“Paşayevlərlə qohumluğum maraqlı mövzudur” – Eldar Namazov

pasayevlerle-qohumlugum-maraqli-movzudur-eldar-namazov-
Oxunma sayı: 2436

“Söhbət Hafiz Paşayevin nəvəsindən gedir. Mən yenə qayıtdım dedim ki, adam olun. Hafiz Paşayevin 4 nəvəsi var, 4 də oğul nəvəsidir”

“El” Hərəkatının yaradıcılarından olan, Azərbaycan Ziyalılar Forumunun üzvü Eldar Namazovun “Qafqazinfo”ya müsahibəsi


Müsahibənin əvvəli burada



- Məsələn, ona “Üç Eynulla Fətullayev” başlıqlı yazı ilə cavab verə bilərsizmi?
- Bilirsiniz, hərdənbir elə adamlar olur ki, onlar elə vəziyyətə düşürlər, gözlərinə hər şey ikili görünür. İkili görünəndə adətən onlar həkimə gedirlər və deyirlər ki, hər bir əşyanı iki görürəm. Üç görəndə bu lap ağır olur. Ona görə də mən istəməzdim ki, heç kimin gözündə hansısa bir əşya nəinki iki görünsün, hətta üç belə olmasın. Bu kampaniya əslində o deməkdir ki, bizim gördüyümüz işlərə çox ciddi yanaşırlar. İttihamlar səsləndirirlər ki, nə “El” hərəkatı yaranacaq, nə də ki Eldar Namazovun ictimai rəyə, proseslərə təsiri var. Çox gözəl . “El” yaranmayacaq, mənim də heç bir təsirim yoxdur. Bəs bu nədi 4, 5 kanalda eyni vaxtda hər gün o kampaniyanı aparırsınız, bu qədər yazılar sifariş edirsiniz. Yaxşı da, heç bir əhəmiyyət kəsb etməyən məsələdirsə, niyə bu qədər təlaşa düşmüsünüz? Sizdə bu narahatçılıq hardandır?

