“Özümü elə aparmalıyam ki, artıq-əskik söz deməsinlər” - Fotolar + Video

ozumu-ele-aparmaliyam-ki-artiq-eskik-soz-demesinler
Oxunma sayı: 12548

Xanəndə-müğənni Gülay Zeynallının “Qafqazinfo”ya müsahibəsi:

- Bir vaxtlar kənara çəkilmişdiz, bu mövsümdən isə aktiv şəkildə yaradıcılığınızla məşğul olursuz. Kənarda olduğunuz müddətdə bu sahə necə görünürdü?  

- Bir ara durğunluq var idi, hiss edirdim. Kənardan olanlara baxırdım. Bəlkə də məni həvəsdən salan nüanslar var idi. Amma artıq belə deyil. Şükür ki, indi ətrafımda sənətə dəyər verən insanlar var. Onların verdiyi məsləhətlərdən düşünürdüm ki, deməli, bəzi şeylər gəldi-gedərdir. Bir vaxtdan sonra bunların hamısı ələnir. Ona görə də neçə illər çəkdiyin əziyyəti, oxuduğun məktəbləri, gördüyün sənətkarları qurban etmək lazım deyil. Sadəcə olaraq çox heyfim gəlir ki, niyə bizim musiqimiz belə olmalıdır?! İstəmirəm ki, musiqimiz zay olub getsin. Kim istəyər ki, pul qazanmasın? Amma hər şey dərəcəsində olmalıdı.

- Biz adətən muğam ifaçılarını səhnədə modern geyimlərdən uzaq görürük. Siz isə bu “dress code”u pozursuz. 

- Ümumiyyətlə mən geyim daxil olmaqla, hər şeyi ürəyim necə istəyirsə, elə də edirəm. İnanın! Gündən-günə hər yer müasirləşir. Niyə də bu tərzdə geyinməməliyəm? Məsələn, açılışlara gedirəm. Ora özümü necə rahat hiss edirəmsə, elə də geyinib gedirəm. Baxmayaraq, ətrafımda olan insanlar deyir ki, paltarın oralıq deyil. Əsas mənim rahatlığımdır. Demək olar ki, həyatımızın 70 faizi göz qabağındadır. Bahalı paltar, ayaqqabı almağım istəyimdən irəli gəlir.  Necə istəyirəmsə, elə də yaşayıram. Pis çıxmasın, Allah hər insana bir qismət yazır. Onu da yaxşı mənada istifadə etmək lazımdır. 

- Geyimdən söz düşmüşkən, son zamanlar sizin haqda ən çox eşitdiyimiz söz odur ki, Gülay həqiqətən brend məhsullar geyinir. Yoxsa onlar “A class” və “fake”dir?

- Bilirdim ki, bu mövzuda mənə sual verəcəksiz. Tutaq ki, ayaqqabı bəyənirəm. Amma ağlım yerindədir. Bir ayaqqabıya 5 min manat verməyin nə mənası var? Onun yarısı qiymətə alaram. Amma bir söz deyim. Bir sənət insanı adi müsahibə verir və yaxşı geyinməyəndə deyirlər ki, bu niyə özünə baxmır? Hər bir insanın öz fikri var. Amma paltarı alarkən kiminsə cibinə girmirəm, haqqını tapdalamıram, boğazından kəsmirəm. Şükür ki, özüm əziyyət çəkərək maşın, ev almışam. Hər şeyim var. Toya gedirəm, qazanıram. 5 günlük dünyadır. Əgər qazanıramsa, yaxşı səhnələrə çıxıramsa, dəyərli tədbirlərdə iştirak edirəmsə, niyə də brend geyinməməliyəm? Onu deyim ki, qapalı həyatım var. Ətrafımda iki-üç xanım var ki, onlarla görüşə bilərəm. Qalan vaxtı isə övladımla keçirərəm. Ancaq istədiyim kimi yaşayıram. Həm də gözəl geyinməyi sevirəm. Bu, mənə zövq verir. Qızlarla görüşürsən, salona girirsən, deyirlər ki, Gülay, nə gözəlsən. Qadına deyilən bu cür sözlər onu xoşbəxt edir. Belə başa düşürəm ki, qadın özünə baxmalıdır. 

