Partlayışda yaralanan bacı-qardaş vəfat etdi - Yenilənib

partlayisda-yaralanan-baci-qardas-vefat-etdi
Oxunma sayı: 9793

Bakının Xəzər rayonu, Buzovna qəsəbəsində fərdi yaşayış evində baş verən partlayışda yanıq xəsarətləri alan bacı-qardaş vəfat edib.

“Qafqazinfo” Report-a istinadən xəbər verir ki, hadisə nəticəsində müxtəlif dərəcəli yanıq xəsarətləri alan 1998-ci il təvəllüdlü Quliyeva Fərəh Əbdül qızı və 1997-ci təvəllüdlü Quliyev Toğrul Əbdül oğlu xəstəxanada dünyasını dəyişib.

Yaxınlarının məlumatına görə, hadisə zamanı onların nənə və ataları həyətdə, anaları evin ikinci mərtəbəsində, bacı-qardaş isə evin birinci mərtəbəsində olublar. Partlayış evin birinci mərtəbəsində qeydə alınıb. Bu səbəbdən yalnız iki nəfər – bacı-qardaş ağır yanıq xəsarətləri alıblar. Ailənin digər üzvləri isə xəsarət almayıblar.

Qeyd edək ki, hadisə ümumi sahəsi 250 m² olan ikimərtəbəli fərdi yaşayış evinin 1-ci mərtəbəsində baş verib. İlkin ehtimala görə, məişət qazının sızması nəticəsində yanğınla müşayiət olunan partlayışın baş verdiyi müəyyən olunub.

***

Məsələ ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) "Qafqazinfo"nun sorğusu cavablandırılıb: "Avqustun 22-də TƏBİB-in tabeliyindəki Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına Xəzər rayonu, Buzovna qəsəbəsi ərazisində yerləşən fərdi yaşayış evində yanğın səbəbi ilə çağırış daxil olub. III-IV dərəcəli termiki yanıq diaqnozu ilə (bədən səthinin 90 faizdən çox hissəsinin yanığı) 1998-ci il təvəllüdlü Fərəh Quliyeva və 1997-ci təvəllüdlü Toğrul Quliyev Nərimanov Tibb Mərkəzinin nəzdindəki Yanıq Mərkəzinə hospitalizasiya olunublar. 

Göstərilən zəruri tibbi müdaxilələrə və həkimlərin səylərinə baxmayaraq, avqustun 23-də saat 02:20 radələrində Toğrul Quliyev, 07:15 radələrində isə Fərəh Quliyeva  dünyasını dəyişib".