Nizami rayonu, Şərq küçəsində piyada səkisinin sökülməsi ilə bağlı sosial şəbəkələrdə məlumat yayılıb. İddia olunur ki, sökülən səkinin yerində avtomobillər üçün parkinq yeri yaradılacaq.
“Qafqazinfo”nun məlumatına görə, sakinlər bundan sonra gediş-gəliş yolunun qalmayacağından şikayətlənirlər. Bundan başqa, sözügedən ərazi intensiv hərəkətin olduğu avtomobil yolunun kənarında yerləşdiyindən piyadalar üçün təhlükəli vəziyyət də yarana bilər.
Problemlə bağlı Nizami Rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq. Qurumdan sorğumuza belə cavab aldıq: “Nizami rayonu Babək prospekti 109A ünvanında yerləşən qeyri-yaşayış sahəsi xüsusi mülkiyyətdədir. Sözügedən ünvanda yerləşən qeyri-yaşayış sahəsi Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin müvafiq icazəverici sənədləri əsasında inşa edilib.
Bildiririk ki, Babək prospekti 109A ünvanında yerləşən tikilinin aidiyyəti qurumlar tərəfindən razılaşdırılmış memarlıq-planlaşdırma həlli layihəsinə uyğun olaraq binanın qarşısında piyadaların hərəkəti üçün səkinin və avtomobillər üçün parklanma yerinin quraşdırılması işləri aparılır”.
***
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ümumi işlər və ictimaiyyətlə əlaqələr şöbəsinin müdir müavini-sektor müdiri Ramiz İdrisoğlu isə bildirib ki, Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin əməkdaşları tərəfindən Nizami rayonu Babək prospekti 109A ünvanında şəhərsalma nəzarəti qaydasında monitorinq keçirilib:
“Nəticədə layihədən kənara çıxıldığı, qeyri-yaşayış obyektinin qarşısında piyada səkisinin tam dağıdılaraq avtomobillər üçün parklanma yerinin yaradılması faktı aşkarlanıb. Aparılan işlər dayandırılıb və səkinin bərpa edilməsi üçün müvafiq xəbərdarlıq edilib”.
Gülnar Əliyeva


Son xəbərlər
Son Xəbərlər