Fransada rekord isti hava şəraiti ilə mübarizə aparan insanlar evlərini sərin saxlamaq üçün qeyri-adi, lakin effektiv hesab olunan üsula üz tutublar. Ölkədə sakinlər pəncərələrin xarici səthini su ilə qarışdırılmış təbaşir tozu ilə örtərək, günəş şüalarının təsirini azaltmağa çalışırlar.
“Qafqazinfo” xəbər verir ki, yüksək temperaturun 40 dərəcəni keçdiyi Fransada “Blanc de Meudon” adı ilə tanınan, kalsium-karbonat əsaslı təbaşir tozu son günlərə ən çox tələbat olan məhsullardan birinə çevrilib.
Bu üsul pəncərələrin üzərində nazik, süd rəngli ağ təbəqə yaradır. Örtük gün işığının içəri keçməsinə imkan versə də, günəş şüalarının və istiliyin böyük hissəsini geri əks etdirir.
Belə ki, təbaşirin əsas tərkib hissəsi olan kalsium-karbonat günəş radiasiyasını yüksək səviyyədə əks etdirən minerallardan biridir. Bu xüsusiyyət sayəsində otaqların temperaturu nəzərəçarpacaq dərəcədə aşağı düşür.
Araşdırmalar göstərir ki, təbaşir örtüyü ultrabənövşəyi və infraqırmızı şüaların təsirini azaldaraq, binaların daha sərin qalmasına kömək edir. Bildirilir ki, kondisionerlər ətraf mühitə əlavə istilik yaydığı halda, bu kimi sadə və aşağı maliyyətli üsullar daha ekoloji alternativ hesab olunur.
Qeyd edilir ki, bu yanaşma Cənubi Avropa ölkələrində uzun illərdir tətbiq olunan ağ rəngli ev ənənəsini xatırladır. Son dövrlərdə Fransada damların ağ rəngə boyanması (“sərin dam” sistemi) geniş yayılmağa başladığı kimi, indi də pəncərələrin ağardılması isti hava dalğalarına qarşı praktik həll kimi populyarlıq qazanır.
Böyük Britaniyada aparılan tədqiqatlar da göstərir ki, ağ damlar və pəncərələr istilik dalğaları zamanı şəhər mühitində temperaturu orta hesabla təxminən 1 dərəcə aşağı sala bilir. Bununla belə, bu üsul daimi istilik izolyasiyasını əvəz etmir, əsasən, qısamüddətli isti hava şəraitində effektivdir.

Son xəbərlər
Son Xəbərlər