- E. Fətullayev sizi mərhum jurnalist Elmar Hüseynova qarşı təbliğat kampaniyasını aparan şəxs olmaqda ittiham edir...
- Ən yaxşı bu məsələni bilən şəxs Eynulla Fətullayevdir. Elmar Hüseynovla mənim söhbətlərimdə onun işçisi kimi Eynulla Fətullayev də iştirak edirdi. Elmar Hüseynovun qətlindən 3, 4 gün əvvəl mən onu maşınımla evinə aparmışdım. O blokun girişində bir neçə gün sonra onu qətlə yetirdilər. Hərdənbir onun redaksiyasında görüşürdük. Söhbət edirdik. O da hərdən bir söhbətlərə qatılırdı. Elmarı qətlə yetirəndən sonra ona yaxın olan adamlara bu məsələ ilə bağlı Eynulla Fətullayev zəng edəndə elə ən birinci zəngi də mənə etdi ki, Elmarı öldürüblər. Mən dərhal 15 dəqiqədən sonra Elmarın evində oldum. Eynulla Fətullayev mənim Elmarla münasibətlərimin nə cür olduğunu çox gözəl bilir. Ona görə də onun bu şəkildə bu münasibətləri təqdim etməsi də dediyim kimi hansısa bir bilməməzlikdən irəli gəlmir. Burada açıq-aydın qərəzi göstərir. Söhbət nədən gedir. Elmar Hüseynov həftəlik “Monitor” jurnalı buraxanda bir nömrəsində Azərbaycan xalqı haqqında böyük bir analitik yazı yazmışdı. Və o analitik yazıda gəldiyi qənaət o idi ki biz keyfiyyətsiz millətik. Yəni biz millət kimi natamamıq. Onda heç kəs bilmirdi ki, Elmar Hüseynov iki məqalə yazmağı planlaşdırmışdı. Birində bizim yalnız mənfi keyfiyyətlərimizi göstərmək, o birində isə Azərbaycan xalqının müsbət keyfiyyətləri haqqında yazmaq. Biz hamımız oxuduğumuz birinci məqalə idi. Əgər Elmar Hüseynovun buraxdığı gündəlik qəzet olsaydı, bu gün bir məqalə, sabah başqası çıxsaydı hər şey aydınlaşardı. Mən iki gün bu məqalənin təsiri altında qaldım. Cavab yazmağı qərara aldım. Məhz bizim keyfiyyətsiz millət olmağımızın əleyhinə. Ona görə ki, bu mənim üçün çox ağrılı idi. 1980-ci illərdə bizi Moskvaya, SSRİ-nin aparıcı ölkələrinə oxumağa göndərmişdilər. Haqqımızda deyirdilər ki, biz Moskvaya bir beynəlmiləlçi kimi getmişik, ancaq oradan millətçi kimi qayıtmışıq. Ona görə ki sovet dövründə Azərbaycanda yaşayanda sən öz millətinə qarşı hər hansı təhqiramiz münasibət hiss etmirdim. Burada yaşayan digər millətlərin nümayəndələri mehriban yaşayırdılar. Yalnız siyasi proseslərlə məşğul olan ekspertlər SSRİ-nin siyasətini təhlil edəndə onlar tuta bilərdilər ki, bizə qarşı hansısa münasibətlər var. Ancaq gedib Moskvaya o mühitə düşəndə hər həftə mən hiss edirdim ki, bizim millətimizə qarşə qərəz var. Mənim ilk olaraq Qarabağla bağlı davalarım başlamamışdan qabaq buna hazırlıqlı idim. İlk gündən bu prosesə qatıldım. O vaxt Moskvada milli probelmlərlə məşğul olan institut var idi. Mən orada təcrübə keçmişəm. Namizədlik dissertasiyamı yazmışam. Məhz 80- ci illərin əvvəllərində artıq erməni daşnaklarının bu tarixi saxtalaşdırmaq cəhdlərinin orada qarşısını alırdım. Orada da mən tək ermənilərin yox, SSRİ-də türklərə qarşı olan şovinist münasibətlərin özüm hər həftə hiss edirdim. Mən təmkinli adamam. Moskvada yaşadığım 3 il müddətində 3, 4 dəfə milli məsələlərlə bağlı davaya düşmüşəm. Şəxsən özümlə bağlı hər şeyi güzəştə gedə bilərəm. Millətimi təhqir edəndə artıq özümə deyirdim ki, sən burda təksən və millətini təmsil edirsən. Sənin özün təhqir edirlərsə, keçə bilərsən. Amma millətini təhqir edirlərsə, burada başqa azərbaycanlı yoxdur ki, sənin əvəzinə onların cavabını versin. Məsələ sənin çiynindədir. Ona görə də mən o birinci məqalədəki keyfiyyətsiz millət tezisini sübut etməyə çalışdım. Mən o zaman hakimiyyətdə təmsil olunurdum. Cavabımda Milli Azadlıq Hərəkatına istinad etdim. Məqalənin üstündəki şəkildə milyonlarla insanın Azadlıq Meydanında Sovet imperiyasına qarşı duruş gətirən şəkillərini verdim və sual olaraq keyfiyyətsiz millət budurmu dedim. Həmin məqalə də çox böyük rezonans doğurdu. Müxalifət də həmin günlərdə mənim mövqeyimi müdafiə etdi. Düzdür, ondan sonra Elmara qarşı qondarma cinayət işi də açdılar. Guya ki, bunu Elmlər Akademiyasının hansısa alimləri təşkil etmişdilər. Mən ilk gündən bu cinayət işi qaldırılanda dedim ki, ağılsızlıqdır. Sonra istefaya gedəndən sonra Elmar Hüseynovla bir görüşümüz oldu. O mənə dedi ki, Eldar, mən ikinci məqaləni hazırlayırdım. Mən dedim ki, heç olmasa onda anonsunu verərdin ki, mən bir həftə gözləyərdim ki, sənin tam fikirlərin necədir. Dedi ki, mən onsuz da onu çap edəcəm. Mənim də ürəyimdə bir xal qalıb ki, heç də öz milllətimi keyfiyyətsiz saymıram. Mən sadəcə olaraq iki məqalə yazacaqdım. Dedim ki, yaz onu çap et. Hamı da bilsin ki, sənin mövqeyin tam olaraq necədir. Və çap elədi də. Mən də onu təbrik etdim. Və onda Elmar Hüseynov mənə tklif etdi ki, Eldar sən nə vaxtsa memuarlar yazsan, xahiş edirəm ki, onlar yalnız “Monitor”da çıxsın. Mən də baş üstə dedim. Elmarın jurnalına dəfələrlə məqalə yazmışam. Elmarın qətlindən sonra mənim o memuarların Eynulla Fətullayevin “Realnıy Azərbaycan” qəzetində çap olundu. Səbəbi isə, Eynulla gəlib məndən xahiş etdi ki, siz Elmar Hüseynovla söhbət edəndə mən də sizin yanınızda idim. O sizdən xahiş etdi ki, memuarlarınız “Monitor” da çıxacaq. İndi mən “Realnıy Azəbaycan” ı açıram. Elmarı qətlə yetiriblər. Və bu qəzet “Monitor” un varisidir, davamçısıdır. Xahiş edirəm ki, Elmara verdiyiniz sözü yerinə yetirin. Mən də ona verdiyim sözün üstündə durdum. Yəni Eynulla bütün bu işlərin içərisindədir. O birisi məsələlərlə bağlı da işin içində olduğu üçün bilir ki, dedikləri yalandır. Ancaq yazır. İndi mən hər yalana cavab versəm, bütün vaxtım buna getməlidir. Ancaq sizi nə maraqlandırırsa, mən qaranlıq qalan məqamlara aydınlıq gətirə bilərəm.