- Gülay xanım, bəstəkar-müğənni Murad Arif maraqlı bir fikir bildirmişdi. O, estrada və muğam-xalq ifaçılarını müqayisə edəndə birincilərin daha fədakar olduğunu bildirmişdi. Qeyd etmişdi ki, gənc muğam ifaçıları nə aranjimana, nə də mahnıya pul xərcləyirlər. Hazır ifanı götürüb oxuyurlar. Sonra isə onlara böyük sənətkar deyirlər. Siz muğam ifaçısı olsaz da, mahnı janrına müraciət edirsiz və mahnılar yazdırırsız. Ümumi baxanda bu müqayisə ilə razısız?

- Murad Ariflə münasibətim yaxşıdır, hər kəsin fikrinə hörmətlə yanaşıram. Mən də estrada janrında olan mahnılar oxuyuram, aranjiman etdirirəm. Maddi cəhətdən çox pul çıxır. Amma muğam toxunulmazdır. Bunun əziyyəti maddiyyatdan qat-qat üstündür. Əvvəlcə onu deyim ki, heç bir xanəndə səhnədə çıxıb fonoqram muğam oxumur. Bir dəstgahı ifa edirsə, onun içində 5 qəzəl olur. Ən azı... Bəs bu qəzəlləri öyrənmək? İnsanlar bir şeiri güclə əzbərləyir. Ümumiyyətlə, əziyyətsiz iş yoxdur. Sadəcə olaraq hər kəs öz işinə uyğun əziyyət çəkir. Hər kəs öz sahəsini özü seçir. Kimsə məcbur etmir ki? 

- Gülay xanım, tamam başqa mövzuda bir sual verəcəm. Populyar insanların əksəriyyəti ilə qohumları arasında narazılıq olur. Müğənni var ki, neçə illərdir yığdığı statusu hansısa bir qohumun yersiz hərəkəti ilə yerlə bir edir. Nümunə kimi Xalq artisti Mələkxanım Əyyubovanı misal çəkə bilərik. Özü də bunu təsdiq edir.  Bəzən qohumlar kömək etmədikləri təqdirdə hətta hansısa məşhuru şantaj edirlər, mətbuata çıxacaqlarını bildirirlər. Sizdə vəziyyət necədir?

- Biz ailədə üç bacıyıq. Sonbeşik mənəm. Mən anama, bacılarıma və öz ailəmə cavabdehəm. Bir-iki dəfə başıma belə bir şey gəlib. Ola bilər ki, uzaq qohumlar artıq-əskik hərəkətlər edir. Sonra isə mənə zəng vuraraq kömək istəyirlər. Onlara cavab verirəm ki, axı mən sizə vaxtında demişdim, eşitmədiz. Ziyan olan şeylər edirlər. Sabahı gün deməyəcəklər ki, filankəs! Yazacaqlar ki, Gülayın qohumu... Mənim adımı niyə bada verirsən? Əvvələr belə şeylərə fikir verirdim, bəlkə də, günlərlə evimə həkimlər gəlirdi. Mənim burada nə günahım? Sonra düşündüm ki,  hər kəs özünə cavabdehdir. Həmin insanlar ailəsini heç düşünmür. İnanın, mən bir addım atanda anamı, bacılarımı düşünürəm. Onların da bir ailəsi var. Səhvsiz insan yoxdur, sadəcə olaraq nəticə çıxarmaq lazımdır. 

- Bu sualı sizə niyə verdiyimi yəqin ki, anladız. Bir müddət əvvəl xalanız qızının psixoloqla pul qalmaqalı olub. Və o, sizin də adınızı hallandırır ki, Gülay köməklik göstərəcək. 

- Mən heç kimə cavabdeh deyiləm. Amma bu, məntiqsiz bir şeydir. Sən kiməsə nəsə ödəyəndə mənə demişdin? Yoxsa, mənim xeyrim var? Mən məni düşünən insanlara cavabdeh deyiləm. 

- Muğam ifaçıları adətən şou arenasından uzaq gəzir. Siz isə birbaşa mərkəzindəsiz. Şou-biznesdə belə düşüncə var ki, ailəli olmaq, uzunmüddətli ciddi münasibət yaşamaq xüsusi bir statusdur. Onlar adətən həyat yoldaşlarını, sevgililərini mühafizəçi gözündə görürlər.  

