“Pul vermədim deyə baş həkim məni yumruqladı” - Foto + Yenilənib

pul-vermedim-deye-bas-hekim-meni-yumruqladi
Oxunma sayı: 8823

Bakı sakini Fərid Adıgözəlov Yeni Ramana Şuşa şəhərciyində yerləşən tibb məntəqəsinin baş həkimi Cəfər Cəfərov tərəfindən döyüldüyünü iddia edir. 

F. Adıgözəlov “Qafqazinfo”ya müraciətində qeyd edib ki, ötən ayın avqustun 25-də marketdə işləməsi üçün sözügedən məntəqənin baş həkimindən sağlamlıq kağızı almaq istəyib: “Baş həkim bunun üçün məndən 20 manat pul istədi. Mənim üstümdə cəmi 10 manatım var idi. O da 10 manatla razılaşmadı. Dedim ki, bununla bağlı səhiyyə orqanlarına şikayət edəcəm. Həkim bundan sonra məni itələyib kabinetdən çıxmağımı və hara istəsəm şikayət edə biləcəyimi dedi. Aramızda mübahisə düşdü. Üzümə şillə vurdu, mən də cavab olaraq müqavimət göstərdim. Bu zaman üstümə hücum çəkib məni yumruqladı. Əlindəki açarla boğazımı cızdı və məni otaqdan çıxardı. Səs-küyə orada çalışanlar yığışdı. Əşyalarım, telefonum otaqda qalmışdı və bunu götürməyimə imkan vermədi. Məcbur pəncərədən daxil olub əşyalarımı götürmək istədim. Məni yenə vurdu, üzüm, üst-başım qan olmuşdu. Mən “102”yə müraciət etdim. Sabunçu rayon 12-ci Polis Bölməsinə çağırdılar. Ərizə yazdım. Rəis həmin həkimi də şöbəyə çağırdı və danladı ki, sən niyə vətəndaşı vurursan? Ona görə də işi birbaşa Sabunçu rayon prokurorluğuna göndərdilər. Hazırda prokurorluqda məsələnin nə yerdə olduğunu bilmirəm. İstəyirəm ki, həkimin hansısa əlaqələrindən istifadə edilərək bu işdə onun xeyrinə qərar çıxarılmasın. Ona görə də mediada məsələnin işıqlandırılmasını istədim. Ekspertiza sənədlərimdə zərbə almalarım öz əksini tapıb”.

Həkimin vətəndaşdan rüşvət tələb etməsi iddiasıyla bağlı TƏBİB-ə müraciət etdik. TƏBİB-in mətbuat xidmətinin rəhbəri Rəvanə Əliyeva “Qafqazinfo”ya açıqlamasında bildirib ki, bu məsələ polis orqanlarında araşdırılır: “TƏBİB döyülmə məsələsini araşdıra bilməz. Həkimin pul tələb etmək məsələsiylə bağlı isə vətəndaş özü TƏBİB-ə müraciət etməlidir”.

***

Baş həkim Cəfər Cəfərov “Qafqazinfo” ilə əlaqə saxlayaraq məsələyə münasibət bildirib. O qeyd edib ki, Fərid Adıgözəlov xəstəxanaya sağlamlıq barədə arayış almaq üçün müraciət edib: “ Mən ondan harada qeydiyyatda olmasını soruşdum. Bu xəstəxana Şuşa rayonu Malıbəyli kənd qaçqın qəsəbəsinin xəstəxanasıdır. Həmin ərazidə qeydiyyatda olmayan şəxslərə sağlamlıq kağızı verilə bilməz. Hər kəs arayışı öz sahəsindən almalıdır. Bu səbəbdən tibbi arayış verə bilməyəcəyimi dedikdə o buna etiraz etdi. Mən də israrla bunu bildirərək otağı tərk etdim. Xəstəxanaya gəldiyi yoldaşıyla birgə kobud söyüşlərlə danışmağa başladılar. Xəstəxana işçiləri onu və yanındakı şəxsi zorla bayıra çıxardı. Tibb məntəqəsinin yay ayı olduğuna görə pənəcərəsi açıq olduğuna görə o pənəcərədn tullanıb mənə hücum etdi. Qabaq stolun üzərinə çıxanda ayağı sürüşərək yıxıldı. O həmin zədələri yıxılmasına görə alıb. Mənim 60 yaşım var. Fiziki cəhətdən yaşlı birinin cavan adama o cür xəsarətlər yetirməsi mümkün deyil. Artıq Sabunçu rayon Prokurorluğu da məsələnin döyülmə faktı olmadığı barədə qərar verib”.

Günel Türksoy