“Onu ilk dəfə sevgiylə qarşılayıb yola saldığım gün oldu...”

onu-ilk-defe-sevgiyle-qarsilayib-yola-saldigim-gun-oldu
Oxunma sayı: 738




“O evə qayıtmadı...”

O, axşam evə qayıtmadı. Bu hal ilk dəfə baş vermiş olsa da hamının yuxusuna haram qatdım. Necə ki, mən hirsimdən yata bilmirdim gərək heç kim yatmayaydı. Ata-anasını xəbərdar etdim, bacılarına zəng edib qarasına nifrin tökdüm -görürsünüz artıq evə də gəlmir - dedim.

Şübhələnmişdim ki, həyatında kimsə var, şirindil idi, mənim kimi digər qadınları da yoldan çıxara bilərdi. Fikirlərim haralardasa üzünü görə bilmədiyim qızlarla sevişdiyini dartıb gətirib gözlərim önündə canlandırdıqca səbrsizlənir arxasınca qarğışlar tökür, evdə ona aid əşyaları bir- bir divara vurub cilikləyiridim. Bir-iki saat içərisində yataq və qonaq otağında ona aid heç nə qalmadı, hamısını sındırmış, ya zibil səbətinə atmışdım.

Gecənin bir aləmi bəlkə sevgililərinə aid bir şey taparam deyə iş otağına keçdim. İlk qarşıma çıxan gündəliyi oldu, masasının üstündə qalmışdı bu gün, onu həmişə özü ilə götürərdi, yəqin ki, unutmuşdu. Bu dəli hirsin, içimi bürümüş həyəcanın qorxusundan əsə-əsə sevinmək hissi bir anlıq damarlarımı canlandırdı elə bil. Əmin idim ki, gündəlikdə çox şey tapacam onu rüsvay eləmək üçün. Sanki bu dəqiqə kimsə gəlib əlimdən alacaq kimi götürüb oxumağa başladım. Burada ailəmizdə tez-tez olan qan-qaraçılıqlardan başqa demək olar ki, hər şeydən yazmışdı. Valideynlərinə qayğısından, uşaqlarına sevgisindən, işində baş verənlərdən… Evdəki cansıxıcı halları yazmasa da həmin günləri -bu gün çox keyfsizəm… - və ya -bu gün heç özümdə deyiləm… - kimi ifadələrlə başlamışdı. Demək olar ki, elə əksər günə aid yazılar belə başlayırdı.

Bunları oxuduqca daha da hirsləndim. Amma uşaqlarımızın doğulduğu günləri o qədər kövrək yazmışdı ki, ağlamaqdan özümü saxlaya bilmədim. Göz yaşlarım hirsimi bir az axıtsa da bitirə bilmədi, bəzən onun görkəmi, başqa qadınlarla əyləndiyi fikrimə gəlir dəliyə dönüb, masasının üstə olan şeyləri qatıb-qarışdırırdım. Gündəliyi bir az da vərəqlədim o yan bu yana. Hansısa hiss tələsdirirdi məni. Daha çox son aylara baxmaq istəyirdim, əmin idim kiminsə adına rast gələcəyimə. Lakin maraqlı bir məqamla qarşılaşdım, bir neçə gün əvvəl yazmışdı: -İşə yenicə çatmışdım telefonum zəng çaldı, xanım idi. Salamsız-kəlamsız -burda, yolumuzun üstündə dükanda bir çanta var almaq istədim uşağa, pulum çatmadı- bu gün qızımızı hazırlığa aparmalı idi, orda görmüşdü -bəlkə gələsən…-dedi. -İndi vaxtım yoxdu imkan edib baxaram- dedim, sözümü bitirməmiş “sağ ol”suz qapatdı telefonu. Durub çıxdım otaqdan, yollandım hazırlıq kursunun yanındakı həmin dükana, görkəmlərini işarə edərək dəqiqləşdirdim satıcıdan hansı çantanı almaq istədiklərini, alıb dayandım yollarının üstündə. Havanın soyuq olmasına baxmayaraq küçədə gəzinə-gəzinə, qayıdıb burdan keçəcəkləri anı gözləyirdim ki, mesajı gəldi telefonuma: “Neynirsən ey bizə vaxt ayırıb, o qədər vaxtını alanlar var ki… uşaqların belə ehtiyacı ilə maraqlanmırsan!” Belə şeylərə alışqan olsam da təsirlənməyə bilmədim, amma iki saata yaxın yağışın altınada, qızıma bu kiçik sürprizi eləmək üçün gözlədim. Doğrusu, belə hallarla dəfələrlə qarşılaşmış olsa da xanımımın üzündə təəccüb ifadəsini oxumamaq mümkün deyildi. Sevinci yerə-göyə sığmayan azyaşlı qızımı anası ilə birlikdə yaxınlıqdakı metro stansiyasına yola salıb qayıtdım. Yolda “özünə yaraşdırmadın bizimlə gəlməyi…” - mesaj gəldi. Telefonuma yenə, heç bir cavab yazmadım. Neynək, anlamır ki mən işdən icazə alıb gəlmişəm.