- Qadın heç vaxt həyat yoldaşına, ciddi münasibətdə olduğu şəxsə mühafizəçi gözündə baxmamalıdır. Sizə misal çəkim: Toya gedirəm, orada Kamil ( Kamil Zeynallı) yoxdur ki?! İşçim və mənəm. Özümü elə aparmalıyam ki, kimsə artıq-əskik bir söz deməsin. Deməli, elə geyimdən istifadə etməliyəm ki, kimsə mənə baxmasın. Birinci özüm-özümü  idarə etməliyəm. Mən oturuşumu, danışığımı  bilməyəndən sonra Kamil gəlib nə etsin? Birinin-ikisinin ağzını yuma bilər, sonra?  Sən elə bir gücə sahib olmalısan ki, özünü idarə edə bilərsən.

Sizə başqa bir şey danışım. Mənim barədə məlumatlar, xəbərləri digər səhifələr qoyur. Vaxtım olanda şərhləri oxuyuram. 99 faiz mənim barədə müsbət şeylər yazır. Bunun səbəbkarı kimdir?

- Kamil?

- Xeyr. Amma bəzən olmayan şeyləri yazırlar, heç cür həzm edə bilmirəm. Özüm Kamilə deyirdim ki, filankəs filan şey yazıb. Qadın nə qədər cavab versə də, kişi kimi cavab verə bilmir.  

- Bəs sonrakı proseslə maraqlanırsız? Həmin şəxslərin aqibəti necə olur?

- Baxın, normal tənqid edə bilərlər. Söhbət pis təhqirlərdən gedir. Düzdür, Kamilə deyirəm, həmin şəxsə onun yazdığından da betər cavab verir. Hətta deyirəm ki, Kamil məni peşman etmə! Amma qadınam, o sözləri götürə bilmirəm. Aqibətləri barədə deyim ki, səs-soraqları çıxmır. Amma bir gün səsləri pis çıxacaq (gülür).

- Kamil kənardan çox mühafizəkar görünür. Siz isə mülayim...

- Bilirsiz niyə? Sənətlərimiz çox fərqlidir. Məndə incəsənətdir. Adından bilinir. Bu dünyanın insanı kövrək, həssas olur. Amma idmançılar vurmaq, ağır məşq etmək, çəki aldırmaq və s... Belə şeylər normaldır. Allah hər insanı bir cür yaradır.

- Şou-biznesdə Kamil-Gülay ayrılığı barədə şayiələr gəzir. Mövzu barədə heç vaxt danışmamısız...

- Mən şəxsi həyatım barədə danışmamışam. Bundan sonra da danışmaq fikrində deyiləm. Boş verin! Növbəti sual?

- Yaxşı, bir az da qızınız Sahilədən danışaq. Sahilənin heyvanlara sevgisi göz önündədir. Amma faiz etibarilə götürsək valideynlərin çoxu övladlarını heyvanlardan uzaq tutur, onları bu sevgidən məhrum edirlər. 

- Qızımın  heyvanlara olan sevgisi daxilindən gəlir. Uşaq heyvanlardan qorxmur. Misal, biz axşam gəzintisinə çıxanda başqasının yanında it görür. İtin ağzını bağlayıblar ki, kimisə dişləməsin. Sahilə gedib birbaşa əlini itin ağzına salır. Deyir ki, it məni tanıyanda dost olacaq. Bu, sevgidən irəli gəlir. Mən də heyvanları sevirəm. Bizim də Miks və Maks adlı iki itimiz var. 

- Deyirlər ki, qızınıza sizdən çox Kamil vaxt ayırır.

- O, mənim övladımdır, hər gün onunla gəzirəm, əylənirəm. Amma daimi olaraq foto çəkdirib paylaşmıram. Onun üçün, onun gələcəyi, təhsili üçün çalışıram. Mən hər kəsin övladı üçün “Allah saxlasın!” deyən biriyəm. Düşünürəm ki, mənim qızım haqqında da bu sözləri deyirlər. Bilirsiz necədir, ana olmaqdan əlavə, hər kəs bilir ki, mən qapalı insanam. Övladımla foto paylaşmağın nə mənası var?! İki bacım övladı da var. Onlara canımı da verərəm. Amma sevgimi bəlli edə bilmirəm. Hər insan bir cürdür. Uşaq gəlir, bir dəfə öpürəm, ikinci dəfə öpməyəndə o deməkdir ki, övladımı sevmirəm? Halbuki uşaqlarla nəfəs alıram. İstərdim ki, qızımla 5 saat yox, 15 saat vaxt keçirim. Mən də işləyirəm, pul qazanıram. Kənardan hər şey asan görünür.