- Eldar bəy, o məqalədə bir çox məqamlar var. Hamısına aydınlıq gətirmək çox vaxtımızı alacaq. Ona görə də hələlik burda saxlayaq. Sizin Paşayevlərlə qohumluq əlaqəniz olduğu haqqında mediada müzakirələr gedir. Mən istərdim ki, bu gün bu müzakirələrə son qoyasınız...
- Maraqlı bir mövzudur. Bu mövzu hardasa təqribən il yarım bundan əvvəl başladı. Bu hakimiyyətin içərisindən idarə olunan bir prosesdir. Bir şayiə buraxdılar ki, Eldar Namazov Sevil Əliyeva ilə birləşib bir partiya yaradırlar. Mən buna mətbuatda reaksiya vermədim. Üstündən bir, iki ay keçdi yazdılar ki, Eldar Namazov Cəlal Əliyevlə birləşib partiya yaradır. Mən yenə də susdum. Ondan 3, 4 ay sonra yazdılar ki, mən Mehriban Əliyeva ilə birləşib bir partiya yaradıram. Onda mən buna mətbuatda yalnız bir reaksiya ilə cavab verdim. Mən anladım ki, həqiqətən də bu hakimiyyətin əleyhinəyəm. İstəyirəm ki, bu sistem dəyişsin. Bu mənim üçün, hamı üçün də aydındır. Mənə aydın olmayan odur ki, əgər mən bu hakimiyyəti dəyişmək istəyirəmsə, niyə mənlə birləşən adamlar prezidentin bacısı, əmisi, həyat yoldaşı olmalıdır? Yəni bu prezidenti devirmək istəyən hakimiyyətin içərisində başqa adam yoxdur?! Onun ailə üzvləridir yalnız prezidenti devirmək istəyənlər?! Bəlkə kimsə başqa adamlar, aparatda oturanlar, və ya hansısa nazirlər onu devirmək istəyir?! Nəyə görə bunlar şayə yayırlar ki, prezidentin ailə üzvləri mənimlə birləşib prezidenti devirmək istəyirlər. Dedim məndə şübhələr yaranır. Bəlkə həqiqətən də kimsə onu devirmək istəyir? Təbii ki, bu ailə üzvü deyil, başqa adamdır. Dedim ki, mənim bu məsələ ilə bağlı müəyyən mülahizələrim var, dəqiqləşdirib bu haqda ətraflı danışacam. Bunu mən deyəndən sonra, elə bilki qurbağa gölünə daş atıbsan. Şayələr dayandı. Şayələri buraxan adamlar çox qorxurdular ki, birdən həqiqətən də Eldar bir təhlil verər və başa salar ki, əşi kimsə hakimiyyətin içində İlham Əliyevi devirmək istəyir. Təbii ki, bu onun ailə üzvləri deyil. Tamam başqalarıdır. İki il mövzunu qapatdılar. Bu yaxınlarda mənə hörmətli, ağsaqqal bir adam zəng edir. Axşam çağı idi. Hardasa bir ay bundan əvvəl. Deyir, ay Eldar müəllim bunlar lap ağıllarını itiriblər. Necə adamdırlar ki, sənin haqqında yenə şayə yazmağa başlayıblar. Bir saytdan mənə zəng ediblər, Eldar Namazov haqqında bir informasiya var, sayta qoyuruq, sizlə dəqiqləşdirmək istəyirik. Soruşub ki, nə informasiyadır? Deyiblər ki, Eldar Namazovun oğlu Amerikada oxuyur və orada Hafiz Paşayevin qızı ilə tanış olub və onlar evlənirlər. Ağsaqqal deyib ki, ağlınızı başınıza yığın. Birincisi, Hafiz Paşayevin 6, 7 ildir ki, Bakıya qayıdıb, Diplomatik Akademiyaya rəhbərlik edir. Vaşinqtonda çoxdandır ki, işləmir. İkincisi, onun qızı 15, 20 il bundan əvvəl ərə gedib. Eldar Namazovun oğlu uşaqdır. Belə yalan şeyləri saytınızda çap etməyin. Deyir, üstündən bir yarım saat keçdi yenə zəng elədilər. Dedilər, ağsaqqal öyrəndik. Söhbət Hafiz Paşayevin nəvəsindən gedir. Mən yenə qayıtdım dedim ki, adam olun. Hafiz Paşayevin 4 nəvəsi var, 4 də oğul nəvəsidir. Qız nəvəsi ümumiyyətlə yoxdur. Deyir üstündən yarım saat keçdi yenə zəng edib dedilər ki, ağsaqqal bizdən inciməyin, qoyuruq sayta . Bizə tapşırıq veriblər ki, qoyun. Məşhur bir lətifə var. Bir variantı belədir ki, döyüşdən sonra qəzəbli bir komandir əsgərlərindən birini çağırır və deyir ki, niyə düşmənə güllə atmırdın? Cavab verir ki, komandir 10 səbəbi var. Deyir, birincisi güllə qurtarmışdı. Komandir onu saxlayıb yaxşı deyir, qalan doqquz səbəb lazım deyil. Hər şey aydındır. İndi mən Hafiz Paşayevin uşaqlarına, nəvələrinə xoşbəxtlik arzulayıram, o cümlədən hamıya da. Hafiz Paşayevin indi ümumiyyətlə qız nəvəsi yoxdur. İndi mən qalan 9 arqumenti də deyimmi, yoxsa elə biri bəsdir?