Buna oxşar hallara demək olar ki hər səhifədə rast gəldim. Hətta bir dəfə zəngimi –sonra danışarıq!- deyərək bağlamasına cavab olaraq -narahat elədim sizi eləmi, yəqin baş-başa keyf edirsiniz - deyib acıladığım günə bu hadisəni olduğu kimi qeyd etmişdi, məhs indi bildim ki, həmin an o avtomobil qəzasına düşübmüş, və bu qan-qaraldan vəziyyəti ailəsinə duyurmamaq üçün -sonra danışarıq! - deyib.

Düşündüyüm çox şeyin əksi yazılmışdı və onun həyatımızdakından fərqli olaraq bu gündəlikdə səmimiyyətinə inanırdım. Çünki bir dəfə də telefonunun cavab vermədiyinə görə kiminləsə nahar etdiyini fikirləşib, uşaqları da götürüb bir-baş yollandım iş yerinin yaxınlığındakı “bahalı restoran”-a, adətən qonaqlarını orda qəbul etdiyini bilirdim. Amma burda tapa bilmədim onu, qayıdanda bir dükandan çıxdığını gördüm, əlində də bir neçə bağlama. Ürəyimdə -tutdum bunu! - dedim - axşam göstərərm sənə arvadlara hədiyyə almaq nə deməkdi. O aralaşandan sonra dükana yaxınlaşıb “uşaq dükanı” olduğunu bildim, elə həmin bağlamaları da axşam evə gətirmişdi, uşaqlarına... Gündəlikdə də yazmışdı həmin günü. Amma güvənə bilmirdim ona, beynimi yeyirdi hisslər. O, çox soyumuşdu, axşamlar gec gəlir, evdə yemir-içmir, hətta uşaqlarla həmişəki kimi əylənmir, onların otaqlarına belə girmirdi. Qonaq otağında divanda yatıb, səhər də çox zaman uşaqlar yuxudan durmamış çıxıb gedirdi. Bütün bunlar ailədə ciddi bir uçurum yaratmışdı. Gündəlikdəki yazıları oxuduqca ona acısam da ailəsi ilə belə soyuq davranmasını heç cür həzm edə bilmirdim.

Lap sonuncu səhifədə ağrımağından yazmışdı, doğrusu əvvəl oxumaq istəmədim, sonra evdə heç nasazlığından bəhs etmədiyini düşünüb oxudum. Nədənsə buna yalnız son səhifədə rast gəldim. O ağır xəstəliyə düçar olduğundan yazmışdı. Bu səbəbdən də məndən ayrı yatdığını, uşaqları ilə arzuladığı kimi ilgilənə bilmədiyini qeyd etmişdi. Qızını işarə edərək -onu bağrıma basıb qoxusunu duya-duya öpməkdən, “atan sabah sənə nə alsın?” deməkdən ötrü içim keçir - deməsi içimdə mərmi kimi partladı, ilk dəfə ağladım ona görə. Demə o vərəmə yoluxubmuş, son zamanlar evdə heç nəyə əl vurmamağı, hər kəsdən kənar gəzməyinin səbəbi də bu imiş. Əvvəlcə - mənə niyə deməyib? - deyə düşündüm, hətta elə gündəlik əlimdə deyindim də… Sonra onun evə ilk bikeyf, halsız gəldiyi günü xatırladım, elə də uzun zaman keçməyib, mətbəxtdə səsimi atmışdım başıma “yenə görən hansı sevgilisi atıb bunu, halı pərişandır… yenə kim təklifini qəbul etməyib görəsən…” davamınca da qab-qacağı bir-birinə vurub, danqa-dunq səslər çıxardım hirsimdən. Bunu indi düşündüm, evə gələn kimi onun qayğısın çəkəcəyimə söz verdim öz-özümə. Hətta xəyallar qurdum, necə qarşılayacam, necə yola salacam, dava-dərmanını necə verəcəm.

…Evin telefonu zəng çalırdı. Bir tərəfdə də qızımın -ana! ana!- səsini eşidirdim. Amma gözlərimi zəbt etmiş yuxu qoşununu geri çəkmirdi ki, çəkmirdi. İçimdəki müdhiş sıxıntı sanki azadlığına qovuşmaq üçün özünü surətlə qəfəsinin divarlarına çırpırdı. Bu hay-həşirdən ürpənən yuxu gözlərimdən əlini çəkdi, elə onun iş otağında başımın üstün alıbmış. Ayağa qalxıb gündəlikdə oxuduqlarımın sərxoşluğundan səndələyə-səndələyə zəngi dayanmayan telefona çatdım, bu bir anda -gecə olanları röyada görmüşəm bəlkə- fikrimdən keçdi və dəstəyi qaldırdım. Bir yoğun səs -bura … evidir?- soruşdu. Adamın adın doğru-dürüst anışdırmasam da axtarılan ünvanın dəqiqliyinə şübhə etmədim və -bəli!- dedim.

- Nəyisiniz? - soruşan adamın mənə heç də yaxşı xəbər verməyəcəyini təxmin etməyimlə - xanımı…- deməyim eyni ana təsadüf etdi.

- Zəhmət olmasa, mərkəzi xəstəxanaya yaxınlaşın!

Özümü itirsəm də -hansı şöbəyə?- deyə bildim.

- Morqa!

Bu gün, on illik evliliyimizin iki-üç ayından sonra onu evimizdə ilk dəfə arzuladığım kimi sevgiylə qarşılayıb yola saldığım gün oldu...