- Ailədən danışanda kövrəldiz. Niyə?

- Mən ümumiyyətlə kövrək insanam, Allah hər kəsin ürəyinə görə versin! Allahın yazdığı tale ilə razılaşmalısan. Bunu sən yaşayırsansa, deməli, qismət belədir. Mən xoşbəxt insanam. Ən azından, kar-kor, əlil deyiləm. Amma insanlar insanların haqlarına girirlər. Hər kəsin problemi var, amma özünə görə... İnsanların xətrinə dəyməyin. Düşünməyin ki, sənət insanıdır. İnanın ki, öndə olan şəxslərin həyatı digərlərindən çox çətindir.

- Belə bir misal var: “Qızını döyməyən, dizini döyər”. Övladınıza şiddət göstərmisiz? Fiziki və ya psixoloji... Buna münasibət soruşmaq da düzgün deyil, lakin bunu dəstəkləyənlər var. 

- Qızımı heç vaxt döyməmişəm. Düzdür, acıqlananda səsimin tonu dəyişə bilər. Amma qızım “olmaz” sözünü biləndir. Uşağı vurmaq nə deməkdir? Qızım məndən çəkinir, qorxacaq yeri mənəm. Atasından qəti sürətdə qorxmur. Ərköyündür, şıltaqdır. Bir övladdır. Şükür ki, çox ağıllıdır. 

Bilirsiz necədir? Xanıma hörmət qoymaq lazımdır. Çünki o, övlad anasıdır. Kişinin qadına əl qaldırmağı nə deməkdir? Söymək nə deməkdir? Belə çıxır ki, Allahın verdiyi gücü-qüvvəti qadının üstündə yoxlayırsan? Axı bu qadın anadır, səni də dünyaya gətirən qadındır. Qadına nə münasibət göstərirsənsə, cavabını da alırsan. Qadını sıxma ki, yalan danışmasın. Söymə, döymə ki, sənin belindən vurmasın. Hesab edirəm ki, qadın qarşılıq verməyi sevir.  

- Mənə maraqlıdır, ailə münasibətlərində bağışlamayacağınız üç şey nədir?

- Ümumiyyətlə deyirəm. Həyata baxış tərzim belədir. Birincisi, şər atmaq. Dost dediyim insanlar indi çox azdır. İkincisi, üzə gülüb arxamca danışan insanları bağışlaya bilmirəm. Düşünmək lazımdır ki, ətrafım genişdir, Bakı da balaca şəhərdir, söz gəlib çatır. Üçüncüsü isə təkcə sevgidən yox, dostluq və yoldaşlıqdan söhbət gedir, xəyanət! Xəyanəti kim sevir? Kinli insan deyiləm. Xəyanəti bağışlamaq olmaz. 

- Başqa bir mövzuya toxunacam. Əməkdar artist Sevda Ələkbərzadə deyir ki, hörmətlə rüşvət fərqli şeylərdir. Mən hörmət edirəm, amma kiməsə rüşvət vermirəm. Sizdə vəziyyət necədir?

- Hörmətlə rüşvət arasında dünya qədər fərq var. Rüşvətdən nə xeyir tapmaq olar? Adicə yazılışı və deyilişi belə vulqar səslənir. Bu sənətə gələn gündən rüşvət verməmişəm. Amma hansısa bir verilişə gedən, kefim yaxşı olanda hansısa bir prodüser, işçiyə hörmət edirəm ki, xərcləsin. Ürəyimdən keçir. Heyf deyil hörmət? Sözün özü gözəldir. Bugünkü gündə hörmət qazanmaq çox çətindir. 

- Tutaq ki, sizin qızınız ailə məktəbə qəbul ola bilməyib. Hansısa xarici ölkədə yol axtarırsız ki, rüşvət verərək qızınızı universitetə qəbul etdirəsiz. Eynən Əməkdar artist Könül Kərimova kimi...

