- Abbas Bağırovun yaradıcılığında hansı yeniliklər var?
- 2012 və 2013- cu ildə işıq üzü görən “Aləm gözəl” və “Sev məni” albomlarım “İtunes”də yer alacaq. Fevralın sonu “ Gəl” adlı albomum da həmin sayta yerləşdiriləcək. İstəyirəm ki, albomlarımı başqa ölkələrdə də əldə edə bilsinlər. “Qəfil gedişinlə” və “Gəl” mahnısına klip çəkdirmişəm, amma bilmirəm ki, nə vaxt təqdim edim. “Dastanlar yazalım” mahnısının klip çəkilişlərinə başlayıram.
- “Qəfil gedişinlə” mahnısını Nisə Qasımova, Röya ifa edib. Nisa xanım ifanızı necə qarşıladı?
- Nisə xanımdan halallıq aldım. O, mənim üçün böyük ürəkli sənətkardır. Oturub söhbət etdik, o da halallığını verdi.
- Konsert necə bu il gözlənilirmi?
- Keçən il Yaşıl teatrda konsert verdim. Bu ilki konsertimin təşkilatçısı Kənan Bayramovdur. O bu işdə peşəkardır. Məkanı seçməmişəm, amma konsert iki gün keçiriləcək.
- Efirlərdə gec-gec görünməyinizin səbəbi nədir?
- Efirdə görünməməyimin səbəbi yeni layihəmlə bağlıdır. İstədiyim çəkini əldə etdikdən sonra efirlərdə tez-tez görünəcəyəm. Müğənninin üçün ancaq sənəti maraqlı olmalıdır. Albomum, klipim işıq üzü görəcək, yeni mahnılar yazdırmışam. Bu xəbərlərim tamaşaçıya maraqlıdır, mən də açıqlayıram.
- Söylədiniz ki, istədiyim çəkiyə nail olmaq üçün çalışıram. İmicinizdə dəyişikliklər olacaqmı?
- Hər gün idmanla məşğul oluram. Qərara gəldim ki, səhnədə özümü həm idmançı, həm də müğənni kimi görməliyəm. Heç bir əziyyət çəkmirəm. 125 kilodan 82 kiloya düşmüşəm, həkim məsləhəti olmadan, dərmanlarsız arıqlamışam. Hər gün 45 dəqiqə qaçıram. Yeməyə məhdudiyyət qoymuşam, iki ildir şirniyyat, un məmulatları yemirəm. Anamgildə mənim rejimimlə qidalanır. Əvvəllər klassik geyimlərə üstünlük verirdim, bu da çəkimlə bağlı idi. İndi isə istədiyim kimi geyinə bilirəm. Özümü rahat hiss edirəm.

- Həmkarlarınızın geyimlərini bəyənirsinizmi?
- Zövq ya var, ya yoxdur. Zövqün pisi olmur. Zövqü olan yaxşı geyinir. Zövqü olmayan işıqfora bənzəyir. İnsanları qınaya bilmərəm. Şəxsi işləridir. Mənim modelyerim, dəbmenim, dəbwomenim yoxdur. Saç düzümümü, geyimimi, aksessuarlarımı özüm seçirəm.
- Modanı izləyirsinizmi?
- Dəbi izləmirəm. O dəbi də yaradan var. Özüm dəb yarada bilirəmsə, niyə kimdənsə öyrənməliyəm? Sadəcə baxıram ki, bu il hansı rəng dəbdədir. Mən ilk dəfə saqqal saxlayanda müğənnilərimiz saqqal saxlamırdı.
- Keçmiş həyat yoldaşınızla toy fotonuz yayılmışdı və bu sizi qəzəbləndirdi.
- Mən açıqlama vermədən, şəkil təqdim etmədən keçmiş şəkillərimi yayıblar. Bu zaman nə qazandıqlarını bilmirəm. Bu cür xəbər yazan saytları qeyd edirəm. Artıq öz saytım fəaliyyətə başlayacaq. Orada özüm məlumatlar yayıb, şəkillər paylaşacam. Hər həftəsonu video müraciət edəcəm, xəbərlərimi çatdıracam.
- Gənc müğənnilər tez-tez tənqid hədəfinə çevrilir. Sizin əməkdar artist olaraq onlara münasibətini necədir?
- Hər kəsin öz sevəni var. Yalnız onu arzu edirəm ki, hər kəs sənətini sevsin. İncəsənət, musiqi elə sahədir ki, burada insanı aldatmaq olmaz. Sənətdən getsən də, mahnıların yadda qalmalıdır. “Kaş ki, o mahnını oxumayardım” deyəcəkləri mahnılar ifa etməsinlər. Gənc müğənnilər efirə tez can atmasınlar ki, toyları olsun, fanatları olsun. Bayağı mahnı oxuyanları görən tamaşaçı bizdən də o mahnıları tələb edir.
- Abbas Bağırov yenidən ailə qurmağı düşünürmü?
- Hələ ki, evlilik haqda düşünmürəm. Belə bir şey gözlənilmir.
- Çoxları düşünür ki, Abbas Bağırov özündən çox razıdır. Bu fikirlərə münasibətiniz necədir?
- Özümdən niyə razı olmamalıyam? Əziyyət çəkib sənətimin üzərində işləyirəm, idmanla məşğul oluram ki, səhnədə yaxşı görünüm. İnsanın sağlamlığına zərərə verən işlərlə məşğul olmuram. Səhnədə çılpaq deyiləm, üzümə botoks, silikon vurdurmuram. Yəni özümə yaraşanı edirəm, musiqiçiyəm, musiqi ilə məşğulam. Özümdən narazı olmağıma səbəb yoxdur.
Könül
