“Omicron” bu ölkələrin Yeni ilini “oğurladı”

omicron-bu-olkelerin-yeni-ilini-ogurladi
Oxunma sayı: 2581

Bir sıra Avropa ölkəsi COVİD-19-un “omicron” ştamına yoluxma halında antirekord səbəbindən küləvi tədbirlərdən imtina edib.

“Qaqazinfo” xəbər verir ki, ilk dəfə Cənubi Afrika Respublikasında meydana çıxan, daha sonra dünyanın 110 ölkəsinə yayılan “omicron”la bağlı ləğv edilən tədbirlər siyahısına Yeni il və Milad şənlikləri də daxil edilib. 

Belə ki, Niderland hökuməti kütləvi tədbirlərə, Milad yarmarkalarına qadağa qoyub. Bundan əlavə, 2 nəfərdən artıq qonaq qəbul etmək olmaz. Milad və Yeni il günü isə bu say maksimum 4 nəfərə qədər arta bilər. 

Fransada da öz növbəsində Yeni il ərəfəsində atəşfəşanlıq, konsertlər və kütləvi şənliklər qadağan edilib. Peyvənd olunmayanların ictimai yerlərə buraxılması tamamilə qadağandır. Əgər əvvəllər bunun üçün PCR testləri kifayət edirdisə, 2022-ci ildə bununla qane olunmayacaq. 

Londonda da Yeni il şənlikləri ləğv edilib. Hətta Londonun bir neçə məşhur muzeyi və teatrı işlərin müvəqqəti dayandırıldığını elan edib. Oxşar tədbirlər Şotlandiyada da həyata keçirilib.

Almaniya hökuməti də Yeni ilin qeyd olunmasını “əsassız” adlandırıb. Buna görə də, hətta peyvənd olunmuş almanlara 10 nəfərdən çox qruplarda toplaşmaq qadağan edilib və onlara “səhiyyə sisteminə onsuz da böyük yük olan yüksək xəsarət riski səbəbindən” Yeni il atəşfəşanlığından imtina etmək tövsiyə olunub.

Yunanıstanın Səhiyyə Nazirliyi də öz növbəsində Yeni il və Milad bayramları üçün kütləvi tədbirləri ləğv edib. Bundan əlavə, sakinlər hər yerdə maska ​​taxmağa məcbur edilib.

İtaliyada “omicron”a görə nəinki bütün açıq hava konsertləri və tədbirlər qadağan edildi, diskotekalar və gecə klubları da bağlandı. 

Paris səlahiyyətliləri, həmçinin “omicron”un yayılması səbəbindən Yeni il ərəfəsində Yelisey meydanında atəşfəşanlıq və şənliklərin ləğv edildiyini açıqlayıb.

Avropada ciddi narahatlıqlara və “omicron”un sürətlə yayılmasına baxmayaraq, bəzi ölkələr hətta Yeni ilə qədər məhdudiyyətləri yüngülləşdirməyə qərar veriblər.

Belə ki, Latviya hökuməti Yeni il üçün bar və əyləncə müəssisələrinin işinə qoyulan mövcud məhdudiyyətləri ləğv edib, həmçinin həftə sonları və bayram günlərində ticarət mərkəzlərinin fəaliyyətinə icazə verib.

Estoniyada 31 dekabr - 2 yanvar tarixlərində qapalı tədbirlərdə COVID məhdudiyyətləri qaldırılacaq.