- Siz sual verərkən Könül xanım ağlımdan keçir. O anadır, ana istəyir ki, övladı hər mənada yaxşı yaşasın. Ana boğazından kəsib övladına yedizdirir. Mən də istərdim ki, qızım ali təhsil alsın. Ancaq xarici ölkə demirəm, çünki icazə vermərəm, qız uşağıdır. Pulum başımdan aşsa belə, bunu istəmərəm. Amma tutaq ki, ailə məktəbə qəbul olmayıb. Digər yoldaşları arasında utanır, psixoloji sarsıntı keçirir. Bu zaman onun yanında olaram, həmin auradan çıxmağına köməklik edərəm. Hər bir insanın təbiəti var. Hər ailənin isə bir tərbiyə metodu var. Elə valideynlər var ki, şagirdə deyir ki, universitetə qəbul olmasan başını kəsəcəm. Məcazi mənada desə belə yaxşı hal deyil. 

- Elə bu səbəbdən abituriyentlərin intiharı çoxalıb. 

- Allah belə şeylərdən uzaq etsin. Bütün iş-gücü atıb, həmin dövrdə övladın yanında olmaq lazımdır. Eybi yoxdur, bu il olmasa da, gələn dəfə alınar. 

- Siz dediz ki, qızınızı xaricdə oxumağa icazə verə bilməzsiz. Ölkə və dünya məktəblərində baş verən hadisələri izləyirik və bu, bizi bir qədər qorxuya salır.  

- Bu, mənim fikrimdir. Övladımdır, haqqım da çatır ki, icazə verməyim. Bununla razılaşa bilmirəm, qız uşağıdır, gözümdən kənar olmasın. Amma ki, Allah heç kimə göstərməsin. İnstaqramda o qədər hadisə videoları yayılır ki... Birinci növbədə deyim ki, qızım sosial şəbəkələrdə yoxdur, ora girmir. İcazə vermirəm. Belə auralardan uzaqdır. Çünki çox yaxşı bir məktəbdə oxuyur.  

- Maraqlıdır, bəlkə də valideynlər düzgün tərbiyə metodundan istifadə edə bilmirlər. 

- Mən bu barədə heç nə deyə bilmirəm. Səbəbini sizə açıqlayım. İntihardır, uşaq özünü binadan atıb. Axı mən bilmirəm ki, o uşaq nə yaşayıb, nə hisslər keçirib ki, belə edib. Siz sual verirsiz, amma pis oluram. Kənardan güclü görünə bilərəm, amma çox həssasam. Bəlkə həmin uşaq nəsə geyinmək istəyib, olmayıb. Bəlkə də, anası bir sillə vurub, pis olub. Ata döyüb, uşaq tab gətirə bilməyib. Oturub qınamaq olmaz. Bəlkələr çoxdur, biz həqiqəti bilmirik. Bunu ancaq ailə bilir, kənardakılar yox. Çox şey danışırlar. Qınamaq, qeybət etmək, şərh yazmaq asandır. Axı siz həmin insanın yaşadığını bilmirsiz? Övladım dünyaya gəldikdən sonra mən qeybəti yığışdırmışam. Öz övladım var, belə şeylər etmək olmaz.  İnsanlar başını aşağı salıb həyatlarını yaşasın. Onun-bunun həyatını qarışdırmaq sizə qalıb? Mən də instaqrama az girirəm, çox paylaşımlara baxmıram. Başqasının həyatı ilə maraqlanmıram. 

- İnstaqram demişkən, yarım milyon izləyicisi olan Gülay Zeynallı niyə lövhəsini gizli edib?

- Mən onu bağlamasaydım, siz bu sualı verməzdiz. Bir-iki aya səhifəni açmaq fikrim var. Amma belə yaxşıdır. Özüm dostluq atanlara baxıram, qəbul edirəm. Bir müddət sonra yenə baxıram, 200-300 nəfər yenə izləmə gəlir. Düşünün, səni sevən insanları görmək necə xoş gəlir. Paylaşımlarımda da şərh bölməsini bağlayıram. Mən istəyirəm ki, izləyirlərsə, sənətimdən danışsınlar, sual versinlər. Şəxsi həyatımla bağlı yox.  

Elvin Elxan

Fotolar-Video: Nuran Məmmədov