sayı: 794

Əlli iki gün xidmət etdikdən sonra kəskin ağciyər-ürək çatışmazlığından dünyasını dəyişən əsgər Rəşad Mirzəyevin atası Vələhəd Mirzəyev Azərbaycanın birinci xanım Mehriban Əliyevaya müraciət edib.

“Qafqazinfo”ya daxil olan müraciətdə əsgər atası oğlu Azərbaycan Milli Ordusunun əsgəri, 12 may 1990-cı il təvəllüdlü Mirzəyev Rəşadın 15 oktyabr 2012-ci il tarixdə Səfərbərlik və Hərbi Xidmətə Çağrış üzrə Dövlət Xidmətinin Sabunçu Rayon İdarəsindən həqiqi hərbi xidmətə göndərildiyini, 52 gün xidmət etdikdən sonra kəskin ağciyər-ürək çatışmazlığından dünyasını dəyişdiyini bildirib.

Əsgər atasının sözlərinə görə, oğlunun ölümünün səbəbkarı xidmət rəisi İlqar Əlimirzəyevdir. Hazırda o, yaxın qohumu Müdafiə Nazirliyi hüquq idarəsinin rəisi Rauf Kişiyev vasitəsi ilə bu cinayəti ört-basdır etməyə çalışır: “Beləki oğlum, xidmətə göndərilməmişdən əvvəl 06 iyun 2012-ci il tarixdə SHXÇDX-nin Sabunçu Rayon İdarəsindən tibbi müayinədən keçmək üçün Maştağa qəsəbəsində yerləşən 7 saylı Poliklinikaya göndərilmişdir. Həmin Polikilinikada 08 iyun 2012-ci il tarixdə kardioloq həkim Sona Tağıyeva tərəfindən ona kəskin sinusu bradikardiya diaqnozu qoyulmuşdur. Bundan sonra oğlum Rəşad Mirzəyevi yenidən 7 saylı BŞX-nın həkimi Dəmirçalova Solmaz tərəfindən exokardioqrafiya müayinəsi edilmişdir. Həkim S.Dəmirçalova tərfindən ona təkrar kəskin bradikardiya diaqnozu qoyulmuşdur.

Mən həmin arayışları 12 iyun 2012-ci il tarixdə SHXÇDX-nin Sabunçu Rayon İdarəsinə təqdim edilmişdir.Mən arayışları tibbi komissiyanın sədri Şahin Cabbarova təqdim etdikdən sonra bildirdim ki, oğlum xəstədir onu təkrar müayinə edilmək üçün Kardiologiya İnstituna göndərsinlər. Ş.Cabbarov mənə bildirdi ki, bu onun səlahiyyətinə aid məsələ deyil bunun üçün xidmətin rəisi İlqar Əlimirzəyevə müraciət etmək lazımdır. Mən 12 iyun 2012-ci il tarixdə SHXÇDX-nin Sabunçu Rayon İdarəsinin rəisi İlqar Əlimirzəyevə müraciət etdim. İlqar Əlimirzəyev məndən açıq rüşvət tələb edərək bildirdi ki, əsgərlikdən saxlatmağın qiyməti 5000/5500 manatdır. Mən ona bildirdim ki, mənim oğlum xəstədir Siz onu yalandan saxlamırsınız ki, mən bu qədər pul verim. O, isə bildirdi ki, pulsuz mümkün deyil. Sonra İ.Əlimirzəyev mən sənə hörmət edib 1500 manata bu işi həll edərəm söylədi. Mən bu məbləği ödəməyə imkanım olmadığını bildirdim. İ.Əlimirzəyev məndən soruşdu ki, nəyə gücün çatır? Mən də bildirdim ki, çətinliklə 700/800 manat düzəldə bilərəm. İ.Əlimirzəyev dediki heç olmasa 1000 manat düzəlt. Bir şərtlə sənə vaxt verirəm iyun ayının sonuncu gününə kimi 1000 mant gətirə bilsən işi həll edəcəm əgər iyul ayına adladısa 1500 manatdan bir qəpikdə aşağı olmayacaq. 29 iyun 2012-ci il tarixdə mən 500 manat pul düzəldib İlqar Əlimirzəyevin qəbuluna getdim. Həmin gün onunla görüşə bilmədim. 01 iyul 2012-ci il tarixdə mən İlqar ƏIlimirzəyevin kabinetində ona 500 manat pul verdim. O, isə bildirdi ki, bu çox azdır. Bundan sonra oğlum Rəşad Mirzəyevi müayinə üçün göndərişlə Respublika Kliniki Xəstəxanasına göndərdilər. 03 iyul 2012-ci il tarixdə mən İ.Əlimirzəyevə 150 manat əlavə verdim. Adıçəkilən xəstəxanadan verilmiş tibbi arayışın surətini əldə edə bilmədim. 06 iyul 2012-ci il tarixdə yenidən oğlumu Kardiyalogiya İnstituna müayinəyə göndərdilər. 07/09 iyul 2012-ci il tarixdə həmin institutda müayinə edildikdən sonra 10 iyul 2012-ci il tarixdə mən yenidən İ.Əlimirzəyevin qəbuluna gəldim. İ.Əlimirzəyev və həkim Ş.Cabbarov bildirdilər ki , oğlum sağlamdır və hərbi xidmətə getməlidir. Sonra mən İlqar Əlimirzəyevə verdiyim 650 manat pulu geri aldım. İ.Əlmirzəyev mənə vaxt verdiki gedib deyilən məbləği düzəldim. 2-3 müddət keçməsinə baxmayaraq mən deyilən məbləği düzəldə bilmədim”.

