Prezident Şəmkirdə açılış və təməlqoyma mərasimlərində- - Fotolar+Yenilənib

prezident-semkirde-acilis-ve-temelqoyma-merasimlerinde-
Oxunma sayı: 3675


Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şəmkir rayonuna səfərə gəlib.

"Qafqazinfo" AzərTac-a istinadən xəbər verir ki, dövlət başçısı əvvəlcə mərhum prezident Heydər Əliyevin Şəmkir şəhərinin mərkəzindəki abidəsi önünə gül dəstəsi qoyub.

Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov abidənin ətrafında görülən abadlıq işləri barədə Prezident İlham Əliyevə məlumat verib.        

***

Noyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev su elektrik stansiyası ilə birgə Şəmkirçay su anbarının açılış mərasimində iştirak edib.

Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadə dövlətimizin başçısına Şəmkirçay su anbarının planı, Şəmkirçay magistral suvarma kanallarının sxemi, Şəmkirçay üzərində dəryaçanın tikintisinin əsas göstəriciləri, bəndin baş planı və digər qurğular barədə ətraflı məlumat verdi.

Prezident İlham Əliyevə Azərbaycandakı mövcud su anbarlarının xəritəsi nümayiş etdirildi.

Dövlət başçısı su elektrik stansiyası ilə birgə Şəmkirçay su anbarının açılışını bildirən düyməni basdı. 

Prezident İlham Əliyevə su elektrik stansiyası barədə məlumat verildi. Qeyd edildi ki, stansiyanın gücü 25 meqavat olacaq. Stansiyada ildə 56 milyon kilovat elektrik enerjisinin istehsalı nəzərdə tutulur.

Sonra dövlə başçısına Şəmkirçay su anbarı, əsas hidrotexniki qurğular, o cümlədən magistral kanallar barədə məlumat verildi. Zəngin təbiəti ilə seçilən bu ərazidə 2008-ci ildən bəri peşəkarcasına və beynəlxalq standartlara uyğun olaraq böyük həcmdə iş aparılıb.

Sonra dövlət başçısı mərasim iştirakçıları ilə görüşdü. 

Prezident İlham Əliyev Şəmkirçay su anbarının istifadəyə verilməsi münasibətilə təbriklərini çatdırdı. Bildirdi ki, bu nəhəng infrastruktur layihəsi ölkə iqtisadiyyatına mühüm töhfədir. “Bu layihənin icrası nəticəsində suvarılan torpaqların sahəsi daha da artacaq”, - deyən dövlətimizin başçısı Şəmkirçay və Taxtakörpü su anbarı layihələrinin Azərbaycanın iqtisadi qüdrətinin əyani nümunəsinə çevrildiyini diqqətə çatdırdı. Prezident İlham Əliyev dövlət vəsaiti hesabına həyata keçirilən bu layihələrin Azərbaycanda qeyri-neft sektorunun, kənd təsərrüfatının və sahibkarlığın daha da inkişafına hərtərəfli dəstək olacağını dedi, ölkəmizdə ərzaq təhlükəsizliyinin təmin edildiyini bildirdi. Prezident İlham Əliyev dedi ki, ölkəmizdə aparılan islahatlar nəticəsində Azərbaycan dünyada böyük nüfuz qazanıb və gələcəkdə belə layihələrin icrası davam etdiriləcək.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 15-də Şəmkir rayonuna səfəri çərçivəsində “Şəmkir Aqropark”ın təməlqoyma mərasimində iştirak edib.

Şəmkirçay çayı üzərində dəryaçanın inşası region üçün mühüm əhəmiyyətə malik olan yeni aqroparkın yaradılmasına geniş imkanlar yaradıb. 

İqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Prezident İlham Əliyevə “Aqropark” inkişaf konsepsiyası barədə məlumat verdi. Eyni zamanda, aqroparkla “Zəyəm Texnologiyalar Parkı” arasında işgüzar münasibətlərin yaradılması və fermerlər üçün istixana konstruksiyalarının, damla, yağışyağdırma və çiləmə üsulu ilə müasir suvarma avadanlıqlarının istehsalı və quraşdırılması həyata keçiriləcək. Bununla yanaşı, aqropark kiçik fərdi istehsalçı səviyyəsindən geniş miqyaslı aqrar sənaye istehsalına keçidin və xarici bazarlara sabit və etibarlı çıxışın təmin edilməsinə şərait yaradacaq, innovativ texnologiyaların, həmçinin vahid standartların tətbiqi və son məhsulda davamlı keyfiyyətin əldə edilməsini şərtləndirəcək.

Dövlət başçısı aqroparkın təməlini qoydu.

***

İlham Əliyev Şəmkir rayonuna səfəri çərçivəsində çörək zavodunun açılışında iştirak edib.

Müəssisənin maketi ilə tanış olan dövlətimizin başçısına məlumat verildi ki, 2,8 hektar ərazidə inşa olunmuş və dəyəri 20,5 milyon manat olan zavodun yaradılmasına İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 7,5 milyon manat güzəştli kredit verilib. Ərzaq təhlükəsizliyinin və əhalinin keyfiyyətli çörək məhsulları ilə təmin edilməsi məqsədilə çörək zavodu dünyanın bu sahədə məşhur şirkətlərinin ən son texnologiyaları əsasında qurulub. Məhsul buraxılışında istifadə olunan su bir neçə mərhələdə süzgəcdən keçirildikdən sonra bütün xammal - su, un, duz, şəkər, maya və s. xüsusi laboratoriyada yoxlanılır və yalnız bundan sonra istehsal prosesinə buraxılır. Bu da sanitar-gigiyenik normalara əməl edilməklə, yağdan istifadə olunmadan yüksək keyfiyyət standartlarına cavab verən çörək və müxtəlif çeşidli digər məmulatların istehsalına şərait yaradır.

Prezident İlham Əliyev zavodu işə saldı.

Zavodda “Nəfis çörək” brendi ilə ilkin olaraq 15 növ - sosial, baton, baton kəpəkli, kərpic dietik, kərpic çovdar, tost, dairəvi alman çovdar çörəyi, fransız bageti, türk batonu, borodin çörəyi, rus Baltik çörəyi, rus karavayı, litva çörəyi, duzbucaqlı və üzümlü çiabatta çörəkləri, həmçinin müxtəlif çeşidli bulka və bulka məhsulları istehsal olunacaq. Gələcəkdə məhsulların növləri artırılacaq. Gündəlik layihə gücü 50 ton olan zavodda istehsal prosesi tam avtomatlaşdırılıb. Un xüsusi nəqliyyat vasitələri ilə zavoda gətirilərək hər birinin tutumu 30 ton olan 4 anbara boşaldılır. Bu andan etibarən istehsal prosesi başa çatanadək məhsula insan əli dəymir. Çörəklər növündən asılı olaraq xüsusi xətt vasitəsilə 60-180 dəqiqə ərzində soyudularaq bütöv və ya doğranmış formada qablaşdırılır ki, bu da məhsulun istifadə müddətini 48 saatadək artırır.