Öz ölkəsindəki axtarış qanuni, başqa ölkədə qanunsuz...

oz-olkesindeki-axtaris-qanuni-basqa-olkede-qanunsuz
Oxunma sayı: 2002

“12 stul” filmində belə bir epizod var. Ostap Bender çar dövründən qalma adamları bir yerə toplayır, həmin rejimin yenidən qayıdacağı adı ilə pul yığır. Və divardakı çılpaq qadın rəsmini göstərib deyir: “Qərb bizimlədir”.

Qərb, konkret ABŞ çılpaq qadın formasında lazım olan ölkələrin içində gəzir, cazibəsi ilə ətrafına tərəfdarlar toplayır. Əvvəlki illər kimi daha öz xəfiyyələrini göndərmir. Satqınlığa meyilli adamları imtahandan keçirib pullarını vaxtında verib maliyyələşdirir.  Pulun qarşısında öz ölkəsinin milli maraqlarını satmağa hazır adamlar həmişə olub.

Öz adamlarını yerləşdirmək siyahısında birinci yeri jurnalistlər tutur. Kəşfiyyatçılar təkcə xarici ölkə səfirliyinin əməkdaşlarından ibarət olmur ki. Jurnalistin özünə haqq donu geyindirməsinin əsaslandırması belədir ki, “o, hər ölkəyə gedə bilər”. Sadə adamlar da inanır ki, “o, jurnalistdir və sərhəd tanımır”.

İndi çox şey dəyişib. Heç xarici jurnalistin gəlişinə də ehtiyac yoxdur. Bir az qələmi olan adamlara internet tv yaratdırırlar.

Abzas TV-nin ofisindən xeyli miqdarda valyuta çıxanda məlum oldu ki, bunu reklam hesabına qazanmayıblar, nə də imkanlı adamların xeyriyyəçilik damarı tutmayıb. Pul ABŞ-dən ötürülüb. Toplum TV-dəki axtarış da sübut etdi ki, həm Azərbaycanda qarışıqlıq yaratmaq üçün təlimat verilib, həm də çirkli pullar yuyulur. "Uzaq sahillərdə" filmində söyləndiyi kimi eyni koordinatla hərəkət edilib. Pullar Gürcüstan ofisi vasitəsilə ötürülüb.

ABŞ bəyan etdi ki, ofisdəki axtarış qanunsuzdur. Belə olan surətdə məntiqi sual çıxır: niyə ABŞ-nin öz ölkəsinin təhlükəsizlik və milli maraqlarına təhdid törədə biləcək şəxslərin ofis və mənzilində axtarış aparması qanuni sayılır, Azərbaycan və digər ölkələrdəki axtarışlar qanunsuz? Hətta iş o yerə gəlib ki, ölkənin keçmiş prezidenti Donald Trampın mənzilində axtarış aparıb, sənədləri çırpışdırmaqdan da çəkinmədilər. Demokratiya budursa, biz də bu demokratiyadan bəhrələnirik. Sizin milli təhlükəsizliyiniz ümdə vəzifədirsə, Azərbaycan üçün də həmin nəsnədir. Stalinin dillərdə əzbər olan ifadəsi deyəsən hər zaman aktuallığını qoruyacaq. Demişdi ki, "əgər Qərb bizi tənqid edirsə, deməli düz yoldayıq". Əsasən də milli təhlükəsizlik məsələsində. Deməli, ABŞ-ni haradasa razı sala bilməmişik, hansısa siyasətinin ziddinə getmişik. Görəsən, nədə? Necə olur ki, ABŞ ilə Azərbaycan arasında müqavilələr bağlanandan sonra aylarla Azərbaycandan bircə kəlmə yazılmır? Lakin müddət keçir və ölkəmizi ittiham edirlər. Çünki yeni xeyirli paketlər gözləyirlər. Azərbaycana birbaşa hərbi müdaxilə alınmırsa, başqa variantlar işə düşür ki, büdcələrini artırmağa maliyyə əldə etsinlər. Bunun üçün yerli sakinlər arasında "könüllü" tapmaq elə də çətinlik yaratmır. İkinci variant isə Qarabağ münaqişəsinin başa catmasıdır. ABŞ-nin əlindən Azərbaycanı dalana dirəmək açarı alındı. Üçüncü məsələ Cənubi Qafqaz rejionunda möhkəmlənmək cəhdinin qarşısının alınmasıdır. Azərbaycan tərəfi planı vaxtında anlayıb buna yol vermədi.

İstənilən halda Azərbaycanın milli maraqlarına zidd addım atanların, təlimat alanların əməli həmişə nəzarət altında olacaq.

Azər Qismət