Əsgər atası daha sonra müraciətində qeyd edib ki, 15 oktyabr 2012-ci il tarixində oğlum Rəşad Mirzəyev həqiqi-hərbi xidmətə göndərildi: “O, Bərdə korpusunda yerləşən N saylı hərbi hissəyə göndərildi. 10 dekabr 2012-ci il tarixdə isə oğlum kəskin ağciyər və ürək çatışmazlığından dünyasını dəyişdi. Cinayət işinin materiallarından göründüyü kimi bu diaqnoz oğluma hərbi xidmətə getməmişdən əvvəl qoyulmuşdur. Oğlumun ölümündən 2 gün sonra atam Mirzəyev Bəhrəm Umud oğlu nəvəsinin ölümünə dözməyib infarkt keçirərək dünyasını dəyişdi. Bundan sonra Tərtər Hərbi Prokurorluğunda 10.12.2012-ci il tarixdə N saylı h/h-nin məsul şəxslərinə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 342.2-ci maddəsi ilə cinayət işi başlanmışdır. Cinayət işi Respublika Hərbi prokuroru general-leytenant Xanlar Vəliyevin nəzarətindədir. Cinayət işi üzrə təfərrüatları ilə müstəntiq Natiq Abbasova ifadəmi vermişəm. Ancaq Azərbaycan Respublikası Müdafiə Nazirliyi Tibbi ekspertiziya və pataloji anatomiya mərkəzindən verilmiş tibbi komisyon ekpertiziya rəyi ilə əlaqədar 02 mart 2012-ci il tarixdə baş leytenat Natiq Abbasovun məndən ifadə alması ilə bağlı aydın oldu ki, adıçəkilən mərkəz qeyri-obyektiv rəy verərək İlqar Əlimirzəyevi məsuliyyətdən qurtarmaq üçün bu xəstəliklərin 1 gün ərzində yaranması ilə bağlı saxta rəy vermişdir.

SHXÇDX-nin Sabunçu Rayon İdarəsinin rəisi İlqar Əlimirzəyev professor Xalid Əlimirzəyevin oğlu, Müdafiə Nazirliyi hüquq idarəsinin rəisi Rauf Kişiyevin qaynıdır. Bu barədə mətbuat orqanlarında artıq bir neçə dəfə məlumat verilmişdir. Hətta sosial şəbəkədə İlqar Əlimirzəyevə heç nə edə bilməyəcəyimizi çünki onun Rauf Kişiyev kimi qaynı var fikirləri vurğulanmışdır. Müdafiə Nazirliyi Tibbi ekspertiziya və pataloji anatomiya mərkəzi Müdafiə Nazirliyinin tabeçiliyində olan idarədir. Rauf Kişiyevin təzyiqi ilə saxta rəy alınaraq oğlumun ölümünə bais olmuş İlqar Əlimirzəyevi cinayət məsuliyyətindən azad etmək istəyirlər”.

Əsgər atası son da Mehriban Əliyevadan bu işi nəzarətə götürməsini xahiş edib: “Oğluma hərbi xidmətdən əvvəl qoyulmuş diaqnozla ölüm şəhadətnaməsindəki diaqnoz eynidir. Oğlunu itirən bir ata kimi Sizdən xahiş edirəm ki, bu işi nəzarətə götürərək oğlumun qatili İlqar Əlimirzəyevin cinayət məsuliyyətinə cəlb edilməsinə köməklik edəsiniz”.