- Şahmat oynamağı yaxşı bacarırsınız?
- Bəli, mən 7-ci sinifdə oxuyanda yeniyetmələr arasında Azərbaycanın çempionu olmuşam. Azərbaycanı SSRİ birinciliyində bizim komandamız təmsil edib.

- İndi necə hesab edirsiniz, sizə qarşı bu seçkiqabağı kampaniyada əks təbliğat aparan insanları mat edə biləcəksiz?
- Əgər biz şahmat terminologiyasından danışsaq, mat eləməyin bir neçə üsulları var. Əgər birinci siyasi reallıqları nəzərə alsaq, şahmat nəzəriyyəsində belə bir termin var. “Tsuk Tsvanq”. Tuns Vank vəziyyətinə düşmək o deməkdir ki, sən hansı gediş edirsənsə, o məğlubiyyətə aparır. Mən hesab edirəm ki, Azərbaycan hakimiyyəti özünü “Tsuk Tsvanq” vəziyyətinə salıb. Azərbaycan hakimiyyəti islahatları indi apara bilməz. Ona görə ki, onların nə kadrları, nə niyyətləri var, yalnız təzyiq altında islahatlar aparmaq mümkün deyil. Seçkiyə az vaxt qalıb. İslahatları seçkiyə iki, üç il əvvəl qalmış aparasan ki, o islahatların nəticəsini insanlar hiss etsinlər və sənə münasibət dəyişsin. Ona görə də islahatlar aparmaq gecdir. İslahatları aparmamaq da məğlubiyyətə aparır. Bu o deməkdir ki, narazılıq yalnız böyüyəcək, daha da kəskin xarakter alacaq. Ona görə də, bizim hakimiyyət özünü elə “Tsuk Tsvanq” vəziyyətinə salıb ki, hansı gediş edirsə, o cümlədən opponentlərinə qarşı bu çirkin kampaniya əks effekt verir. Ona görə də, mən hesab edirəm ki, onlar bu partiyanı da uduzublar

Günel Türksoy