Paytaxtın abad məhəllələrində mini futbol yarışlarına start verildi - Fotolar

paytaxtin-abad-mehellelerinde-mini-futbol-yarislarina-start-verildi
Oxunma sayı: 807

Ümummilli lider Heydər Əliyevin anadan olmasının ildönümü ərəfəsində Bakı Şəhər İcra Hakimiyyəti, Regional İnkişaf İctimai Birliyi və Bakı Şəhər Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Bakı şəhərinin bütün rayonlarını əhatə edən məhəllələrarası mini futbol turnirinə start verilib.

“Qafqazinfo” xəbər verir ki, 2012-2013-cü il təvəllüdlü yeniyetmələr arasında keçirilən və 2 mərhələdən - rayon və şəhər mərhələlərindən ibarət olan futbol yarışmasının əsas məqsədi yeniyetmə və gənclərdə sağlam həyat tərzinin tərbiyə olunması və onların idmanla məşğul olmağa cəlb edilməsidir.

Yarışlar Heydər Əliyev Fondunun vitse-prezidenti, İDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə paytaxtın qəsəbə və yaşayış məntəqələrində həyata keçirilən “Bizim həyət” layihəsi çərçivəsində yaradılan abad məhəllələrdəki mini-futbol stadionlarında keçirilir. Olimpia sistemi üzrə keçirilən yarışda ümumilikdə 1152 gənc idmançının yer aldığı 96 komanda iştirak edir.

Yarışların birinci turu aprelin 20-nə kimi paytaxt rayonlarında baş tutacaq, daha sonra isə rayon yarışlarının qalibləri  Bakı şəhər mərhələsində yarışacaqlar. Respublikasəviyyəli hakimlərin iştirakı ilə təşkil edilən turnirə mayın 3-də final oyunları ilə yekun vurulacaq. Yarışların qalibləri Fəxri Fərman və qiymətli hədiyyələrlə mükafatlandırılacaqlar.

Turnirin rayon mərhələlərinə artıq start verilib. Açılış mərasimlərində iştirak edən rəsmilər, idman mütəxəssisləri yarışlar barədə məlumat verib və yeniyetmələrə turnirdə uğurlar arzulayıblar.

Hazırda turnirin rayon mərhələləri davam edir.