“44 günlük müharibə zamanı Ermənistan ordusu müasir müharibə aparmaq üçün kifayət qədər silahlandırılmamışdı”.
“Qafqazinfo” “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bunu ölkənin keçmiş müdafiə naziri David Tonoyan 44 günlük müharibənin şərtlərini araşdıran müvəqqəti komissiyanın iclasında deyib.
Onun sözlərinə görə, müharibə zamanı ehtiyatdan cəlb olunan hərbçilərlə işin səviyyəsi də qənaətbəxş deyildi: “Mən bu barədə artıq ictimai şəkildə danışmışam. Bizim heç vaxt səfərbərliyə cəlb olunanları nə silah, nə texnika, nə də təchizat ilə tam təmin etmək imkanımız olmayıb. Ehtiyatdan cəlb olunan hərbçilərin döyüşə hazır vəziyyətə gətirilməsi üçün bir çox problemləri həll etmək lazım idi. 44 gün bizə yalnızca fəaliyyətlərin razılaşdırılmasına bəs edərdi”.
O, həmçinin müharibə zamanı üzərinə düşən məsuliyyətdən də danışıb: “Mənim hərbi-diplomatik bilik və bacarıqlarım, əlaqələrin müharibənin başlamasının qarşısını almağa, eləcə də hərbi fəaliyyətləri dayandırmağa kifayət etmədi”.
Keçmiş nazir ölkənin Baş naziri Nikol Paşinyanın Ermənistan ordusunun istədiyi hər şeyi alması ilə bağlı açıqlaması ilə razı olmadığını da qeyd edib: “Hökumət üzvü olaraq Baş nazirin qarşısında real olmayan suallar qaldırmamışam. Qaldırdığım məsələlər konkret cavablar və həllərlə nəticələnib. Mən etimad mühitində işləmişəm, lakin bu açıqlamanı qəbul etmirəm”.
Qeyd edək ki, məhkəmə hazırda həbsdə olan David Tonoyana komissiyanın iclasında iştirak etməyə icazə verib. İclas sabah da öz işini davam etdirəcək.
Xatırladaq ki, 4,6 milyon dollar həcmində vəsaiti mənimsəməkdə ittiham olunan D.Tonoyan artıq 1 ildən çoxdur ki, həbsdədir.